Məhkəmə qərarları › İş №2(103)-4899/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4899/2022

15.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4899/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qızına qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsinə xitam verilməsi, əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qızına qarşı “kredit müqaviləsinə xitam verilməsi, əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair” Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2(009)-2538/2014 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2009-cu il tarixli şəxsi kredit kartlarının alınması və onlardan istifadə edilməsi haqqında müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh qızına illik 18% dərəcəsi ilə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. İş materiallarında olan xx.xx.2010-cu il tarixli plastik kartlar üzrə kredit xətti haqqında müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh qızına 18 % dərəcəsi ilə 24 ay müddətinə qaytarma şərtləri daxilində 15000 manat məbləğində kredit xətti açılmış, həmin kredit xətti üzrə ona 14582 manat məbləğində kredit verilmişdir.

3. İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, xx.xx.2009-cu il tarixli şəxsi kredit kartlarının alınması və onlardan istifadə edilməsi haqqında müqavilə üzrə cavabdehin xx.xx.2014-cü il tarixinə Banka 114202 ABŞ dollar əsas, 51561 ABŞ dollar faiz borcu, 61670 ABŞ dollar dəbbə pulu, cəmi 227433 ABŞ dolları məbləğində borcu mövcuddur.

4. İş materiallarında olan iddiaçı LPO İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, xx.xx.2010-cu il tarixli plastik kartlar üzrə kredit xətti haqqında müqavilə üzrə cavabdehin xx.xx.2014-cü il tarixinə Banka 14582 manat əsas borc, 7801 manat faiz borcu, 9187 manat dəbbə pulu, cəmi 31570 manat məbləğində borcu mövcuddur.

5. İş materiallarında olan xx.xx.2014-cü il tarixli xəbərdarlıq məktubu ilə borclu Cavabdeh qızına borcun ödənilməsi təklif edilmişdir.

6. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarında qeyd edilmişdir ki, xx.xx.2009-cu il tarixli şəxsi kredit kartlarının alınması və onlardan istifadə edilməsi haqqında müqavilənin müddətinin bitdiyi xx.xx.2013-cü il tarixə cavabdehin Banka 114201,87 ABŞ dollar əsas, 114828,67 ABŞ dollar faiz borcu, 40370 ABŞ dollar dəbbə pulu məbləğində borcu, həmçinin, xx.xx.2010cu il tarixli plastik kartlar üzrə kredit xətti haqqında müqavilənin müddətinin bitdiyi xx.xx.2012-ci il tarixə 14581,62 manat əsas borc, 15878,92 manat faiz borcu, 4884 manat dəbbə pulu borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC Cavabdeh Seyiadağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15 yanvar 2009cu il tarixli kredit müqaviləsi üzrə 114202 ABŞ dolları əsas borc, 51561 ABŞ dolları faiz borcu, 61670 ABŞ dolları cərimə borcu, cəmi 227433 ABŞ dolları və 03 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 14582 manat əsas borc, 7801 manat faiz borcu, 9187 manat dəbbə pulu, cəmi 31570 manat və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(iqt)-2410/2012 saylı qətnaməsi ilə İddiaçı ASC-nin müflis elan edilməsi, İddiaçı ASC-nin ləğvedicisi qismində “X1 Company” MMC-nin təyin edilməsi qət edilmişdir. Cavabdeh qızına şəxsi kredit kartlarının alınması və onlardan istifadə edilməsi haqqında müqaviləyə əsasən illik 18 % olmaqla, 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh qızı ilə İddiaçı ASC arasında 15 yanvar 2009-cu il tarixinə kredit meüqaviləsi üzrə 08 yanvar 2014-cü il tarixinə 114202 ABŞ dollar əsas, 51561 ABŞ dollar faiz borcu, 61670 ABŞ dollar dəbbə pulu, cəmi 227433 ABŞ dolları məbləğində borcu mövcuddur. Cavabdeh qızı ilə İddiaçı ASC arasında 03 dekabr 2010-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətində illik 18 faiz ödəməsi şərti ilə 14582 manat məbləğində kredit verilmişdir. Cavabdehə Bank tərəfindən müraciətlər edilmiş, lakin cavabdeh öz üzərinə götürmüş olduğu öhdəlikləri əməl etməyərək tərəflər arasında bağlanmış kredit xətti müqavilələrinin şərtlərini kobud surətdə pozmuşdur.

9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(009)-2538/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh qızından 15 yanvar 2009cu il tarixli kredit xətti müqaviləsi üzrə 114202 ABŞ dolları əsas, 51561 ABŞ dolları faiz borcunun, 11000 ABŞ dolları cərimə borcu, cəmi 176763 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 03 dekabr 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 14582 manat əsas borcun, 7801 manat faiz borcunun, 1400 manat dəbbə pulunun, cəmi 23783 manatın tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uzun illərdir Azərbaycan Rspublikasının hüdudlarından kənarda yaşayır. Məhkəmə işi barəsində yalnız pasportunun müddəti bitdiyi üçün konsulluğa müraciət etdiyi zaman məlumat almışdır. Bu səbəbdən məhkəməyə sübutları təqdim edə bilməmişdir. Halbuki adları çəkilən kredit müqavilələri üzrə dəfələrlə ödənişlər edilmiş, lakin bu məbləğlər kredit borcundan çıxılmamışdır. Habelə hesablanmış faiz borcları, dəbbə pulları və əsas məbləğ həddən artıq miqdarda hesablanmışdır. Məhkəmə tərəfindən məbləğin hesablanması üçün mütləq ekspertiza təyin edilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq (məhkəmə tərəfindən göndərilmiş bildiriş “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır), cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

18. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

21. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Maddə 445.2, 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

23. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edimiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

33. Belə ki, iş matariallarında olan sənədlər ilə müəyyən olunur ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçı ilə iki kredit müqaviləsi bağlayaraq üzərinə öhdəliklər götürmüş, lakin həmin öhdəlikləri icra etməmiş, yəni müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən o, Bank qarşısında cavabdehlik daşıyır, Bankın isə həmin borcun ödənilməsini tələb etmək hüququ yaranır.

34. Kollegiya hər iki müqavilə üzrə tələb edilən əsas borc, faiz borcu və cərimə borcunun həm kredit öhdəliyinin müddətinin bitdiyi tarixə, həm də iddia ərizəsində tələb edilən xx.xx.2014-cü il tarixə qədər nə qədər təşkil etməsi barədə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir.

35. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5931 saylı ekspert rəyində qeyd edilmişdir ki, “Cavabdeh qızının xx.xx.2014-cü il tarixə xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə 114201.87 ABŞ dollar əsas, 51511,25 ABŞ dollar faiz, xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 14581,62 manat əsas, 7805,10 manat faiz borcu müəyyən edilir. Hazırki ekspertiza zamanı tərəflər arasında imzalanmış kredit xətti müqavilələri üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün müvafiq kredit müqavilələri üzrə Cavabdeh qızına cərimə borcu hesablanmadı. Həmçinin qeyd edilir ki, tərəflər arasında imzalanmış kredit xətti müqavilələrində kreditin hansı müddətə verilməsi öz əksini tapmadığından, yəni kreditlər üzrə öhdəliyin nə zaman bitməsi qeyd edilmədiyindən ekspert qarşısında qoyulmuş 1-ci cə 3-cü sualın cavablandırılması mümkün olmadı.”

36. Apellyasiya baxışı zamanı İddiaçı LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışlarında qeyd edilmişdir ki, xx.xx.2009-cu il tarixli şəxsi kredit kartlarının alınması və onlardan istifadə edilməsi haqqında müqavilənin müddətinin bitdiyi xx.xx.2013-cü il tarixə cavabdehin Banka 114201,87 ABŞ dollar əsas, 114828,67 ABŞ dollar faiz borcu, 40370 ABŞ dollar dəbbə pulu məbləğində borcu, həmçinin, xx.xx.2010-cu il tarixli plastik kartlar üzrə kredit xətti haqqında müqavilənin müddətinin bitdiyi xx.xx.2012-ci il tarixə 14581,62 manat əsas borc, 15878,92 manat faiz borcu, 4884 manat dəbbə pulu borcu yaranmışdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan əsas, faiz və cərimə borcunun, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə isə əsas və cərimə borcunun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissələrdə dəyişdirilməlidir.

38. Kollegiya hər iki müqavilə üzrə tələb edilən əsas borc ilə bağlı hesab edir ki, ekspert rəyində qeyd edilən məbləğlərə uyğun olaraq cavabdehdən xx.xx.2009-cu il tarixli müqavilə üzrə 114201,87 ABŞ dolları, xx.xx.2010-cu il tarixli müqavilə üzrə isə 14581,62 manat məbləğində əsas borc tutulmalıdır.

39. İş materiallarında olan xx.xx.2009-cu il tarixli şəxsi kredit kartlarının alınması və onlardan istifadə edilməsi haqqında müqavilənin 2.2.2-ci bəndində İddiaçı ASC-nin müəyyən olunmuş tariflərə əsasən borc yaranan tarixdən borcun ödəniş tarixinə qədər bu məbləğə cərimə faizi hesablamaq hüquqlarına malik olması qeyd edilmişdir.

40. Kollegiya qeyd edir ki, həmin müqavilədə kredit üzrə öhdəliyin nə zaman bitməsi qeyd edilməmiş, lakin iddiaçının xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, müddətin bitdiyi tarix xx.xx.2013-cü il göstərilmişdir. Maliyyə arayışında həmin tarixə 114828,67 ABŞ dolları faiz borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddia ərizəsində qeyd edilən xx.xx.2014-cü il tarixə olan ekspert rəyində müəyyən edilən 51511,25 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır.

41. xx.xx.2010-cu il tarixli plastik kartlar üzrə kredit xətti haqqında müqaviləsi üzrə tələb edilən xx.xx.2014-cü il tarixə ekspert rəyi ilə müəyyən edilən 7805,10 manat faiz borcu iddia ərizəsində qeyd edilən 7801 manatdan artıq olduğundan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 7801 manat məbləğində faiz borcunu tutmaqda haqlı olmuşdur.

42. Kollegiya xx.xx.2009-cu il tarixli və xx.xx.2010-cu il tarixli müqavilələr üzrə tələb edilən məhkəmə tərəfindən qismən təmin edilən cərimə (dəbbə) məbləğləri ilə bağlı isə qeyd edir ki, həmin məbləğlər yüksəkdir və ədalətli deyildir, ona görə işin hallarını nəzərə alaraq xx.xx.2009-cu il tarixli şəxsi kredit kartlarının alınması və onlardan istifadə edilməsi haqqında müqavilə üzrə 3000 ABŞ dolları, xx.xx.2010-cu il tarixli plastik kartlar üzrə kredit xətti haqqında müqavilə üzrə isə 500 manat cərimə (dəbbə) məbləğinin müəyyən edilməsini cavabdehin əmlak mənfeləri baxımından ədalətli hesab edir.

43. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır.

44. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab dir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən – iddianın qismən təmin edilən hissəsində dəyişdirilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixli, 2(009)- 2538/2014 saylı qətnaməsi - iddianın təmin edimiş Cavabdeh qızından 15 yanvar 2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə 114202 ABŞ dolları əsas borc, 51561 ABŞ dolları faiz borcu, 11000 ABŞ dolları cərimə borcu, cəmi 176763 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 03 dekabr 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 14582 manat əsas borc, 1400 manat dəbbə pulunun, cəmi 23783 manatın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh qızından 15 yanvar 2009-cu il tarixli kredit xətti müqaviləsi üzrə 114201,87 (yüz on dörd min iki yüz bir ABŞ dolları səksən yeddi sent) ABŞ dolları əsas, 51511,25 (əlli bir min beş yüz on bir ABŞ dolları iyirmi beş sent) ABŞ dolları faiz borcu, 3000 (üç min) ABŞ dolları cərimə, cəmi 168713,12 (yüz altmış səkkiz min yeddi yüz on üç ABŞ dolları on iki sent) ABŞ doları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 03 dekabr 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə 14581,62 (on dörd min beş yüz səksən bir manat altmış iki qəpik) manat əsas, 7801 (yeddi min səkkiz yüz bir) manat faiz borcu, 500 (beş yüz) manat dəbbə, cəmi 22882,62 (iyirmi iki min səkkiz yüz səksən iki manat altmış iki qəpik) manat pul tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar