Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4870/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən əşyaların çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-4309/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,40 hektar torpaq sahəsində yerləşən evdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan əşyaların - 1 ədəd divan və 2 ədəd kreslo, 1 ədəd stol, 7 ədəd stul, 2 ədəd televizor, 3 ədəd xalça, 4 ədəd döşək, 6 ədəd yastıq, 4 ədəd yorqan, 4 ədəd pərdə, 3 ədəd divanüstü, 1 ədəd şifoner, 1 ədəd TOSHİBA markalı soyuducu, 1 ədəd SAMSUNG markalı avtomat paltaryuyan, bir ədəd REGULAR markalı mətbəx qaz plitəsi, 2 ədədə şkaf, mətbəx şkafı, 1 ədəd çörək bişirən elektrik sobası, 2 ədəd qəfədan və mətbəx ləvazimatlarının (qabqacağın) çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 4309/2025 nömrəli qərardadı (hakim G.S.Fərəcova) ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
3. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən cavabdehlərə məxsus olan əşyaların orada olması ilə əlaqədar sərbəst sahiblik və istifadə edə bilmədiyini, bununla da mülkiyyət hüququnun pozulduğunu iddia edir. Bununla əlaqədar olaraq, məhkəmə hesab etmişdir ki, işə daşınmaz əmlakın olduğu yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İddiaçı mövcud iddia tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə deyil, Şabran Rayon Məhkəməsinə müraciət etməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iddia tələbi mülkiyyətində olan torpaq sahəsində yerləşən mənzildən cavabdehlərə məxsus olan ev əşyalarının çıxarılmasına dairdir. Birinci inistansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin “... mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.” müddəasına əsaslanmışdır. Lakin göründüyü kimi, həmin müddəa daşınmaz əşyayla bağlı mülkiyyət hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında olan iddialara aiddir. Odur ki, hesab edir ki, iddia ərizəsi düzgün olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilmişdir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı mülkiyyətində olan əmlakdan cavabdehlərə məxsus olan əşyaların çıxarılmasını xahiş edir. Göründüyü kimi, onun tələbi mülkiyyətçi olaraq hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır.
13. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir və mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
14. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan daşınmaz əmlak Şabran rayonunun ərazisində yerləşdiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-4309/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: