Məhkəmə qərarları › İş №2(103)-4871/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4871/2024

14.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4871/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: maddi zərərinin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı maddi zərərinin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-1399/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış № BPM**********16 saylı xx.xx.2023-cü il tarixli "Tam kart müqaviləsinin" 13.3-cü maddəsində qeyd edilmişdir ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, tam kart məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi internet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və bu müqavilənin imzalanması tarixinə qüvvədə olan sonuncu tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə (bundan sonra - Standart Şərtlər) müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir.

2. Müqavilənin 13.4-cü maddəsində qeyd edilmişdir ki, borc alan bu müqaviləni imzalamaqla tam kart məhsuluna dair bu müqavilənin 13.3-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir.

3. Müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 19.2.5-ci maddəsində qeyd edilmişdir ki, müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür, buna görə məsuliyyət daşıyır.

4. Kreditin sifarişi haqqında məlumatda iddiaçı tərəfindən ********** mobil telefon nömrəsi ilə bərabər ********** mobil nömrəsi də bildirilmiş və imzalanmışdır.

5. "OTP-lərin göndərilməsi barədə çıxarış"dan görünür ki. "DİQQƏT! Təsdiq kodunuzu soruşurlarsa, məqsəd fırıldaqçılıqdır. Məxfi saxlayın. Mobil tətbiqə daxil olmaq üçün kodunuz ****. Tel:937" məzmununda 4 ədəd sms-mesaj xx.xx.2023-cü il tarixlərində 21:50:52, 21:54:28, 21:54:50 və 21:54:56 vaxtlarında **********51 nömrəli mobil nömrəyə göndərilmişdir.

6. "xxxx" MMC tərəfindən təqdim edilən arayışda (çıxarışda) qeyd edilmişdir ki, iddiaçının "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müraciəti əsasında 4127 **** **** 0317 saylı kartın bloklanılması məsələsinə detallı baxılmış və daxili araşdırılma aparılmışdır. Araşdırma nəticəsində daha öncə vətəndaşa da bildirildiyi kimi, bloklanma prosesinin VİSA ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun şəkildə aparıldığı müəyyən edilmişdir. Belə ki, prosessinq mərkəzinin sisteminə xx.xx.2023-cü il tarixində saat 21:57:52-də kartın bloklanmasından sonra tokenin bloklanması ilə bağlı sorğu daxil olmuş və həmin sorğu icra edilərək saat 21:58:39-da Visa tərəfindən tokenin bloklanması tam yekunlaşmışdır və ümumən sorğunun icrası 47 saniyə almışdır. Vətəndaşın sorğusu dərhal icraata götürülmüş və bloklanma ödəniş sisteminin standartlarına uyğun olaraq aparılmışdır.

7. "xxxx" ASC tərəfindən Bakı səhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı cənab Həmid Ağayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-2-41/2-9429/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(011)-836/2023 saylı qərarı ilə əlaqədar bildirir ki, İddiaçı məxsus 4127-2044-4731-0317 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə 10.704,83 manat məbləğində pul vəsaiti Ukrayna Respublikası (Vasylkiv) ərazisində yerləşən “X11.V.” adlı ticarət obyektində “Google Pay” ödəiniş aləti vasitəsilə Posterminaldan ödənişin edilməsi yolu ilə məxaric edilmişdir.

8. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş Departamentinin direktoru cənab Xəyal Babayevə və vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-2/2-1082/2023 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçının "xxxx" ASC-yə ünvanladığı 30 oktyabr 2023-cü il tarixli, 6-1-26/2-Ə-21- 11404/2023 saylı məktubu ilə bağlı bildirir ki, bank tərəfindən vətəndaş İddiaçı müraciətinə baxılmışdır. Müraciətdə qeyd olunan məsələ ilə bağlı bildirir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilib və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanıb. Bank tərəfindən müştərinin müvafiq mobil nömrəsinə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsinə dair SMS bildiriş göndərilmişdir. Müştərinin "xxxx" ASC-nin Məlumat Mərkəzinə edilən müraciətə əsasən kartın bloklanmasında heç bir çətinlik və ya nasazlıq aşkar edilməmişdir, bloklanma ödəniş sistemlərin tələblərinə tam uyğun olaraq aparılmışdır. Həmçinin bildirir ki, "xxxx" ASC tərəfindən dələduzluq halların qarşısının alınması məqsədilə rəqəmsal kanallar vasitəsilə müştərilərə davamlı məlumatlandırma və geniş maarifləndirmə tədbirləri həyata keçirilir. Qeyd edir ki, müştəriyə qarşı hər hansı bir qanun pozuntusu iddiası olduğu təqdirdə məsələnin daha ətraflı və obyektiv araşdırılması üçün müvafiq Hüquq Mühafizə orqanına müraciət etməsi tövsiyə olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin səhvi ucbatından iddiaçının kartından oğurlanmış 10.704,83 manat pulun və bank tərəfindən həmin məbləğə hesablanan faizlərin "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin səhvi ucbatından iddiaçının kartından silinmiş 10.704,83 manat və həmin məbləğə hesablanmış faizlərin elə bankın özü tərəfindən silinməsini və yaxud ödənilməsini, həmçinin borcun Mərkəzi Kredit Reyestrində olan kredit tarixçəsinə gecikmə kimi düşməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə kibercinayətkarlıq yolu ilə "xxxx" ASC-nin (bundan sora ABB) adına olan “ABB mobile” mobil tətbiqi ələ keçirilərək iddiaçıya məxsus ABB Tamkart kredit kartından 10.704,83 manat pul vəsaiti silinmişdir. Bildirir ki, ABB mobile mobil tətbiqində ********** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir, SMS xəbərdarlıqlar və OTP kodlar həmişə bank tərəfindən yalnız həmin nömrəyə göndərilmişdir. Kibercinayətkarlıq halında isə ********** nömrəsinə SMS göndərilmişdir. Qeyd edir ki, sonuncu nömrə tərəfindən ABB mobile də heç vaxt təsdiqlənməmiş və SMS xəbərdarlığa qoşulmamışdır. Cinayətkarlar tərəfindən bankın rəsmi səhifəsinin oxşarı yaradılmış və ABB Mobile xx.xx.2023-cü il saat 21:50 radələrində ələ keçirilmişdir. ABB mobile-nin ələ keçirilməsi tərəfindən dərhal aşkar edilmiş, bankın çağrı mərkəzinə saat 21:53-də zəng edilmiş, çağrı mərkəzinin operatoru 21:55-də iddiaçının kimliyini tam müəyyən edərək kartların bloklanması üçün xəttə gözləməyini bildirmiş, 3 dəqiqə xəttə gözlətdikdən sonra 21:58-də kartların bloklandığını bildirmiş və təxminən 30 saniyə sonra kredit kartından 10.704,83 manat Ukrayna Respublikası üzərindən ödəniş edildiyini bildirmişdir. Daha sonra bankın filiallarına və çağrı mərkəzinə müraciəti zamanı vəsait silinən kartın bank tərəfindən 21:57:52-də bloklandığı, vəsaitin isə 21:58:32-də kartdan çıxarıldığı bildirildi. Həmçinin çağrı mərkəzinin əməkdaşları tərəfindən kartın bank tərəfindən bloklandığı andan etibarən kartdan vəsaitin çıxarılmasının mümkün olmadığını, vəsait çıxarıldıqda isə məsuliyyətin bankın üzərinə düşdüyü bildirildi. Bank tərəfindən verilmiş çıxarışlarda kart bloklandıqdan 40 saniyə sonra 10.704,83 manat ödəniş olduğu əks olunur. Vəsait ABB tamkart kredit xətindən çıxarıldığı və bankın məsuliyyət daşıdığı məsələləri nəzərə alaraq vəsaitin bank tərəfindən geri qaytarılması və yaxud həmin borcun silinməsi üçün banka etdiyi müraciətlər vaxtında cavablandırılmamış və hüquqi baxımdan əsaslandırılmamışdır. Belə ki, ABB-yə etdiyi xx.xx.2023-cü il tarixli 6-2-12/2-Ə- 109/3-21/2023 nömrəli müraciətə ABB tərəfindən xx.xx.2023-cü il tarixdə birdəfəlik şifrə müştəri tərəfindən təqdim edildiyi üçün vəsaitin geri qaytarılmasının məqsədə müvafiq olmaması barədə cavab verilmiş, ancaq heç bir normativ hüquqi akta əsaslanmamışdır. Müraciətə baxılması müddəti ərzində bankın şikayətə baxan şöbəsinin əməkdaşı onunla telefon vasitəsilə əlaqə saxlayaraq bloklamadan sonra vəsaitin çıxması ilə əlaqəli VİSA beynəlxalq ödəniş sistemi ilə yazışma aparıldığını bildirmişdir. Daha sonra həmin şəxs xx.xx.2023-cü il tarixdə VİSA tərəfindən imtina cavabının verildiyini və köməklik edə bilməyəcəyini qeyd etmişdir. Daha sonra 04 noyabr 2023-cü il tarixli 3-21-1/2-Ə- 6xx/xx/2023 nömrəli etdiyi müraciətə ABB tərəfindən “Sizin "xxxx" ASC-nin Məlumat Mərkəzinə edilən müraciətə əsasən kartın bloklanmasında heç bir çətinlik və ya nasazlıq aşkar edilməmişdir, bloklanma ödəniş sistemlərin tələblərinə tam uyğun olaraq aparılmışdır” məzmunlu cavab verilmişdir. Bu müraciətinə verilən cavab da hər hansı qanunvericiliyə və normativ hüquqi akta əsaslanmadan verilmişdir. Məsələ ilə bağlı banklara nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına etdiyi xx.xx.2023-cü il tarixli, 6-1/1-Ə7770-0/2023 nömrəli müraciətinə ABB tərəfindən xx.xx.2023-cü il tarixli, 6- 2/2-937/2023 nömrəli məktubla cavab verilmişdir və həmin cavabda da heç bir hüquqi akta əsaslanmadan birdəfəlik şifrə müştəri tərəfindən təqdim edildiyi üçün vəsaitin geri qaytarılmasının məqsədəmüvafiq olmaması bildirilmişdir. Daha sonra Mərkəzi Banka etdiyi xx.xx.2023-cü il tarixli, 6-1/1-Ə-7770/2-0/2023 nömrəli təkrar müraciətində qeyd olunan xüsusatlarla əlaqəli Mərkəzi Bank ABB-yə Vətəndaşın müraciətində yenidən araşdırılma tələb edən hallar və bank tərəfindən münasibət bildirilməmiş məqamlar aşkarlanmışdır. Bununla əlaqədar olaraq, vətəndaş İddiaçı müraciətində qeyd edilən məsələlər ilə əlaqədar hissəyə münasibət bildirərək zəruri sənədlər (kredit kartı müqaviləsi və s.) əlavə edilməklə 3 iş günü ərzində Mərkəzi Banka və müraciət müəllifinə məlumat təqdim edilməsi xahiş olunur” məzmunlu xx.xx.2023 cü il tarixli 6-1-26/2-Ə-21-11404/2023 nömrəli məktub təqdim etdi. Ancaq ABB tərəfindən məktubda göstərilən müddət və “Vətəndaşların Müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri kobud surətdə pozularaq Mərkəzi Banka cavab verilməmişdir. X8 2 iş günü müddətində cavab verilməzsə İnzibati Xətalar