Məhkəmə qərarları › İş №2(103)-4908/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4908/2020

17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4908/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-338/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “Volksvagen Polo” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan 815 manat, dövlət rüsumu üçün ödədiyi 30,40 manat və mənəvi ziyana görə 5000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 2018-ci il tarixdə saat 11-12 radələrində Əbdüləziz Dəmirçizadə küçəsindən Təbriz küçəsinin kəsişmə hissəsinə doğru özünə məxsus olan idarə etdiyi “Volksvagen Polo” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, “Toyota Avalon” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin yol ilə arxa-arxaya gələrək, onun avtomobilinin sağ qanadını, ön buferini və ön işığını vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verdikdən sonra hadisə ilə bağlı icbari sığorta bürosuna və 102 xidmətinə zəng vurmaq istəsə də, digər avtomobilin sürücüsü orada yerləşən 77 nömrəli orta məktəbə bir xanımla gəldiyini, oradan uşaqları götürəcəyini bildirərək yol polisi və sığorta çağırmamağı xahiş etdi. Elə həmin dəqiqələrdə bir xanım da yaxınlaşaraq telefon nömrələrini verməklə narahat olmamağı, sürücüyə onu evə aparıb qayıtmağa icazə verməyi xahiş etdi. Hər bir azərbaycanlı kimi o, da milli mentalitet və dəyərlərinə uyğun olaraq, xanıma, uşaqlara xatir onlara getməyə icazə verdi və özü də getdi. Sonradan ona zəng edərək onu Şərq bazarı yaxınlığında avtodayanacağa çağırdılar, orada görüşdü və ustaları maşına baxdı, düzəldəcəyini bildirdi. Lakin, maşınını normal təmir etdirmək əvəzinə, bu işi yaxşı bacarmayan ustaya göstərdi və o da kleylə yapışdırıb hər şeyi düzəldəcəyini dedi. O, bununla razılaşmadıqda isə, sürücü ona bildirdi ki, heç bir icbari sığortası yoxdur və DYPyə şikayət edəcəyi təqdirdə deyəcək ki, güya o, onu arxadan vurmuşdur. Həqiqətən də icbari sığorta bürosunun saytında yoxlamaya verdi və gördü ki, avtomobilin icbari sığortası yoxdur. Onun əlində avtomobilindəki videoregistrator qurğusunun çəkilişi var idi və bununla DYP-yə şikayət etmək məcburiyyətində qaldı. Beləliklə, müraciəti əsasında, həmin şəxsin “Toyota Avalon” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi və ya sürücüsü müəyyən edilərək, qanuna müvafıq surətdə həm icbari sığorta olmamağa görə və həm də yol nəqliyyat hadisəsi yerindən yayınmağa görə inzibati məsuliyyətə cəlb edildilər. Bütün bunlardan göründüyü kimi, cavabdehlər ona maddi və mənəvi ziyan vurublar. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-338/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 785 (yeddi yüz səksən beş) manat pulun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 120 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin həmin hissədə tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, həmçinin digər cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş tərəfə münasibətdə və eyni zamanda onun mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Cavabdehlər şikayət vermədiklərindən qətnamə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya cavabdehin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİDYPİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolun və qərarın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli qərarla Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, “Toyota Avalon” markalı ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2018-ci il tarixdən Cavabdeh2 adına qeydiyyatdadır, etibarnamə ilə isə Cavabdeh1 idarə edir. İş materiallarında olan, “Euro Style” LTD tərəfindən xx xxxxxx 2018-ci tarixində verilmiş qüsur aktından müəyyən edilir ki, “Volksvagen Polo” markalı ** HJ *** dövlət nömrə nişanlı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi və təmir işlərinin görülməsi üçün hesablanmış yekun məbləğ 815 manat təşkil etmişdir. İş materiallarında olan “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən müəyyən edilir ki, “Volksvagen Polo” markalı ** HJ *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yüksək təhlükə mənbəyi olan “Toyota Avalon” markalı avtomobilin vurduğu zərərin əvəzini ödəmək vəzifəsini həm həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarla sübuta yetirilən Cavabdeh1 üzərinə qoymuşdur. Yuxarıda qeyd edildiyi kimi qətnamənin bu hissəsi hazırki apellyasiya baxışının çərçivəsində yoxlanılmır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və X1 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya qeyd edir ki, mənəvi zərərin hansı dərəcədə olduğunu və onun qarşılığında zərərin əvəzi kimi kompensasiyanın ödənilməsini qanunvericilik işə baxan məhkəmənin mülahizəsinə və daxili inamına həvalə etmişdir. Lakin hər bir halda nəzərə alınmalıdır ki, mənəvi zərərin məbləği işin halları baxımından ağlabatan və ədalətli olmalıdır. Kollegiya cavabdehin hərəkətlərinin pozuntu kimi tanınaraq ondan iddiaçının xeyrinə maddi ziyanın tutulmasını ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə birinci instansiya məhkəməsinin iddianın təmin etməməsini əsaslı hesab etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Мəhkəməsinin 2(006)-338/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar