Məhkəmə qərarları › İş №2(103)-4881/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4881/2022

05.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4881/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızının etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı Cavabdeh1 Sığorta şirkətinə qarşı “tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5A ünvanında tikinti işlərinin aparılmasının Cavabdeh1 Sığorta şirkəti ASC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5A ünvanda Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən inşa edilmiş tikililərin sökülməsi və binanın həyətinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onların 45 ildən artıq yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5A ünvandakı binalarının həyəti gül-çiçək, meyvə və dekorativ ağaclarla bəzədilirdi. Həyətdə uşaqların və sakinlərin istirahəti üçün normal şərait yaradılmışdı. Yaşadıqları binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində Cavabdeh1 Sığorta şirkəti ASC fəaliyyət göstərir. Cavabdeh1 Sığorta şirkəti ASC özünə məxsus qarajları təmir etmək adı altında həyətlərinin bir hissəsində tikinti işləri aparır ki, bu da bina sakinlərinin hüquqlarını pozur. Bina sakinlərinin xahişinə baxmayaraq tikinti işləri daha da sürətlə aparılır ki, sakinlərin normal gediş-gəlişinə, istirahətinə maneələr yaradırlar. Cavabdeh1 Sığorta şirkəti ASC-nin özbaşınalığından ən çox uşaqlar, qadınlar və qocalar əziyyət çəkirlər. Yaşadıqları binada yaşayış mənzilləri 2-ci mərtəbədən başlayır. Cavabdeh1 Sığorta şirkəti ASC-nin öz həyəti var, sakinlərin isə öz həyəti var. Cavabdeh1 Sığorta şirkəti ASC-nin həyətində 3 qaraj var. 1970-ci illərdən bəri həmin qarajların üstü onların həyətinin bir hissəsi olmaqla bütün bina sahiblərinin istifadəsində olmuşdur. Bir-iki ay öncə təmir adı ilə həmin qarajların üstü sökülmüşdür. Onlar Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Polis İdarəsinə müraciət etsələr də, Yasamal Rayon İcra və Polis orqanları tərəfindən heç bir tədbir görülməmişdir. İşə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılarkən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə (vəsatət) verərək Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş və həmin şəxslər məhkəmə tərəfindən cavabdeh qismində işə cəlb olunmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızının cavabdehlər Cavabdeh1 Sığorta şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı “tikilinin sökülməsi” tələbi barədə iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı1 aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 100 (bir yüz) manat pulun iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Əli qızından müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları düzgün araşdırılmayıb, bu səbəbdən də məhkəmə yanlış nəticəyə gəlmiş və maddi hüquq normalarını düzgün tətbiq edilməmişdir. Azərbaycan Rerspublikası FHN “TikintidəTəhlükəsizliyə X4”nin xx.xx.2021-ci il tarixli məktubunda Bak şənəri, Yasamal rayonu, İzmir küçəsi, bina 5A ünvanda yaşayan bina sakinlərinin Cavabdeh1 Sığorta şirkəti ASC-yə məxsus üç ədəd qarajın sökülərək yerində əlavə torpaq sahəsi zəbt edilməklə tikinti işlərinin aparılmsı təsdiq edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuş, tikinti işlərinin dayandırılnası və sənədləşmə işlərinin yerinə yetirilməsi barədə xx.xx.2021-ci il tarixli, 0195 nömrəli qərar verilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/4459 saylı rəyindən göründüyü kimi ünvan 2 ünvanda Cavabdeh1 Sığorta şirkəti tərəfindən aparılan tikinti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin tələbləri pozulmaqla inşa edildiyi müəyyən edilir, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin tələbləri pozulmuş, Bina sakinlərinin ünvan 2 ünvana giriş-çıxışını məhdudlaşdırmır. Lakin Bina sakinlərinin ünvan 2 ünvana giriş-çıxışını məhdudlaşdırmır hissəsində ekspertin rəyi ilə razılaşmadıqlarını və təkrar ekspertiza keçirilməsini məhkəmədən xahiş etsələr də bu barədə heç bir cavab almamışlar. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Əli qızı, onların nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehlər Cavabdeh2, onun və Cavabdeh1 Sığorta şirkətinin nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində Cavabdeh2n, digər ½ hissəsi üzərində Cavabdeh3 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış və daşınmaz əmlak üzərindəki hüququ daşınmaz əmlakın Dövlət reyestrində 103 nömrəli teyestr kitabının 9570 nömrəli vərəqində qeydiyyata alınmışdır.(Cild İ, i.vər. 39) İş materiallarında olan, ƏMDK yanında DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2014-cu il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********63-06101-083001 olan texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 125 kv.m-dir.(Cild İİ, i.vər. 29 - 30) İş materiallarında olan, icarəyə verən Cavabdeh3 və Cavabdeh2 ilə icarəci Cavabdeh1 Sığorta Şirkəti ASC arasında bağlanmış 01 iyun 2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, bina 5G ünvanında yerləşən ümumi sahəsi 125 kv.m olan qeyri-yaşayış sahəsinin 77,2 kv.m olan hissəsi 01 iyun 2019-cu il tarixdən 30 aprel 2022-ci il tarixədək Cavabdeh1 Sığorta Şirkəti ASC-yə icarəyə verilmişdir.(Cild İ, i.vər. 41 - 43) İş materiallarında olan, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə X4nin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 4 ünvanında yaşayan bina sakinlərinin Cavabdeh1 Sığorta şirkəti ASC-yə məxsus üç ədəd qarajın sökülərərk yerində əlavə torpaq sahəsi zəbt edilməklə tikinti işlərinin aparılması barədə FHN-nə ünvanladığı kollektiv müraciətə əsasən, baxış zamanı tikinti işləri aparılması faktının təsdiq edildiyi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti işlərinin aparıldığı üçün sifarişçiyə (Cavabdeh1 Sığorta şirkəti ASC-yə) tikinti işlərinin dayandırılması və sənədləşmə işlərinin yerinə yetirilməsi barədə xx.xx.2021ci il tarixli 0195 nömrəli “Qərar” verilmişdir.(Cild İ, i.vər. 60) İş materiallarında olan, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 361 saylı, 07 may 2021-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanındakı qeyri-yaşayış sahəsinin yerləşdiyi 275.1 kv.m torpaq sahəsi Cavabdeh2 və Cavabdeh3 icarəyə verilmişdir.(Cild İ, i.vər. 212 - 213) İş materiallarında olan, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 335 saylı, xx.xx.2021-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Yasamal rayonu, İzmir küçəsi, bina 5G, qapı 1,2,3 ünvanda yerləşən, vətəndaş Cavabdeh2 və Cavabdeh3 məxsus qeyri-yaşayış sahəsində aparılmış yenidənqurma və əlavə tikinti işləri nəzərə alınmaqla obyektin sahəsi mövcud vəziyyətində tərtib edilmiş layihədə göstərilən ölçülərə uyğun olaraq dəqiqləşdirilməsi, ümumi sahəsi 1-ci mərtəbədə 211,12 kv.m, 2-ci mərtəbədə 228,32 kv.m olmaqla sənədləşdirilməsi və onların adına təkrar qeydiyyatdan keçirilməsi qərara alınmışdır.(Cild İ, i.vər. 210) İş materiallarında olan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)9436/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının və 2-1(112)-9436/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının təsdiq edilmiş surətlərindən görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 440 kv.metr olan qeyri-yaşayış sahəsinin ½ hissəsi üzərində Cavabdeh2, qalan ½ hissəsi üzərində isə Cavabdeh3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)9436/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta bürosu tərəfindən tərtib edilmiş ünvan 6 ünvanında yerləşən, Cavabdeh2 məxsus qeyriyaşayış binasının mövcud vəziyyətinin eskiz layihəsinə əsasən binanın ümumi sahəsi 439,44 kv.mdir.(Cild İ, i.vər. 202 - 209) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir kuçəsi, 5G ünvanda 0,0248 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 439,4 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə Cavabdeh2, digər ½ hissədə isə Cavabdeh3 adına Daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.(Cild İ, i.vər. 201) İş materiallarında olan, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********63- 06301 olan texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, bina 5G ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 439,4 kv.metrdir.(Cild İİ, i.vər. 21 - 28) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəmə tikinti-texniki ekspertizasının 10/4459 saylı, 14 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, ünvan 8 ünvanda Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarına uyğun olmayaraq inşa edildiyi müəyyən olunur. ünvan 8 ünvanda Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən inşa edilmiş mübahisəli tikilinin ətrafında yaşayış binasının həyətinə daxil olmaq üçün yol mövcud olduğunu nəzərə alaraq həmin tikilinin ünvan 8 ünvandakı binanın həyətinə giriş-çıxışı məhdudlaşdırmadığı müəyyən olunur.(Cild İ, i.vər. 171 - 173) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin **********81 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası sökülmüşdür. Yerində Yasamal RİH-nin təsdiq etdiyi layihəyə uyğun 2 mərtəbəli qeyri-yaşayış binası inşa edilmiş və ona aid 275,1 m2 torpaq sahəsi üçün Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlanmışdır. Sözügedən əmlakın başqa əmlaklarla heçbir əlaqəsi yoxdur, obyekt paylı mülkdür.(Cild İİ, i.vər. 19) Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, bina 5G ünvanında yerləşən, ümumi sahəsi 440 kv.metr olan qeyri-yaşayış sahəsi özbaşına tikili deyildir. Belə ki, cavabdehlər X1 və Cavabdeh3 həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Ona görə də, iddiaçıların cavabdehlərin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi barədə tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3.-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Həmçinin, Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlərin fəaliyyəti nəticəsində iddiaçıların hər hansı hüququ və mənafeyi pozulmamışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Cavabdeh1 Sığorta şirkəti ASC tərəfindən inşa edilmiş mübahisəli tikilinin ətrafında yaşayış binasının həyətinə daxil olmaq üçün yol mövcud olduğunu nəzərə alaraq həmin tikilinin ünvan 8 ünvandakı binanın həyətinə giriş-çıxışı məhdudlaşdırmadığı müəyyən edilmişdir. Belə olan halda, pozulmayan hüquqlarının bərpa edilməsi ilə bağlı iddiaçıların cavadehlərə qarşı hazırkı tələblə məhkəməyə müraciət etmək və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin sökülməsini tələb etmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni ilə də razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Yuxarıda qeyd olunan işin hallarına və hüquq normalarının tələblərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətində göstərdikləri dəlillərinə mülki işə baxan birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı hüquqi qiymət verildiyindən məhkəmə kollegiyası tərəfindən həmin dəlillərə əlavə qiymət verilməsinə zərurət yoxdur. Bundan başqa məhkəmə kollegiyası həmçinin hesab edir ki, apelyasiya şikayətinin digər dəlilləridə iddia tələbinin təmin edilməsi üçün əsaslı hesab edilə bilməz. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur və apelyasiya şikayətində göstərilən həmin dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə2 apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-113/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar