Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-488/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilə öhdəliyi, podrat, pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X13 və (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (X14 üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pulun öədnilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 saylı qətnaməsindən iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 57B ünvanında yerləşən 71,4 m2 qeyri-yaşayış sahəsi və Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən 49,5 m2 qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra, iddiaçı) məxsus olmuşdur (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar - xx.xx.2017-ci il qeydiyyat tarixli, **********4 qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli).
2. İddiaçı ilə Cavabdeh MTK (bundan sonra, cavabdeh) arasında 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən - iddiaçı özünə məxsus hər iki qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən, eni 4,4 metrdən az olmamaq şərtilə 71,4 m2 qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 71,4 m2 qeyri-yaşayış sahəsini (zirzəmini) təmirli (yerə metlağ vurulması və divarların ağardırlması) şəkildə ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
3. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 31 ünvanında yerləşən ümumi sahəsi 37.6 m2 olan qeyri yaşayış sahəsi tam mülkiyyə hüququ ilə X10 (bundan sonra, üçüncü şəxs) adına qeydə alınmışdır (Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş şəhadətnamə - xx.xx.1999-cu il qeydiyyat tarixli, 12413 qeydiyyat nömrəli).
4. Cavabdehlə üçüncü şəxs arasında 28 fevral 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən – üçüncü şəxs özünə məxsus yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsinin və həmin ünvanda yerləşən sahəsi 32 m2 qeyri yaşayış sahəsinin (zirzəminin) sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən 37,6 m2 qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 m2 qeyri-yaşayış sahəsini (zirzəmini) ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyriyaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
5. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 28,3 m2 olan qeyri yaşayış sahəsi tam mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış - xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli).
6. Cavabdehlə ilə X7 arasında 25 yanvar 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən - X7 özünə məxsus yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən 29 m2 qeyri-yaşayış sahəsini ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
7. X7 ilə üçüncü şəxs arasında bağlanmış, notariat qaydasında təsdiq edilmiş 19 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 28,3 m2 olan qeyri yaşayış sahəsini X6, sonuncunun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, adına daşınmaz əmlakın dövlət reyestrindən 23 fevral 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
8. Bundan sonra, cavabdehlə üçüncü şəxs arasında yeni, 06 mart 2021-ci il tarixli tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən – üçüncü şəxs mülkiyyətində olan yuxarıda qeyd edilən qeyri-yaşayış sahələrini (37,6 m2, 28,3 m2 və zirzəmi) sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində 8-9-cu aralıqda yerləşən 65,9 m2 qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 m2 qeyri-yaşayış sahəsini (zirzəmini) ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyriyaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
9. 25 noyabr 2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məxsus mobil nömrəyə SMS-bildiriş göndərilmiş, bildirişdə - Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin təhvilə hazır olması, bu məqsədlə komendanta yaxınlaşaraq qeyri-yaşayış sahəsini təhvil götürməsi, bu səbəbdən də verilən kirayə haqqının 25 noyabr 2020-ci il tarixdən dayandırılması göstərilmişdir.
10. Bundan sonra, iddiaçı cavabdeh tərəfindən təqdim olunan həmin qeyri-yaşayış sahəsinə baxış keçirmiş, sahənin 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilənin bəzi şərtlərinə (qeyri yaşayış sahəsinin eninin 4,4 metrdən az olması, ümumi sahənin 71,4 kv.m-dən bir-neçə kv.m az olması və s.) uyğun olmamasını əsas gətirərək onu təhvil götürməkdən imtina etmişdir.
11. İddiaçı sonradan üçüncü şəxsə aid olan (daha əvvəldən cavabdeh tərəfindən üçüncü şəxsə təqdim edilmiş) çoxmənzilli hündürmərtəbəli yaşayış evinin Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində 8-9-cu aralıqda yerləşən qeyri-yaşayış sahəsinin ona verilməsini tələb etmiş, hər hansı icazə olmadan ora daxil olaraq, giriş qapısının kilidini dəyişdirmiş, bununla da həm cavabdeh, həm də üçüncü şəxslə mübahisə yaranmışdır (işdən görünür ki, bir neçə dəfə polisə şikayətlər edilmişdir)
Birinci instansiya məhkəməsindəki birinci icraat
12. İddiaçı Cavabdeh MTK-ya qarşı “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pul tələbi” barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə T.Şixəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın Xətai prospektinə baxan hissəsində, 1-ci mərtəbədə, 8-9-cu aralıqda yerləşən 71,4 m2 qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması, həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 71,4 m2 sahəsi olan zirzəminin ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin və onun altından olan zirzəminin iddiaçıya təhvil verilməsi faktının təhvil-təslim aktı ilə sənədləşdirilməsi, həmin qeyri yaşayış sahələrinin təmiri (1-ci mərtəbədəki qeyri yaşayış sahəsinin altındaki zirzəmiyə gediş-gəliş məqsədilə pilləkanın inşası, kommunikasiya xətlərinin çəkilməsi, divarların ağardılması, metlağın vurulması və s.) xərclərinin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 19412,5 manat məbləğində pulun tutulması, ödənilməmiş 24000 manat məbləğində icarə haqqının və onun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 800 manat faiz məbləğinin cavabdehdən alınaraq ona verilməsi, müqavilə öhdəliyinin lazımınca icra edilməməsi səbəbindən 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla, 8 ay üçün vurulmuş maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 28000 manat pulun tutulması, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə T.Şixəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın Xətai prospektinə baxan hissəsində, 1-ci mərtəbədə, 8-9-cu aralıqda yerləşən 71,4 kv.m. qeyri-yaşayış sahəsi və onun altındakı zirzəmiyə dair mülkiyyət hüquqlarının iddiaçının adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün dazımi sənədlər toplusunun iddiaçıya təqdim edilməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu və 300 manat vəkil xidmət haqqının əvəzinin cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 57B ünvanında yerləşən 71,4 m2 qeyri-yaşayış sahəsi və Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən 49,5 m2 qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. 17 fevral 2018-ci il tarixdə iddiaçının və cavabdehin arasında 225 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı hər iki qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən, eni 4,4 metrdən az olmamaq şərtilə 71,4 m2 qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 71,4 m2 qeyri-yaşayış sahəsini (zirzəmini) təmirli şəkildə ona təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa cavabdeh binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələrini təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi də öhdəsinə götürmüşdür. 25 noyabr 2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya məxsus mobil nömrəyə SMS-bildiriş göndərilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, yeni inşa edilmiş binadakı ona məxsus olan qeyriyaşayış sahəsi hazırdır və həmin qeyri-yaşayış sahəsini təhvil ala bilər. Yeni inşa edilmiş binanın girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi sahiblik və istifadəsindədir. Həmin sahə təmirsizdir, oranı öz hesabına təmir etməsinə isə cavabdeh müxtəlif yollarla mane olur (elektrikin kəsilməsi, qapının qırılması və ora daxil olunaraq mal-materialın naməlum yerə daşınması və s.). Həmin qeyri-yaşayış sahəsinin altında yerləşən sahə (zirzəmi) isə ona indiyədək təhvil verilməmişdir. Sonuncu dəfə 2018-ci ilin noyabr ayında cavabdeh tərəfindən ona aylıq kompensasiya məbləği ödənilmiş, həmin tarixdən indiyədək heç bir məbləğ ödənilməmişdir. Tərəfindən cavabdehə Pretenziya ünvanlansa da, bunun heç bir faydası olmamışdır. 3 saylı mağaza xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mağaza onun Xətai prospekti, 57B ünvanında yerləşmiş 71,4 m2 qeyri-yaşayış sahəsinin əvəzində verilmişdir. Bu barədə müvafiq Çıxarışın olmaması mülkiyyət hüququnun yarandığını nəticəsinə gəlməyə mane olmur. Çünki 3 saylı mağazaya dair Çıxarışın alınmasını təmin etmək öhdəliyi məhz cavabdehin üzərindədir. Lakin cavabdeh onun həmin 3 saylı mağaza üzərində mülkiyyət hüququnu həyata keçirməsinə müxtəlif yollarla mane olur. Cavabdeh mağazaya gedən elektrik xəttini dəfələrlə kəsərək təmir işlərinin aparılmasının qarşısını almış, onun xəbəri olmadan mağazanın qapısını sındıraraq ora daxil olmuşdur. Qeyd edilən hərəkətlər onun 3 saylı mağaza üzərində xüsusi mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Onun 3 saylı mağaza üzərindəki mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulmalıdır. Müqavilənin 1.1.1-ci bəndinə görə iddiaçıya təhvil verilməli olan qeyri-yaşayış sahəsi və altındaki zirzəmi təmirli (yerə metlaq vurulması və divarların ağardılması) vəziyyətdə olmalıdır. Lakin indiyədək bu işlər görülməmişdir. Müqavilədəki “təmirli (yerə metlaq vurulması və divarların ağardılması)” ifadəsi həm döşəmə, həm də divarlarda zəruri kommunikasiya xətlərinin (işıq naqillərinin, su, qaz, kanalizasiya xətlərinin) çəkilməsini ehtiva edir. Çünki özünə məxsus qeyri-yaşayış sahələrini cavabdehə təhvil verərkən orada zəruri bütün kommunikasiya xətləri var idi. Digər tərəfdən 3 saylı mağazanın altında yerləşən zirzəmiyə küçədən giriş-çıxış mümkün deyildir. Zirzəminin üzərindəki 3 saylı mağazadan isə, zirzəmiyə giriş (pilləkən) nəzərdə tutulmayıb. Cavabdehin səlahiyyətli şəxslərinə bu problemin həlli ilə bağlı dəfələrlə müraciət etmiş, lakin heç bir faydası olmamışdır. Cavabdehə pretenziya ünvanlanaraq qüsurların aradan qaldırılması tələb edilmiş, lakin cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Qeyd edilən işlərin (qeyriyaşayış sahələrinin təmiri, kommunikasiya xətlərinin çəkilməsi, 3 saylı mağazadan altındaki zirzəmiyə girişin açılması, pilləkanın inşası və s.) görülməsi üçün tələb olunan pul vəsaiti cavabdehdən onun xeyrinə tutulmalıdır. Müqavilə bağlanandan sonra 2018-ci ilin fevralında özünə məxsus qeyri-yaşayış sahələrini boşaldaraq sökülmək üçün cavabdehə təhvil vermişdir. Yəni öz öhdəliyini lazımınca və vicdanla icra etmişdir. Cavabdeh isə 2018ci ilin noyabr ayında sonuncu dəfə aylıq 1000 manat kompensasiya ödənişini həyata keçirmişdir. Həmin tarixdən sonra heç bir məbləğ ödənilməmişdir. Cavabdehin SMSbildirişi 2020-ci ilin noyabr ayında, yəni ödənişin dayandırıldığı tarixdən 2 il sonra gəlmişdir. Hesab edir ki, cavabdeh keçən müddət ərzində ona icarə haqqı ödəməli, eyni zamanda MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış faiz məbləğini də ödəməlidir. Eyni zamanda, müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində vurulmuş zərərin əvəzi ödənilməlidir. Özünə məxsus qeyri-yaşayış sahələrini aylıq 3500 manata icarəyə vermişdir. Bu barədə müvafiq icarə müqaviləsi var və cavabdeh də bu halı bilirdi. Cavabdeh keçən müddət ərzində iddiaçıya dəymiş zərəri ödəməlidir. Müqavilənin 2.2.8-ci bəndinə görə cavabdeh qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqlarının onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusunu İddiaçıya təqdim etməlidir. Cavabdehin mövcud davranışı onun gələcəkdə (yəni hüquqlarının dövlət qeydiyyatı ilə bağlı sənədləşmənin aparılması zamanı) də hüquqlarının pozulması ilə qarşılaşacağını ehtimal etməyə imkan verir. Hazırki iş çərçivəsində bu hala da qiymət verilməli və hər iki qeyri-yaşayış sahəsinin onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusunun ona təqdim edilməsi zəruridir.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)- 2621/2021 nömrəli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 m2 sahəsi olan 3 saylı mağaza üzərindəki iddiaçının mülkiyyət hüququna cavabdeh tərəfindən qəsd edilən hərəkətlərə son qoyulması, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 17 fevral 2018-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 m2 sahəsi olan 3 saylı mağazanın altında yerləşən 71.4 m2 sahəsi olan zirzəmi Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, həm 3 saylı mağazanın, həm də altındaki zirzəminin İddiaçı təhvil verilməsi faktının tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə sənədləşdirilməsi, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və altında yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) müqavilədə qeyd olunan kimi təmirli (yerə metlağ vurulması və divarların ağardılması) və zəruri kommunikasiya xətlərinin (işıq naqillərinin, su, qaz, kanalizasiya xətlərinin) çəkilərək iddiaçıya təhvil verilməsi və ya qeyd olunan təmir işlərin əvəzi olaraq 19412,5 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməsi, ödənilməmiş 24000 manat məbləğində icarə haqqının və onun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 800 manat faiz məbləği Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 saylı mağaza və altındaki zirzəmiyə dair mülkiyyət hüquqlarının İddiaçı adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışların verilməsi üçün lazımi sənədlər toplusu İddiaçı Cavabdeh MTK tərəfindən təqdim edilməsi, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 18,30 manat Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(005)- 2621/2021 nömrəli qərardadı ilə qeyd edilən qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin əsaslandırıcı və nəticə hissələrində “Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 71.4 m2 sahəsi olan 3 saylı mağaza” sözlərinin “Cavabdeh MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə T.Şixəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının Xətai prospektina baxan hissəsində, 1-ci mərtəbədə, 8-9-cu aralıqda yerləşən 71,4 m2 qeyri-yaşayış sahəsi” sözləri ilə əvəz edilməsi qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi yalnız iddiaçının bildirdiklərini əsas tuturaq, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ilə T.Şixəliyev küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində inşa olunan çoxmərtəbəli yaşayış binasının Xətai prospektina baxan hissəsində, 1-ci mərtəbədə, 8-9-cu aralıqda yerləşən 71.4 m2 qeyri-yaşayış sahəsinin iddaçıya məxsus olması, sonuncunun həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarına cavabdeh tərəfindən maneə törədilməsi nəticəsi gəlmişdir.
17. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza rəyinə (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 10/4919 nömrəli rəyi) əsasən – Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanda yerləşən çoxmərtəbəli binanın Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti ilə 24 oktyabr 2016-cı ildə 350 nömrəli razılaşdırılmış eskiz layihədə göstərilən 8-9 aralığında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsi 70,8 m2, 19-20 aralığında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 69,8 m2 təşkil edir. Lakin həmin qeyri-yaşayış sahələrinin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına düşən sahələr nəzərə alınmaq şərti ilə 8-9 aralığında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsinin 74,7 m2, 19-20 aralığında yerləşən qeyri yaşayış sahəsinin ümumi sahəsinin isə 74,5 m2 təşkil etdiyi müəyyən olunmuşdur.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 152.5, 157.4, 405.1, 421.2-ci və s. maddələri ilə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
19. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin olunmayan (“müqavilə öhdəliyinin lazımınca icra edilməməsi səbəbindən 2020-ci ilin dekabr ayından 2021-ci ilin iyul ayı da daxil olmaqla, 8 ay üçün vurulmuş maddi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 28000 manat pulun tutulması” hissədə) hissəsində ləğv olunmasını, iddianın həmin hissədə də təmin olunmasını xahiş etmiş, apellyasiya şikayətini həmin hissədə – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmışdır.
20. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmiş, şikayət – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarının icrası sahəsində Bakı şəhəri Nərimanov rayonunun Tələt Şıxəliyev, Qarabağ və Xətai prospektinin küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin təmin olunması məqsədilə Bakı şəhəri Nərimanov Rayon İHB tərəfindən 24 oktyabr 2016-cı il tarixli, 84 nömrəli sərəncam verilməsi, həmin sərəncama əsasən qeyd edilən ərazidə 2,99 ha torpaq sahəsinin cavabdehin daimi istifadəsinə verilməsi, bu istiqamətdə tərəflər arasında bağlanmış 17 fevral 2018-ci il tarixli, 225 saylı müqaviləyə uyğun olaraq 71,4 m2 qeyri-yaşayış sahəsinin və onun altında eyni sahədə zirzəminin inşa olunaraq təhvil üçün hazır vəziyyətə gətirilməsi, həmin sahənin təhvil götürülməsi üçün iddiaçıya məxsus mobil nömrəyə 25 noyabr 2020-ci il tarixdə SMS-bildiriş göndərilməsi, həmin sahələrin binanın birinci mərtəbəsində 19-20-ci aralıqda yerləşməsi, iddiaçı tərəfindən ora baxış keçirildikdən sonra qeyri yaşayış sahəsinin eninin müqavilədə göstərildiyindən az olması və s. səbəblər gətirilərək onun qəbulundan imtina edilməsi, sonradan əsassız olaraq üçüncü şəxsə məxsus olan, binanın birinci mərtəbəsində 8-9-cu aralıqda yerləşən qeyriyaşayış sahəsinin ona verilməsini tələb etməsi, halbuki həmin sahənin daha əvvəldən müvafiq müqavilələrlə X11 və X5 təhvil verilməsi, X11 verilmiş qeyri-yaşayış sahəsinin 37,6 m2, X5 verilmiş sahənin isə 29 m2 olması, həmin sahələrin eni az olduğundan X3 özünə məxsus qeyri-yaşayış sahəsini X4, bundan sonra X14 ilə yeni müqavilə bağlanaraq binanın girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində 8-9-cu aralıqda yerləşən 65,9 m2 qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 m2 qeyri-yaşayış sahəsinin (zirzəmini) ona təhvil verilməsi, iddiaçı üçün inşa edilmiş qeyri-yaşayış sahəsinin isə binanın 19-20-ci aralığında yerləşməsi və aralarında bağlanmış 17 fevral 2018-ci il tarixli, 225 saylı müqaviləyə uyğun olması, tərəflərindən kiçik uyğunsuzluqların (eni hissəsinin bir qədər az olması) kompensasiya edilə biləcəyi, bu istiqamətdə iddiaçı ilə razılığa gələ bilmələri, lakin iddiaçıya üçüncü şəxsə məxsus qeyriyaşayış sahəsinin verilməsinin mümkün olmaması, həmçinin üçüncü şəxsə məxsus qeyriyaşayış sahəsinin altında 71,4 m2 zirzəminin mövcud olmaması, iddiaçı üçün inza edilmiş qeyri-yaşayış sahəsinin müqaviləyə uyğun qaydada təmirli vəziyyətdə olması, bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən 19412,5 manat təmir xərcinin tutulması barədə gəldiyi nəticənin də əsassız olması, eyni zamanda iddiaçıya icarə haqqı kimi ödənilən 1000 manat kompensasiyanın 25 noyabr 2020-ci il tarixdən, yəni əmlakın təhvil götürülməsi barədə iddiaçıya göndərilmiş SMS-bildirişdən sonra dayandırılması, həmin tarixədən bu pulun iddiaçıya ödənilməsi, lakin iddiaçının əmlakı təhvil götürməməsinin icarə haqqının ödənilməli olması anlamına gəlməməsi, məhkəmənin əsassız olaraq cavabdehdən bununla bağlı 24000 manat pulun və həmin pulun gecikdirilməsinə görə 800 manat faizin tutulması və s. kimi əsaslandırmışdır.
21. Qətnamədən üçüncü şəxs apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın rədd olunmasını xahiş etmiş, şikayəti cavabdehin şikayətinin dəlillərinə uyğun, analoji qaydada əsaslandırmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, digər tərəfin verdiyi apellyasiya şikayətlərini əsassız sayaraq, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişlər.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, iddiaçının verdiyi apellyasiya şikayətini əsassız sayaraq, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, iddiaçının verdiyi apellyasiya şikayətini əsassız sayaraq, şikayətdə göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
27. MM-nin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
28. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. MM-nin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
30. MM-nin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
31. MM-nin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
32. MM-nin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
33. MM-nin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
34. MM-nin 763-cü maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər.
35. MM-nin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər.
36. MM-nin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
37. MM-nin 766-cı maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.
38. MM-nin 443.1 və 443.2-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
39. MM-nin 443.5 və 443.6-cı maddələrinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur.
40. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
41. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
46. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. Maddə 385.1 və 385.1.1. Maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
48. Maddə 385.1 və 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
49. Maddə 107 və 119.1 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apelyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin və üçüncü şəxsin şikayətləri təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir.
52. Qeyd edildiyi kimi – tərəflər arasında 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilənin bağlanması, müqaviləyə əsasən - iddiaçının özünə məxsus (mülkiyyətində olan - Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 57B ünvanında yerləşən 71,4 m2 qeyri-yaşayış sahəsi və Nərimanov rayonu, Xətai prospekti, 29 ünvanında yerləşən 49,5 m2 qeyri-yaşayış sahəsi) qeyri-yaşayış sahələrini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdehin isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən, eni 4,4 metrdən az olmamaq şərtilə 71,4 m2 qeyriyaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 71,4 m2 qeyri-yaşayış sahəsini (zirzəmini) təmirli (yerə metlağ vurulması və divarların ağardırlması) şəkildə ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürməsi işin mübahisə olunmayan hallarıdır.
53. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçının mobil nömrəsinə 25 noyabr 2020-ci il tarixdə SMS-bildiriş göndərilməsi, bildirişdə - Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin təhvilə hazır olmasının, bu məqsədlə komendanta yaxınlaşaraq qeyri-yaşayış sahəsini təhvil götürməsinin, bu səbəbdən də verilən kirayə haqqının 25 noyabr 2020-ci il tarixdən dayandırılmasının göstərilməsi də mübahisələndirilmir.
54. Mübahisəli hal, iddiaçının cavabdeh tərəfindən inşa olunaraq, təqdim olunan qeyri yaşayış sahəsinin iddiaçı tərəfindən qəbul edilməsindən (təhvil alınmasından) imtina olunaraq, ona həmin binanın girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində digər hissədə yerləşən, yəni 8-9-cu aralıqda inşa olunmuş 71,4 m2 qeyri-yaşayış sahəsinin (və onun altında eyni ölçüdə zirzəminin) verilməli olması və bununla əlaqədar digər tələblərlə bağlı sahədə yaranmışdır (həmçinin qeyd edilməlidir ki, iddiaçıya cavabdeh tərəfindən təqdim olunan qeyri-yaşayış sahəsinin 19-20-ci aralıqda, iddiaçının tələb etdiyi qeyri-yaşayış sahəsinin isə 8- 9-cu aralıqda yerləşməsini işdə iştirak edən şəxslər mübahisələndirilmirlər).
55. İddiaçının dəlillərinə görə cavabdeh tərəfindən təqdim olunmuş, 19-20-ci aralıqda yerləşən qeyri-yaşayış sahəsinin ölçüləri 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilənin şərtlərinə tam uyğun inşa edilməmişdir (əmlakın eni müqavilədə göstərilən 4,4 metrdən, ümumi sahəsi isə 71,4 m2-dən bir qədən az olmuş, eyni zamanda qeyri-yaşayış sahəsinin ortasında onu iki yerə bölən yükdaşıyan divar mövcuddur və s.).
56. Cavabdehin etirazına əsasən – iddiaçıya təqdim olunan qeyri-yaşayış sahəsi 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilənin şərtlərinə uyğundur, əvvəldən görülə bilinməyən kiçik uyğunsuzluqlar (enində və ümumi sahədə çox cüzi fərqin yaranması, sahənin ortasına yükdaşıyan divarın düşməsi) isə müəyyən kompensasiyalar yolu ilə tərəflərindən aradan qaldırıla bilər. Lakin, iddiaçının hazırki tələbi bu istiqamətdə deyildir, ona tamamilə başqa yerdən, yəni 8-9-cu aralıqda inşa edilmiş qeyri-yaşayış sahəsinin verilməsi ilə bağlıdır ki, həmin sahə üçüncü şəxslə bağlanmış müqaviləyə əsasən faktiki olaraq ona təhvil verilmişdir. Lakin, iddiaçı zorla, qanunsuz olaraq həmin qeyri-yaşayış sahəsini əldə etmək istəyir, oranın giriş qapısını sındıraraq, kilidini dəyişdirir, bu səbəbdən də aralarında dəfələrlə mübahisələr yaranmış, polisə müraciətlər olunmuşdur. Eyni zamanda, iddiaçı ilə bağlanmış müqavilədə qeyri-yaşayış sahəsinin konkret olaraq hansı aralıqdan verilməsi şərtləndirilməmiş, bu istiqamətdə əsas şərt kimi - binasının girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsi göstərilmişdir ki, həmin şərtə riayət olunmuşdur (üçüncü şəxsin etirazları da cavabdehin etrazları ilə uyğunluq təşkir edir).
57. Qeyd edilməlidir ki, işin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından tərəflər arasında podrat sahəsində müvafiq münasibətlər yaranmış, bu istiqamətdə 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilənin şərtləri razılaşdırılmışdır.
58. Belə ki, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında Mülki Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir (bax: 30-cu bənd).
59. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1-ci maddələri). Podrat müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
60. Qanunverici həmçinin podratçının işi qüsurla icra etdiyi təqdirdə, sifarişçinin hüquqi müdafiə vasitələrini açıqlamışdır. Məsələn, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. (bax: 34, 35, 36, 37-ci bəndlər)
61. Lakin, iddiaçının hazırki tələbi cavabdeh tərəfindən təqdim edilmiş podrat işinin qüsurlarının aradan qaldırılması və ya müqavilədən imtina edərək dəymiş ziyanın əvəzinin ödənilməsi və s. bu istiqamətdə olmamışdır. Belə ki, iddiaçı cavabdeh tərəfindən başqa şəxs(lər) üçün icra edilmiş podrat işi üzrə (8-9-cu aralıqda inşa edilmiş qeyri-yaşayış sahəsi və altında olan zirzəmi) əmlakı və məhz digər əmlakla bağlı tələbləri irəli sürmüşdür.
62. Belə ki, işin müəyyən olunmuş digər hallarına və təqdim edilmiş sübutlara əsasən – cavabdehlə üçüncü şəxs arasında ilk dəfə 28 fevral 2018-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən üçüncü şəxs özünə məxsus (mülkiyyətində olan - Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 31 ünvanında yerləşən ümumi sahəsi 37.6 m2 olan qeyri yaşayış sahəsi) qeyri-yaşayış sahəsinin sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən 37,6 m2 qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 m2 qeyriyaşayış sahəsini (zirzəmini) ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
63. Bununla yanaşı, təqdim edilmiş sübutlara əsasən – oxşar müqavilə həmçinin X7 ilə bağlanmışdır. Belə ki, 25 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən - X7 özünə məxsus (mülkiyyətində olan - Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən ümumi sahəsi 28,3 m2 olan qeyri yaşayış sahəsi) müvafiq qeyri-yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş, girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşən 29 m2 qeyri-yaşayış sahəsini ona təhvil verməyi, eyni zamanda binanın tikintisi başa çatdırılana və qeyri-yaşayış sahələri təhvil verənədək iddiaçıya kompensasiya şəklində aylıq 1000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür.
64. İşdə iştirak edən şəxslərin izahatlarından və şahid ifadələrindən də aydın olur ki, cavabdeh tərəfindən həm üçüncü şəxsə, həm də X5 aid hissədə qeyri-yaşayış sahələri inşa olunaraq, sonunculara faktiki təhvil verilmiş, həmin əmlaklar 8-9-cu aralıqda yerləşməklə, qonşu sahələr kimi inşa edilmiş, sonradan qarşılıqlı razılığı əsasən (qeyri yaşayış sahələrinin eni az olduğundan, bu səbəbən də təyinatı üzrə istifadələri əlverişsiz olduğundan) X7 əmlakını üçüncü şəxsə satmışdır.
65. Bundan sonra, cavabdehlə üçüncü şəxs arasında hər iki qeyri yaşayış sahəsi üzrə vahid əmlak kimi yeni müqavilə bağlanmış, üçüncü şəxsə girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində 8-9-cu aralıqda yerləşən, sahəsi 65,9 m2 qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 m2 qeyri-yaşayış sahəsinin (zirzəminin) təhvil verilməsi şərtləndirilmişdir.
66. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsindən görünür ki, o, işin qeyd hallarına uyğun ifadə vermiş, həmçinin cavabdehlə bağladığı müqaviləyə əsasən 2020-ci ilin sentyabr ayında qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini, ona məxsus qeyri-yaşayış sahəsinin X11 təhvil verilmiş qeyri-yaşayış sahəsi ilə qonşu olmasını, aralarında ortaq divarın olmasını, hər iki sahənin eninin az (dar) olması səbəbindən işləməyin mümkün olmamasını, çıxış yolu kimi ya onun tərəfindən üçüncü şəxsə məxsus sahənin alınmalı olmasını, ya da əksinə, lakin onun maddi imkanı olmadığından qarşılıqlı razılığa əsasən özünə məxsus sahəni X1 və s. göstərmişdir.
67. Apellyasiya icraatı zamanı apellyasiya şikayətlərinin dəlillərinə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməsi üçün mübahisəli tikililərə işdə iştirak edən şəxslərin də iştirakı ilə yerində müayinə (baxış) keçirilmiş, müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya təklif olanan qeyri yaşayış sahəsi müvafiq yaşayış binasının girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində (bina ilə üzbəüz dayandıqda) sağ qurtaracaq hissəsində (19-20-ci aralıqda), iddiaçının tələb etdiyi, üçüncü şəxs üçün inşa edilmiş qeyri-yaşayış sahəsi isə sol qurtaracaq hissəsində (8-9-cu aralıqda) yerləşməklə aralarında digər şəxslərə məxsus, istifadədə olan qeyri-yaşayış sahələri vardır. Cavabdeh tərəfindən iddiaçı üçün inşa edilərək, təklif olunan qeyri-yaşayış sahəsinə daxil olduqda, onun sahəsinin işdə olan ekspertiza rəyində (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 10/4919 nömrəli rəyi) göstərilən ölçülərə uyğun olması, sahənin təqribən orta hissəsində yükdaşıyan divarın inşa olunması, sahənin arxa hissəsinə keçidin olması və s. müəyyən edilmişdir. Digər qeyri-yaşayış sahəsi (iddiaçının tələb etdiyi, 8-9-cu aralıqda yerləşən) isə təmirsiz vəziyyətdə olmaqla, onun əvvəllər iki sahə arasında olan divarın sökülməsi nəticəsində vahid sahə halına gətirilməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən üçüncü şəxs bildirmişdir ki, həmin sahə daha əvvəldən ona təhvil verilmiş, qonşu sahə isə X5 məxsus olmuş, lakin sahələrin eni kifayət qədər az olduğundan (təqribən 3 metrə yaxın) oradan səmərəli istifadə üçün qarşılıqlı razılıq əsasında qonşu sahəni X2 almış, sonra ara divarı sökmüş, hazırki vəziyyətə gətirmişdir. Lakin, sonradan iddiaçı və onun adamları qanunsuz olaraq oranı zəbt etmiş, giriş qapısının kilidini dəyişdirmişlər. Bir neçə dəfə giriş qapısının kilidi dəyişdirilsə də, iddiaçı yenə də qanunsuz əməllərindən çəkinmir. Baxış zamanı iddiaçının nümayəndələri 8-9-cu aralıqda yerləşən həmin sahənin iddiaçıya verilməli olmasını, ölçülərinin müqavilə şərtlərinə uyğun olmasını, sökülən əvvəlki sahənin də həmin hissədə mövcud olmasını və s. bildirmişlər.
68. Yerində müayinə zamanı işdə iştirak edən şəxslərin də razılığı ilə təsadüfi seçilmiş, qonşu sahədə (“İndustry” mağazası adı ilə) fəaliyyət göstərən, X15 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən həmin ərazidə mağaza işlətmiş, X12 uzun müddətdir ki, tanıyır. Belə ki, K.Məmmədovun da əvvəllər həmin ərazidə mağazası olmuş, mağaza Cavabdeh MTK tərəfindən sökülərək, əvəzində ona yeni inşa olunmuş binanın birinci mərtəbəsindən qeyri-yaşayış sahəsi verilmiş, lakin sonradan mübahisə yaranmasını eşitmişdir. İddiaçını isə tanımır.
69. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən onun üçün inşa edilmiş əmlakı təhvil almaqdan imtina edərək, tamamilə başqa əmlakın ona məxsus olmasını, eləcə də digər əmlakla bağlı tələblər irəli sürmətdə haqlı olmamış, nəticədə üçüncə şəxsin hüquqlarına müdaxilə baş vermişdir.
70. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 17 fevral 2018-ci il tarixli, 225 saylı müqavilədə müvafiq qeyri-yaşayış sahəsinin konkret olaraq binanın 1-ci mərtəbəsinin hansı hissəsində, hansı aralıqda inşa olunması şərtləndirilməmişdir. Yəni, tərəflər həmin müqavilədə xüsusi şərtləri (məsələn, qeyri-yaşayış sahəsinin eninin 4,4 metrdən az olmaması, sahəsinin 71,4 m2 olması, həmin sahənin altında eyni ölçüdə zirzəminin inşa olunması və s.) razılaşdırdıqları halda, əmlakın yalnız binanın girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində yerləşməsini (inşa olunmasını) şərtləşdirməklə kifayətlənmişlər.
71. Eyni zamanda müqavilənin təfsiri də tərəflərin iddiaçı üçün inşa olunacaq müvafiq qeyri yaşayış sahəsinin məhz 8-9-cu aralıqdan olması qənaətinə gəlməyə imkan vermir. Həmçinin, iddiaçının əvvəlki (sökülmüş) əmlakının təqribən həmin hissədə yerləşməsi barədə dəlilləri də vəziyyəti dəyişdirmir. Çünki, yaşayış binası hər bir halda eyni ərazidə inşa olunmaqla, 1-ci mərtəbədə yerləşən bütün qeyri-yaşayış sahələrinin girişi Xətai prospektinə baxır. Burada qorunmalı olan əhəmiyyətli hüquq pozuntusu yoxdur.
72. Əksinə, üçüncü şəxslə bağlanmış podrat müqaviləsində qeyri yaşayış sahəsinin inşa yerinin xüsusi olaraq - girişi Xətai prospektinə baxan hissəsinin 1-ci mərtəbəsində 8- 9-cu aralıqda yerləşməsi (65,9 m2 qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin altında yerləşən 32 m2 zirzəmi) göstərilmişdir.
73. İddiaçının tələbəinin əsası kimi irəli sürdüyü digər dəlilləri cavabdehlə üçüncü şəxs arasında bağlanmış ilk müqavilədə, sonuncuya məxsus qeyri-yaşayış sahəsinin məhz 8-9-cu aralıqda yerləşməli olmasının göstərilməməsi, bunun sonrakı müqavilədə öz əksini tapması olmuşdur.
74. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır. Tərəflər müqavilə şərtlərini müəyyənləşdirməkdə, eləcə də müqavilə üzrə sonradan yeni dəqiqləşdirmələrin (razılaşmaların) aparılmasında iradə sərbəstliyinə malikdirlər.
75. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizədə üçüncü şəxslə X7 arasında bağlanmış 19 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsini etibarlılığını da şübhə altına alan fikirləri qeyd etsə də, son nəticədə həmin müqaviləni müstəqil (yazılı) qaydada mübahisələndirmədiyindən, məhkəmə kollegiyası əşya (mülkiyyət) hüquqları ilə bağlı həmin əqdin etibarlılığını yoxlamağı zəruri hesab etmir (“Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı qərardadının 54, 55, 56-cı bəndləri).
76. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizədə həmçinin Mülki Məcəllənin 435-ci maddəsinə istinad edərək, kreditorun müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququnun olmasına əsaslanaraq, onun məhz cavabdeh tərəfindən 19-20-ci aralıqda yerləşən əmlakı qəbul etmək hüququnun olmasını göstərmişdir.
77. Məhkəmə kollegiyası iddiaçının göstərilən hüquqi mövqeyi ilə də razılaşmayaraq, qeyd edir ki, qeyd edilən norma o halda hazırki mübahisəyə tətbiq oluna bilər ki, cavabdeh ona müqavilədə nəzərdə tutulmuş icrasının əvəzinə, başqa şəxslərin hüquqlarından azad, başqa icranı təqdim etmiş olardı. Yəni, hazırki vəziyyətdə cavabdeh iddiaçıya başqa podrat işinin nəticəsini (8-9-cu aralıqda yerləşən əmlakı) təqdim etməmişdir. Belə olan halda isə, iddiaçının özünün istəyinə əsasən başqa icranı tələb etməsi qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmır.
78. Həmçinin, cavabdeh podratçı kimi məhz 19-20-ci aralıqda olan qeyri-yaşayış sahəsinin iddiaçı ilə bağlanmış müqavilə şərtlərinə uyğun inşa etdiyini, həmin sahənin altında eyni ölçüdə zirzəminin olmasını bildirir. 8-9-cu aralıqda isə iddiaçı üçün həmin ölçüdə zirzəmi nəzərdə tutulmamışdır.
79. Göründüyü kimi, iddiaçı iddia ərizəsində 8-9-cu aralıqda yerləşən əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının cavabdeh tərəfindən pozulmasını göstərsə də, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının həmin əmlak üzərində hər hansı əmlak (əşya) hüquqları yaranmamışdır.
80. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehlə bağladığı podrat müqaviləsinə əsasən, sonuncu tərəfindən inşa edilərək təhvil alınması üçün təqdim olunmuş əmlak üzərində əmlak hüquqlarına sahib olmaqla, qanunvericiliyin göstərilən tələbləri çəkçivəsində hüquqlara malikdir (əşyanı təhvil almaq və ya qüsurlu əşya ilə bağlı pozulmuş hüquqlarını tələb etmək).
81. İddia tələbinin mahiyyətindən açıq-aşkar görünür ki, cavabdeh tərəfindən təqdim olunmuş, 19-20-ci aralıqda yerləşən qeyri-yaşayış sahəsi müqavilə şərtlərinə tam uyğun olsa idi, cavabdeh həmin sahəni təhvil götürəcəkdir. Dolayısı ilə iddiaçı podrat işinin nəticəsindən narazı qaldığından, bu istiqamətdə qanunvericiliyin ona tanıdığı hüquqlardan istifadə edərək aidiyyəti aiddi tələbləri irəli sürmək əvəzinə, ona üçüncü şəxsin hüquqları ilə əhatə olunan, tamamilə başqa əmlakın verilməsini tələb edir.
82. İddiaçı isə hazırda qeyd edilən istiqamətdə tələblər irəli sürmədiyindən, məhkəmə kollegiyası tələbdən kənara çıxaraq cavabdeh tərəfindən təqdim olunan əmlakın (19-20-ci aralıqda yerləşən qeyri-yaşayış sahəsinin) qüsurlu olub-olmaması, əlavə icra və ya müqavilədən imtina olunaraq dəymiş zərərin əvəzinin ödənilməsi və s. bu kimi məsələrərə hüquqi qiymət verməyi zəruri hesab etmir (bax: 45-ci bənd)
83. Bu səbəbdən də, iddia qalan hissələrdə də təmin oluna bilməz. Yəni, iddiaçının qalan tələblərinə (təmirə görə pulun ödənilməsi, icarə haqqı, ziyan və s.) yalnız aidiyyəti iddia irəli sürülən zamanı hüquqi qiymət verilə bilər. Belə ki, təqdim edilmiş podratın nəticələrinin qüsurlu olması barədə aidiyyəti iddiaya baxılan zamanı bu hallar məhkəmə araşdırmasının nəticələri üzrə müəyyən edildiyi təqdirdə, müvafiq tələblərin (ziyan və s.) də əsaslılığı yoxlanıla bilər.
84. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz (bax: 46,47-ci bəndlər)
85. Beləliklə, məhkəmə kollegiyası işin hallarını, təqdim olunmuş sübutları və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin olunmalı, qətnamə ləğv olunmalı, iddia təmin olunmamalıdır.
86. Məhkəmə kollegiyası, həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı 100 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir (bax: 49-cu bənd)
87. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Cavabdeh MTK-ya qarşı (X14 üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyət hüququna qəsd edən hərəkətlərə son qoyulması və pulun öədnilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)-2621/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(005)- 2621/2021 saylı qətnaməsi ləğv edilsin, iddia təmin olunmasın. Məhkəmə xərci İddiaçı aid edilsin. İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat tutlaraq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.