Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4885/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2026/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən onun barəsində əsassız olaraq həbsqətimkan tədbiri seçildiyi və qanunsuz olaraq xitam edilməli olan cinayət işini xitam etmədiyi üçün ona vurulmuş 20.000 manat maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2026/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, rayon məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, iş üzrə sübutlara düzgün qiymət verməmişdir. Həmçinin işə ərazi aidiyyəti üzrə məhkəmədə baxılmayıb. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, onun barəsində onun tərəfindən qanunsuz seçilmiş həbs qətimkan tədbiri ləğv edilsə də, onun barəsində qanunsuz başlanmış cinayət işinin araşdırılması davam etdirilir, halbuki həmin cinayət işinə xitam verilməlidir. İstintaq orqanları öz qanunsuz əməllərini örtbasdır etmək üçün cinayət işini uzadır, bu isə onun hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsinə mane olmur. Rayon məhkəməsi isə işin hallarını araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hazırkı işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Fakta görə xx.xx.2021-ci il xx.xx.2021-ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Hadıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı 15 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İddiaçı əməli 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 182.2.4cü maddəsinə əsasən tövsif edilmiş, həmin tarixdə İddiaçı Azərbaycan Respublikası CMnin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Mülki iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, AR CM-nin 182.2.4-cü maddəsilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 04 ay həddində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-758/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X1 apellyasiya şikayəti təmin edilmiş, İddiaçı barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən, tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, aparılmış araşdırmalarla müəyyən edildi ki, fakta görə xx.xx.2021-ci il xx.xx.2021ci il tarixdə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Ülvi Hadıyev tərəfindən Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə cinayət işi başlanmış, İddiaçı 15 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, İddiaçı əməli 17 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsinə əsasən tövsif edilmiş, həmin tarixdə İddiaçı Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsilə təqsirləndirilərək 4 ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-758/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə isə Nəsimi Rayon Məhkəməsinin 4(006)-563/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək iddiaçı dərhal azadlığa buraxılmış, hal-hazırda onun barəsinə olan həmin cinayət işçinin istintaqı davam edir. Hazırkı ərizəsində İddiaçı barəsində əsassız həbs qətimkan tədbirinin seçilməsi, eləcə də barəsində olan cinayət işinə xitam verilməməsi ilə bağlı vurulmuş zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Hazırkı işin faktiki halları və yuxarıda istinad olunan maddi hüquq normalarının tələbləri baxımından Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbləri hazırkı vəziyyətdə təmin edilə bilməz. Çünki iddiaçı barəsində seçilmiş həbs qətimkan təbiri ləğv edilsə də, onun Azərbaycan Respublikası CM-nin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqının hal-hazırda da davam etməsi işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Demək ki, həmin cinayət işi üzrə yekun qərar qəbul olunmamış, bu isə nəzəri baxımdan iddiaçı barəsində ittiham hökmünün çıxarılmasını istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləninin 69-cu maddəsində cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması qaydası müəyyən edilmişdir. Həmin Məcəllənin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 69.4-cü maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda məlum olur ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cəza təyin edilərkən qanunun tələblərinə əsasən, mütləq qaydada nəzərə alınır. Beləliklə də, aydın olur ki, rayon məhkəməsi hazırkı işlə bağlı mahiyyət üzrə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə hal-hazırda da istintaqı aparılan cinayət təqibinə məhkəməyədək icraat dövründə xitam verilməsi və ya məhkəmədə bəraət alması, eləcə də bəraətverici əsasla xitam verilməsi halında eyni tələblərlə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İddiaçınının apellyasiya şikayətinin digər dəlili işə ərazi aidiyyətinin pozulması ilə bağlıdır. Bununla bağlı Kollegiya bildirir ki, MPM-in 36-cı maddəsində iddiaçının seçməsinə görə aidiyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 36.7-ci maddəsinə əsasən, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Göründüyü kimi, hazırkı iddia tələbi ilə bağlı qanunvericilikdə iddiaçıya seçim azadlığı verilmiş, iddiaçının da qeyd olunan tələblərlə bağlı, həm cavabdehin qeydiyyatda olduğu yerə görə, həm də iddiaçının özünün yaşadığı yerə görə məhkəməyə müraciət etmək hüququ təsbit olunmuş, iddiaçı da hazırkı tələblə öz seçiminə əsasən Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Demək ki, iddiaçının apellyasiya şikayətinin bu dəlili də aşkar əsassızdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahatında həm də rayon məhkəməsi tərəfindən qətnamənin yetərincə əsaslandırılmadığını bildirmişdir. Bununla bağı Kollegiya qeyd edir ki, MPM-in 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2026/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı barəsində Azərbayna Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə hal-hazırda da istintaqı aparılan cinayət təqibinə məhkəməyədək icraat dövründə xitam verilməsi və ya məhkəmədə bəraət alması, eləcə də bəraətverici əsasla xitam verilməsi halında eyni tələblərlə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2(103)-4885/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4885/2022
21.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver