Məhkəmə qərarları › İş №2(103)-4888/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4888/2023

28.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4888/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: həkim səhvi, müalicənin düzgün aparılmaması, müalicə vasitələrinin düzgün seçilməməsi nəticəsində vurulan ziyan, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi, eyni zamanda özü də cavabdeh olan Cavabdeh2, mütəxəssis – "xxxx" MMC-nin əməkdaşı, stomotoloq X4 iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı tibbi xidmət almaq üçün Cavabdeh1 Klinikasına müraciət etmiş, ona xx.xx.2021-ci il tarixdə “dişsizlik” diaqnozu qoyularaq implantasiya üçün müvafiq müayinələr aparılmış və xx.xx.2021-ci il tarixdə implantasiya əməliyyatı icra edilmişdir.

2. Cavabdeh1 Klinikasının həkimi Cavabdeh2 tərəfindən göstərilən tibbi xidmət qüsurlu olmuş, nəticədə İddiaçı ağız boşluğunda ortopedik konstruksiya düzgün hazırlanmayaraq onun çeynəməsində və danışığında diskomfort yaranmışdır.

3. İddiaçı ilə tibbi xidmət göstərilməsi barədə müqavilə bağlanmamış, ondan ödəniş alınması barədə qəbz verilməmişdir.

4. İddiaçı ağız boşluğunun 3-D Tomoqrafiyası üçün xx.xx.2023-cü il tarixdə “Optimed” tibb mərkəzinə 80 manat ödəniş etmişdir.

5. 01.01.2012-ci il tarixdən dövlət qeydiyyatına alınmış Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2dur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı (iddiaçılar) Cavabdeh1 MMC-nə və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən maddi zərərə görə 8016,5 manatın, mənəvi zərərə görə 10 000 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2021-ci ilin fevral ayında dişlərinin implantı ilə bağlı Cavabdeh1 klinikasına, bu klinikanın direktoru və baş həkimi olan Cavabdeh2 yanına müayinə üçün getmiş, müayinədən sonra həkim ona işin planlaşdırılmasını və onunla əlaqə saxlayacağını demişdir. Elə müayinə vaxtı həkim dişlərinin çəkilməsi və implan qoyulduqdan 3 ay sonra implantüstü dişlərin qoyulacağını, dişsiz qalmaması üçün müvəqqəti dişlərin də qoyulacağını bildirmişdir. Cavabdeh2 iyul ayının sonunda oğlunun toyu olacağını deyib həmin vaxtadək dişlərinin hazır olubolmayacağını soruşduqda, həkim həmin vaxtadək çatdıracağını demişdir. Bu səbəblə həkimlə razılaşamış, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Cavabdeh2 tərəfindən implant əməliyyatı olunmuş, həkim yenə də müvəqqəti dişlərin qoyulacağını bildirmişdir. Həkim müayinəsinə prosedurlar üçün gedərkən həkim hər şeyin yaxşı olduğunu bildirmiş, müvəqqəti dişlər qoyulmamışdır. Pandemiya vaxtı toylara icazə verilən kimi avqust ayının əvvəlində oğlunun toyunun tarixini dəqiqləşdirib bu haqda Cavabdeh2 məlumatlandırmış, iyul ayının 30-31-i tarixlərində son olaraq implantüstü dişləri qoyulmuşdur. Dişlərinin dəmir karkasını yoxlamaq məqsədi ilə qoyduqda həkimə dişlərinin görünməyəcəyini bildirdikdə, həkim dişlər taxıldıqdan sonra belə olmayacağını demişdir. Dişlər qoyulduqdan sonra xx.xx.2021-ci il tarixdə həkimə Whatsapp vasitəsi ilə yazaraq üst çənəsini hiss etmədiyini, sanki dişsiz kimi göründüyünü, üst çənəsinin sanki havada olmasını bildirmişdir. Həkim isə “keçecək” cavabını yazmışdır. Həkimdən çox bilməyəcəyini düşünərək keçəcəyini fikirləşmişdir. Təzə əməliyyat olunduğundan ağzını da aça bilməmiş, amma güzgüyə baxdıqda üst çənə dişlərinin assimetrik olduğunu görmüş, klinikaya gəlib həkimə bu haqda demişdir. Həkim qeyripeşəkar kimi ona suallar vermiş, bütün günahları onun üzərinə atmağa başlamış, çənəsinin deffektli olmasını, onu tələsdirməsini, problem axtarmasını demişdir. Özünün günahsız olduğunu bilmək üçün müxtəlif klinikalara gedib müayinələrdən keçmiş, bir çox həkim rəyləri almış, həkimlər dişlərinin sökülərək yenidən işlənməsini bildirmiş, assimetriyanı görən həkimlərin çox təəccübləndiklərinin şahidi olmuşdur. Cavabdeh2 bu haqda məlumat vermiş, onunla birgə həkimlərin müayinəsinə gedib özünün də bu rəyləri eşitməsini təklif etmiş, cavabdeh əməliyyatı yenə özünün edəcəyini demiş, o isə dişlərinin pulunun qaytarılmasını, həmin pula yenidən başqa bir həkim tərəfindən əməliyyat olunaraq normal vəziyyətin bərpa olunmasını istədiyini bildirmişdir. Həkim cavabında “xərci qarşılayaram” desə də buna əməl etməmiş, elə yenə də özünün əməliyyat edəcəyini bildirmişdir. Çənəsi deformasiyaya uğradığından, danışığında belə problem yarandığından, ağzını açarkən dişsiz birisi kimi göründüyündən, bu azmış kimi dişlərinin də assimetrik, yöndəmsiz qoyulmasına görə cavabdeh tərəfindən yenidən əməliyyat olunmaqdan israrla imtina etmişdir. Cavabdeh2 tərəfindən üst çənəsinə 6 implant İsrail istehsalı - Cl, 13 ədəd diş qoyulmuş, alt çənəsinə 7 implant İsrail istehsalı - Cl, yenə 13 diş qoyulmuşdur. Ümumilikdə 13 ədəd implant, 13 implantüstü diş və 13 ədəd ara dişlər (metalkeramika) qoyulmuşdur. Bir implantın qiyməti 450 manat, implantüstü dişin qiyməti 150 manat, ara dişlərin qiyməti isə 100 manat təşkil etmişdir, ayrıca ondan sümük artırılması və s. üçün də həkim pul almışdır. Dişlərinin pulunu şəxsən Cavabdeh2 özünə ödəmiş, həkim bu barədə çek təqdim etməmişdir. Həkim bütün pasiyentlərlə gördüyü işlərin hesabatını ayırdığı kitabçasında aparır və bu qeydlər onda vardır. Həkimin faktiki göstərdiyi xidmətin çekini verməməsini isə vergidən yayınmaq məqsədi ilə etdiyini düşünür. İlk olaraq həkim ondan 5400 manat almış, çünki əvvəl ona 12 implantın qoyulacağını desə də, sonradan 13 implantın qoyulmasına qərar vermişdir. Daha sonra həkim 13 implantın və sümük əməliyyatı üçün qalan 600 manatı verməsini və proses getdikcə qalan pulun ödənilməsini demişdir. 600 manatın klinikaya müayinə üçün getdikdə yadından çıxıb evdə qalmasını həkimə bildirdikdə sonuncu narazılığını bildirmişdir. Həkimin bu hərəkətini görüb, ətrafdakı bankomatların birindən 600 manat çıxarıb həkimə vermişdir. Cavabdeh2 təxminən cəmi 9500 manat ödəmişdir. Pulun bir qismini bacısı X1 almışdır.

8. Məhkəmə iclasında verdiyi izahatlarında iddiaçı əlavə olaraq göstərmişdir ki, Cavabdeh2 tərəfindən keçirilən ilk əməliyyatdan artıq 2 il vaxt keçdiyindən hal-hazırda qiymətlərdə artım olmuşdur. Məhkəmənin təyin etdiyi məhkəmə-tibbi ekspertizanın rəyində də üst konstruksiyasının düzgün olmadığı və yenidən bərpa olunmasına zərurət yarandığı qeyd edilmişdir. Bir neçə diş klinikasına və həkimlərə müraciət etmiş və dişlərinin üst konstruksiyasının bərpası üçün qiymətlərlə maraqlanmışdır. Sonuncu müayinədə “Dental Update” klinikasının həkimi Aynur Əliyevanın yanında olmuş və həkim məhkəməyə müayinə və qiymətlər haqqında yazılı açıqlama da vermiş, açıqlamada konstruksiyanın üstünə ölçüsündən aslı olaraq 24-28 ədəd arasında dişin qoyula biləcəyini qeyd etmişdir. Əvvəlki həkimin, Cavabdeh2 ümumi 26 ədəd, 13 implanüstü və 13 aralıq dişləri qoymasını nəzərə alaraq orta 26 dişin qoyulması nəzərdə tutulur. Odur ki, həkim Aynur Əliyevanın təqdim etdiyi qiymətlərə əsasən 26 diş üçün (1 diş-250 manat) olmaqla, 26x250=6500 manat, 1 abatment (diş qapağı)- 65 ABŞ dolları olmaqla, 13 implantüstü diş üçün 13x65 ABŞ dolları x1,70= 1436,5 manat təşkil edir. 3D rentgen - 80 manat. Ümumi dişlərin üst konstruksiyasının bərpası üçün tələb olunan məbləğ 6500+1436,5+80=8016,5 manat təşkil edir.

9. İddiaçının məhkəməyə təqdim etdiyi “Dental Update” Klinikasının xx.xx.2023-cü il tarixli açıqlamasında aşağıdakılar göstərilmişdir: “İddiaçı xx.xx.2023-cü il tarixdə “Dental Update” Stomatoloji klinikasında Dr.Aynur Əliyevanın qəbulunda olmuş, pasientin şikayətləri öncədən ağız boşluğuna hazırlanmış implantüstü konstruksiyanın yaratdığı narahatlıq olmuş, müayinə zamanı ağız boşluğunda olan ortopedik konstruksiyanın düzgün hazırlanmadığı görülmüşdür. Belə ki, konstruksiya həm çeynəmə, həm də danışıq zamanı diskomfort yaradır. Normal okkluziya təmin edilməmişdir. Bundan əlavə pasientin danışıq zamanı üst dişləri görünmürdü. Pasienti əlavə olaraq 3D müayinəyə göndərdi. Növbəti gəlişdə 3D müayinənin nəticələrinə baxıldı. 3D müayinədə pasientin ağız boşluğunda 13 ədəd daha öncədən yerləşdirilmiş implantların sümüklə münasibəti aydınlaşdırıldı. Alt çənədəki 7 implantın ətrafında demək olar ki, sümük rezorbsiyası (sümük əriməsi) görünmür. Üst çənəyə yerləşdirilmiş 6 ədəd implantın ətrafında isə rezorbsiya görülür. Pasientə bu haqda məlumat verildi. Pasient yeni ortopedik konstruksiyanın hazırlanmasını istəyir. Yeni konstruksiya üçün: 24, 26, 28 metal-keramik qapaq hazırlanmalıdır. 24x250 = 6000 manat, 28x250 = 7000 manat, 26x250 = 6500 manat. 13 ədəd C1 firmasının multi abatmenti lazımdır. 13x65$ = 845$x1,7 = 1436 manat”.

10. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatlarında göstərmişdir ki, iddiaçı ilə tibbi xidmət göstərilməsi barədə müqavilə bağlamamış, ödənişi alması barədə qəbz verməmişdir. İddiaçı oğlunun toyuna hazırlaşdığı üçün gözləməyə ehtiyacın olmadığını bildirib dişlərini bir dəfə qoyulmasını xahiş etdiyindən görülən işdə müəyyən qüsur yaranmışdır və yaranmış problemi özü aradan qaldıra bilər. Görülməli işlərin dəyəri barədə rəsmi sənədi məhkəməyə təqdim edə bilmir, işlədiyi klinikada göstərilən tibbi xidmətlərin dəyərini müəyyən edən hər hansı bir sənəd yoxdur, qiymətləri özü müəyyən edir. İsraildə istehsal olunan implantın iddiaçıya qoyulduğu vaxt qiyməti 500 manat, alt-üst dişlərə görə konstruksiya 3250 manat olmuşdur, konstruksiyanın qiyməti laboratoriya tərəfindən müəyyən edilir və bu barədə sənəd verilmir. İddiaçıya qoyulan implant C1 deyil, İzrail implantıdır. İddiaçının üst çənə konstruksiyasının dəyişməsi ilə problemi həll etmək mümkündür. Alt çənə konstruksiyasında heç bir problem yoxdur. İddiaçı ilə ən minimal qiymətlə razılaşıblar. 100 manata aralıq hissələri, 150 manata isə implantüstü hissələri düzəldilib. 6 ədəd implantüstü dişi, 7 ədəd implantarası dişi var. Cəmi üst çənə üçün 1600 manat pul ödənilib. İddiaçı təkidlə dişini tez sementləməsini və bir də klinikaya təkrar qayıtmaq istəmədiyini bildirmişdir. Dişinin qiymətindən artıq məbləği, yəni 3000 manatı ödəməyi iddiaçıya təklif etsə də, xanım razılaşmamışdır.

11. İddiaçının məhkəməyə təqdim etdiyi “Dental Update” klinikasının həkiminin arayışı ilə bağlı cavabdeh bildirmişdir ki, iddiaçının dişləri müalicə olunarkən implantın C1 deyil, mis seven növündən istifadə edilmişdir. İmplantın C1 və mis seven növləri arasında qiymət fərqi mövcuddur. İddiaçının diş konstruksiyası quraşdırılarkən mis seven implantından istifadə edildiyi üçün, yenidən bərpası zamanı Cl implantından istifadə edilə bilməz. Bundan başqa “X11 Care Centre” tərəfindən verilən açıqlamada diş konstruksiyasının bərpa edilməsi üçün multi abatmentdən istifadə olunacağı göstərilmişdir. Lakin iddiaçının diş kontruksiyasının quraşdırılması üçün sement bərkidilməsindən istifadə olunmuşdur. Multi abatment konstruksiyası ilə sement bərkidilməsi konstruksiyaları arasında fərqlər mövcuddur. Bu da onlar arasında qiymət fərqinin yaranmasına səbəb olur. "xxxx" MMC tərəfindən verilən arayışdan da göründüyü kimi dişdə yaranmış problemlərin aradan qaldırılması zamanı mis seven implantının quraşdırılması, sement bərkidilmə üsulundan istifadə edilməsi üçün əl modirovkası üsulu ilə bağlı 1560 manat, digital (toxunma metal) üsulu ilə 1820 manat ödənilməlidir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan da göründüyü kimi mis implantın qiymətlərində 2 il (2021-2022) ərzində heç bir artım olmamışdır. Quraşdırılmış diş konstruksiyasında mərkəzi xəttin kənarda olması istisna olmaqla qeyd olunan bütün qüsurlar həqiqəti əks etdirmir. Bu iddiaçının daha yüksək məbləğdə maddi ziyan vurulduğunu göstərmək üçün irəli sürdüyü bəhanələrdir. Mərkəzi xəttin kənarda olması barədə öncədən iddiaçıya məlumat verilmiş, o, oğlunun toyu olduğu üçün tələsdiyini, quraşdırılmış konstruksiyasının normal olduğunu, heç bir problem hiss etmədiyini bildirmişdir. İddiaçı olmayan halları problem kimi qabardaraq müəyyən məbləğdə pul qazanmaq niyyətindədir. Bu da bir daha təsdiqləyir ki, iddaçı ona qarşı qərəzli mövqe nümayiş etdirib məhkəməyə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir.

12. Cavabdehlərin nümayəndələri (vəkilləri) Vəkil da iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının 4 dişində əyrilik olmuş və bərpası mümkündür. Dörd dişə görə 8000 manat istənilməsi qeyri-realdır.

13. Cavabdeh2 məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, dişdə yaranmış problemlərin aradan qaldırılması zamanı mis seven implantının quraşdırılması, sement bərkidilmə üsulundan istifadə edilməsi üçün əl modirovkası üsulu ilə bağlı 26 ədəd üçün 1560 manat, digital (toxunma metal) üsulu ilə 26 ədəd üçün 1820 manat tələb olunur.

14. Cavabdeh2 məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin arayışında göstərilmişdir ki, mis implantının qiymətlərində 2 il (2021-2022) ərzində heç bir artım olmamışdır.

15. Məhkəmənin təyin etdiyi tibbi ekspertiza üzrə tədqiqat aparan Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 447/KEŞ saylı rəyində aşağıdakılar göstərilmişdir: “1963-cü il təvəllüdlü İddiaçı adına Cavabdeh1 diş klinikasında tərtib olunmuş AZS № 043 saylı stamotoloji xəstənin tibbi kartından müəyyən olunur ki, iddiaçı dişsizlik diaqnozu ilə klinikaya müraciət etmişdir. Şikayətləri qidalanmada olan çətinlikdəndir. xx.xx.2021-ci il tarixdə xəstə müayinə olundu. Sağalma başlıqları açıldı, implantüstü dişlərin düzəldilməsi üçün ölçü götürüldü və texniki laboratoriyaya göndərildi. xx.xx.2021-ci il tarixdə xəstənin növbəti gəlişi və implantüstü dişlərin karkus hissəsi, yəni, metal əsası yoxlandı. Karkasın abbatmentlərə oturmağı və dişləmi tam uyğundur. xx.xx.2021-ci il tarixdə implantüstü konstruksiyanın keramika hissəsi qismən hazırlanmışdır. Bu vəziyyətdə yenidən yoxlandı, yenə implantüstü konstruksiya abbatmentlərə tam uyğun oturur və dişləm uyğundur. Dişlərin rənginə, formasına və ölçülərinə xəstə baxdı və razılığını bildirdi. xx.xx.2021-ci il tarixdə dişlər tam hazırdır. Abbatmentlər antiseptik işləndi və implantların üzərində bağlandı. Vintlərin baş hissələri işləndi və implantüstü konstruksiyanı kontrol yoxlandı. Dişlər implant üzərində tam sərbəst oturur, dişləm uyğundur. Pasient dişləri bəyəndi. Pasientə konstruksiyaların müvəqqəti sementlə bərkidilməsini təklif edilsə də pasient dişləri bəyəndiyindən daimi sementlə bərkidilməsini istəmişdir. Bunu nəzərə alaraq implan üstü konstruksiyanı daimi sementlə sementlənmişdir. ...Qərardadda qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Cavabdeh1 Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2021-ci il tarixdə dişsizlik diaqnozu ilə klinikaya müraciət etmiş, implantasiya üçün müvafiq müayinələr aparılmış və xx.xx.2021-ci il tarixdə implantasiya aparılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda icra olunan implantlarla əlaqədar problemlərin olmadığı, ortopedik konstruksiya ilə əlaqədar obyektiv görüntüdə düzləm konstruksiyasının düzgün hazırlanmadığı müəyyən edilmişdir. Bu da təkrar ortopedik konstruksiya ilə aradan qaldırıla bilər. Aparılmış stomatoloji prosedur zamanı İddiaçı çənə sümüyünə 13 süni diş kökü implantasiya edilmişdir”.

16. Məhkəmənin şahid qismində dindirdiyi X3 ifadəsində göstərmişdir ki, əmək müqaviləsi bağlamaqla 2016-cı ildən Cavabdeh1 diş klinikasında tibb bacısı vəzifəsində işə qəbul olunmuş, həm asistent kimi, həm də sterelizasiya işləri ilə məşğul olmuşdur. Kəmalə xanımı pasient kimi tanıyır. Kəmalə xanıma implant işi və implantüstü işlər edilmişdir. Dişləin qoyulma müddəti yadında deyildir. Kəmalə xanım nəticədən razı olmuşdur, pasientin razılığı olmadan dişlər sementlənmir. Razılıq alınana qədər müvəqqəti dişlər qoyulur. Kəmalə xanım övladının toyuna tələsirdi. O, həkimlə Kəmalə xanım arasında olan söhbətləri xatırlamır. Kəmalə xanım tələsdiyindən sementlətdirmək istəmiş, həkim Kəmalə xanıma sementləməzdən əvvəl xəbərdarlığını etsə də, Kəmalə xanım etirazını bildirərək tələsdiyini demişdir. 2 il əvvəl olduğundan Kəmalə xanımın dişinin qoyulma prosesi dəqiq yadında deyildir. O, əməliyyatlarda asistent kimi iştirak edir, həkimə tibbi alətləri verir. Klinikada kassa aparatı var və pasientlərə çek verilir. Klinikada o, Xəyalə həkim, Teymur həkim olmaqla 3 işçi var. Nuridə klinikaya kurs keçmək üçün müvəqqəti olaraq gəlmişdir.

17. Birinci instansiya məhkəməsinin 01 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 MMC-dən maddi ziyana görə 8016,5 manat, mənəvi ziyana görə 1500 manat, dövlət rüsumuna görə 135 manat olmaqla cəmi 9651,55 manatın İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 18.1. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ona tibbi xidmət göstərilməsi üçün Cavabdeh1 Klinikasına müraciət etmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdə “dişsizlik” diaqnozu qoyularaq implantasiya üçün müvafiq müayinələr aparılmış və xx.xx.2021-ci il tarixdə implantasiya aparılmışdır. Cavabdeh1 Klinikasının həkimi Cavabdeh2 tərəfindən göstərilən tibbi xidmət nəticəsində iddiaçının ağız boşluğunda ortopedik konstruksiyanın düzgün hazırlanmaması səbəbindən iddiaçı çeynəmə və danışıq zamanı diskomfort yaşayır. 18.2. Məhkəmə araşdırması zamanı tərəflərə mövcud qüsurun aradan qaldırılması üçün tələb olunan vəsaitlə bağlı sübutlarını məhkəməyə təqdim edə bilmələri üçün kifayət qədər vaxt verilmiş, cavabdeh iddiaçıya həmin qüsurun özü tərəfindən aradan qaldırılmasını təkilf etmiş, iddiaçı bu təkliflə razılaşmamış, cavabdeh isə öz fəaliyyəti sferasına daxil olan işlərin real dəyərini müəyyən edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi “Dental Update” Klinikasının həkimi A.Əliyevanın mütəxəssis rəyinə əsasən yeni konstruksiya üçün hazırlanması tələb olunan 24, 26, 28 metal-keramik qapaqların dəyərinin 24 x 250 = 6000 manat, 28 x 250 = 7000 manat, 26 x 250 = 6500 manat, 13 ədəd C1 firmasının multi abatmenti üçün 13 x 65$ = 845$ x 1,7 = 1436 manat tələb olunması müəyyən olunmuşdur. 18.3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan "xxxx" MMC-nin xx.xx.2023- cü il tarixli arayışına məhkəmə münasibət bildirib qeyd edir ki, cavabdeh arayışda qeyd olunan qiymətlərə uyğun işin özünün fəaliyyət göstərdiyi tibb müəsisəsində və ya hər hansı bir tibb müəsisəsində görülməsinin mümkünlüyü ilə bağlı sübutunu məhkəməyə təqdim etmədiyindən arayışda qeyd olunan qiymətlər maddi ziyanın məbləğini müəyyən edə biləcək mötəbər sübut növü olaraq qəbul edilə bilməz. 18.4. Məhkəmə araşdırması zamanı zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyindən, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyaraq əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğundan, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənildiyindən iddiaçının maddi ziyana görə 8016,5 manat tələbi əsaslıdır. 18.5. Məhkəmə sağlamlığına ziyan vurulmuş iddiaçının mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. 18.6. Məhkəmə, Cavabdeh1 MMC-nin həkimi Cavabdeh2 göstərdiyi tibbi xidmət nəticəsində pozulmuş sağlamlığının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalan iddiaçının stres, narahatlıq, məyusluq hissləri keçirməsini istisna etmədiyindən iddiaçının mənəvi ziyan tələbini də əsaslı hesab edir. 18.7. Məhkəmə mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətlərin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını nəzərə alıb, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə mənəvi ziyana görə 1500 manatın tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edir.

19. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci, 60-cı və 71-ci, Mülki Məcəllənin 21-ci, 1096-cı, 1097-ci, 1099-cu, 1112-ci və 1114-cü maddələrinə istinad etmişdir.

20. Qətnamədən Cavabdeh1 MMC-nin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, iddiaçının dişlərindəki problemin onun özünün həkimi tələsdirməsi səbəbindən yarandığını, problemin yalnız ortopedik düzləm konstruksiyasında olduğunun müəyyən edildiyini və bu qüsurun aradan qaldırılması üçün 8016,5 manatın tələb edilməsinin əsassız olmasını nəzərə almadığını, mənəvi ziyan üçün 1500 manatın müəyyənləşdirilməsinin mütənasib olmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar

22. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin qanuni nümayəndəsi, eyni zamanda özü də cavabdeh olan Cavabdeh2, habelə cavabdehlərin nümayəndəsi (vəkilləri) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

23. Cavabdeh izahatında həmçinin bildirmişdir ki, iddiaçı üçün hazırlanan ortopedik konstuksiyadakı 26 ədəd metal-keramik qapağın 13 ədədinin qiyməti 100 manat, 13 ədədinin qiyməti 150 manat, 13 ədəd multi abatmentin birinin qiyməti isə 45 ABŞ dolları olmuşdur.

24. İddiaçı, onun üçün hazırlanan ortopedik konstuksiyadakı 26 ədəd metalkeramik qapağın 13 ədədinin qiymətinin 100 manat, 13 ədədinin qiymətinin isə 150 manat olduğunu təsdiq etmişdir.

25. Məhkəmə kollegiyasının mütəxəssis qismində dəvət etdiyi, "xxxx" MMC-nin əməkdaşı, stomotoloq X6 bildirmişdir ki, iddiaçı üçün təkrar ortopedik konstruksiyanın hazırlanmasına görə 26 ədəd metal-keramik qapaq tələb olunur, həmçinin nəzərə alınmalıdır ki, əvvəlki konstruksiya sökülərkən multi abatmentlərin zədələnməsi ehtimalı mövcuddur. Əgər iddiaçı üçün hazırlanan ortopedik konstuksiyadakı 26 ədəd metalkeramik qapağın 13 ədədinin qiyməti 100 manat, 13 ədədinin qiyməti 150 manat, 13 ədəd multi abatmentin birinin qiyməti isə 45 ABŞ dolları götürülərsə, bu halda yeni konstruksiyanın hazırlanmasına təxminən 4244,5 (3250 + 994,5) manat tələb olunduğu nəticəsinə gəlmək olar. Bundan başqa, müvafiq əməliyyat aparılarkən iddiaçı rentgen müayinəsindən də keçirilməlidir və bunun üçün təxminən 70-80 manat lazımdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

31. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

32. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

33. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Maddə 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddia tələbinin qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnaməni mübahisələndirməmiş, Cavabdeh1 MMC-nin nümayəndəsi isə qətnamənin ləğvini istəsə də, əslində onun iradə ifadəsi qətnamənin iddianın təmin edilən hissəsi üzrə ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamə iddianın qismən təmin edilməməsi ilə bağlı hissədə apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Belə ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 28-29) mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

48. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının səhhətində ortaya çıxan fəsadın Cavabdeh1 MMC-də aparılan əməliyyatların nəticəsi olaraq əmələ gəlməsi və həmin əməliyyat zamanı tətbiq olunmuş müalicə üsul və vasitələrilə səbəbli əlaqəli olması barəsində düzgün nəticəyə gəlmişdir.

49. Belə ki, yuxarıda qeyd olunduğu kimi, işə birinci instansiya məhkəməsində baxılarkən alınmış ekspert rəyi ilə iddiaçı üçün düzləm konstruksiyasının düzgün hazırlanmadığı, həmin qüsurun təkrar ortopedik konstruksiya ilə aradan qaldırıla biləcəyi müəyyən olunmuşdur. İşin hallarından görünür ki, Cavabdeh1 MMC də iddiaçının üzərində aparılan əməliyyatın qüsurlu olduğunu mübahisələndirməmişdir.

50. Nəzərə alınmalıdır ki, Cavabdeh1 MMC iddiaçının səhhətində (dişlərində) yaranmış problemin onun işçisinin təqsirindən yaranmadığını sübuta yetirə bilməmişdir – hansı ki, qanunvericiliyin mənasına görə (§ 32) tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

51. Bununla belə məhkəmə kollegiyası, iddiaçının səhhətində (dişlərində) yaranmış qüsurun aradan qaldırılması üçün tələb olunan vəsaitin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə müvafiq nəticəyə gələrkən iddiaçının təqdim etdiyi, “Dental Update” Klinikasının həkimi A.Əliyevanın mütəxəssis rəyinə əsaslanmış, yeni konstruksiya üçün hazırlanması tələb olunan 26 metal-keramik qapaqların dəyərinin 6500 manat (26 x 250 = 6500 manat), 13 ədəd C1 firmasının multi abatmentinin dəyərinin 845 $ (1436 manat) (13 x 65$) olduğunu vurğulamışdır; apellyasiya baxışı zamanı tərəflərin bilavasitə özlərinin, habelə mütəxəssisin bildirdikləri əsasında isə müəyyən olunmuşdur ki, iddiaçı üçün hazırlanan ortopedik konstuksiyadakı 26 ədəd metal-keramik qapağın 13 ədədinin qiyməti 100 manat, 13 ədədinin qiyməti 150 manat, 13 ədəd multi abatmentin birinin qiyməti isə 45 ABŞ dolları olmuşdur və eyni materiallardan istifadə edilməklə hazırlanacaq konstruksiyaya görə təxminən 4244,5 manat tələb edilir.

52. Yeni konstruksiyanın hazırlanması zamanı iddiaçının rentgen müayinəsindən də keçirilməli olduğunu və həmin müayinə üçün təxminən 80 manat tələb edildiyini nəzərə almaqla kollegiya hesab edir ki, cavabdehdən onun xeyrinə maddi ziyan qismində 4324,5 (4244,5 + 80 = 4324,5) manat tutulmalıdır.

53. Qeyd olunmalıdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).

54. Həmçinin nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.

55. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir; belə ki, həmin hadisə nəticəsində onun səhhətində problem yaranmış və səhhətində həmin hadisənin yaratdığı fəsadlar hələ də qalmışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

56. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

57. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mənəvi ziyanın məbləğini müəyyən etdiyi zaman da işin bütün hallarına lazımi qiymət verməmişdir.

58. Belə ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada Cavabdeh1 MMC-dən mənəvi ziyana görə 1500 manat tutulması ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit olunmuşdur.

59. Şərh olunanların məcmusuna əsaslanmaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 600 (altı yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-163/2023 saylı iş üzrə 01 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh1 MMC-dən maddi ziyana görə 8016,5 manatın, mənəvi ziyana görə 1500 manatın, cəmi 9651,55 manatın İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh1 MMC-dən maddi zərərin əvəzi qismində 4324,5 (dörd min üç yaz iyirmi dörd manat 50 qəpik) manat, mənəvi zərərin əvəzi qismində 600 (altı yüz) manat olmaqla, cəmi 4924,5 (dörd min doqquz yüz iyirmi dörd manat 50 qəpik) manat İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən digər hissədə, yəni “dövlət rüsumuna görə 135 manatın İddiaçı xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar