Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4891/2022 15.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-461/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı ilə Cavabdeh tanışlığı mübahisəli torpaq sahəsinin qeyri-rəsmi alqı-satqısı ilə əlaqədər yaranmış və hazırki iddia irəli sürülənədək münasibətləri kəskin olmamışdır. Birinci instansiya məhkəməsində icraat: 2.İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 22.350 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.İddiada göstərilir ki, tanışı Cavabdeh onun etibarından sui-istifadə edib aldadaraq öz adına olan 400 m2-lik torpaq sahəsini 15.500 ABŞ dollarına saxta bələdiyyə sərəncamı ilə gələcəkdə həmin torpaq sahəsində obyekt tikib, onun adına sənəd və çıxarış alıb verəcəyinə yalandan vəd verib, pulunu ələ keçirib ona qarşı dələduzluq etməklə qaçmışdır. Namazov X6 RPİ-nin istintaq şöbəsində araşdırma zamanı izahatında göstərmişdir ki, X4 təxminən 15 ildir tanıyır. Onu təxminən 2006-cı ildən tanımış, həmin illərdə Qoşqar Binəqədi rayonu ərazisində ofisdə işləmiş, həmin vaxtdan aralarında münasibət yaranmışdır. Binəqədi rayonu ərazisindən torpaq sahəsi almaq istəmiş, buna görə də Binəqədi Bələdiyyəsinə 2006-cı ildə yaxınlaşmış, həmin bələdiyyədə işləyən Vüqar adlı şəxsə müraciət etmişdir. Vüqar adlı şəxsə yol kənarından torpaq sahəsi almaq istədiyini və gələcəkdə biznes kimi istifadə etməsini bildirmişdir. Vüqar da aparıb torpaq sahəsini ona göstərmiş, ona göstərdiyi torpaq sahəsinin obyektin arxasında yerləşdiyini və həmin obyektin qarşısından gələcəkdə yol keçəcəyini bildirmişdir. Vüqarın təklif etdiyi torpaq sahəsi 400 m2 olmuşdur. O, torpağı bəyənmiş və Vüqar adlı şəxsdən dəqiq xatırlamır, 20.000 manata almışdır. Həmin pulu Vüqara ödədikdən sonra Vüqar ona 21 avqust 2006cı il tarixli, 1249 sayla qeydə alınmış sərəncamı vermişdir. Bundan sonra, o, torpaq sahəsini alsa da, həmin torpaqdan istifadə etməmiş və satmaq qərarına gəlmişdir. Həmin ərəfədə Qoşqarın işlədiyi ofisdə olarkən bir nəfər şəxs ofisə maşın gətirmiş və başqa maşınla dəyişmək istədiyini bildirmiş, həmin maşın kreditdə olmuşdur. O, Qoşqara təklif etmişdir ki, həmin maşını götürsün və əvəzində Qoşqara özündə olan həmin torpaq sahəsini təklif etmişdir. Qoşqar ona həmin torpaq sahəsini almağa razılıq verdiyi üçün onunla birlikdə Vüqarın yanına getmişlər. Vüqar torpaq sənədlərinin qaydasında olduğunu və jurnalda qeydiyyatının olduğunu bildirmişdir. Qoşqar özü danışıq aparıb sənədlərə baxdıqdan sonra almağa razı olmuşdur. Onunla torpağı 7.000 manata razılaşmışlar və maşının sonrakı kreditini də ödəmək öhdəliyini üzərinə götürmüşdür. Bundan sonra Qoşqarın təklifi ilə ona satacaq torpağın bir nəfər tanış qadının adına keçirilməsinə razılıq verməsi barədə ərizə yazılmış və Binəqədi rayon ərazisinə birlikdə gedib notariusda təsdiq etmişlər. Lakin torpağı Qoşqara satdıqdan bir neçə il sonra ona zəng etmiş və bildirmişdir ki, ona satdığı torpaq sahəsində tikinti aparılmasına icazə verilmir və ondan pulunu geri tələb etməyə başlamışdır. Sonuncu da, ona satdığı torpaq sahəsi ilə bağlı əvvəlcədən torpağı ona satmış Vüqar adlı şəxslə görüşdürdüyünü və sənədləri yoxlayıb aldığını bildirmişdir. Nərimanov RPİ-nin İstintaq Şöbəsində araşdırma zamanı 16 iyul 2021-ci il tarixdə Cavabdeh İddiaçı 1500 manat maddi ziyandan ödəmiş, bu barədə qəbz tərtib edilərək materiala əlavə edilmişdir. 4.İddia tələbinin azaldılması barədə ərizədə isə göstərilir ki, cavabdeh ona borclu olduğu 24850 manatdan ilkin olaraq xx.xx.2021-ci il tarixdə 1500 manat ödəmiş, sonradan isə borcundan 1000 manat ödəyərək ümumilikdə ona olan borcundan 2500 manat ödəmişdir. Hazırda ona 22350 manat borclu qalmışdır. Ona görə də ərizəsinin nəzərə alınmasını xahiş edir. 5.Cavabdeh iddiaya etiraz etmiş, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək etirazında göstərir ki, hadisənin üzərindən 15 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin torpaq sahəsi ilə bağlı heç bir müraciət və mübahisələndirmə olmamışdır və onun tərəfindən İddiaçı verilən etibarnamə hələ də qüvvədədir. 06 iyul 2021-ci il tarixdə toplanmış material üzrə araşdırma davam etdirilməsi üçün Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Elnur Məmmədova həvalə edilmiş, 16 iyul 2021-ci il tarixdə onun tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda göstərilmişdir ki, o, İddiaçı dəymiş ziyandan guya sonuncuya 1.500 manat pul ödəmişdir. Halbuki onun elə bir niyyəti olmamışdır və İddiaçı pul ödəməmişdir. Bundan əlavə, Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun 06 iyul 2021-ci il tarixli qərarı Nərimanov Rayon Prokurorluğunun 27 yanvar 2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Belə ki, Elnur Məmmədovun həmin qərarı əsassız və qanunsuz olmuşdur. Nəsimi Rayon Məhkəməsinə pul tələbi ilə bağlı verdiyi iddia ərizəsi əsassızdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, həmin hadisədən 15 ildən artıq müddət keçmişdir. Mülki Məcəllənin 373-cü maddəsində göstərilir ki, ümumi iddia müddəti on il təşkil edir. Bu səbəbdən, iddia əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-461/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi(hakim Ceyhun Tağıyev) ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. 7.Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından məlum olur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 21 avqust 2006-cı il tarixli 1249 saylı sərəncamı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən istifadəsində olan 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmış, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 21 avqust 2006-cı il tarixli 1249 saylı sərəncamı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisindən istifadəsində olan 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Cavabdeh alğı-satqı yolu ilə mülkiyyətinə ayrılmış, Binəqədi qəsəbə Bələdiyyəsinin mütəxəssisi tərəfindən nəzərdə tutulan sahənin cizgisi hazırlanmış, sahənin Binəqədi yolunun yanında, göllə yol arasındakı ərazidə olması qeyd olunmuş, orada ayrılan ərazidən yer altı və yer üstü qaz kəmərlərinin, yer altı və yer üstü elektrik xətti, su kəməri keçməməsi barədə aidiyyəti qurumların nümayəndələri qeydlər aparmaqla, imzaları ilə təsdiq edilmişdir. Bələdiyyənin yuxarıda qeyd olunan sərəncamı Binəqədi qəsəbə Bələdiyyəsinin arxivində qorunub saxlanılsa da, Bələdiyyənin verdiyi rəsmi məktuba əsasən eskiz-cizgidə koordinatlar olmadığından torpaq sahəsinin dəqiq coğrafi yerinin göstərilməsi mümkün deyildir. 8.Həmçinin, iş materiallarından görünür ki, Cavabdeh 16 yanvar 2007-ci il tarixdə Binəqədi qəsəbə Bələdiyyəsinə müraciət edərək, mübahisəli 400 m2 ərazisi olan torpaq sahəsinin X2 adına keçirilməsini xahiş etmişdir. 15 avqust 2008-ci il tarixdə X1 Qoşqar Xudayar oğluna özündə geniş səlahiyyətlər əks etdirən etibarnamə vermişdir. 9.Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.618 ABŞ dolları ekvivalentində 24.850 manat məbləğində pulun, daha sonra isə iddia tələbinin həcmini azaldaraq, 22.350 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələbinin əsası kimi torpaq sahəsinin X2 adına rəsmiləşdirilsə də, torpaq sahəsini cavabdehdən faktiki olaraq özünün almasını və bunun müqabilində cavabdehə 15.500 ABŞ dolları pul vəsaiti ödəməsinə (avtomobillə barter etməsinə), həmin ərazidə evin inşa edilməsi üçün ona icazə verilməməsinə, bundan sonra pulunu cavabdehdən tələb etsə də, pulu ala bilmədiyi üçün polisə şikayət ərizəsi ilə müraciət etməsinə, şikayətinə əsasən müvafiq araşdırma aparılaraq, cavabdeh araşdırma zamanı ona 1.500 manat, daha sonra isə 1.000 manat ödəniş etməsinə, beləliklə də, hazırda cavabdehin ona 22.350 manat borcu qalmasına istinad etmişdir. 10.Cavabdeh iddiaya etirazının əsası kimi torpaq sahəsini iddiaçıya deyil, Şəfəq xanıma satmasına, sözügedən avtomobilin də iddiaçının adına olmamasına, iddiaçının əsaslandığı qəbzi öncəki araşdırmanı aparan müstəntiqin təzyiq və təhriki ilə yazmasına, əslində iddiaçıya hər hansı pul vəsaiti verməməsinə, belə bir niyyətinin olmamasına, qəbzi həbs olunacağı hədəsinə görə imzalamasına, torpağı alan Şəfəq xanımın, həmçinin adı hallanan avtomobilin mülkiyyətçisinin ondan hər hansı şikayət və tələblərinin olmamasına, iddiaçının isə subyektiv hüququ olmadığı halda ondan pul vəsaiti ödənilməsini tələb etməsinin əsassız olmasına istinad etmişdir. 11.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi, yəni cavabdehin ona borclu qalmasının əsası kimi istinad etdiyi Nərimanov RPİ İŞnin baş müstəntiqi, polis mayoru Elnur Məmmədovun 16 iyul 2021-ci il tarixli qərarı Nərimanov Rayon Prokurorluğu tərəfindən 27 yanvar 2022-ci il tarixdə ləğv edilmiş, material araşdırılması üçün Nərimanov RPİ İŞ-yə göndərilmiş və araşdırmanın davam etdirilməsi aidiyyəti şəxsə, yəni, Nərimanov RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rahib Əliyevə həvalə edilmiş, sonuncunun 12 mart 2022-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarda isə iddiaçının istinad etdiyi 16 iyul 2021-ci il tarixli qəbzin cinayət-prosessual və mülki qanunvericiliyin tələblərinə zidd şəkildə tərtib edildiyi üçün qeyri-mötəbər və əsassız hesab olunmuşdur. Həmin qərar hazırda qüvvədədir. 12.Bundan əlavə, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizəsində cavabdehin ona 1500 manatdan əlavə, 1000 manat da ödəməsini, buna dair qəbzin isə iş materiallarında olmadığı üçün bu halın mövcudluğunu həmin ərizədə qeyd etməsinə məhkəmə qiymət verərək hesab edir ki, nə qədər ki, iddiaçının istinad etdiyi 1500 manatın verilməsinə dair 16 iyul 2021-ci il tarixli qəbzin cinayət-prosessual və mülki qanunvericiliyin tələblərinə zidd şəkildə tərtib edilməsi qeyri-mötəbər və əsassız hesab olunmuşdur, iddiaçının cavabdeh tərəfindən ona əlavə olaraq borcundan 1000 manat da ödəməsinə dair ərizəsində göstərilənlər sübut kimi qiymətləndirilə bilməz.
13. Belə ki, məhkəmə qeyd edir ki, əvvəla cavabdeh bu halların mövcudluğunu təsdiq etmir. İkincisi, iddiaçı 1000 manatın cavabdeh tərəfindən ona nə vaxt qaytarılmasının tarixini göstərməmişdir və əgər doğrudan da ona qeyd edilən məbləğ cavabdeh tərəfindən ödənilsə idi, bu hal aralarında sadə yazılı formada sənədləşdirilə bilərdi. İddiaçının təbirincə əgər doğrudan da cavabdeh ona 1500 manatı qaytarmaqla 16 iyul 2021-ci il tarixli qəbzi könüllü yazmışdırsa, sonradan ona 1000 manatın verilməsinə dair aralarında yazılı sənədin hansı səbəbdən tərtib olunmamasını izah edə bilməmişdir. 14.Həmçinin məhkəmə hesab edir ki, iddiaçı borc tələbinin əsası kimi istinad etdiyi, cavabdehin adına olan torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsinə baxmayaraq, torpaq sahəsini cavabdehdən faktiki olaraq özünün almasını və bunun müqabilində cavabdehə 15.500 ABŞ dolları pul vəsaiti ödəməsini göstərsə də, işin hallarından məlum olur ki, alğısatqı müqaviləsi təqdim edilməsə də, faktiki olaraq cavabdeh tərəfindən öz adına olan torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsi ilə bağlı müəyyən hərəkətlər edilmişdir. 15.Məhkəmənin qənaətinə görə rəsmi qeydə alınmayan alğı-satqı münasibətləri cavabdehlə X9 arasında olmuşdur ki, bu halda da torpaq sahəsi ilə bağlı yalnız sonuncu cavabdehə qarşı müəyyən tələblər irəli sürə bilərdi. Belə ki, iş materiallarından göründüyü kimi, torpaq sahəsi hələ də cavabdehin adında qalmaqdadır. Başqa sözlə, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. 16.Məhkəmə torpaq sahəsinin X2 adına rəsmiləşdirilməsinə dair ərizə yazmaqla həmin sahəni ona satmasına dair cavabdehin dəlillərinə də qiymət verərək və sözügedən torpaq sahəsinin hələ də cavabdehin adında qalmasını da nəzərə alaraq hesab edir ki, bununla bağlı hüquqlarının pozulması faktı mövcud olduğu təqdirdə buna dair iddia irəli surməsi hüquqları yalnız X5 aiddir. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında X2 bununla bağlı iddiaçıya verdiyi, özündə geniş səlahiyyətləri əks etdirən etibarnamədə onun qüvvədə olması (etibarlı olması) müddəti hissəsinin pozularaq aydın oxunmasının mümkünsüzlüyünü də qeyd edir. 17.Məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdeh tərəfin ərizəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 18.İddia müddətinin tətbiqinə dair Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. 19.Beləliklə, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. 20.Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş edib şikayətdə göstərir ki, aralarında olan müqavilənin müddəti 2021-ci ilin iyul ayının 16-da təzələnməsini, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-461/2022 saylı qətnaməsi qəbul edilərkən nəzərə alınmamış və Cavabdeh xeyrinə hansısa uydurma, qanunsuz, əsassız, qanuna tam zidd və qeyri obyektiv ( hansısa şəxsi maraqlar əsasında əl yazma qəbzi guya qanunsuz sayaraq qiymət verib, sonra da öz qərarında əlyazma olmasını istəmişdir, bunu necə başa düşək? Hansı məntiqlə olan əlyazmanı hansısa rədd qərarına söykənərək, öz xətti ilə yazdığı əlyazma saymır?) saxta qətnamə çıxarılmışdır. 22.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsində borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. b) Apellyasiya şikayətinə qarşı etiraz olmadı
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
23.Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. 24.Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi hüquq:
25.Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
26.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri.
27.Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 28.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 29.Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 30.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. 31.Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. 32.Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
33.İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. 34.Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin 882-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayılmır. 35.Bununla yanaşı, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzərə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər. Məhz buna görə Mülki Məcəllənin 882-ci maddəsindəki mövcud borcun etirafı haqqında razılaşma “mücərrəd” müqavilə adlandırılmışdır. Borc etiraf edildikdən sonra onun əsasında dayanan mübahisəli hallara və ya əslində belə bir öhdəliyin olmamasına istinad edilməsi yolverilməz sayılır. Təsadüfi deyil ki, qanunverici(MM.m.882.2) mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etirazın irəli sürülə bilməyəcəyini nəzərdə tutmuşdur. Borcun etirafına dair əqdə istinad edən kreditor(lar) müqavilədə göstərilən məbləğdə alacaqlarının olduğunu sübut etmək yükündən azad olurlar. Borcunu etiraf edən borclu isə mübahisə halında öz öhdəliyini icra etdiyini sübuta yetirmək vəzifəsi daşıyır. Məlum olduğu kimi öhdəliyini icra edən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verir və öhdəliyin kreditorun xeyrinə lazımınca icrası ona xitam verilməsi üçün əsasdır.
36. Hazırki iş üzrə iddiaçı iddia tələbinin faktiki əsasına dair mötəbər sübut hesab etdiyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırma zamanı müstəntiq Elnur Məmmədov tərəfindən tərtib edilmiş qəbzi təqdim etmişdir(bax.i.v.8).
37. Həmin qəbzin kompyüter vasitəsilə yazılmış hissəsində qeyd edilir ki, cavabdeh iddiaçıya dəymiş ziyandan 1500(min beş yüz) manatı həmin X10 ibtidai istintaq zamanı ödəmişdir. Qəbzin aşağı hissəsində isə cavabdeh qələmlə iddiaçıya borcundan 1500 manat ödədiyini qeyd etmişdir. Qeyd olunan qəbz 16 iyul 2021-ci ildə tərtib edilmişdir.
38. Cavabdehin qeyd olunan qəbzə münasibəti məlumdur. Bəyan edir ki, məhz müstəntiq Elnur Məmmədovun təzyiqi və hədəsi ilə həmin qəbzi imzalamış, əslində iddiaçıya heç bir məbləğdə pul ödəməmişdir. Bu fakt işdə olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi Rahib Əliyevin 12 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında da öz təsdiqini tapmışdır. Belə ki, qərarın nəticə hissəsinin 2-ci bəndində ...16 iyul 2021-ci il tarixli qəbzin cinayət-prosessual və mülki qanunvericiliyin tələblərinə zidd şəkildə tərtib edildiyi üçün qeyri-mötəbər və əsassız hesab olunduğu qərara alınmışdır. Ona görə də qeyd olunan qəbz “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə" kimi qiymətləndirilə bilməz.
39. Əvvəla qeyd olunan qəbzdə cavabdeh iddiaçıya hansı məbləğdə borcu olmasını yaxud ziyan vurmasını etiraf etməmişdir. İkincisi, bu qəbz Mülki Məcəllənin 882.5-ci maddənin tələbləri baxımından da borcun etirafı kimi qiymətləndirilə bilməz. Çünki, qəbzdə etiraf olunan borc məbləği göstərilməmişdir. Ona görə də “mübahisəli qəbzi” tərəflər arasında yaranmış məsələləri sonradan cavabdehin könüllü iradə ifadəsinə uyğun mülki hüquq münasibətləri çərçivəsində həll etmək qərarına gələn yeni borcun etirafı haqqında mülki hüquqi müqavilə və münasibətlərin yeni məcraya keçirilməsi faktı kimi qiymətləndirmək olmaz. Bu mənada hazırki mübahisə də tərəflərin məhz yeni mülki hüquq münasibətlərinin nəticəsi olaraq yaranmamışdır.
40. Bundan başqa, iddiaçı qanunla müəyyən olunmuş, yəni Mülki Məcəllənin 373-cü maddəsində iddia müddətləri və 551-ci maddədə nəzərdə tutulan öhdəliklərin xitamı üçün nəzərdə tutulan bütün müddətləri ötürmüşdür. İddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahatından da bəlli oldu ki, mübahisə predmeti olmuş torpağın problemli olmasına dair torpağı aldığı vaxtdan polisə şikayət və məhkəməyə müraciət edənədək həmişə cavabdehdən həmin problemlərin aradan qaldırılmasını, yəni pul tələb etmişdir. Deməli, iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan məhkəməyə müraciət edənədək 13 ildən artıq müddət keçmişdir. Bu faktın müddətin keçməsinə görə iddianın rədd edilməsi üçün müstəqil əsas idi. Düzdü, birinci instansiya məhkəməsi iddianı əsassızlığına görə rədd etmişdir. Nəticə etibarı ilə iddianın rədd edilməsi düzgün olmuşdur.
41. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkili vasitəsilə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, “borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə” müddəası, iddia müddəti dövründə baş verərsə iddia müddətinin axımı kəsilir. Lakin mübahisəli qəbz 16 iyul 2021-ci il tarixdə tərtib edilsə də həmin vaxta qədər, yəni iddiaçının cvabdehə pul verdiyini iddia etdiyi və hüquqlarının pozulduğunu bildiyi vaxtdan 13 ildən artıq bir müddət keçmişdir. Başqa sözlə həm iddia müddəti, həm də öhdəliklərə xitam verilməsi üçün nəzərdə tutulmuş müddət keçmişdir. 42.C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki,...iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi;əsas borc üzrə faizin köçürülməsi;kreditora borcun etirafını nəz ərdətutan məktub, teleqram göndərilməsi; öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Göründüyü kimi, iddia müddətinin axımı o vaxt kəsilə bilər ki, bu müddət bitməmiş olsun. Ancaq iddia müddəti keçdikdin sonra nə müəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi, nədəki borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi iddia müddətinin axımını kəsə bilməz.
43. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda daşınmaz əşyaların alqı-satqısı qaydası, iddia müddəti, öhdəliklərin xitamı üçün müddətlər, hüquqdan sui-istifadə etməyin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Belə ki, iddiaçının cavabdehdən həqiqətən torpaq sahəsi almaq niyyəti var idisə bunu qanunla müəyyən edilmiş qaydada həyata keçirməli idi, eyni zamanda bu proseslər baş verdikdən sonra hüquqlarının pozulduğu ona məlum idisə iddia müddəti ərzində məhkəmə müdaifəsi hüququndan istifadə etməli idi. 44.Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-461/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 45.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-461/2022 saylı, 19 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.