Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-488/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X7, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi X14 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhərinin xüsusi notariusu X5, Cavabdeh2 ASC və “X4 Mərkəzi” MMC-yə qarşı “icra qeydinin, hərracın yekunları barədə protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-152/2019 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhərinin xüsusi notariusu X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri İ.Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilinə tutmanın yönəldilməsi barədə 7E-01-549 reyestr nömrəli xx.xx.2011-ci il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, o cümlədən Cavabdeh2 ASC və “X4 Mərkəzi” MMC-ni cavabdeh qismində cəlb edərək, “X4 Mərkəzi” MMC-nin Cavabdeh2 ASC-yə Bakı şəhəri İ.Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilin əldə edilməsi üçün tərtib edilmiş hərracın yekunları barədə Y-901 saylı xx.xx.2012-ci il tarixli protokolun, bununla bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavəni belə əsaslandırmışdır ki, o, X8 Cavabdeh2 ASC-dən götürdüyü 70.000 ABŞ dolları kredit borcunun təminatı kimi kreditor və borclu ilə mülkiyyətində olan Bakı şəhəri İ.Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilinin ipotekaya qoyulması barədə Bakı şəhəri 44 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2009-cu il tarixli, 102USD saylı ipoteka müqaviləsi bağlamışdır. 2017-ci ilin iyul ayında ona məlum olmuşdur ki, X8 borcunun onun mənzilinə yönəldilməsi barədə 44 saylı Notariat Kontoru tərəfindən icra qeydi verilmiş, bununla bağlı xx.xx.2017-ci il tarixdə o, 44 saylı Notariat Kontoruna müraciət etmiş və xx.xx.2011-ci il tarixli icra qeydi ilə bağlı 16 vərəqdən ibarət 7E-01-549 saylı Notariat işi tikilmiş və möhürlənmiş vəziyyətdə ona təqdim edilmişdir. Notariat işi ilə tanış olarkən müəyyən etmişdir ki, notariat işi və icra qeydinin verilməsinə əsas olan sənədlər nöqsanlı vəziyyətdədir və həmin sənədlərə əsasən icra qeydi verilə bilməzdi. “X4 Mərkəzi” MMC-nin ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə Y-901 saylı, xx.xx.2012-ci il tarixli protokolu ilə ilkin satış qiyməti 70.000 manat olan ipoteka predmeti 44.625 manat qiymətlə Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. Protokoldan belə nəticəyə qəlmək olur ki, Hərracın keçirilməsi zamanı “İpoteka Haqqında" Qanunun tələbləri də pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)- 152/2019 saylı qətnaməsi (yalnışlığın aradan qaldırılması barədə məhkəmənin xx.xx.2019cu il tarixli qərardadı nəzərə alınmaqla) ilə iddia qismən təmin edilmiş, Bakı şəhərinin xüsusi notariusu X5 tərəfindən reyestrdə 7E-01-549 nömrə ilə qeyd edilmiş ipoteka predmeti olan Bakı şəhəri İ.Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında xx.xx.2011-ci il tarixli icra qeydi və “X4 Mərkəzi" MMC-nin “Hərracın yekunları barədə” Y-901 saylı, xx.xx.2011-ci il tarixli protokolunun etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(001)-152/2019 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-152/2019 saylı qətnaməsində düzəliş edilərək buraxılmış yalnışlıq aradan qaldırılmış, qətnamənin nəticə, yəni “qət etdi” hissəsində “X4 Mərkəzi" MMC-nin “Hərracın yekunları barədə” Y-901 saylı, xx.xx.2011-ci il tarixli protokolu sözləri “X4 Mərkəzi" MMCnin “Hərracın yekunları barədə” Y-901 saylı, xx.xx.2012-ci il tarixli protokolu sözləri ilə əvəz edilmişdir. Qətnamədən Cavabdeh2 ASC tərəfdən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bildirişin dövlət qeydiyyatı orqanında qeydə alınması üçün müəyyən edilmiş 7 günlük müddətin pozulmasına və bildirişin ümumiyyətlə iddiaçıya göndərilməməsinə münasibətdə qeyd edilmişdir ki, iş materiallarında olan bildirişin iddiaçıya göndərilməsini təsdiq edən qaimə (waybill) üzərindəki imzanın İddiaçı tərəfindən icra edilməsi keçirilmiş xətşünaslıq ekspertizası ilə müəyyən olunmuşdur. Yəni, bildirişin İddiaçı göndərilməməsi iş materiallarında təsdiqini tapmamışdır. İpotekasaxlayan ASC tərəfindən tərəfindən qanunun tələblərinə əməl edilmişdir. Hərracın təşkilatçısı “X4 Mərkəzi” hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmiş, sifarişçi Binəqədi rayon İcra şöbəsinə, Cavabdeh2 ASCyə və İddiaçı verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmişdir. Hərracın keçirilməsində qanunvericiliyin tələblərinə əməl olunmuş, lakin, məhkəmə tərəfindən əsassız olaraq hərracın yekunlarına dair protokol etibarsız hesab edilmişdir. Məhkəmə iddia müddətinin tətbiq edilə bilməməsi qənaətinə gəlmişdir. İddiaçı Cavabdeh2 ASC cavabdehlər İddiaçı və X9 qarşı onların Bakı şəhəri, Binəqədi rayonu İ.Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılmasını barədə iddia ərizəsi ilə iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(001)-2214/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı nümayəndəsi X12 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh İddiaçı hərracın keçirilməsindən məlumatsız olduğundan, hərracın keçirilməsinə dair KİV-də elan verilmədiyindən onun nəticələrinə dair tərtib edilmiş protokol və alğı-satqı müqaviləsi qanunsuzdur, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2959/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləv edilmiş və iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASCnin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Bakı şəhərinin xüsusi notariusu X5 və “X4 Mərkəzi” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “ İddia onunla əsaslandırılmışdır ki, o, X8 bankdan götürdüyü kredit borcunun təminatı kimi ona məxsus olan mənzilin həmin bankın ipotekaya qoyulması barədə xx xxxx 2009-cu il tarixdə ipoteka müqaviləsi bağlamışdır. 2017-ci ilin iyul ayında ona məlum olmuşdur ki, X8 borcunun onun mənzilinə yönəldilməsi barədə notairusun icra qeydi verilmiş, bununla bağlı xx.xx.2017-ci il tarixdə o, 44 saylı Notariat Kontoruna müraciət edərək həmin işlə tanış olarkən müəyyən etmişdir ki, notariat işi və icra qeydinin verilməsinə əsas olan sənədlər nöqsanlı vəziyyətdədir və həmin sənədlərə əsasən icra qeydi verilə bilməzdi. Yuxarıda qeyd edildiyi,iddiaçı hazırda ona məxsus olmuş və ipotekaya qoyulmuş mənzilə icra qeydi əsasında yönəldilmiş tutmanın qanuniliyini mübahisələndirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 35ci maddəsi ilə ipoteka predmetinə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulduğu halda ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinə yol verilir. İddiaçının mənzilinin ipoteka ilə yüklü edilməsi barədə xx xxxx 2009-cu il tarixli ipoteka müqaviləsində öhdəliklərin tam və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd edilən Qanununun 38-ci maddəsində icra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə (mübahisə yaran vaxt qüvvədə olan redaksiyasında) təsbit edilmişdir ki, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi və ya rəsmiləşdirildiyi hallarda əsas öhdəlik bu Qanunun 40-cı maddəsində göstərilən müddətdə icra edilmədikdə tutma notariusun icra qeydi əsasında həyata keçirilir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ilə icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması əsasları müəyyən edilmişdir. Sadalanan qanunvericlik nomalarının tələbləri baxımından, iddiaçının mənzilinə tutma yönəldilməsi barədə hazırda mübahisələndirilən icra qeydinin verilməsinə qanuni əsasın olması mübahisəsizdir. Apellyasiya məhkəməsi həmin icra qeydi verilərkən qanunvericiliklə nəzərdə tutulmuş prosedur qaydalarına riayət edilmədiyinə istinad edərək icra qeydinin və onun əsasında keçirilmiş hərracın yekunları barədə protokolun və mənzilin ipoteka saxlayana satılması barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi həmin hal, yəni ipoteka qoyana “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin göndərilməməsi, hazırki iddianın təmin edilməsi üçün öz-özlüyündə əsas hesab edilə bilməz. Çünki, ipoteka qoyana qeyd edilən məzmunlu bildirişin göndərilməsi və yalnız bundan sonra müvafiq müddətlər gözlənilməklə növbəti hərəkətlərə yol verilməsi ipoteka qoyanın həmin müddətlər ərzində qarşı tərəfin hərəkətlərinin mübahisələndirmək imkanını ehtiva edir, yəni ipoteka predmetinə tutma ipoteka qoyan bu barədə məlumatlandırıldıqdan və müvafiq müddət bitdikdən sonra aparıla bilər. İddiaçının mənzilini könüllü sürətdə öz iradə ifadəsi əsasında digər şəxsin kreditoru qarşısında öhdəliklərinin təminatı kimi yüklü edilməsi barədə iddiaçı, borclu və kreditor arasında üçtərəfli müqavilə bağlanmışdır. İddiaçının borclu olan digər şəxsin kreditoru qarşısında öhdəliklərini icra etməməsi və bunun nəticəsində onun mənzilinə tutma yönəldilməsindən yalnız 6 ilə yaxın müddət keçdikdən sonra xəbər tutması ağlabatan hesab edilməməklə, işin müəyyən edilmiş halları ilə də təsdiqlənmir. Əvvəla, hazırda mübahisələndirilən icra qeydi və eyni zamanda icra şöbəsinin sifariş məktubuna əsasən xx xxxxx 2012-ci il tarixdə keçiriləcək ilk hərrac barədə bildiriş xx xxxx 2012-ci il tarixdə, xx xxx 2012-ci il tarixli ikinci hərrac barədə bildiriş isə xx xxxxx 2012-ci il tarixdə iddiaçının ünvanına təhvil verilmişdir. Həmin ünvan iddiaçının mülkiyyətində olan və hazırda mübahisələndirilən icra qeydi əsasında yönəldilərək açıq hərracda satılmış mənzilin yerləşdiyi ünvandır ki, iddiaçının həmin ünvanda yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilir və hazırda da iddia ərizəsində ünvanı kimi oranı qeyd etmişdir. Bu, iddiaçının həmin vaxtdan mənzilinə tutmanın yönəldiləcəyi barədə məlumatı olmasını təsdiq edir. Kütləvi informasiya vasitələrində mənzilin müvafiq tarixlərdə açıq hərracda satılması barədə elanlar verilmiş, iki dəfə hərrac keçirilmiş və həmin hərraclar baş tutmamış, mənzili təkrar hərraca çıxarılmış və xx xxxx 2012-ci il tarixdə tələbkar Cavabdeh2 ASC-yə satılmış, mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ipoteka qoyan kimi hüquqlarının ehtimal edilən pozuntusu ilə əlaqədar ümumiyyətlə hər hansı tələb irəli sürməmiş, yalnız 5 ildən artıq müddət keçdikdən sonra hazırki iddianı qaldırmaqla mənzilinə tutma yönəldildiyindən məlumatı olmadığı barədə dəlilinin əsası kimi notariusun icra qeydi verilərkən prosedur qaydalarına riayət etməməsi barədə formal əsasa istinad etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Digər tərəfdən, işin daha mühüm əhəmiyyət kəsb edən halı ondan ibarətdir ki, iddiaçının və həmin mənzildə qeydiyyatda olan digər bir şəxsin həmin mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməklə mənzildən çıxarılmaları barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.”. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri İ.Dadaşov küçəsi 74 saylı evin 14 nömrəli mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2009- cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 946 nömrəli reyestr kitabının 87817 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “xxxx” ASC ilə X10 və İddiaçı arasında bağlanmış xx xxxx 2009-cu il tarixli, 102 USD nömrəli ipoteka müqaviləsinin surətinə əsasən İddiaçı X8 “xxxx” ASC qarşısında olan öhdəliklərinin təminatı olaraq mülkiyyətində olan ünvan 1 mənzil 14 ünvanda yerləşən ümumi sahəsi 63,95 kv.m, yaşayış sahəsi 46,73 kv.m, 3 otaqlı mənzili “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə əsasən ipoteka predmetinin bazar dəyəri 110.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC tərəfindən X10 və İddiaçı ünvanlanmış xx xxxx 2010-cu il tarixli bildirişə əsasən xx xxxx 2009-cu il tarixli, 102 USD nömrəli kredit müqaviləsi üzrə əsas borcun və ardıcıl olaraq faizlərin ödənilməsi pozulduğu üçün notariusun icra qeydi əsasında tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh2 ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlanmış xx xxxx 2011-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair” ərizəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin ipoteka qoyana və borc alana təqdim edildiyi bildirilmiş ve həmin bildirişin qeydiyyata alınması xahiş etdilmişdir. Həmin bildiriş Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Cavabdeh2 ASC-yə ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubuna əsasən Cavabdeh2 ASC-nin 05- PRR/2085 saylı xx.xx.2011-ci il tarixli məktubuna əsasən İddiaçı məxsus Bakı şəhəri, 8 mkr, İ.Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bakı şəhərinin xüsusi notariusı Hikmət Süleymanlının xx xxxxxxx 2011-ci il tarixli icra qeydinə əsasən tutma ipoteka saxlayan Cavabdeh2 ASC-nin (əvvəlki “xxxx” ASC) tələbi ilə ipotekaqoyan İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, 8 mkr, İ.Dadaşov küçəsi, ev 74 14 saylı mənzilə yönəldilmiş, bu barədə reyestrdə 7E-01-549 № ilə qeyd edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2012-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələr haqqında hesabatın surətinə əsasən İddiaçı məxsus olan Bakı şəhəri 8 mkr, İ.Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzilinin həmin günə ilkin qiyməti 70.000 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan “X4 Mərkəzi” tərəfindən sifarişçi Binəqədi rayon icra şöbəsinə, ipoteka saxlayan Cavabdeh2 ASC-yə, ipoteka qoyan İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2012-ci il tarixli, 13094 nömrə bildirişinin və bu bildirişin çatdırılmasını təsdiq edən poçt qəbzinin surətinə əsasən Binəqədi rayon İcra şöbəsinin 17/68 № 2064-10, 17.02.12-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı mülkiyyətinə olan və ipoteka predmetini təşkil edən Bak şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilin ilkin satış qiyməti 70.000 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxxxx 2012-ci il tarixdə saa 11:00-da ünvan 4 ünvanında keçiriləcəyi barədə İddiaçı məlumat verilmişdir. İş materiallarında olan “X4 Mərkəzi” tərəfindən sifarişçi Binəqədi rayon İcra şöbəsinə, ipoteka saxlayan Cavabdeh2 ASC-yə, ipoteka qoyan İddiaçı ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2012-ci il tarixli, 13856 nömrəli bildirişinin və bu bildirişin çatdırılmasını təsdiq edən poçt qəbzinin surətinə əsasən Binəqədi rayon İcra şöbəsinin 17/68 № 2064-10, 17.02.12-ci il tarixli sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı mülkiyyətinə olan və ipoteka predmetini təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzilin ilkin satış 59.500 manat olmaqla hərraca çıxarılması və hərracın xx xxx 2012-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında keçiriləcəyi barədə İddiaçı məlumat verilmişdir. İş materiallarında olan xx xxxx 2012-ci il tarixi üçün dərc edilmiş qəzetdən müvafiq çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 74, 14 saylı mənzilin xx.xx.2012-ci il tarixdə 70.000 manat məbləğinə pula açıq həracdan satılması barədə elan verilmişdir. xx xxxx 2012-ci il tarixi üçün dərc edilmiş qəzetdən müvafiq çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 74, 14 saylı mənzilin xx.xx.2012-ci il tarixdə 70.000 manat məbləğinə pula açıq həracdan satılması barədə elan verilmişdir. İş materiallarında olan xx xxxxx 2012-ci il tarixi üçün dərc edilmiş qəzetdən müvafiq çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 74, 14 saylı mənzilin 14 04.2012-ci il tarixdə 59.500 manat məbləğinə pula açıq həracdan satılması barədə elan verilmişdir. İş materiallarında olan “X4 Mərkəzi” MMC-nin hərracın yekunları barədə Y901 nömrəli protokolunun surətinə əsasən 44 saylı Dövlət Notariat kontorunun xx.xx.2011-ci il tarixli icra qeydinin və Binəqədi rayon İcra şöbəsinin 17/68 № 2064-10 nömrəli, xx.xx.2012ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, 8 mkr, İ.Dadaşov küçəsi, 74 saylı evin, 14 saylı mənzili hərraca çıxarılmış və 44.625 manata tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 22007 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 46-cı vərəqəsində olan xx xxxx 2011-ci il tarixli 224506 saylı sarı rəngli poçt göndərişinin çatdırılmasını təsdiq edən sənədin surətinin aşağı sağ küncündə “2. Alan şəxsin soyad və imzası” qrafasında əks olunmuş imza İddiaçı tərəfindən icra olunmuşdur. İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh2 ASC (əvvəlki xxxx) ilə X10 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 74 saylı evin 14 saylı mənzili Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin X1 aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilmədiyindən Cavabdeh2 ASC-yə borcu yaranmışdır. Bununla bağlı Cavabdeh2 ASC ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlamış və nəticədə tutma icra qeydi əsasında həyata keçirilmiş, bununla bağlı Bakı şəhərinin xüsusi notariusu Süleymanlı Hikmət tərəfindən xx.xx.2011-ci il tarixdə icra qeydi verilmiş və bundan sonra əmlak 70.000 manat məbləğində qiymətləndirməklə açıq hərraca çıxarılmış, lakin ilkin və təkrar hərracda qalib olmadığından qanunvericiliyin tələblərinə görə əmlak 44.625 manat pula tələbkara, yəni Cavabdeh2 ASC-yə təklif olunmuş və onun tərəfindən əldə edilmişdir. Bu barədə xx.xx.2012-ci il tarixdə müvafiq protokol imzalanmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət həddində verilir. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə görə, icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; tələbkarın adı və ünvanı; borclunun adı və ünvanı; ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; icra qeydinin aparıldığı tarix (il, ay, gün); icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; icra qeydini aparan notariusun imzası, möhürü. Qanunun 78-ci maddəsinə görə, icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir; 79-cu maddəsinə görə isə, tələbkar və ya borclu fiziki şəxsdirsə, Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddətlər müəyyən olunmamışsa, icra qeydi aparıldığı gündən üç il ərzində, bütün qalan tələblər üzrə isə bir il ərzində məcburi surətdə icra olunmaq üçün təqdim edilə bilər. İcra qeydinin təqdim olunması üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Sözügedən Təlimatın 164-cü bəndində göstərilir ki, ödənilməli məbləğ və tələb olunub alınmalı əşyalar, faiz və peniyalarla birlikdə icra qeydində öz əksini tapmalıdır. Həmin Təlimatın 169-1-ci bəndinin “e” yarımbəndində göstərilir ki, tutmanın yönəldilməsi haqqında bildiriş bu bəndin “d” yarımbəndində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdə və əsas öhdəlik bu müddətdə icra edilməyibsə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparılır. Həmin bəndin “d” yarımbəndində isə göstərilmişdir ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərilibsə, bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əks olunubsa və bildiriş müvafiq reyestrdə təsdiqlənibsə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparılır. Qanunvericiliyin tələblərinə əsasən notarius icra qeydini borcun mübahisəsiz olduğu, borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq etdiyi, həmçinin notarius vasitəsi ilə kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişin borcluya göndərildiyi halda aparır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydlərinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin materiallarından görünür ki, hazırkı mübahisənin predmetini təşkil edən icra qeydlərində “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildiriş xx.xx.2011-ci il tarixdə Yegəna Qurbanovaya göndərilmiş və xx.xx.2011-ci il tarixdə o imzalayaraq bildirişi qəbul etmişdir. İddiaçı həmin qəbzdəki imzanın ona aid olmamasını və həmin qəbzin saxtalaşdırıldığını qeyd etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 22007 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 46-cı vərəqəsində olan xx xxxx 2011-ci il tarixli 224506 saylı sarı rəngli poçt göndərişinin çatdırılmasını təsdiq edən sənədin surətinin aşağı sağ küncündə “2. Alan şəxsin soyad və imzası” qrafasında əks olunmuş imza İddiaçı tərəfindən icra olunmuşdur. Həmçinin təkrar apellyasiya baxışı zamanı 224506 saylı poçt qaiməsinin saxtalaşdırılıb-saxtalaşdırılmadığının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğuna görə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmiş, ekspertin xx.xx.2020-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, mülki işin 46-cı vərəqəsində olan xx xxxx 2011-ci il tarixli 224506 saylı Qaimə nüsxəsinin üzərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) edilməmişdir. Həmçinin tədqiqata təqdim edilmiş mülki işin 45-ci vərəqində alıcı R.A.Hüseynovun adına verilmiş və 46-cı vərəqdə alıcı İddiaçı adına verilmiş qaimələrin nusxələrinin qrafalarındakı əlyazma mətnlər öz aralarında fərqlənirlər. Kollegiya iddia tələbinin “hərracın yekunları barədə protokolun və alğı-satqı müqviləsinin etibarsız hesab edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mənzilinin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilmiş, hərracın kemirilməsində heç bir pozuntuya yol verilməmişdir. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Kollegiya cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə də münasibət bildirməyi zəruri hesab edir. İddiaçının borclu olan digər şəxsin kreditoru qarşısında öhdəliklərini icra etməməsi və bunun nəticəsində onun mənzilinə tutma yönəldilməsindən yalnız 6 ilə yaxın müddət keçdikdən sonra xəbər tutması ağlabatan hesab edilməməklə, işin müəyyən edilmiş halları ilə də təsdiqlənmir. Əvvəla, hazırda mübahisələndirilən icra qeydi və eyni zamanda icra şöbəsinin sifariş məktubuna əsasən xx xxxxx 2012-ci il tarixdə keçiriləcək ilk hərrac barədə bildiriş xx xxxx 2012-ci il tarixdə, xx xxx 2012-ci il tarixli ikinci hərrac barədə bildiriş isə xx xxxxx 2012-ci il tarixdə iddiaçının ünvanına təhvil verilmişdir. Həmin ünvan iddiaçının mülkiyyətində olan və hazırda mübahisələndirilən icra qeydi əsasında yönəldilərək açıq hərracda satılmış mənzilin yerləşdiyi ünvandır ki, iddiaçının həmin ünvanda yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə təsdiq edilir və hazırda da iddia ərizəsində ünvanı kimi oranı qeyd etmişdir. Bu, iddiaçının həmin vaxtdan mənzilinə tutmanın yönəldiləcəyi barədə məlumatı olmasını təsdiq edir. Kütləvi informasiya vasitələrində mənzilin müvafiq tarixlərdə açıq hərracda satılması barədə elanlar verilmiş, iki dəfə hərrac keçirilmiş və həmin hərraclar baş tutmamış, mənzili təkrar hərraca çıxarılmış və xx xxxx 2012-ci il tarixdə tələbkar Cavabdeh2 ASC-yə satılmış, mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ipoteka qoyan kimi hüquqlarının ehtimal edilən pozuntusu ilə əlaqədar ümumiyyətlə hər hansı tələb irəli sürməmiş, yalnız 5 ildən artıq müddət keçdikdən sonra hazırki iddianı qaldırmaqla mənzilinə tutma yönəldildiyindən məlumatı olmadığı barədə dəlilinin əsası kimi notariusun icra qeydi verilərkən prosedur qaydalarına riayət etməməsi barədə formal əsasa istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi E.Həkimovun şikayəti üzrə xx xxxxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının hüquqlarının pozulduğunu notariat işinin surətinin ona verildiyi xx.xx.2017-ci il tarixdə bilmiş olduğu qənaətinə gəlmək işin hallarına uyğun olmamaqla ağlabatan mühakimə əsasında məntiqli də deyildir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)- 152/2019 saylı qətnaməsi qismən ləğv edilərək iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalı, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri isə iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 152/2019 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilməklə həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Bakı şəhərinin xüsusi notariusu X5, Cavabdeh2 ASC və “X4 Mərkəzi” MMC-yə qarşı “icra qeydinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” barədə iddia tələbləri təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onaları ödəmiş şəxslərin özlərinə aid olunsun. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 61,52 (altmış bir manat 52 qəpik) İddiaçı tutularaq tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X6, Kod 210005, VÖEN **********, M/h- AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-488/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-488/2021
15.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver