Məhkəmə qərarları › İş №2(103)-4893/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4893/2024

29.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4893/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli qətnamədən iş üzrə tərəflərin ayrıayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə, İddiaçı və Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, ona dəymiş maddi zərərə görə 150.000 manat, mənəvi zərərə görə 50.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 490 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdeh QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixinədək cavabdeh QSC-də müxtəlif vəzifələrdə işləmiş və işə qəbul olan zaman tam sağlam olmuşdur. 2010-cu ilin dekabr ayından başlayaraq sağ - işlək əlində qıcolmalar başlamışdır və bununla əlaqədar 2011-ci ilin yanvar ayında həkimə müraciət etmişdir. Aparılmış müayinələr nəticəsində iddiaçıya “yazı spazmı” (peşə xəstəliyi) diaqnozu qoyulmuşdur. Həkim məsləhəti ilə iddiaçının QSC-də vəzifəsi (2011-ci ildə) dəyişdirilmiş və o, yazı ilə əlaqəsi az olan işə keçirilsə də, “yazı spazmı” xəstəliyi davam etmiş və hal-hazırda da davam etməkdədir. Xəstəliyinin yaranmasına səbəb QSC tərəfindən qoyulan aylıq iş planlarının fiziki (əzələ) və psixoemosional (stress) gərginlik yaratması və qeyd olunmayan iş saatlarından əlavə işləməyi olmuşdur. İddiaçı bu xəstəliyi ASC-də işlədiyi müddətdə qazanmışdır. “Yazı spazmı” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin siyahısına” daxildir. İddiaçı 13 ildən artıq müddətdən indiyə kimi müxtəlif (dövlət, özəl, ölkəxarici) tibb müəssisələrində müayinə və müalicə olunmağına baxmayaraq sağ - işlək əlində sağalma müşahidə olunmamış və təyin olunmuş “yazı spazmı” diaqnozunun xroniki peşə xəstəliyi olduğu müəyyən edilmişdir. Beynəlxalq tibb aləmində “yazı spazmı” xəstəliyinin konkret müalicəsi yoxdur. İddiaçı ilə bağlanmış "xxxx" QSC-nin xx.xx.2017-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. İddiaçı peşə xəstəliyinin olması ilə bağlı QSC-yə müraciət etsə də ona bildirilmişdir ki, peşə xəstəliyi ilə bağlı rəsmi əlillik müəyyən edilməlidir. İddiaçı peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin təyin olunması ilə bağlı tələb olunan “İşçinin əmək şəraitinin sanitariya gigiyenik xasiyyətnaməsi” sənədinin hazırlanması üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə araşdırılma aparılmasına şərait yaradılmasına işəgötürən QSC tərəfindən əngəllər törədilmiş və uzun sürən (2018-2019-cu illər) məhkəmə çəkişmələrindən sonra həmin sənəd hazırlanmışdır. 2020-ci ilin fevral ayında iddiaçı qanunvericiliyə uyğun sənədləri topladıqdan sonra peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması ilə bağlı Abşeron rayon poliklinikasına müraciət etmiş və göndərişlər əsasında 450 gündən (15 ay bülleten) artıq müddət stasionar və ambulator müalicələrdən sonra müxtəlif tibb müəssisələri tərəfindən “yazı spazmı” (Xəstəliklərin beynəlxalq təsnifatı kodu – F 48.8 (Yazı spazmı daxil olmaqla peşə nevrozu)) diaqnozu və ağırlaşması kimi “nevrasteniya” (XBT kodu – F 48.0) xəstəsi olmağı təsdiq edilmiş və “nevrasteniya, yazı spazmı ilə” diaqnozlu xəstəliyinin peşə yönümlü olması barədə rəylər verilmiş və məlumatları AR Səhiyyə Nazirliyinin peşə xəstələrinin reyestrinə daxil edilmişdir. 2020-ci ilin oktyabr ayından etibarən iddiaçı peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi- Sosial Ekspertiza və X4 ötürülmüş göndərişlərə həmin Nazirliyin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bir neçə dəfə əsassız imtina cavabları verilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və uzun çəkən (2021-2023-cü illər) proseslərdən sonra məhkəmə peşə xəstəliyi səbəbi ilə ona xx.xx.2021-ci il tarixindən üçüncü dərəcəli əlillik təyin edilməsi öhdəliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar vermişdir. “Esosial” internet portalındakı məlumatlara əsasən xx.xx.2023-cü il tarixində iddiaçıya peşə xəstəliyi səbəbi ilə xx.xx.2021-ci il tarixindən İİİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçının cavabdeh QSC-də işlədiyi son dövrdə orta əmək haqqı 1.544,33 manat olmuşdur. İddiaçı işindən ixtisar olunduqdan sonra təqribən 18 ay işsiz qalmışdır. xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 220 manat əmək haqqı ilə fərdi sahibkar yanında işləmişdir. xx.xx.2019-cu il tarixindən 800 manat əmək haqqı ilə digər bankda mütəxəssis vəzifəsində işləməyə başlamış və indiyədək orada mütəxəssis kimi çalışır. İddiaçı, 2011-ci ilin əvvəlində həkim məsləhəti ilə QSC-də vəzifəsi dəyişdirilərkən (həmin zaman əmək haqqı təqribən 1.337 manat idi) Əmək Məcəlləsinin 232-ci maddəsinin 3-cü bəndinə də (iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir) əməl olunmamışdır. İddiaçının peşə xəstəliyi səbəbi ilə İİİ dərəcəli əlil olmağı, sağ - işlək əlində xroniki çatışmazlıq olduğunu, yazı yaza bilməməyi, işdəki attestasiyalarda iştirak imkanın olmamağını, karyera (vəzifə) irəliləyişinin olmamasını, nevrastenik olmağı, əmək fəaliyyəti bacarığının məhdudlaşmasını, uzun müddət (18 ay) işsiz qalmağı, gəlirinin kəskin azalmasını, kommunal xərcləri, əldən çıxmış faydanı, şəxsi nəqliyyat vasitəsini və digər əmlaklarını satmağı, ev şəraitinin əlverişsiz olmasını, himayəsində 2 azyaşlı uşağın və 2 ahıl və (anası onkoloji, atası insult) xəstə valideyninin olmasını, sağlamlığına xəsarət yetirilməsini, xəstəliyi ilə əlaqədar çəkdiyi xərcləri, səhhəti ilə və sadalananlarla əlaqədar mənəvi sarsıntı keçirməyi və peşə xəstəliyini QSC-də işlədiyi müddətdə qazandığını nəzərə alaraq iddiaçı ona vurulmuş maddi və mənəvi zərərin qarşılığı olaraq QSC-dən ümumi 200.000 manat məbləğində təzminat ödənilməsini tələb edir. QSC-də çalışdığı zamanlarda iddiaçı işçi krediti kimi QSC-dən ABŞ dolları valyutası ilə (18.000 $; 35.000 $) kredit almışdır, hansı ki, Azərbaycan manatının devalvasiyası zamanı dollarla olan kreditlərin ödənişlərində ona xeyli ziyan dəymişdir. Manatın devalvasiyası zamanı dollarla olan kredit ödənişlərinə görə xeyli borc almış və yeni aldığı şəxsi nəqliyyat vasitəsini (“Mazda CX 5” / hazırkı qiyməti – 73.000 AZN) satmağa məcbur olmuşdur. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh QSC-nin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddia ərizəsində tələb konkret ifadə edilməmişdir. Belə ki, iddiaçı tərəfindən əvvəl işdən çıxarılması mübahisələndirilmiş, həmin dövrdə peşə xəstəliyi ilə bağlı rəsmi əlilik statusu müəyyən edilməməsinə baxmayaraq QSC-nin müvafiq əmrinin düzgün olmadığı iddia edilmişdir. İş materiallarından məlum olur ki, iddiaçının QSC-də çalışdığı dövrdə iddiaçıya əlillik dərəcəsi təyin edilməmişdir. Həmçinin iddia ərizəsinin 1-ci cümləsində iddia edilir ki, iddiaçı işə qəbul zamanı tam sağlam olmuşdur, lakin buna dair iş materiallarında hər hansı sübut mövcud olmamışdır. İddia ərizəsinin 13-cü və 14-cü abzasında göstərilir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək fərdi sahibkar yanında, xx.xx.2019-cu il tarixindən isə digər bankda mütəxəssis vəzifəsində çalışmışdır. Burdan məlum olur ki, iddiaçı cavabdeh QSC-dən işdən çıxdığı vaxtdan etibarən 6 ilə yaxın başqa iş yerlərində çalışmışdır. Həmçinin iddiaçı əsassız olaraq peşə xəstəliyini QSC-də çalışdığı müddətdə mütəxəssis olaraq çalışan zaman əldə etdiyini iddia etsə də, işdən çıxdıqdan sonra yenə də digər bankda mütəxəssissiz vəzifəsində işə başlamışdır. Əgər həmin vəzifə iddiaçıya peşə xəstəliyi qazandırmış olsaydı yenə digər bir bankda gərgin rejimdə 5 il çalışa bilməzdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 1121/2022 nömrəli qərarının 2-ci səhifəsində göstərilir ki, poliklinikanın göndərişi ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək V.Axundov adına X1 İnstitutunun Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və “yazı spazmı” (Xəstəliklərin beynəlxalq təsnifatı kodu - F 48.8 (Yazı spazmı daxil olmaqla peşə nevrozu)) diaqnozu və ağırlaşması kimi “nevrasteniya” (XBT kodu - F 48.0) xəstəliyi təsdiq edilmişdir, “yazı spazmı” xəstəliyinin peşə yönümlü olması barədə rəy verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən Abşeron rayon poliklinikasında ambulator müalicəni davam etdirmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Abşeron rayon poliklinikasının göndərişi ilə Psixi Sağlamlıq Mərkəzi tərəfindən müayinə olunaraq “nevrasteniya yazı spazmı ilə" diaqnozu barədə rəy almışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə Abşeron rayon poliklinikasının göndərişi ilə Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən müayinə olunaraq “nevrasteniya yazı spazmı ilə” diaqnozu barədə rəy almışdır. “Koronavirus” pandemiyası ilə əlaqədar xəstəxanalara göndəriş verilməsi mümkün olmadığı üçün iddiaçı xx.xx.2020-ci il tarixədək Abşeron rayon poliklinikasında ambulator müalicəni davam etdirmiş, Abşeron rayon poliklinikasının göndərişi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Peşə xəstəlikləri klinikasında stasionar müalicə almış və yenidən peşə xəstəliyi təsdiqlənmiş, xx.xx.2020-ci il tarixdən ambulator müalicəni Abşeron rayon poliklinikasında davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə hazırda iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən cavabdehə peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün yazılı sorğu göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı peşə xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin və əmək qabiliyyətini itirmə faizinin təyin olunması ilə bağlı lazımi məlumatlar Abşeron rayon poliklinikası tərəfindən 0215003AABHZ nömrəli göndəriş (“Forma 88”) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi- Sosial Ekspertiza və X4 ötürülmüşdür, həmin gün imtina cavabı verilmişdir. Burdan məlum olur ki, iddiaçı poliklinikanın göstərişi ilə ilk dəfə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (digər Bankda işlədiyi dövrdə) müalicə almışdır. Həmçinin göstərilir ki, xx.xx.2020-ci il tarixdə hazırda iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən cavabdehə, yəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə peşə əmək qabiliyyətinin itirilmə faizinin təyin edilməsi üçün yazılı sorğu göndərilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, uzun çəkən proseslər nəticəsində (2021-2023-cü illər) ona xx.xx.2022-ci il tarixindən, yəni QSC-dən işdən çıxdığı vaxtdan təxmini 5 il sonra ona İİİ dərəcə əlillik təyin edilmişdir. Həmin dövrlərdə isə iddiaçı digər iş yerlərində çalışmış və 2019-cu ildən hazırki vaxtadək işlədiyi yer məhz digər bir bank olmuşdur. Buna görə də hesab edir ki, iddiaçının müalicə alması, həmçinin əlliyin təyin olunması üçün keçdiyi proseslərin QSC-də işlədiyi dövrlə əlaqəsi olmamış və həmin dövrlərdə iddiaçı digər iş yerlərində çalışmışdır. Digər hissədə iddiaçı tərəfindən QSC-də çalışdığı dövrdə aldığı kreditlərə istinad edilməsinə münasibətdə isə bildirir ki, bu hissənin ümumiyyətlə hazırki mübahisəyə aidiyyəti yoxdur. Həmçinin iddiaçı zərərin məbləğinin ağlabatan və ədalətli olmasına dair plenum qərarına istinad etsə də, heç bir əsaslandırma və hesablama üsulu göstərmədən iddia tələbini ümumilikdə 200.550 manat məbləğində təyin etməklə, qeyri-ağlabatan və ədalətsiz məbləğ müəyyən etmişdir. İddiaçı ümumi məbləğdən 150.000 manat məbləğində maddi ziyan dəydiyini qeyd etsə də maddi ziyanın nədən ibarət olmasına dair hər hansı əsaslandırma təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassızdır.

4. Cavabdeh QSC-nin nümayəndəsi eyni zamanda “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə təqdim edərək, iddia üzrə qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətin keçdiyini, əmək mübahisəsini işin faktiki hallarına uyğun qiymət verməklə, maddi və prosessual hüquq normalarını tətbiq etməklə hazırki iş üzrə qanunla nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh QSC-dən 3.445,36 manat məbləğində maddi ziyanın, 3.000 manat məbləğində mənəvi zərərin əvəzi olmaqla, cəmi 6.445,36 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 85 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı peşə xəstəliyinə tutulduqdan sonra keçirildiyi vəzifə üzrə yeni əmək haqqı ilə əvvəlki əmək haqqısı arasındakı (2010-2011-ci illər üzrə) fərq 3.454,36 manat təşkil edir. Lakin 2012- 2017-ci illər ərzində yeni əmək haqqı ilə gəliri daha yüksək olmuşdur. Odur ki, iddia maddi ziyan hissəsində qismən əsaslıdır. Lakin iddiaçı xəstəliyi ilə bağlı çəkdiyi xərclərə dair məhkəməyə sübutlar təqdim etməmişdir. Rayon Məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı isə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçının peşə xəstəliyi ilə əlaqədar fiziki və mənəvi əzab çəkməsi iş materiallarındakı sənədlərlə sübuta yetirilir. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Əsasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın rədd edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

9. Cavabdeh QSC də öz növbəsində Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

10. İddiaya etirazın məzmununa uyğun əsaslandırılmış cavabdehin apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə iddianın təmin edilməsi hissəsində iş üzrə səhv nəticəyə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

11. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh QSC-nin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və özünün apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayət və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

12. Cavabdeh QSC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və QSC-nin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, iddiaçıya məxsus olan ******* nömrəli "xxxx" görünür ki, o, cavabdeh QSC-də xx.xx.2009-cu il tarixdə “Təcrübəçi kredit mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu ildə “Kiçik kredit mütəxəssisi”, xx.xx.2011-ci ildə “Müştəri xidmətləri mütəxəssisi”, xx.xx.2013-cü ildə “Müştəri xidmətləri aparıcı kredit mütəxəssisi”, xx.xx.2013-cü ildə "xxxx" vəzifəsinə keçirilmişdir. QSC-nin xx.xx.2017-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur.

15. "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli, 625 saylı xəstəlik tarixindən çıxarışarayışdan görünür ki, iddiaçı, həmin MMC-də müayinə və müalicə olunmuşdur. Diaqnoz: “yazı spazmı”. Xəstənin yazı ilə əlaqəsi az olan işə keçirilməsi məsləhət görülür.

16. V.Y.Axundov adına X1 X8 Şəxsinin Peşə xəstəlikləri klinikasının 94/2020 saylı xəstəlik tarixindən verdiyi çıxarışdan görünür ki, klinikaya daxil olarkən iddiaçının şikayətləri sağ əlin barmaqlarında qıcolma, ağrılar, zəiflik, sağ əldə əsmə, əsəbilik, gərginlik, stress, narahat yuxu, boyun nahiyəsində ağrılar, fiziki narahatlıqlardan olmuşdur. Obyektiv olaraq: Kəllə-beyin sinirləri normaldır. Vətər–sümüküstlüyü refleksləri canlıdır. Onurğanın bel-oma nahiyəsində paravertebral nöqtələr onurğanın sümük çıxıntıları palyapasıyada ağrılıdır, ağrılar fiziki yüklənmə və hərəkət zamanı güclənir. Sağ əlin İİ və V barmaqları deformasiyalıdır. Xəstədə sağ əldə ağrılar, qıcolma əsəbilik və gərginliyi artırır, stress yaradır. Emosional və vazomator ləbildir. Bağlı göz qapaqları, gərilmiş barmaqlarda əsmə müşahidə edilir. Ümumi hiperhidroz müşahidə edilir. Astenikdir. Əsas xəstəliyi peşə yönümlüdür. Müalicə həkiminə göndərilməsi tövsiyə olunur (yazı ilə əlaqədar az təmas olan işlər məsləhət görülür).

17. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 6053/2018 nömrəli qərardadından görünür ki, iddiaçının cavabdeh QSC-yə qarşı irəli sürdüyü “iş müddətdə xəstələnməsinin, yəni yazı spazmı xəstəliyinə tutulması faktının müəyyən edilməsi və neçə faiz əmək qabiliyyətinin itirilməsi barədə” iddia ərizəsi məhkəmədə baxılmalı olmadığından mülki işin məhkəmə baxışına hazırlanmasına xitam verilməsi qərara alınmışdır.

18. İşdə olan və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-661/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərardan görünür ki, iddia təmin edilərək, iddiaçının qazandığı "xxxx" xəstəliyinin QSC-də işlədiyi 2009-cu ilin may ayından 2011-ci ilin mart ayına kimi olan dövrdə işdə yaranmasını müəyyən etmək üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə QSC-də araşdırma aparmasına icazə verməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.

19. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli “iddiaçının əmək şəraitinin sanitariya-gigiyenik xasiyyətnaməsindən görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdə Abşeron rayon poliklinikasında tibbi müayinədən keçmiş və ona “sağlamdır” diaqnozu qoyulmuşdur. Bu barədə ambulator xəstənin fərdi vərəqəsində (kod: **********201) qeyd aparılmışdır. xx.xx.2011-ci il tarixdə Xüsusi Müalicə Sağlamlıq Kompleksi tərəfindən iddiaçıya “yazı spazmı” diaqnozunun qoyulduğu barədə arayış verilmişdir. İddiaçının çalışdığı QSC-nin Xırdalan filialının bağlanılaraq başqa ünvana keçirildiyi səbəbindən əmək şəraiti barədə rəy verilməsi mümkün hesab edilmir.

20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi Xroniki peşə xəstəliyi (zəhərlənməsi) haqda xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur və ona “Nevrasteniya yazı spazmı ilə F48” diaqnozu qoyulmuşdur.

21. İddiaçı xx.xx.2020-ci il tarixdə Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının HPKsi tərəfindən müayinə olunmuş və ona “Nevrasteniya yazı spazmı ilə F48” diaqnozu qoyulmuşdur.

22. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(112)-1121/2022 saylı qərarından görünür ki, həmin qərarla iddiaçının iddiası təmin edilərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

23. “Mərkəzləşdirilmiş kredit reyestrindən” xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, cavabdeh QSC tərəfindən iddiaçıya 35.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

24. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı İİ qrup əlilliyə görə 1.036,59 manat məbləğində pensiya alır.

25. İş materiallarına əsasən Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdeh QSC-də müxtəlif vəzifələrdə çalışmışdır. QSC-də “Müştəri xidmət mütəxəssisi” vəzifəsində işlədiyi dövrdə iddiaçının sağ əlində qıcolmalar yaranmışdır. Bununla əlaqədar o, 2011-ci ilin yanvar ayında həkim müayinəsində olmuş və "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli 625 saylı arayışına əsasən ona “yazı spazmı” diaqnozu qoyularaq, yazı ilə əlaqəsi az olan işə keçirilməsi məsləhət görülmüşdür. Bundan sonra o, xx.xx.2011-ci il tarixdə QSC-də “Müştəri xidmətləri mütəxəssisi” vəzifəsinə keçirilmiş və xx.xx.2017-ci il tarixədək QSC-də işləməyə davam etmişdir. İddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və o tutduğu vəzifədən azad olunmuşdur. Hazırda iddiaçı işəgötürən – QSC tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin əvəzini tələb edir.

26. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

27. Əmək Məcəlləsinin 232-ci maddəsinin 3-cü hissəsinə görə, iş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya müəyyən edildiyi vaxtadək ödənilməlidir.

28. Həmin Məcəllənin 239-cu maddəsinin tələblərinə görə, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (hissə 1.). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir (hissə 2.). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir (hissə 3.). İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır (hissə 4.). Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur (maddə 5.).

29. Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti aşağıdakılara şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir (maddə 384.0.3.).

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”-nin tələblərinə görə, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir (bənd 1.1.). Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir (bənd 1.4.).

32. Göstərilənləri nəzərə alan Məhkəmə ilk növbədən cavabdeh QSC tərəfindən verilmiş “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizəsinə münasibətdə qeyd edir ki, əmək qanunvericiyilinə görə işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

33. İş materiallarındakı sənədlərlə iddiaçının cavabdeh QSC-də işlədiyi dövrdə peşə xəstəliyinə tutulması faktı öz təsdiqini tapır. Belə ki, xx.xx.2011-ci il tarixli tibbi arayışa əsasən iddiaçıya “yazı spazmı” diaqnozu qoyulmuşdur. “Yazı spazmı” diaqnozu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş “İsçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısına” daxildir.

34. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçının 2010-cü il üzrə gəliri 13.745,66 manat təşkil etmişdir. xx.xx.2011-ci il tarixdə QSC-də “Müştəri xidmətləri mütəxəssisi” vəzifəsinə keçirildikdən sonra 2011-ci il üzrə gəliri 10.300,30 manat, 2012-ci il üzrə 14.142,99 manat təşkil etmişdir. Əmək Məcəlləsinin yuxarıda qeyd edilmiş 232-ci maddəsinin 3-cü hissəsinə görə isə peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya müəyyən edildiyi vaxtadək ödənilməlidir.

35. Məhkəmə qeyd edir ki, iddiaçı peşə xəstəliyinə tutulduqdan sonra keçirildiyi vəzifə üzrə yeni əmək haqqı ilə əvvəlki əmək haqqısı arasındakı (2010-2011-ci illər üzrə) fərq 3.454,36 manat təşkil edir. Lakin 2012-2017-ci illər ərzində yeni əmək haqqı ilə gəliri daha yüksək olmuşdur. Odur ki, Rayon Məhkəməsi iddiaçının maddi ziyan hissəsində tələbini qismən təmin etməkdə haqlı olmuşdur.

36. Maddi ziyanın ödənilməsi ilə bağlı iddianın qalan hissəsi isə iddiaçı xəstəliyi ilə bağlı çəkdiyi xərclərə dair məhkəməyə sübutlar təqdim etmədiyi üçün əsassızdır.

37. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin işin hallarından görünür ki, iddiaçı qeyd edilən bu tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir.

39. Məhkəmə iddianın “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının peşə xəstəliyi ilə əlaqədar fiziki və mənəvi əzab çəkməsi iş materillarındakı sənədlərlə sübuta yetirilir.

40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

41. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

42. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

43. Qeyd edilənlər nəzərə alındıqda isə qəbul edilməlidir ki, Rayon Məhkəməsi iddianı qismən, yəni yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

44. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə həmçinin hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilmədiyindən onların verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorların özlərinə aid edilməlidir.

48. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar