Məhkəmə qərarları › İş №2(103)-4906/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4906/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4906/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli 1(098)-146/2018 saylı hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134, 150.2.1, 150.2.4, 150.2.5, 274, 329.3. 331.2, 331.3. 338.2 və 341.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, eyni zamanda gizir hərbi rütbəsindən məhrum edilmişdir.

2. 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev İddiaçı və digərlərinin məhkum olunmalarına dair cinayət işi üzrə yeni açılmış hallarla əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məhkəmə baxışının təqdim edilməsi haqqında 21 sentyabr 2018-ci il tarixli qərarı və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr 2018-ci il tarixli yekun qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışının təyin edilməsi haqqında yeni qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli hökmünə əsasən İddiaçı və digərlərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında hazırlıq iclasının 30 aprel 2018-ci il tarixli qərarına, Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli hökmünə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının apellyasiya şikayəti üzrə məlikəmə baxışının təyin edilməsi haqqında 21 sentyabr 2018-ci il tarixli qərarına, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 15 oktyabr 2018ci il tarixli yekun qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 aprel 2019-cu il tarixli qərarına yeni açılmış hallar üzrə baxılmasına dair Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən verilmiş ərizə təmin edilərək qeyd olunan qərarlar ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən ilkin baxışa təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və digərlərinin məhkum olunmalarına dair cinayət işi üzrə Tərtər Hərbi Məhkəməsinin 9 iyul 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 30 aprel 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Gəncə Hərbi Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı və digərlərinin təqsirləndirilmələrinə dair cinayət işinin icraatına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. İş 12 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilmiş, ibtidai istintaqın davam etdirilməsi İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, birgə istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Qasım Məmmədova tapşırıldığından həmin tarixdə onun icraatına qəbul olunmaqla istintaq aparılmışdır. Aparılmış istintaqın nəticəsində 06 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qərara əsasən tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, məhkəməyə verilməsi və məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilmişdir.

4. "xxxx" ASC-nin Qazax rayon filialından təqdim edilmiş çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək İddiaçı hesabına mədaxil edilən məbləğ 16 049.84 manat təşkil etmişdir. İddiaçı sonuncu aylıq əmək haqqı 2017-ci ilin may ayının 17-si ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 200.000 manat məbləğində kompensasiyanın və vurulmuş maddi ziyana görə isə 66.568.26 manat məbləğinin cavabdeh vasitəsilə dövlət büdcəsi vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 2010-2012-ci illər ərzində müddətli həqiqi hərbi xidmət keçmiş, xidmətdə olarkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidməti davam etdirmək qərarına gəldiyindən müddətli həqiqi hərbi xidməti bitirdikdən dərhal sonra gizir hazırlığı kursuna göndərilmişdir. Kursu uğurla bilirdikdən sonra gizir rütbəsində həqiqi hərbi xidmətini davam etdirmişdir. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olarkən heç bir əsas olmadan hazırda şərti adı "Tərtər işi” olan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Aparılmış istintaqın nəticəsində 06 dekabr 2022-ci il tarixdə cinayət işi üzrə icraata İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar qəbul edilmişdir.İddiaçı cinayət məsuliyyətinə cəlb edilərkən və barəsində həbs qətimkan tədbiri seçilərkən, yəni 2017-ci ilin may ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq gizir rütbəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirdi. O, cinayət məsuliyyətinə cəlb edilməzdən öncə sonuncu dəfə aylıq əmək haqqını 2017-ci ilin may ayında almışdır. "xxxx" ASC-nin Qazax rayon filialından təqdim edilmiş çıxarışdan görünür ki, onun həmin dövrdə orta aylıq əmək haqqı məbləği 976 manat təşkil etmişdir. İddiaçı cinayət məsuliyyətinə cəlb edildiyindən 2017-ci may ayından 2022-ci ilin dekabr ayına qədər, yəni 66 ay ərzində faktiki aylıq qazancından məhrum edilmişdir. Bu isə 64,416 manat edir (976x66=64.416). Qeyd edilənlərə əsasən, İddiaçı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş mənəvi zərərə görə 200000 manat, vurulmuş maddi ziyana görə isə 66.568.26 manat kompensasiyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının 2017-ci ilin ilk 5 ayında ümumi gəliri 5043.05 manat olmuşdur. Bu məbləğ 5 aya bölündükdə aylıq gəliri 1008.61 manat olmuşdur.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, dövlət büdcəsi vəsaiti hesabına İddiaçı vurulmuş mənəvi zərərə görə 66 000 manat, maddi ziyana görə 58 848.9 manat olmaqla, cəmi 124 848.9 manat ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı hərbi qulluqçu olaraq xüsusilə ağır cinayətlərdə ittiham olunmaqla bu ittihamlara görə təyin edilmiş uzunmüddətli azadlıqdan məhrum etmə cəzasını ağır şəraitdə çəkməsi, azadlığının əlindən alındığı 66 ay müddətində təkcə özünün deyil, həm də yaxın ailə üzvlərinin mənəvi iztirablar yaşaması, aldığı kəllə beyin travması səbəbindən şəxsiyyət pozuntusu, yaxınlarının mənəvi-psixoloji hallar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə 200 000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia qismən təmin edilməli, xx.xx.2017- ci il tarixdən xx.xx.2022-ci il tarixinədək həbsdə saxlanıldığı 05 il 06 ay 17 gün müddətinə iddiaçının xeyrinə ədalətli həddə - hər ayı üçün 1000 manat hesablanmaqla 66 000 manat tutulmalıdır. Digər tərəfdən, iddiaçı iddia edir ki, əsassız olaraq 400 manat məbləğində cərimə ödəmişdir. Lakin iddiaçı cərimənin ödənilməsi bərədə hər hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də İddiaçı iddia tələbi həmin hissədə təmin oluna bilməz. İddiaçının vurulmuş maddi ziyanla bağlı dəlillərinə münasibətdə qeyd edir, təqdim edilmiş sənədlərə əsasən İddiaçı azadlıqdan məhrum olmamışdan öncə ortalama 891.65 manat əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçı iş yerindən və aylıq stabil gəlirindən məhrum olmaqla həbsdə olduğu 66 ay müddət ərzində ona 58 848.9 manat (66x891.65) maddi ziyan dəymişdir. Odur ki, iddia bu hissədə də qismən təmin edilməlidir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100, 1101.1, 1101.2-ci maddəsi, Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci maddələri, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4,5,6,7,12-ci maddələri, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2137/2023 nömrəli, xx.xx.2023-cüil tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə istinad edərək iddiaçıya dəymiş zərərin dövlət büdcəsi hesabına ödənilməsi qərarına gəlmişdir. Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən isə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Məhkəmə iddiaçıya mənəvi zərərə görə 50.000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Fikrimizcə Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 66.000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. İddiaçıya dəymiş mənəvi ziyanla bağlı bu qədər yüksək məbləğdə kompensasiyanın müəyyən olunması, analoji məhkəmə işləri üzrə formalaşmış məhkəmə təcrübəsi baxımından da əsassızdır.Cavabdeh apellyasiya şikayətində qeyd etmişdi ki, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Lakin, bu qanunvericilik normasına zidd olaraq məhkəmə iddiaçıya dəymiş ziyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması qət etmişdir. İddiaçı tərəfindən iddia etdiyi maddi zərərlə bağlı xərclər barədə hər hansı təsdiqedici sənədlər, sübutlar təqdim edilməmişdir. Eyni zamanda, sözügedən məsələ əmək mübahisəsi olduğundan qeyd olunan məsələ işçi (hərbi qulluqçu) və işəgötürən (müvafiq hərbi hissə) arasında tənzimlənməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s.) konkret növləri göstərilmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s.) konkret növləri göstərilmişdir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1101-ci maddəsinə görə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətiimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Birinci instansiya məhkəməsində bu hal tam şəkildə araşdırılmış, cavabdeh tərəfin Maliyyə Nazirlyi olduğu məhkəmə tərəfindən təsdiq edilmişdir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsi hüququnun olması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 68-cı maddəsindən, İnsan hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 5-ci maddəsindən, Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra AİHM) qərarlarından, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 36-cı maddəsindən, V fəslindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 1101-ci maddəsindən, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunundan, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum qərarlarından, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin 06 dekabr 2022-ci il tarixli qərarından irəli gəlir. Maliyyə Nazirliyi təyin edilmiş kompensasiyanın şişirdilmiş məbləğ olduğunu qeyd edir, halbuki 66 ay müddətində iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, ailəmdən, yaxınlarımdan uzaq düşmüşdür. Heç bir əsas olmadan hazırda “Tərtər işi” kimi tanınan və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən istintaqı təzələnərək aparılan iş çərçivəsində qanunsuz azadlıqdan məhrum etməyə, sorğu-suala və fiziki və psixoloji zorakılığa məruz qalmışdır. Bunun müqabilində ona ödənilməsi nəzərdə tutulan 66 min manat nəinki şişirdilmə əksinə daha az məbləğdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 367-ci maddəsinə əsasən cavabdeh Maliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Proses iştirakçılarının izahatı

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası onların üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 68. İİİ bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

16. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, iddiaçı onun əsassız olaraq 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və gizir hərbi rütbəsindən məhrum edilməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir.

24. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsaslı olması və xeyrinə maddi ziyanın tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən İddiaçı təqsirləndirildiyi maddələr üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata hissəvi xitam verilmiş, o, dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. İddiaçıya bununla bağlı həm mənəvi, həmçinin işsiz qaldığı dövr ərzində hər ay aldığı əmək haqqı miqdarında maddi ziyan vurulmuşdur.

25. Belə olan halda müəyyən edilir ki, iddiaçının təqsirsizliyi sübuta yetirilmiş və o qanunsuz həbsdə saxlanıldığı dövrdən işə bərpa edildiyi dövrə kimi maddi itkilərə məruz qalmışdır.

26. İş materiallarında olan "xxxx" ASC vasitəsilə edilmiş çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək İddiaçı hesabına mədaxil edilən məbləğ 16 049.84 manat təşkil etmişdir. İddiaçının orta aylıq əmək haqqı məbləği 891.65 manat manat təşkil etmişdir. Beləliklə, iddiaçı iş yerindən və aylıq stabil gəlirindən məhrum olmaqla həbsdə olduğu 66 ay müddət ərzində ona 58 848.9 manat (66x891.65) maddi ziyan dəymişdir.

27. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı Tərtər Hərbi Məhkəməsinin 09 iyul 2018-ci il tarixli, 1(098)-146/2018 saylı hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edildiyi üçün ona vurulmuş maddi və mənəvi ziyan Maliyyə Nazirliyindən deyil, ziyan vurulmasına səbəb ola dövlət orqanı tərəfindən tutulmalıdır.

28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya suiistifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilir.

29. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin İ bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

30. Göründüyü kimi, Maliyyə Nazirliyi dövlətin maliyyə siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğu üçün məhkəmənin hökmünə əsasən iddiaçıya vurulmuş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

31. Cavabdeh apellyasiya şikayətinin digər dəlili olaraq mənəvi ziyanın ödənilməsi ilə bağlı tutulan məbləğin əsassız olaraq şişirdilməsini qeyd etsə, şikayətin dəlilinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir.

32. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

33. Həmin Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

34. İşin hallarından və qanunvericiliyin, o cümlədən mövcud məhkəmə praktikasına dair Ali Məhkəmənin Plenumunun qərarında göstərilən müddəalarından belə nəticəyə gəlmək olur ki, iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilməsi də qanuni və əsaslı olmuşdur.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2137/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar