Məhkəmə qərarları › İş №2(103)-4879/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4879/2022

05.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4879/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(004)- 146/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2(004)- 146/2021 saylı qətnaməsi ilə (hakim Günay Axundova) iddia təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 50000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Qətnamədən qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verilmədiyindən məhkəmənin 16 mart 2021-ci il tarixli məktubu ilə icraya yönəldilmişdir. Cavabdeh1 sonradan (2021-ci ilin dekabr ayında) apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmişdir (prossual müddətin keçməsi, dövlət rüsumunun ödənilməməsi, apellyasiya şikayətinin formasına və məzmununa riayət olunmaması əsasları üzrə). Bundan sonra, cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermiş, ərizəsini - qətnaməni almaması, həmçinin səhhətində olan problemlərlə əsaslandırmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(004)-146/2021 saylı qərardadı ilə ərizə təmin olunmamış, apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmiş, şikayətini ərizəsi ilə eyni məzmunda əsaslandırmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd edilməlidir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. «K.N.Qəribovanın şikayəti ilə əlaqədar» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın İşdə olan sənədlərə (xəbərnamə və s.) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin surəti xx.xx.2021-ci il tarixli məktubla tərəflərə, o cümlədən cavabdeh X1 qeydiyyatda olduğu ünvan üzrə (Bakı şəhəti, 2-ci Alatava, 4”A”) göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Qətnamədən qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmiş və xx.xx.2021-ci il tarixdə icra üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixdə cabvabdeh X2 ərizə ilə müraciət edərək (yeni ünvan qeyd eyməklə), qətnamənin surətini almadığını bildirmiş və rəsmi qaydada ona təqdim olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi xx.xx.2021-ci il tarixli məktubla qətnamənin surətinin cavabdehə xx.xx.2021-ci il tarixdə təqdim olunduğuna istinad edərək, yenidən təqdim olunması üçün dövlət rüsumu ödənilməli olmasını bildirmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh qətnamənin surətinin ona təqdim olunması ilə bağlı yenidən müraciət etmiş və müraciəti məhkəmə tərəfindən eyni əsasla təmin olunmamışdır. Bundan sonra, cavabdeh xx.xx.2021-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi, qətnamənin surətini cavabdehə iş materiallarında olan yeganə ünvanı (qeydiyyatda ünvanı) üzrə göndərmiş və qətnamə ünvada imza edilməklə rəsmi qaydada alınmışdır. Nəzərə alınmalıdır ki, işə birinci instansiya məhkəməsində baxılması ilə bağlı bütün məhkəmə sənədləri cavabdehə həmin ünvan üzrə göndərilmiş və cavabdeh bir neçə dəfə məhkəmə iclasında iştirak edərək, məhkəməyə ərizələr ünvanlasa da, yeni ünvanı barədə heç bir məlumat verməmişdir. Belə olan halda, cavabdehin qeyd olunan ünvan üzrə qətnamənin surətinin ona çatdırılmadığına istinadı əsaslı hesab oluna bilməz. Həmçinin qeyd edilməlidir ki, MPM-in 146-cı maddəsinin tələbinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Bununla yanaşı, cavabdehin ilk apellyasiya şikayəti qanunvericiliyin digər tələblərinə də uyğun olmamışdır (rüsum, forma və məzmun). Cavabdeh həmçinin sübut qismində məhkəməyə COVİD-19 immunitet sertifikatını təqdim etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin intinad etdiyi həmin hal müddətin bərpasına əsas ola bilməz. Çünki həmin sübutdan görünür ki, cavabdehin ilk pozitiv testinin tarixi 21 mart 2021-ci ildir. Sertifikatın qüvvəyə minmə tarixi isə 04 aprel 2021-ci il tarixidir. Cavabdeh özü də izahatında bildirir ki, onun aprel ayından sonra şikayət verməməsinin səbəbi ona bu barədə narahat olmamasına dair verilən vəd olmuşdur. Lakin sonra o, icraçılar icra sənədinin icrasını tələb etdikdən sonra şikayət etmək qərarına gəlmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qətnamə ona 09 fevral 2021-ci il tarixdə verilmiş, cavabdeh üzrlü səbəb olmadan şikayət vermə müddətini ötürmüş, şikayəti yalnız 2021-ci iln dekabr ayında təqdim etmişdir. Göründüyü kimi, cavabdehin Covid-19 testinin pozitiv çıxdığı tarixədək artıq qətnamədən apellyasiya şikayəti verilməsi üçün 1 aylıq müddət keçmişdir. Həmçinin qeyd edilməlidir ki, ilk apellyasiya şikayəti qətnamənin alındığı tarixdən təqribən 10 ay sonra verilmiş, apellyasiya şikayəti ilk dəfə qeyri-mümkün hesab edilərək qaytarıldıqdan sonra isə cavabdeh çatışmazlıqları dərhal deyil uzun müddət sonra (təqribən 4 ay sonra) aradan qaldıraraq yeni apellyasiya şikayəti təqdim etmiş, lakin sonrakı müddətlərin də nəyə görə ötürülməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası, rayon məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, hesab edir ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzrlü sayılması və bərpa olunması üçün prosessual əsaslar mövcud deyildir. Cavabdeh prosessual müddətin üzrlü səbəblərdən ötürməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edildiyi kimi cavabdeh buraxılmış prosessual müddətin üzrlü sayılması üçün keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(004)- 146/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(004)- 146/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar