Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4893/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-2134/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı direktor müavini vəzifəsində, Cavabdeh isə mühasib vəzifəsində "xxxx" MMC-də işləmişlər.
2. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” qərara əsasən İddiaçı şikayəti əsasında Cavabdeh barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilmiş və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 365.000 manat pulun və ödənilmiş 670 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun etibarından suiistifadə edərək 365.000 manat pulunu dələduzluq yolu ilə alaraq mənimsədiyi üçün 2020ci ildə Abşeron Rayon Polis İdarəsinə şikayət etmişdir. İki il səthi istintaq aparıldıqdan sonra Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 xx.xx.2022-ci il tarixli Cavabdeh barəsində ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunduğunu öyrənmiş və həmin qərarı çətinliklə də olsa xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin qapı postundan götürmüşdür. O, həmin qərardan Abşeron rayon prokuroruna şikayət vermiş və nəticədə ibtidai istintaqa rəhbərlik edən prokuror Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X2 xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarını ləğv edərək, istintaq aparılması üçün müstəntiqə geri qaytarmışdır. Lakin müstəntiq heç bir araşdırma aparmadan xx.xx.2022-ci il tarixdə yenidən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Qəbul olunmuş xitam qərarı tam qanunsuz və əsassızdır. Cavabdeh tutduğu keçmiş vəzifəsinə onun tərəfindən təyin olunmuş və yaxın münasibəti olmuşdur. Onun cavabdehə etibarı olduğundan, 365.000 manat pul vermişdir. Cavabdeh ona yalandan ucuz qiymətə yanacaq vəd verərək onun pulunu mənimsəmiş və ödəmək fikri də olmamışdır. Bu da onu göstərir ki, cavabdehin niyyəti onun külli miqdarda pulunu, yəni 365.000 manatını ələ keçirmək olmuşdur. Cavabdeh rəsmi qaydada aidiyyəti üzrə şikayət etməmişdən əvvəl ona şikayət etməməsini, pulu qaytaracağını bildirirmiş, lakin iş istintaqa çatdıqdan sonra pulu ödəməkdən imtina etmişdir. Cavabdeh ondan mənimsədiyi külli miqdarda pulla özünə bahalı avtomobillər almış, taksi şirkəti açmış, xarici ölkələrə bahalı otellərdə istirahət etmiş və digər öz ehtiyacları üçün xərcləmişdir. Cavabdehin həmin məbləğdə pulu onu aldadaraq, etibarından sui-istifadə etməklə götürməsini şahid ifadələri, onun səs yazıları, imzaladığı sənədlər, ona pulu bankdan kredit olaraq götürüb verməsini əks etdirən kredit müqavilələri və öz ifadəsi sübut edir. Cavabdeh istintaqa verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı guya ona hər gün 1 ton yanacağı azaltmağı tapşırmış və yanacaq satışından əldə olunan vəsaitdən o, hər gün 600 manat götürmüşdür. İstintaqa bu halı sübut edəcək heç nə təqdim olunmamışdır. Əgər pul onun tərəfindən götürülmüş olsa idi, onda cavabdeh ondan şikayət etməməsini, pulu ödəyəciyini bildirməzdi. Bundan əlavə, cavabdeh ifadəsində ondan külli miqdarda 365.000 manat pulu ucuz qiymətə yanacaq almaq vədi ilə götürdüyünü etiraf edir. Pulun cavabdeh tərəfindən onun üçün ucuz qiymətə yanacaq almaq vədiylə götürülməsi sübut olunur. Lakin yanacağın alınaraq ona təhvil verilməsini sübut edən heç bir hal yoxdur, çünki cavabdeh götürdüyü pul ilə yanacaq almamış, həmin pulu mənimsəmişdir. Bundan əlavə, cavabdeh iddiaçının ondan üç il sonra şikayət etməsini qeyd edərək, hansısa halı şübhə altına almağa çalışmaq istəmişdir. Lakin həmin vaxt kəsiyi üç il deyil, azdır və həmin müddət ərzində onun şikayət etmədən gözləməsinin səbəbi cavabdehin ona götürdüyü pulu qaytaracağını deyərək, təkidlə şikayət etməməsi ilə bağlı xahişləri və verdiyi sözlər olmuşdur. O, 365.000 manatı özü bankdan kreditə borc olaraq götürmüşdür. Kiminsə borc götürərək işçisinə borc verməsi absurd yanaşmadır. Necə ola bilər ki, o, özü gedib borc götürüb və həmin pulu borc verib. Bundan əlavə, borcdan söhbət gedə bilməz, çünki cavabdeh özü ifadəsində iddiaçıdan götürdüyü 365.000 manatı yanacaq almaq vədi ilə götürdüyünü demişdir.
5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə verərək cavabdehin iddiaçıya qarşı etdiyi cinayət əməllərinə görə onun barəsində xüsusi qərardad çıxarılmaqla aidiyyəti üzrə göndərilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh 2012ci ildən 2015-ci ilin sentyabr ayına kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksində fəaliyyət göstərmiş "xxxx" MMC-də əmək müqaviləsi əsasında mühasib işləmişdir. Qeyd olunan avtovağzalda yanacaq doldurma məntəqəsi fəaliyyət göstərmiş və həmin məntəqə üzrə mühasibatlıq işləri ona həvalə edilmişdir. İddiaçı MMC-nin baş direktorunun müavini olmuşdur. Yanacaq doldurma məntəqəsi və texniki baxış bilavasitə iddiaçının kurasiyasında olmuşdur. Məhkəmə prosesi zamanı iddiaçıya əsl cavabdehlə əvəz olunması barədə təklif edilmişdir. Yəni əsl cavabdeh şirkət olmalıdır. Lakin iddiaçı buna razı olmamışdır. İddiaçı tərəfindən təqdim edilən səs yazıları təzyiq altında gizli yazılmışdır. Bununla bağlı 2018-ci ildə cavabdeh dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmiş, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir.
7. Cavabdeh həmçinin iddia müddətinin tədbiqinə dair ərizə verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh ona yalandan ucuz qiymətə yanacaq vəd verərək pulunu mənimsəmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində 365.000 manat pulun ələ keçirilməsi vaxtı dəqiq göstərilməsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hadisə 2015-ci ilə təsadüf edir. Ümumiyyətlə cavabdeh iddiaçıdan pul götürməmişdir, həmçinin məhkəməyə müraciət etmək üçün iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 2134/2023 nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasova) iddia tələbi təmin edilmiş, Cavabdeh 365.000 manat pul vəsaitinin və 670 manat məbləğində dövlət rüsumunnun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisənin predmeti olan pul vəsaitləri ilə bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında qərara əsasən Cavabdeh barəsində cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilərək, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilərək, ona özünə maddi ziyan dəymiş hesab edirsə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsə də, həmin qərarın məzmunundan müəyyən edilir ki, istintaq səthi aparılmış, iş üçün əhəmiyyətli olan bütün hallar araşdırılmamış, müstəntiqin gəldiyi müəyyən nəticələr sübutlara əsaslanmamışdır. Belə ki, həmin qərarda (9-cu vərəqin ikinci abzası) müstəntiq qeyd etmişdir ki, araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birlikdə islədikləri müddət ərzində ay sonu olan hesabatlarda və digər ödənişlərdə qeyri-rəsmi götürmələr etdiklərindən xəzinədə bu kimi kəsrlər yaranmışdır. Halbuki, iş üzrə müvafiq audit ekspertizası keçirilməmiş, bu qənaətə gəlməyə əsas olan sübutlar qərarda göstərilməmişdir. Bununla yanaşı hazırki iş üzrə maddi sübut qismində təqdim olunmuş CD diskdəki İddiaçı ilə Cavabdeh arasında mübahisəli pul vəsaitləri ilə bağlı danışıqları əks etdirən səs yazılarına həmin qərarda ümumiyyətlə qiymət verilməmişdir.
10. Məhkəmə həmçinin hazırki iş üzrə maddi sübut qismində təqdim olunmuş CD diskdəki İddiaçı ilə Cavabdeh arasında mübahisəli pul vəsaitləri ilə bağlı danışıqları əks etdirən səs yazıları ilə bağlı Cavabdeh iddiaçı tərəfindən qaçırıldığı üçün məcburən belə danışmaq məcburiyyətində qalmağı məsələsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi məktublarla cavabdehin xx.xx.2018-ci il tarixdə Biləcəri qəsəbəsində yerləşən “Bulaq” kafesindən çıxdıqdan sonra tanımadığı şəxslər tərəfindən məcburi avtomobilə mindirilərək naməlum istiqamətə aparılması faktı təsdiqini tapsa da, həmin şəxslərin İddiaçı göstərişi ilə hərəkət etdiklərini, habelə qeyd edilən faktla bağlı İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işin materialları, tərəflərin nümayəndələrinin izahatları və Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X6 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında qərarda müəyyən edilmiş xüsusatlarla təsdiq edilir ki, İddiaçı ilə Cavabdeh qohum olmaqla yanaşı "xxxx" MMC-də işləmişlər (İddiaçı direktor müavini vəzifəsində, Cavabdeh isə mühasib vəzifəsində) və tərəflər arasında işgüzar münasibətlər yaranmışdır. Bu məqsədlə İddiaçı tərəfindən müxtəlif tarixlərdə "xxxx" ASC-dən kredit məbləğləri götürülmüş və qazanc əldə etmək məqsədilə yanacaq alqı-satqısı üçün "xxxx" MMC-də mühasib işləyən Cavabdeh verilmişdir. Lakin cavabdeh qohumluq münasibətlərdən və iddiaçının yaxşı münasibətindən sui-istifadə edərək, heç bir hüquqi əsas olmadan müxtəlif vaxtlarda ümumilikdə 365.000 manat məbləğində aldığı pul vəsaitini hazırki günədək iddiaçıya geri qaytarmamışdır. İşin bu halı məhkəmə iclasında dindirilmiş şahid ifadələri və iş materiallarında olan 1 ədəd “CD disk” də olan tərəflər arasında aparılmış telefon danışıqlarında da bir daha öz təsdiqini tapmışdır.
12. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf tərəflər arasında borc münasibətlərinin olmamasını, aralarında olan münasibətlərin yalnız "xxxx" MMC-də hər iki tərəfin işlədiyi vaxt MMC-nin fəaliyyəti ilə bağlı olmasını, yəni yanacaq doldurma məntəqəsi üçün yanacağın alınması ilə əlaqələndirsə də, qeyd edilən halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir
13. Məhkəmə heab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 365.000 manat məbləğində maddi zərərin vurulması mülki işdə olan sübutlarla təsdiq edildiyi, müki işdəki sübutlarla təsdiq edilən halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyi üçün Cavabdeh 365.000 manat və dövlət rüsumu olaraq ödənilmiş 670 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 1091.1, 1091.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə CD diskdə olan təzyiq altında gizli yazılmış səs yazısını sübut kimi qəbul etmişdir. Bu isə konstitusyon hüquq pozuntusudur və yolverilməzdir. Bununla bağlı məhkəmə iclasında cavabdeh bildirmişdir ki, o, oğurlanmışdır və sonra gizli formada səs yazısı yazılmışdır. Belə ki, xx.xx.2018-ci il tarixdə “Bulaq” kefesində iddiaçı və onun qohumu Seyfəddin Həmidovla görüşmüş, sonra onun qarşısını bir neçə nəfər tərəfindən kəsilərək, “X12” markalı avtomobilə məcburi mindirilmiş və həmin vaxt iddiaçı ilə telefonla danışmağa məcbur edilmişdir. Cavabdehin oğurlanması faktı işdə olan sənədlərlə təstiqini tapmışdır. Məhkəmə isə qeyd edir ki, sübutlar təqdim edilməmişdir. Yanacaq doldurma məntəqəsi ilə bağlı bütün məsələlərə iddiaçı özü nəzarət etmişdir. Cavabdehin işi isə mühasib olaraq sadəcə aylıq və illik gəlirlər üzrə hesabatların aparılmasından ibarət olmuşdur. Göründüyü kimi, münasibətlər şirkətlə bağlı olmuş və cavabdeh şirkətdə əmək müqaviləsi əsasında işləmişdir. Məhkəmə bu hala düzgün hüquqi qiymət verməyərək göstərmişdir ki, aralarında olan münasibətlər yalnız "xxxx" MMC-də hər iki tərəfin işlədiyi vaxt MMC-nin fəaliyyəti ilə bağlı olmasını, yəni yanacaq doldurma məntəqəsi üçün yanacağın alınması ilə əlaqələndirsədə, qeyd edilən halları təstiq edəcək sübutlar məhkəməyə təqdim etməmişdirlər. İddiaçı özü iddia ərizəsində göstərir ki, pulları yanacaq üçün vermişdir. Bundan başqa, məhkəmə preyudisial xarakter daşıyan qüvvədə olan cinayət təqibi üzrə qərarı mübahisələndirmişdir. Halbuki, həmin qərar qanuni qüvvədə olduğu zaman Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə görə məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir, onun mübahisələndirilməsinə yol verilmir. Bundan əlavə, şahidlərin dindirilməsi ilə bağlı vəsatət məhkəmə baxışında verilmişdir, halbuki, həmin vəsatət hazırlıq iclasında verilməli idi. Həmçinin, vəsatət məhkəmə baxışında şifahi qaydada verilmişdir. Şahidlərin ifadələrində kəskin ziddiyətlar vardı, lakin məhkəmə bu hala da düzgün hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, 2018-ci ilin sentyabr ayında ilk dəfə polisə çağırılmışdır. İşdə iddiaçının polisə 2018-ci ilin sentyabr ayında şikayəti var. İddiaçı onu xx.xx.2018-ci il tarixində dostu Tural Bayramov vasitəsi ilə “Bulaq” restoranına çağırmı, iddiaçı ilə telefon danışığı həmin vaxt olmuşdur.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı qərara sübut kimi istinad edir, həm də səlahiyyəti olmasa belə məhkəmə nəzarəti qaydasında mübahisələndirir. Qərarı iddiaçı tərəf təqdim etmişdir. Həmin qərarla iddiaçının iddia ərizəsindəki tələbi tamamilə fərlidir. Məhkəmə xüsusi qərardad çıxarsa da, xx.xx.2023-cü il tarixdə xüsusi qərardada əsasən cinayət tərkibinin olmaması ilə bağlı xitam qərarı qəbul edilib. Cavabdeh müəssisədə mühasib işləyib, iddiaçı isə orada direktor müavini olub. Cavabdeh şirkət olmalı idi. Birinci instansiya məhkəməsində icraat zamanı bir sıra prosessual normalar pozulmuşdur. Belə ki, hazırlıq iclasında vəsatət verilməməsinə baxmayaraq, baxış iclasında şahidlər dinlənildi. Hesab edir ki, cavabdehin qaçırılması mübahisəsiz haldır. Cavabdeh həmin hadisədən sonra müvafiq orqanlara şikayətlər yazmışdır. Əgər iddiaçı borc olaraq pul verdiyini bildirirsə, iddia müddəti ötürülmüşdür. Onlar hər bir halda borc olaraq qiymətləndirmirlər, münasibətlər şirkət ilə işçi arasında olan münasibətlərdir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, polisin sonuncu qərarında iddiaçının izahatı təhrif olunmuş formada yazılmışdır. İddiaçı ora dəvət olunmamışdır. Cavabdeh iddiaçıya borc pul verməmişdir. Cavabdeh onda ucuz yanacağın olması ilə bağlı təklif irəli sürür ki, iddiaçı alıb yüksək gəlir əldə etsin. İddiaçı isə həmin yanacağı almaq üçün əmlaklarını banka girov qoyaraq kredit alır verir cavabdehə ki, yanacağı alıb gətirsin. Lakin cavabdeh pulu aldıqdan sonra yanacağı vermir. İddiaçı buna dələduzluq kimi qiymət verir. Birinci instansiya məhkəməsində xüsusi qərardad qəbul edilib. Baş vermiş halda dələduzluq halı olmasına baxmayaraq, ikinci dəfə istintaq orqanı onların iştirakı olmadan şablon olaraq xitam qərarı qəbul etmişdir. İddiaçı iddia müddətini ötürməmişdir, cinayət işi üzrə son qərar qəbul edildiyi, yəni xx.xx.2023-cü il tarixli qərar onlara rəsmi qaydada verildiyi vaxtdan hesablanmalıdır. Verilmiş suallara cavab olaraq bildirdi ki, tərəflər arasında nə borc, nə də tapşırıq müqaviləsi bağlanmamışdır, baş vermiş hal dələduzluq faktı ilə bağlıdır. İddiaçı ilk dəfə polisə 2017-ci ildə şikayət etmiş, tərəflər arasında telefon danışığı cavabdeh qaçırılmasını iddia elədiyi tarixdən əvvəl olmuşdur.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.
26. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
27. İşdən görünür ki, iddiaçı direktor müavini vəzifəsində, cavabdeh isə mühasib vəzifəsində qədər "xxxx" MMC-də işləmişlər.
28. İşdə olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iddiaçı cavabdehlə bağlı polisə şikayət edərək bildirmişdir ki, "xxxx" MMC-də işlədiyi zaman 2013-cü ildə bank sistemi ilə ödəniş dayandığından artıq o, öz hesabına yanacaq almaq məcburiyyətində qalmış, hər ay yanacaq üçün pulu öz vəsaiti hesabına İdrisə ödəmiş, maliyyə əməliyyatlarına İdris cavabdeh olmuş, sonra məlum olmuşdur ki, İdris və Rüfətin qanunsuz hərəkətləri nəticəsində “Socara” yanacaqla bağlı 120.000 manat borcları yaranmış və yanacaq son vaxtlar nisyə alınmış, bankdan kreditə pul götürərək 50.000 manat “Socar”a ödəmiş, sonradan yenidən kreditlər götürərək “Socar”a ödəmiş, yanacaq doldurma məntəqəsinin dövriyyəsinin artırılması və daha çox qazanc əldə edilməsi adı ilə cavabdehə 2014-2015-ci illərdə ümumilikdə 375.000 manat məbləğində vəsait ödəmiş, lakin cavabdeh dövriyyənin artırılması ilə bağlı hər hansı iş görməmiş, əksinə ona yalan vədlər verərək pulu ələ keçirmişdir. Həmin vəsaitin cavabdeh tərəfindən 10.000 manatı ona qaytarılmışdır.
29. Araşdırma zamanı cavabdeh ifadəsində bildirmişdir ki, İddiaçı hər gün yanacağın faktiki satışından pul götürdüyündən MMC-nin kassasında kəsir yaranmış, iddiaçı tərəfindən bankdan götürülmüş kredit məbləğləri qeyri-rəsmi yanacağın alınmasına sərf edilmişdir.
30. Araşdırma zamanı şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, o, MMC-də təchizatçı vəzifəsində işləmiş, İddiaçı “Socar” şirkətinin verdiyi yanacağa görə borcları olmuş, o, bir təchizatçı kimi yanacağı “Socar”dan yanacağı həm köçürmə, həm də nisyə yolu ilə götürmüş, yaranmış kəsir ilə bağlı soruşduqda İdris ona pulu müəyyən tədbirlərin həyata keçirilməsi üçün İddiaçı götürdüyünü, sonradan qaytaracağını demişdir.
31. Araşdırma zamanı şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, MMC-də 2014-cü ilin sentyabr ayında Rüfət Əliyev işdən çıxdıqdan sonra onun yerinə təchizatçı vəzifəsinə keçirilmiş, yanacağın pulunun köçürülməsini Cavabdeh həyata keçirmiş, Cavabdeh mühasib işlədiyi müddətdə bir dəfə İddiaçı yanacaq doldurma məntəqəsinin fəaliyyətini təmin etmək üçün sonuncuya 95-96.000 manat məbləğində pul verməsinin şahidi olmuşdur.
32. Birinci instansiya məhkəsində işə baxılarkən şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, İddiaçı tərəfindən Cavabdeh pulun verilməsi yanacağın alınması ilə bağlı olmuş, X3 isə bildirmişdir ki, pulu İdris Elnurdan 365.000 manat pulu yanacaq gətirmək adı ilə götürmüşdür.
33. Məhkəmə kollegiyası yuxarıda adları çəkilən şəxslərin bildirdiklərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC-nin fəaliyyətində yaranmış nöqsanların aradan qaldırılması üçün şəxsi vəsaitini həmin MMC-də mühasib vəzifəsində işləmiş cavabdehə ödəmiş, cavabdeh isə MMC-nin mühasibi olaraq ödənilən vəsaitləri MMC üçün yanacağın alınmasına yönəltmişdir.
34. Kollegiya hesab edir ki, belə olan halda iddiaçı ödədiyi məbləği cavabdehdən deyil, MMC-dən tələb edə bilər, MMC isə öz növbəsində ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb edə bilər.
35. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən ödənilmiş vəsaitin cavabdeh tərəfindən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirilməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, bununla bağlı cinayət təqibini aparan orqanın ləğv edilməmiş qərarı vardır.
36. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona ucuz yanacaq vədi verilərək aldadıldığını və ona ödənilmiş pulun mənimsənildiyini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsində isə cavabdehə borc pul verdiyini göstərmişdir.
38. Kollegiya qeyd edir ki, iddiaçının bildirdiyi əsas götürülməklə tərəflər arasında tapşırıq və ya borc müqaviləsindən irəli gələn münasibətlərin olduğu qəbul edildiyi təqdirdə belə, hazırki iddia tələbi yenə də rədd edilməlidir.
39. Belə ki, iddiaçının polisə müraciət etməsi onu göstərir ki, o, həmin vaxt hüququnun pozulduğunu bilmiş, iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında bildirdiklərinə əsasən tərəflər arasında borcun etirafı ilə bağlı telefon danışığı cavabdeh qaçırılmasını iddia etdiyi tarixdən (xx.xx.2018-ci il) əvvəl olmuşdur. İddiaçı cavabdehlə telefon danışığının elə xx.xx.2018-ci il tarixdə baş tutduğunu bildirmişdir.
40. Beləliklə, iddia müddətinin axımı həmin vaxt başlamış, lakin iddiaçı hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etməklə mülki qanunvericilikdə müqavilə tələbləri üzrə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.
41. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verilsə də, məhkəmə öz qətnaməsində buna münasibətini bildirməmiş, iddianı həm delikt, həm də əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin müddəalarına istinad etməklə təmin etmişdir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-2134/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 340 manat məbləğində dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: