Məhkəmə qərarları › İş №2(103)-4875/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4875/2024

01.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4875/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-815/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 3000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamə iddiaçının vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə Vəkillər Kollegiyası tərəfindən ona vəkil ayrılmış və bununla bağlı müvafiq order verilmişdir. İddiaçı vəkil vasitəsilə xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. İş üzrə cavabdeh Maliyyə Nazirliyi tərəfindən də apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə iddiaçının vəkili Vəkil1 elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş 1 aylıq apellyasiya şikayəti vermə müddətinin ötürülməsini, 3 ay müddət keçdikdən sonra apellyasiya şikayətinin verildiyini nəzərə almadan apellyasiya şikayətini işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilərsə, o, geri qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar