Məhkəmə qərarları › İş №2(103)-4883/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4883/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4883/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(010)- 187/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş maddi ziyana görə 7000 manat, dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat və ödənilmiş dövlət rüsumunun 30 manat olmaqla, cəmi 17,030 (on yeddi min otuz manat) manat məbləğində pul vəsaitinin tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, ünvan 1, giriş 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun qonşusudur. Cavabdeh üst mərtəbədə yaşadığından ona məxsus olan mənzili yararsız vəziyyətə salmışdır. Ona məxsus mənzilə cavabdehin su axıtması nəticəsində mənzil tam yararsız vəziyyətə düşmüşdür. Dəfələrlə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o yenə də mənzilə su axıtmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi qismində 2001 (iki min bir) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə izahat verərək göstərmişdir ki, iddia tələbini qəbul etmir və bildirir ki, həqiqətən iddiaçı onun yaşadığı mənzilin aşağı mərtəbəsində yerləşən mənzildə yaşayır. Onunla münasibətləri o qədər də yaxşı olmamışdır. Hətta elə hallar olmuşdur ki, iddiaçı heç bir əsas olmadan ondan polis idarəsinə şikayət etmişdir. Onun məzilinin yararsız vəziyyətə və ya su axıdılması nəticəsində pis vəziyyətə salınmasını və ya salınmamasını mübahisələndirmir. Məhkəmədə qətiyyətlə bildirmişdir ki, iddiaçının mənzilinə onun mənzilindən deyil, onun mənzilinin üst mərtəbələrdən, şaxtadan su axıdılır və bunun nəticəsində iddiaçıya maddi zərər vurulur. Məhkəmə qətnaməsində onun verdiyi izahat öz əksini tapmamış və həmin izahata hüquqi qiymət verilməmişdir. Əksinə, məhkəmə qətnaməsində göstərilir ki, o, ekspertin rəyi ilə razılaşmır və hesab edir ki, iddiaçının mənzilinə 500-700 manat dəyərində zərər vurulmuşdur və o, mənzilin təmir olunmasında iddiaçıya maddi köməklik edər. Qətnamədə qeyd olunan bu fakt düzgün deyildir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, onun məhkəmə prosesində verdiyi izahatda göstərdiyi faktları, yəni iddiaçının mənzilinə suyun yuxarı məptəbədən axıdılması faktını məhkəmə prosesində şahid kimi dindirilən Nasrəd Əliyevin təsdiq etməsinə baxmayaraq, onun verdiyi ifadəyə də məhkəmə tərəfindən düzgün, obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa iddiaçının mənzilinə onun yaşadığı mənzildən suyun axıdılması və ya axıdılmaması məhkəmə tikintitexniki ekspertizanın rəyi ilə təsdiq təsdiq olunmur. Qanunvericiliyin tələbinə görə sübuta yetirilməyən hər hansı bir fakt cavabdehin xeyrinə həll olunur. Ekspert rəyində göstərilir ki, su xətlərinin mala altında olması nəticəsində iddiaçının mənzilinə suyun haradan axıdılmasını müəyyən etmək mümkün olmamışdır. Hamıya məlumdur ki, su xətlərinin mala altında olması ekspertin rəyinin obyektiv olmamasını bir daha təsdiq olunur. Hamıya məlumdur ki, su xətti mala altında olsa da belə oradan su axması həmin səthin nəmliyi, yaş olması ilə müəyyən olunur. Apellyasiya baxışı zamanı cavabdeh şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, mənzilə dair 021298 nömrəli orderin surətinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi, ev 34, mənzil 17 Cavabdeh adınadır. Bakı şəhəri, ünvan 1, giriş 1 mənzili İddiaçı adında qeydiyyatdan keçmişdir. “xxxx” MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Baxış zamanı məlum olmuşdur ki, Cavabdeh adına olan 17 nömrəli mənzildən 9 nömrəli mənzilə su axıdılmışdır və nəticədə nömrəli mənzilə ziyan dəymişdir. Birinci instansiya məhkəməsində şahid qismində Alıev Nasradin ifadə verərək bildirmişdir ki, Cavabdeh onun qohumu olduğundan həmin mənzil onun adına rəsmiləşdirilmişdir, lakin mübahisəli mənzildə faktiki olaraq o yaşayır. İddiaçı ilə onun arasındakı qonşuluq münasibəti pisdir belə ki, iddiaçı ondan polisə şikayət etmişdir. Ona məxsus mənzildə quraşdırılmış Ariston eyvandadır və bir dəfə o partladığından iddiaçıya məxsus mənzilə su axıdılmışdır. O hətta bir neçə dəfə su sizması ilə bağlı evə ustalar dəvət etmiş və həmin ustalar suyun mərkəzi su sistemindən axdığını bildirmişlər. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18.09.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi, 34 saylı evin 9 saylı mənzilin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, “xxxx” MTK-nin əməkdaşları tərəfindən tərtib olunmuş 15.07.2020-ci il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi 34 saylı evin 9 saylı mənzilinə yuxarı mərtəbədəki 17 saylı mənzildən suyun sızması müəyyən olunur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi 34 saylı evin 17 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də 9 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi, D massivi 34 saylı evin 9 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2001,0 manat məbləğində olduğu müəyyən edilmişdir Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iş üzrə üzrə məhkəmə araşdırması zamanı ekspertiza təyin edilmiş və aparılmış tədqiqat nəticəsində cavabdeh tərəfindən iddiaçıya təqribən 2001 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Həmin ekspert rəyi qanuni və əsaslıdır, rəyi şübhə altına almaq üçün dəlillər təqdim edilməmişdir. Belə olan halda, vurulmuş maddi ziyanın əvəzinin tutulmasına dair iddianın təmin olunmuş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(010)-187/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar