Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4877/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1655/2023 nömrəli 15 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 27 senyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 1(101)-134/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından həbs olunmuş, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, İddiaçı ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 10 avqust 2020-ci il tarixdən hesablanmış, zərərçəkmiş şəxs və mülki iddiaçı X4 tərəfindən verilmiş 3 sentyabr 2014-cü il tarixdə 205.400 ABŞ dollarına ekvivalenti olan 161.1117,76 manat məbləğində mülki iddia təmin edilmiş, 161.117,76 manat məbləğində pul vəsaiti Azad Əliyev və İddiaçı tutularaq dəymiş ziyanın ödənilməsi məqsədilə X2 ödənilməsi hökm edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 1(103)-82/2021 saylı Qərarına əsasən məhkum edilmiş şəxs İddiaçı və müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 10 avqust 2020-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2022ci il tarixli 1(102)-1289/2022 saylı Qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X5 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs X.M.Həsənovun nümayəndəsi S.S.Əliyev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı İstintaq Təcridxanası tərəfindən verilən 25 avqust 2022-ci il tarixli məktuba görə cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum edilmiş İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyana görə 80.000 manat, mənəvi ziyana görə 100.000 manat, cəmi 180.000 manatın alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, 10 avqust 2020-ci ildə həbs edildikdən sonra 16 dekabr 2021-ci ilədək 1 il 3 ay 6 gün müddətində onun azadlıq hüququ məhdudlaşdırılmış və o, əsassız və qanunsuz olaraq həbsdə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə ona bəraət verilib, azadlığa çıxmasına baxmayaraq, həmin hökmdən verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxılanadək keçən müddət ərzində də gərginlik və qorxu içərisində olmuş, mənəvi sarsıntılar keçirmiş, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona bərpaolunmaz maddi və mənəvi ziyan vurulmuşdur. Məhkum olunduğu cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, o, armatur və taxta satışı ilə məşğul olub yaxşı qazanc əldə etmişdir. Onun bildirdiyinə görə aylıq qazancı 5000 manat olmuş, həbsdə saxlanıldığı 15 ay ərzində o, 75000 manat qazancından məhrum olmuşdur. Bu faktı qeyd olunan dövrlərdə onunla eyni bazarda işləyən şəxslər təsdiq edə bilərlər və qeyd olunan şəxslərin şahid qismində dindirilmələri üçün məhkəmənin iclasında iştirakları təmin ediləcəkdir. Göstərilən müddət ərzində işini, gəlirini, işgüzar əlaqələrini itirmişdir. Ailədə yeganə qazanc gətirən şəxs olduğu üçün 4 nəfərdən ibarət ailəsi çıxılmaz maddi məhrumiyyətlərlə üzləşmişdir. Bundan başqa, istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ağır mənəvi ziyan da vurulmuşdur. Belə ki, heç bir təqsiri olmadan qanunsuz həbs və məhkum olunması nəticəsində həyatının 1 il 3 ay 6 gününü dəmir barmaqlıqlar arasında keçirməsi onun cəmiyyətdə nüfuzunun sarsılmasına, şərəf, ləyaqət və işgüzar nüfuziunun ləkələnməsinə, fəal ictimai həyat tərzindən məhrum olmasına, fəaliyyət göstərdiyi əhatədə barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə, ona neqativ münasibət bəslənməsinə, işgüzar əlaqələrini itirilməsinə səbəb olmuş, bütün bunlar mütəmadi psixoloji əsəb və stress, ağır mənəvi iztirab və sarsıntı yaşatmışdır. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, 10 avqust 2020-ci ildən 16 dekabr 2021-ci ilədək həbsdə saxlanılması müddəti hesablanarkən səhvə yol verilərək həmin müddət 1 il 4 ay 6 gün əvəzinə 1 il 3 ay 6 gün göstərilmişdir. Bu səbəbdən də ayda 5000 manat dəyərləndirilən maddi ziyan 80.000 manat əvəzinə 75.000 manat məbləğində hesablanmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 may 2023-cü il tarixli 2(006)-1655/2023 nömrəli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi zərərə görə 13.000 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə göstərmişdir ki, İddiaçı cazasının əvvəli 10 avqust 2020-ci il tarixdən hesablanmaqla Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2020-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbsdən azad edilmişdir, yəni İddiaçı 13 ay qanunsuz olaraq həbsdə saxlanılmışdır.
9. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq həbsdə saxlanılması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 13000 manat məbləğində təmin olunmasını məhkəmə ağlabatan hesab etmişdir. Məhkəmə iddia tələbinin vurulmuş maddi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, Mülki Məcəllənin 21.1, 1101.1, Mülki Prosessual Məcəllənin 14.2, 81, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
12. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmaqla qanunsuz və əsassızdır. Məhkəmə onun məhrum olduğu gəlirləri, habelə hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğləri nəzərə almamışdır. Məhkəmə onun qanunsuz olaraq həbsdə saxlanılma müddətini düzgün hesablamamışdır. Onun qanunsuz həbsdə saxlanılma müddəti 13 ay deyil, 10 avqust 2020-ci il tarixdən 30 sentyabr 2021-ci ilədək olmaqla 14 aydır. Bundan başqa məhkəmə onun 30 sentyabr 2021-ci ildən 16 dekabr 2021-ci ilədək həbsə bərabər tutulan ev dustaqlığında olmasını da nəzərə almamışdır. Belə olan halda onun qanunsuz həbsdə saxlanılma müddəti 15 ay 6 gün hesablanmalıdır.
13. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 13000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
17. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
18. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
19. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
20. Maddə 7.1. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
24. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
26. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya təmin edilməməlidir.
34. İşin mübahisəsiz halıdır ki, iddiaçı 10 avqust 2020-ci il tarixdən məhkəmə iclas zalından həbs olunmuş, daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 1(103)-82/2021 saylı Qərarı ilə ona bəraət verilmişdir.
35. Göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 1 il 1 ay 21 gün müddətində qanunsuz həbsdə saxlanılmışdır. Daha sonra isə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 2 ay 16 gün müddətində ev dustaqlığında olmuşdur.
36. Birinci instansiya məhkəməsi iddiaçının 1 il 1 ay, yəni 13 ay həbsdə olması qənaətinə gələrək, hər ay üçün 1000 manat hesabı ilə 13000 manat mənəvi zərər tutmuş, iddiaçının həm də 2 ay 16 gün ev dustaqlığında olmasını nəzərə almamışdır.
37. Halbuki, ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir.
38. Kollegiya hesab edir ki, iddiaçı həbsdə olduğu qədər olmasa da, ev dustaqlığında da müəyyən məhrumiyyətlərə düçar olmuş, mənəvi sarsıntı keçirmişdir.
39. Odur ki, Kollegiya iddiaçıya ödənilməsi qət olunmuş ziyanın məbləğini ağlabatan və ədalətli saymır və hesab edir ki, iddiaçının 1 il 1 ay 21 gün həbsdə və 2 ay 16 gün ev dustaqlığında olması nəzərə alınmaqla, ona təyin olunan mənəvi ziyanın məbləği 15000 manat müəyyən olunmalıdır.
40. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alır.
41. Maddi zərərlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
42. Cavabdehin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1655/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə ödənilməli olan mənəvi zərərin məbləği 15000 manat müəyyən edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.