Məcəlləsinə əsasən ABB haqqında İnzibati Xəta protokolu tərtib olunacağına dair məktubundan sonra ABB sözügedən məktubu xx.xx.2023-cü il tarixli məktubla cavablandırdı. X9 tələb etdiyi kredit zəruri sənədlər təqdim olunmadan, hüquqi əsaslandırma olmadan əvvəlki məktublarla eyni məzmunlu cavab verildi. Son olaraq Mərkəzi Bank iddiaçıya xx.xx.2023cü il tarixli 6-1-26/2-Ə-7770/2-0-13938/2023 nömrəli aşağıdakı məzmunlu cavab məktubunu xx.xx.2024-cü il tarixdə təqdim etdi: Bankın cavab məktubuna əsasən bildirir ki, “ABB Mobile” tətbiqinə qoşulan zaman tərəfinizdən banka təqdim edilən ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilib və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanıb. Bank tərəfindən iddiaçının müvafiq mobil nömrənizə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsinə dair SMS bildiriş göndərilmişdir. OTP kod tərəfinizdən təsdiqlənməklə iddiaçıya məxsus 412720****0317 saylı “Tamkart” kredit kartından 10704.83 manat məbləğində vəsait X11. V təyinat ilə silinmişdir. Eyni zamanda bildirir ki, bank tərəfindən müraciəti ilə bağlı "xxxx" MMC prosessinq təşkilatına rəsmi sorğu ünvanlanmışdır. Təşkilat tərəfindən cavab olaraq iddiaçıya məxsus 412720****0317 saylı kartın bloklanmasında baş vermiş zaman fərqi bankdaxili istifadə edilən idarəetmə proqramının işləmə prinsipi kimi qiymətləndirilmiş və bloklanma vaxtının standartlara və “Visa”, “MasterCard” kart təşkilatlarının tələblərinə tam uyğun olduğu qənaətinə gəlinmişdir. Əlavə olaraq bildirir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.7-ci bəndinə əsasən “Yerli banklarla onun yerli müştəriləri arasında bütün mübahisələr, habelə xarici bankların yerli filialları ilə onların yerli müştəriləri arasında bütün mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir”. Bu cavabla bağlı aşağıdakıları bildirir: Kart bank tərəfindən bloklandıqdan 40 saniyə sonra vəsaitin kartdan çıxarılması ilə bağlı ABB heç bir hüquqi əsaslandırma etməmişdir. ABB-nin və "xxxx" MMC-nin çağrı mərkəzinin əməkdaşları kartın bank tərəfindən bloklama anından sonra vəsaitin çıxarılmasının qeyrimümkün olmasını dəfələrlə ona bildirmişlər. ABB-nin törəmə təşkilatı olan "xxxx" prosessinq mərkəzinin sorğuya cavabında qeyd olunan “412720****0317 saylı kartın bloklanmasında baş vermiş zaman fərqi bankdaxili istifadə edilən idarəetmə proqramının işləmə prinsipi kimi qiymətləndirilmiş və bloklanma vaxtının standartlara və “Visa”, “MasterCard” kart təşkilatlarının tələblərinə tam uyğundur” cavabı isə sadəcə bir mülahizədir. Çünki bankdaxili istifadə edilən proqram təminatının işləmə prinsipində olan problemin və yaxud boşluğun məsuliyyətini bankın elə özü daşımalıdır. Digər tərəfdən blokdan 40 saniyə sonra vəsaitin çıxarılmasının hansı standartların hansı müddəasına, VİSA kart təşkilatının hansı tələblərinə, hansı normativ hüquqi akta uyğun olması barədə heç bir qeyd ona təqdim edilməmişdir. Düşünür ki, məktubun tamamlanması üçün blokdan neçə saniyə sonra məbləğin çıxarılmasının mümkünlüyü də qeyd edilməli və bunu hansı normativ aktın tənzimlədiyi ona göstərilməli idi. Bu formada geniş yayılmış dələduzluq halı ilə bağlı heç bir mətbuat orqanında və bankın rəsmi internet resurslarında hər hansı məlumat ictimaiyyətə verilməyib. Dələduzluqla bağlı verilən məlumatlar isə standart formada kart məlumatlarını və OTP kodları heç kimə verməyin tipli olur. Ancaq bu kibercinayətkarlıq halında bankın rəsmi internet səhifəsi ilə demək olar ki eyni saxta səhifə yaradılaraq məlumatlar ələ keçrilir ki, müştərilər bankın rəsmi internet səhifəsi olduğu üçün fin və mobil nömrə məlumatlarını təqdim edirlər. Bank ictimaiyyətə heç bir məlumat verməyərək öz reytinqinin aşağı düşməsini düşünür. Bu kimi kibercinayətkarlıq hallarında bank daha həssas davrana bilər. Belə ki, operatorun kartları bloklaması 3 dəqiqə çəkməsi xeyli uzun müddətdir və bank bunu bir düymə ilə bir neçə saniyə ərzində bloklamaq imkanı olmalıdır. Həmçinin bu hallarda növbə gözləmədən operator tərəfindən qəbul edilmə daha effektiv olardı. Ancaq bank tərəfindən istehlakçıların hüquqlarını qorunması baxımdan həssas yanaşma ortaya qoyulmamışdır. Bank öz üzərinə düşən təhlükəsizlik tədbirlərini yerinə yetirməyib. Belə ki mobil tətbiqin başqa cihazda açılması zamanı kartları avtomatik bloklaya, həmçinin ölkə xaricində ödəniş olduğu və yetəri qədər yüksək məbləğ olduğu üçün şübhəli əməliyyat kimi bloklaya bilərdi. Həmçinin bankın bu kibercinayətkarlıq halı ilə əlaqədar məlumatlı olduğu, bir çox müştərilərin bu haldan əziyyət çəkdiyini bildiyi halda heç bir təhlükəsizlik tədbiri görməməsi kobud qanun pozuntusudur. Qeyd olunanlarla əlaqədar qanunverciliyin, müqavilənin və bir sıra şərtlərin sübut xarakterli müddəalarını nəzərə çatdırır. Məlum olduğu kimi, tam kart kredit kartının alınması ABB ilə xx.xx.2023-cü il tarixdə bağladığı BPM**********16 nömrəli Tam kart müqaviləsinə (bundan sonra Müqavilə) əsasən olmuşdur. Həmin müqavilənin 13.4-cü bəndinə əsasən sonuncu tarixli “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər” (bundan sonra Standart Şərtlər) müqavilənin ayrılmaz tərkib hissəsi sayılır. ABB-nin və Mərkəzi Bankın cavab məktubunda qeyd edildiyi kimi, mobil tətbiqə ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilib və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanıb. Ancaq ********** mobil nömrəsi ilə ABB mobile mobil tətbiqinə giriş mümkün olmamalı idi. Belə ki, Müqavilənin 13.1-ci bəndinə əsasən, borc alan ********** nömrənin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir, müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazılı surətdə xəbardar etməlidir. Digər tərəfdən tam kart əldə olunan tarixə qüvvədə olan Standart Şərtlərin 19.2.6-cı bəndinə əsasən müştəri ya mobil telefonun nömrəsini dəyişdikdə dərhal bu barədə ABB-ə rəsmi olaraq müraciət etməlidir. Həmçinin ABB Mobile mobil tətbiqinin dəstək bölməsində qeydiyyatdan keçmiş nömrənin dəyişdirilməsi üçün filiala müraciət etdikdən sonra ATM-ə yaxınlaşaraq mümkün olması barədə izah verilmişdir. Bu vaxta qədər ********** mobil nömrəsinin hansı ərizə və ya müqavilə ilə ABB-yə təqdim etməyi barədə heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən müqavilədə ********** mobil nömrəsi qeyd edilməsinə baxmayaraq təsdiqlənməyən ********** nömrəsi ilə ABB Mobile mobil tətbiqinin ələ keçirilməsi ABB-nin kobud təhlükəsizlik boşluğu kimi qiymətləndirilməlidir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi X5 21 dekabr 2015-ci il tarixli 316 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında elektron bankçılıq xidmətlərinin göstərilməsinə və bu xidmətlər üzrə təhlükəsizliyin təmin olunmasına dair Metodoloji Rəhbərliyin” müddəaları ABB tərəfindən kobud surətdə pozulmuşdur. Xüsusilə həmin metodoloji rəhbərliyin 5.10-cu bəndinin tələblərinin (Bank şəbəkəni, internet səhifəni, serverləri və kommunikasiya əlaqələrini sui-istifadə və hücum hallarına qarşı müdafiə etmək üçün uyğun təhlükəsizlik həllərinə malik olur. Saxta internet səhifələrin istifadəsinə məhdudiyyətin qoyulması üçün əməliyyat xarakterli E-bankçılıq xidməti təqdim edən bankın internet səhifəsi genişləndirilmiş yoxlama sertifikatları vasitəsilə eyniləşdirilir) aşkar surətdə pozulması faktdır. Belə ki, kibercinayətkarlıq üçün yaradılmış ABB-nin rəsmi səhifəsinin birə-bir oxşarı olan saxta internet səhifəsi uzun müddət aktiv olaraq sosial şəbəkələrdə (Facebook, İnstagram) reklam olunmuşdur. X10 Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müraciət etdikdən sonra həmin saxta səhifə bloklaşdırılmışdır. Ancaq belə saxta səhifənin ABB-yə məlum olmasına baxmayaraq məsuliyyətsizlik göstərərək vaxtında tədbir görməmişdir. Çünki o, kibercinayətkarlıq halı ilə əlaqədar bankın çağrı mərkəzinə və filialına müraciət edən zaman bu hal əməkdaşlara məlum idi. Saxta səhifənin müxtəlif vaxtlarda çəkilmiş ekran görüntüləri müraciətə əlavə olunur. Eyni zamanda kartın bloklanması barədə cavabda qeyd olunanlara münasibətdə aşağıdakıları bildirir: Azərbaycan Respublikası Mərkəzi X5 xx.xx.2012-ci il tarixli, 16/3 nömrəli Qərarı ilə təsdiqlənmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın: 3.8.5-ci bəndinə əsasən bu Qaydaların 3.9-cu bəndi ilə müəyyən edilmiş bildirişi aldıqdan sonra kartı dərhal bloklaşdırmaq emitentin vəzifəsidir. 3.9-cu bəndinə əsasən Emitent (və ya emitent tərəfindən müəyyən edilmiş və müqavilə əsasında bu xidməti yerinə yetirən kart təşkilatı) kart itirildikdə, oğurlandıqda və ya kartın səlahiyyətsiz istifadəsi barədə kart istifadəçisinin bildirişinin mümkün kommunikasiya (ən azı telefon, mobil, internet) vasitələrindən istifadə etməklə hər gün 24 saat ərzində fasiləsiz qəbul edilməsini təmin etməlidir. Ölkə xaricindən edilən müraciətlərin maneəsiz və operativ qəbul edilməsi üçün ayrıca telefon (stasionar və ya mobil) nömrəsi olmalıdır. Emitent bildirişin alınması zamanı kart istifadəçisini eyniləşdirməli və bildirişin qəbul edilməsi tarixini, vaxtını (saat və dəqiqə), kartın nömrəsini və hadisənin təfərrüatının qeydiyyatını aparmalı, habelə bu məlumatları ən azı 18 (on səkkiz) ay müddətində saxlamalıdır. 7.4-cü bəndinə əsasən kart istifadəçisi tərəfindən emitentin kartın itirildiyi, oğurlandığı və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadəsi haqqında məlumatlandırılması müddəti və üsulu, həmçinin bu xəbərdarlığın qüvvəyə minməsi müddəti kart təşkilatının tələbləri nəzərə alınmaqla müqavilə şərtləri ilə müəyyən olunur. Həmçinin “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlər”in: ABB-nin hesab və ödəniş kartı üzrə öhdəlikləri bölməsinin 18.1.8-ci bəndinə əsasən “Müştəridən daxil olmuş məlumat əsasında Ödəniş kartından/Əlavə kartdan istifadə edilməklə əməliyyatların həyata keçirilməsini dayandırmaq, habelə Ödəniş kartını/Əlavə kartı bloklaşdırmaq” ABB-nin öhdəliyidir. Müştərinin hesab və Ödəniş kartı üzrə öhdəlikləri bölməsinin 18.9.18-ci bəndə əsasən Kart/Əlavə kart/ŞEN-kod itirildikdə, oğurlandıqda, məhv olduqda, səlahiyyəti olmayan şəxs tərəfindən qanunsuz istifadə edildikdə, zədələndikdə, habelə fırıldaqçılıq (fraud) əməliyyatları baş verdikdə, o cümlədən ödəniş kartı vasitəsilə (o cümlədən internet vasitəsilə) əməliyyatların aparılması zamanı ödəniş kartının rekvizitlərinin üçüncü şəxslərə açıqlanması şübhələri yarandıqda ödəniş kartının bloklaşdırılması üçün dərhal ABB-nin müştəri xidmətinin telefon nömrəsi və ya "xxxx" prosessinq mərkəzinin ödəniş kartının arxasında göstərilən telefon nömrəsi vasitəsilə müvafiq olaraq ABB-ni və ya "xxxx" prosessinq mərkəzini xəbardar etmək və kartın bloklanması barədə xidmət göstərən məsul işçinin təsdiqini almaq; Digər tərəfdən ABB mobile mobil tətbiqinin istifadə qaydaları və şərtlərinə əsasən Rəqəmsal bankçılıq sisteminə girişin bloklanması üçün bankla dərhal əlaqə saxlamadıqda müştəri məsuliyyət daşıyır. Əlavə olaraq qeyd edir ki, əvvəldə qeyd etdiyi kimi kartın bloklanması ilə əlaqədar vaxtında ABB-nin çağrı mərkəzinə müraciət etmiş, çağrı mərkəzinin əməkdaşı kartların bloklanması barədə təsdiq ifadəsini bildirmişdir, Daha sonra müəyyən olmuşdur ki, kart bank tərəfindən bloklandıqdan 40 saniyə sonra kartdan vəsait silinmişdir. Göründüyü kimi, “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda və Standart Şərtlərdə öz əksini tapmış müddəalara əsasən, kartın bloklanması ilə bağlı müştəridən məlumat daxil olduqdan sonra kartın dərhal bloklanması nəzərdə tutulmuşdur. Cavabda qeyd olunan kartın bloklanması ilə əlaqədar zaman fərqi barədə həmin Qaydalar və Standart Şərtlərdə heç bir müddəa öz əksini tapmamışdır və kartın bloklanması ilə bağlı şərtlərin X2 tələbləri əsasında müəyyən edilməsi ilə bağlı da heç bir qeyd yoxdur. Yəni nəinki kartın bloklanmasında baş verən zaman fərqinin VİSA kart sisteminin tələblərinə uyğun olması, hətta kartın bloklanması və bloklandıqdan sonra istifadə olunmasının VİSA kart sisteminin tələbləri ilə müəyyən edilməsi normativ sənədlərdə öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən kartın bloklanmasında yaranan zaman fərqi ilə əlaqədar məsələyə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” və Standart Şərtlər konteksində baxılmalıdır. Həmin normativ sənədlərdən göründüyü kimi ABB-nin proqram təminatında ciddi təhlükəsizlik problem var və bu problem müştərilərin hüquqlarını kobud surətdə pozur. Beləliklə, normativ sənədlərin, müqavilənin, Standart Şərtlərin tələblərinə əsasən Tam Kart kredit kartı və rəqəmsal bankçılıq üzrə ABB öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, normativ sənədlərin tələblərini pozmuş, ciddi təhlükəsizlik boşluğu yaradaraq kartdan vəsaitin silinməsi halına bu və ya digər dərəcədə şərait yaratmışdır. Yekun nəticədə onun hüquqları kobud surətdə pozulmuş və bank sisteminə dərin inamsızlıq yaranmışdır.

12. Məhkəmə tərəfindən "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1399/2024 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia təmin edilməmişdir.

14. Məhkəmədə müəyyən edilmişdir ki, iddiaçının "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müraciəti əsasında 4127 **** **** 0317 saylı kartın bloklanılması məsələsi üzrə, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müvafiq araşdırmalar aparılmış və müəyyən edilmişdir ki, İddiaçı məxsus 4127-2044-4731-0317 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə 10.704,83 manat məbləğində pul vəsaiti Ukrayna Respublikası (Vasylkiv) ərazisində yerləşən “X11.V.” adlı ticarət obyektində “Google Pay” ödəiniş aləti vasitəsilə Posterminaldan ödənişin edilməsi yolu ilə məxaric edilmişdir.

15. Həmçinin müəyyən edilmişdir ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi ********** mobil nömrəsinə OTP (birdəfəlik kod) göndərilmiş və müvafiq kodu daxil etməklə qeydiyyat tamamlanmışdır. Bank tərəfindən müştərinin müvafiq mobil nömrəsinə təhlükəsizliklə bağlı OTP kodun digər şəxslərə ötürülməməsinə dair SMS bildiriş göndərilmişdir. Müştərinin "xxxx" ASC-nin Məlumat Mərkəzinə edilən müraciətə əsasən kartın bloklanmasında heç bir çətinlik və ya nasazlıq aşkar edilməmişdir, bloklanma ödəniş sistemlərin tələblərinə tam uyğun olaraq aparılmışdır.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində bankın filiallarına və çağrı mərkəzinə müraciəti zamanı vəsait silinən kartın bank tərəfindən 21:57:52-də bloklandığını, vəsaitin isə 21:58:32-də kartdan çıxarıldığı bildirildiyini, kart bloklandıqdan 30 saniyə sonra 10.704,83 manat pul vəsaitinin onun iradəsinə zidd olaraq məxaric edildiyini bildirsə də, cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olmasına dair iddiaçı tərəf heç bir sübut təqdim etməmişdir.

17. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus plastik kartlarla əməliyyatların aparılması zamanı “İnformasiya Təhlükəsizliyinin idarə edilməsi Qaydası”na, “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar”ına əməl edilməməsi halı olmamışdır.

18. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçının banka təqdim etdiyi nömrəyə iddiaçının sifarişi əsasında bank tərəfindən müvafiq OTP kodlar göndərilmiş, iddiaçı bu kodlardan istifadə etmiş, bu hərəkəti ilə iddiaçı müqavilə (standart şərlər) üzrə tam olaraq özü məsuliyyət daşımış, iddiaçının bu hərəkətinə görə bankın müqavilə (standart şərtlər) üzrə heç bir məsuliyyəti olmamış, iddiaçının kartı üzrə virtual kartdan (tokendən) onun hərəkəti (sərəncamı) əsasında vəsaitlər çıxarılmış, bank tərəfindən kart iddiaçının müvafiq müraciətindən sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq eyniləşdirmə və prosedurlar həyata keçirildikdən sonra vaxtında (dərhal) bloklanmış, virtual kartın (tokenin) bloklanması prosesində texniki olaraq prosessinq mərkəzinin, ödəniş sisteminin və tokenin aid olduğu təşkilatın iştirak etməli olduğuna görə prosessinq mərkəzinə bank tərəfindən vaxtında (dərhal) məlumat ötürülmüş, prosessinq mərkəzi də öz növbəsində müvafiq ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun tokenin bloklanmasını həyata keçirmişdir.

19. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin, İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli "Tam kart müqaviləsi"nə (№ BPM**********16) əsasən iddiaçının müştəri olaraq ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürməsi və buna görə məsuliyyət daşıması ilə xəbərdar edilməsini də diqqətə almaqla yanaşı vurğulayır ki, iddianın əsaslı olması ilə bağlı iddia ərizəsində irəli sürülən dəlillər iddiaçının özünün məsuliyyət dairəsinə düşən hərəkətlərinə görə cavabdehin onun qarşısında mülki məsuliyyət daşıyıcısı olmasına hüquqi əsas yaratmadığı üçün əsassızdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə, “Avşar Türkiyəyə qarşı” işi üzrə qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki-Prosessual Məcəllənin 14.2, 80, 88, 217.3, 217.4, 218.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəsaitin kart bloklandıqdan sonra silinməsi işin mübahisəsiz halıdır və məhkəmə bunu şübhə altına almır. Yəni cavabdeh kartı bloklayıb, bundan sonra vəsaitin iddiaçının kartından (hesabından) silinməsinin qarşısını almayıb, amma məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə tərəflər arasında bağlanmış № BPM**********16 saylı xx.xx.2023-cü il tarixli"Tam kart müqaviləsinin" guya cavabdehin məsuliyyətini istisna edən müddəalarına istinad edir. Məhkəmə sanki deyir ki, guya bu Standart Şərtlərə əsasən iddiaçı (bankın hər hansı müştərisi) hər hansı vəzifəsini pozubsa, cavabdehin də parallel olaraq öz vəzifəsini icra etməməsi cavabdehin məsuliyyətini istisna edir. Belə çıxır ki, məsələn, alqı-satqı müqaviləsi üzrə alıcı satış qiymətini vaxtında ödəməyibsə, satıcı ona qüsurlu mal satmaqda haqlıdır. Cavabdehin yol verdiyi pozuntual göz önündədir. Əvvəla, Cavabdeh kartı bloklayıbsa, oradan vəsait necə silinə bilərdi? Cavabdehin buna görə məsuliyyəti yoxdursa, bloklanmanın mənası nədən ibarətdir? Standart Şərtlərin 18.9.18-ci bəndində də qeyd olunur: “Kart/Əlavə kart/ŞEN-kod itirildikdə, oğurlandıqda, məhv olduqda, səlahiyyəti olmayan şəxs tərəfindən qanunsuz istifadə edildikdə, zədələndikdə, habelə fırıldaqçılıq (fraud) əməliyyatları baş verdikdə, o cümlədən ödəniş kartı vasitəsilə (o cümlədən internet vasitəsilə) əməliyyatların aparılmasızamanı ödəniş kartının rekvizitlərinin üçüncü şəxslərə açıqlanmasışübhələri yarandıqda ödəniş kartının bloklaşdırılması üçün dərhal ABB-nin müştəri xidmətinin telefon nömrəsi və ya "xxxx" prosessinq mərkəzinin Ödəniş kartının arxasında göstərilən telefon nömrəsi vasitəsilə müvafiq olaraq ABB-ni və ya "xxxx" prosessinq mərkəzini xəbardar etmək və kartın bloklanılması barədə xidmət göstərən məsul işçinin təsdiqinialmaq; Bu hallarda Müştərinin ABB tərəfindən eyniləşdirilməsi üçün zəruri olan bütün məlumatlar ABB əməkdaşına bildirilməlidir. ABB mobile – Mobil Bank və ABB banking - İnternet Bank xidmətlərinin istifadəçiləri həmin xidmətlərdən istifadə etməklə də Ödəniş kartını bloklaşdıra bilərlər”. Deməli, cavabdeh bu öhdəliyini icra etməyib. Daha sonra, iddiaçı ABB mobile mobil tətbiqində ********** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir, SMS xəbərdarlıqlar və OTP kodlar həmişə bank tərəfindən yalnız həmin nömrəyə göndərilmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “Tam kart müqaviləsi”nin 13.1-ci bəndində də bu nömrə göstərilib, deməli, müqavilənin şərtidir və Cavabdeh ona əməl etməli idi (əməliyyatları sırf bu nömrə əsnasında həyata keçirməli idi). Kibercinayətkarlıq halında isə ********** nömrəsinə SMS göndərilmişdir. Sonuncu nömrə İddiaçı tərəfindən ABB mobile də heç vaxt təsdiqlənməmiş və SMS xəbərdarlığa qoşulmamışdır. Qətnamədə bu məsələyə ümumiyyətlə heç bir münasibət bildirilməyib. Halbuki, cavabdeh öz üzərinə düşən təhlükəsizlik tədbirlərini yerinə yetirməyib. Belə ki, mobil tətbiqin başqa cihazda açılmasızamanı kartları avtomatik bloklaya, həmçinin ölkə xaricində ödəniş olduğu və yetəri qədər yüksək məbləğ olduğu üçün şübhəli əməliyyat kimi bloklaya bilərdi. Digət tərəfdən isə Standart Şərtlərin sözügedən bəndlərinin mahiyyəti qətnamədə qeyd olunduğu kimidirsə belə, onların hüquqi qüvvəsi yoxdur. Belə ki, Mülki Məcəllənin 419.1cimaddəsinə əsasən müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Məcəllənin 420.1-cimaddəsinə görə təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar etibarsızsayılır: - təklif etmiş tərəfə əsassız olaraq və müqavilədə göstərilmiş əsaslar olmadan öz öhdəliyinin icrasından imtina etmək hüququ (müqavilədən imtina şərti) verən müddəalar; - təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar, bir şərtlə ki, bu barədə razılaşma müqavilənin digər tərəfi üçün qeyri-məqbul olsun (dəyişiklik edilməsi şərti). Standart Şərtlərin cavabdehin məsuliyyətini istisna edən və/və ya məhdudlaşdıran hər hansı müddəası etibarsızdır. Zərər var və onun mövcudluğunda cavabdehin təqsiri var, iddiaçının hərəkətlərindən asılı olmayaraq.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər və orada göstərilənlərə uyğun izahat verdilər.

25. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, iddiaçı ABB mobile mobil tətbiqində ********** mobil nömrəsi ilə qeydiyyatdan keçmişdir, SMS xəbərdarlıqlar və OTP kodlar həmişə bank tərəfindən yalnız həmin nömrəyə göndərilmişdir. Kibercinayətkarlıq halında isə ********** nömrəsinə SMS göndərilmişdir. Sonuncu nömrə iddiaçı tərəfindən ABB mobile-də heç vaxt təsdiqlənməmiş və SMS xəbərdarlığa qoşulmamışdır. Mobil tətbiqdə qeydiyyata alınmış nömrənin dəyişdirilməsi üçün bir neçə əməliyyatlar həyata keçirilməlidir. Dərhal həmin nömrə dəyişə bilməz. Eyni zamanda, mobil tətbiq bir neçə nömrəyə də bağlı ola bilməz. Profildə dəyişiklik etmək üçün müəyyən prosedurlar həyata keçirilməlidir. Mobil tətbiqdə qeydiyyata alınan zaman bir nömrə qeyd olunur və həmin nömrə birbaşa müqavilənin şərtlərində əks olunur. Bundan başqa iddiaçı da, cavabdeh də, prosessinq mərkəzi də qəbul edir ki, kart üzrə bloklanma standartlara uyğun olaraq aparılmışdır. İddiaçı tərəf olaraq bildirir ki, silinmə bloklanmadan sonra olmuşdur.

26. İddiaçı həmçinin bildirdi ki, çıxarışa əsasən 21:57:52-də blok qoyulmuşdur, vəsaitin çıxılması isə 21:58:32-də olmuşdur. O, dəfələrlə banka müraciət etmişdir. Birinci instansiya məhkəməsi icraatı zamanı cavabdeh bankın arqumenti o olmuşdur ki, blokun qoyulması VİSA-nın tələblərinə uyğun olmuşdur. Məhkəmə araşdırması uzun müddət baş tutmasına baxmayaraq, qarşı tərəf VİSA-nın tələblərini məhkəməyə təqdim edəcəklərini bildirsələr də, bugünədək təqdim olunmamışdır. Bankdan VİSA-nın tələblərini istədikdə ona bildirdilər ki, bu kommersiya sirridir. Habelə ABB mobile mobil tətbiqində ********** mobil nömrəsi ilə qeydiyyatdan keçməyinə baxmayaraq, kibercinayətkarlıq halında ********** nömrəsinə SMS göndərilmişdir. Kredit sifarişində onun atasının və qrup yoldaşının da nömrəsi var. Bir şəxsin adına yüz və daha çox nömrə ola bilər. Boşluq ondadır ki, bank nömrə FİN-ə bağlı olduğu halda onu qəbul edir. Müqavilənin 13-cü bəndində qeyd olunmuşdur ki, yalnız ********** mobil nömrəsi ilə təsdiq olunmuş əməliyyatlar hüquqi qüvvəyə malikdir və nömrə dəyişdirildikdə 5 iş günü ərzində banka yazılı qaydada müraciət olunmalıdır. Bank VİSA-ya müraciət etmişdir. Lakin VİSA məsələni üzərinə götürmədi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, ona məxsus ********** nömrəsini evdəkilər istifadə edirlər və bilmədən OTP kodu yazıblar. Ailə üzvünün “İphone” telefonunda “Apple Pay” proqramı quraşdırılmışdır.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı kredit sifariş etdikdə özünə məxsus nömrələri qeyd etmişdir. Bank o nömrələri sisteminə daxil edir. Tokenin bloklanması ərəfəsində kartdan pul çıxılıb. Token “Apple Pay” və ya “Google Pay” vasitəsi ilə ödəmədir. Oxşar iş üzrə Ali Məhkəmənin qərarı mövcuddur. Belə ki, bank OTP kodu göndərdikdən sonra məsuliyyətdən azad olunur. OTP-də yazılır ki, kodu kənar şəxsə verməyin. Bank tərəfindən kart 21:57:52-də fiziki olaraq bloklanmışdır. Proses olaraq bank "xxxx" prosessinq mərkəzinə bildirir, onlar VİSA-ya bildirir, o isə öz növbəsində sorğunu “Apple Pay”ə göndərir, 21:58:39-da da token bloklanır. Dələduzlar bilirlər ki, kart fiziki olaraq bloklandıqdan sonra da tokendən pul çıxartmaq olur. OTP kodu veriləndən sonra dələduzlar ABB Mobile tətbiqini ələ keçiriblər. Bu isə o deməkdir ki, dələduzlar hər şeyi ələ keçiriblər. OTP kodunu dələduzlara verdikdən sonra iddiaçı banka zəng etmişdir. Artıq proses başlamışdır. Onlar pulu tokendən çıxarırlar. Kart fiziki olaraq iddiaçıda olduğu halda pul Ukraynada çıxarılıb. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, "xxxx" MMC VİSA-nın sertifikatları ilə işləyir. Bank VİSA ilə danışıqlar aparmır, danışıqları "xxxx" MMC aparır.

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən iddiaçının hesabından xx.xx.2023-cü il tarixdə 10.704,83 manat məbləğində vəsait Ukrayna ərazisində yerləşən ticarət obyektində “Google Pay” elektron ödəniş sistemi vasitəsilə Pos-terminaldan ödənişin edilməsi yolu ilə məxaric edilmişdir.

35. Hazırki iş üzrə iddiaçının tələbi ona əsaslanır ki, cavabdeh öz üzərinə düşən təhlükəsizlik tədbirlərini yerinə yetirməmiş, Bankın mobil tətbiqi başqa cihazda açılan zaman kartları avtomatik bloklaya, həmçinin ölkə xaricində ödəniş olduğu və yetəri qədər yüksək məbləğ olduğu üçün şübhəli əməliyyat kimi bloklaya bildiyi halda, bunu etməmiş, bankın filiallarına və çağrı mərkəzinə müraciəti zamanı həmin kart bank tərəfindən 21:57:52-də bloklanmış, vəsait isə 21:58:32-də kartdan çıxarılmış, beləliklə də həmin məbləğ cavabdehin təqsiri nəticəsində silinmişdir. Eyni zamanda, bank tərəfindən OTP kod onun mobil tətbiqdə qeyd olunmayan nömrəsinə göndərilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarına əsasən iddiaçıya məxsus kartdan vəsaitinin silinməsi cavabdehin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olması müəyyən edilmir.

37. İşdən görünən odur ki, iddiaçının banka kredit sifarişini rəsmiləşdirərkən təqdim etdiyi nömrəyə bank tərəfindən müvafiq OTP kodlar göndərilmiş, həmin kodun məxvi saxlanılması barədə xəbərdarlıq olmuş, iddiaçıya məxsus nömrə onun ailə üzvünün istifadəsində olmuş və OTP kod kənar şəxsə təqdim edilmişdir.

38. Hazırda bank xidmətlərindən istifadə edən bir çox istehlakçılara məlumdur ki, fiziki kartdan istifadə etmədən də mobil telefonlarda quraşdırılmış “Google Pay” və ya “Apple Pay” elektron ödəniş sistemləri vasitəsilə həmin proqramlara daxil edilmiş kart məlumatları əsasında formalaşmış token kartı əsasında ödənişlərin həyata keçirilməsi mümkündür.

39. Kollegiyanın iclasında iddiaçının ona verilmiş suallara cavabları ilə müəyyən edilir ki, iddiaçının ailə üzvünün istifadəsində olan mobil telefonda “Apple Pay” ödəniş sistemi mövcud olmuşdur.

40. Prosessinq fəaliyyətini həyata keçirən "xxxx" MMC tərəfindən təqdim edilən arayışda qeyd edilmişdir ki, daxili araşdırmanın nəticələrinə əsasən bloklanma prosesinin VİSA ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun şəkildə aparılmışdır. İddiaçı tərəfindən cavabdeh banka xx.xx.2023-cü il tarixində kartın bloklanması ilə bağlı məlumat verilərkən saat 21:57:52-də fiziki kart bloklanmış, kartın bloklanmasından sonra tokenin bloklanması saat 21:58:39-da VİSA tərəfindən tam yekunlaşmışdır. İddiaçının kartın bloklanması ilə bağlı sorğusu dərhal icraata götürülmüş və bloklanma ödəniş sisteminin standartlarına uyğun olaraq aparılmışdır.

41. Şərh olunanlardan göründüyü kimi, ilk olaraq iddiaçıya məxsus fiziki kart bloklanmış, fiziki kartın bloklanmasından sonra token kartının bloklanmasına qədər müddətədək kənar şəxslər tərəfindən iddiaçının hesabından vəsait silinmiş və silinmə həmin şəxslər tərəfindən “Google Pay” elektron ödəniş sistemi vasitəsilə ticarət obyektində ödəniş edilməklə həyata keçirilmişdir.

42. Bu isə onu deməyə əsas verir ki, iddiaçının ailə üzvünün istifadəsində olan mobil telefonda mövcud olan “Apple Pay” elektron ödəniş sisteminə daxil edilmiş fiziki kart məlumatları əsasında token kartı formalaşmış, kənar şəxslərə təqdim edilmiş OTP kodlar nəticəsində həmin şəxslər tərəfindən token kartın məlumatları ələ keçirilmiş, həmin məlumatlar əsasında “Google Pay” elektron ödəniş sistemində yaradılmış yeni token kartı vasitəsilə Ukraynada fəaliyyət göstərən ticarət obyektində ödəniş həyata keçirilmişdir.

43. Bununla belə, yuxarıda da qeyd olunduğu kimi, prosessinq fəaliyyətini həyata keçirən "xxxx" MMC-nin verdiyi məlumata əsasən iddiaçıya məxsus həm fiziki kartın, həm də token kartının bloklanması VİSA ödəniş sisteminin müəyyən etdiyi standartlara, habelə daxili sistemin konfiqurasiyasına tam uyğun şəkildə aparılmışdır.

44. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 1399/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar