Məhkəmə qərarları › İş №2(103)-4909/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4909/2022

19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4909/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 firmasının etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 firmasına və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 firması və Cavabdeh2 müştərək qaydada 32076 (24.3*1320=32076) manat pulun, mənəvi ziyana görə 3000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə 74 nömrəli müqavilə əsasında "xxxx" firmasının ünvan 1 ünvanda inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlı mənzili bir kv.m 1.320 manat olmaqla 141.636 manat məbləğində pulu tam həcmdə ödəməklə həmin mənzili almışdır. Mənzilin qiymətini tam həcmdə ödəməsi ilə əlaqədar ona "xxxx" firması və onun direktoru tərəfindən maliyyə arayışı verilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən aldığı mənzilə verilmiş çıxarışdan müəyyən olunur ki, cavabdehlər tərəfindən ona 107.3 kv.m adı ilə satılmış mənzil yalnız 90 kv.m-dən ibarətdir və faktiki sahə isə 83 kv.m-dir. Cavabdehlər tərəfindən ödədiyi pulun müqabilində 24.3. kv.m az verilmişdir. Cavabdehdən bu pulu dəfələrlə tələb etsə də, pulu verməmişdir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 firmasına və Cavabdeh2 qarşı “pul və mənəvi ziyan tələbinə dair” iddia tələbinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin İddiaçı tutularaq, 100 (bir yüz) manat məbləğində pulun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsi birbaşa mülkiyyət hüquqlarının kobud pozuntusudur. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən aldığı mənzilə verilmiş çıxarışdan müəyyən olunur ki, cavabdehlər tərəfindən ona 107.3 kv.m adı ilə satılmış mənzil yalnız 90 kv.m-dən ibarətdir və faktiki sahə isə 83 kv.m-dir. Cavabdehlər tərəfindən ödədiyi pulun müqabilində 24.3. kv.m az verilmişdir. Cavabdehdən bu pulu dəfələrlə tələb etsə də, pulu verməmişdir. Məhkəmə tərəfindən təqdim edilmiş heç bir sübutu düzgün araşdırmamış və qiymətləndirməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 121/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh1 firmasının nümayəndəsi və vəkili Vəkil2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh1 firmasının nümayəndəsi və vəkili Vəkil2in çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, İddiaçı ilə "xxxx" Firması arasında bağlanmış 74 saylı, 05 aprel 2017-ci il tarixli “Yaşayış sahəsi üçün” Müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanda inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlı mənzili Cavabdeh1 firmasından bir kv.m 1.320 manat olmaqla 141.636 manata alır. Müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər razılaşırlar ki, mənzil onun yerləşdiyi binanın tikintisi tam başa çatdırıldıqdan sonra “Sifarişçiyə” veriləcəkdir. Müqavilənin 2.11-ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin ümumi sahəsi bayır divarlarının eninin tən yarısından başlayaraq otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yınaq yeri), habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi daxil olmaqla hesablanır. Ara divarlar və sütunların yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə daxildir. Müqavilənin 5.1ci bəndinə əsasən Bu müqavilə İmzalandığı taxirdən qüvvəyə minir və müqavilənin ləğvi halları istisna olmaqla, onun bütün şərtləri yerinə yetirilənədək qüvvədədir.(İ.vər. 9 - 11) İş materiallarında olan, Cavabdeh1 Firması tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 01 nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, ünvan 1 ünvanında Cavabdeh1 firması tərəfindən inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun borcu qalmamışdır.(İ.vər. 12) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən binanın 1-ci girişində yerləşən ümumi sahəsi 90 m² olan 18C saylı evin, 28 saylı mənzili tam paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** saylı qeydiyyat nömrəsi ilə 17 yanvar 2020-ci il tarixdə qeydiyyata alınmışdır.(İ.vər. 17) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Texniki Pasportun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlıdır və yaşayış sahəsi 47.6 m² olmaqla ümumi sahəsi 90 m²-dir.(İ.vər. 18 - 19) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/4003 saylı, 10 sentyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, TuracA.F.” firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 74 №-li müqaviləyə əsasən ünvan 2 ünvanında inşa edilən yeni binada İddiaçı verilmiş mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla 87,72 m2 təşkil edir. Qərardadın birinci sualının ikinci və üçüncü hissələri ilə bağlı qeyd olunur ki, mülki iş materiallarında İddiaçı məxsus mənzilin ilkin vəzyyətinə dair layihə-eskiz sənədləri olmadığından bu sual üzrə tədqiqat aparılmadı. 2-ci sual üzrə ünvan 3 ünvanında inşa edilən 16 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, İddiaçı verilmiş 28 saylı 2 otaqlı mənzil ilə həmin binanın eynilik təşkil edən digər mənzillər təmirli olmaqla yaşayış olduğu nəzərə alınaraq, bu sual üzrə tədqiqat aparılması mümkün olmadı. 3-cü sual üzrə ünvan 4 ünvanında inşa edilmiş 16 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, 28 saylı, 2 otaqlı mənzilinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 17.01 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilərkən mənzilin sahəsinin ölçülməsi qaydası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2. 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına uyğun aparıldığı, “Turac- A.F.” firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 74 saylı müqaviləyə əsasən mənzil verilərkən ölçülər faktiki sahəyə uyğun (arakəsmələr, divar və s sahə çıxılmaqla) aparılmadığı müəyyən olunmuşdur. Mülki iş materiallarında Cavabdeh1 firması ilə X2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 74 saylı müqaviləyə əsasən mənzil verilərkən ölçülərin hansı qaydaya əsasən aparıldığına dair məlumat olmadığından qərardadın üçüncü sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. 4-cü sual üzrə Cavabdeh1 firmasının mütəxəssisləri tərəfindən aparılmış ölçü işlərinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun ölçülmədiyi, lakin DƏDRX-nin mütəxəssisləri tərəfindən mübahisəli mənzilin sahəsi qanunvericiliyin tələblərinə uyğun ölçüldüyü müəyyən edilmişdir. 5-ci sual üzrə iş materiallarında və Cavabdeh1 firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 74 saylı müqavilədə sözügedən mənzilin sahəsinin hansı qaydada ölçülməsinə dair məlumat olmadığından qərardadla qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmadı.(İ.vər. 53 - 55) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/210 saylı, 01 fevral 2022-ci il tarixli ekspert rəyindən görünür ki, 1-ci sual üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 firması ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 74 saylı müqaviləyə əsasən Bakı şəhəri, Y.V.Çəmənzəminli 18 küçəsində, 16 mərtəbəli, 2 bloklu binanın 1-ci blokunun, 8-ci mərtəbəsində yerləşən, 28 saylı, 2 otaqlı mənzilin ümumi sahəsi bayır divarların tən yarısından başlayaraq otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri), eyvanların, şüşəbənd ərin sahəsi də daxil olmaqla, ara divarlar və sütunlar da hesablanmaqla faktiki olaraq 107,3 m2 təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə Bakı şəhəri, Y.V.Çəmənzəminli 18 ünvanında Cavabdeh1 firması tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən İddiaçı məxsus 28 saylı mənzildə hər hansı təmir işləri aparılmadığı müəyyən edilmişdir.(İ.vər. 153 - 154) İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin 335 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamınin surətindən görünür ki, Cavabdeh1 firmasının xx.xx.2017-ci il tarixli 39 saylı müraciəti nəzərə alınaraq ünvan 6 ünvanda Cavabdeh1 firmasının sifarişi ilə inşa olunmuş və tikintisi başa çatmış 16 mərtəbəli mansarda 2 girişli yaşayış binasının (1-ci və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi və 2 mərtəbəli qeyri-yaşayış binasının ümumi zirzəmi mərtəbəsi və həyətin altı avtodayanacaq) istismarına icazə verilməsi və “Tikinti obyektinin istismarına icazənin vahid formasının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədinin hazırlanması qərara alınmışdır.(İ.vər. 74) İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyətinin 0115 saylı, xx.xx.2017-ci il tarixli “Tikinti obyektinin istismarına İcazə sənədinin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 335 nömrəli Sərəncamına əsasən ünvan 6 yaşayış və qeyriyaşayış binalarının ümumi sahəsi layihə üzrə 28979,64 kv.m faktiki 28979,64 kv.m olan tikililər istismara qəbul edilmişdir.(İ.vər. 73) İş materiallarında olan, iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 firmasına qarşı qaldırılmış iddia tələbinə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur.(İ.vər. 75 - 77) Birinci instansiya məhkənəsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Firması ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 74 saylı müqavilə imzalanmış və İddiaçı firmadan ünvan 1 ünvanda inşa edilən 2 bloklu, 16 mərtəbəli binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 107.3 kv.m olan 28 saylı 2 otaqlı mənzili bir kv.m 1320 manat olmaqla 141.636 manata almış və dəyərini ödəmişdir. İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mübahisəli əmlakın Çıxarışda qeyd olunan sahəsi ilə xx.xx.2017-ci il tarixli 74 saylı müqavilədə qeyd olunan sahə uyğunluq təşkil etməmişdir. Bu səbəbdən də, İddiaçı əskik olan sahənin dəyərinin və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkənəsi həmçinin müəyyən edilmişdir ki, mübahisə predmetini təşkil edən hal iddiaçıya xx.xx.2017-ci il tarixdə 74 nömrəli müqavilə üzrə satılmış əmlakın ümumi sahəsinin əskik olmasıdır. Cavabdeh qeyd olunan tələbə münasibətdə tərəflər arasında bağlanmış və razılaşdırılmış müqavilə şərtlərindən çıxış edərək iddiaçı tərəfindən aparılmış hesab-ölçmə qaydasının müqaviləyə ziddi müəyyən edilməsini göstərmişdir. Bununla əlaqədar olaraq məhkəmə araşdırması zamanı mübahisə predmeti olan mənzilin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun ölçmə hesablama işlərinin aparılması məqsədilə məhkəmə ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertiza keçirildikdən sonra verilmiş xx.xx.2022-ci il tarixli 10/210 nömrəli ekspert rəyində mübahisə predmeti olan mənzilin ümumi sahəsi 107,3 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa sözügedən rəydə Bakı şəhəri, Y.V.Çəmənzəminli 18 ünvanında Cavabdeh1 firması tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən İddiaçı məxsus 28 saylı mənzildə hər hansı təmir işləri aparılmadığı göstərilmişdir. Ekspert rəyindəndə müəyyən olunduğu kimi hazırda iddiaçının mülkiyyətində olan mənzilin tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş ümumi sahəsi, yenədə həmin müqavilənin 2.11-ci bəndində razılaşdırılmış ölçmə hesablama qaydasına uyğundur. Birinci instansiya məhkənəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 385.1, 386.1, 398.1 və 399.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, qanunverici qeyd olunan maddi hüquq normalarının imperativ tələbləri üzrə tərəflər arasında yaranan münasibətlərin əsas meyyarlarını müəyyən etməklə, yaranmış mübahisələrin həlli zamanı bu meyyarlar əsasında həlli yolunu təsdiq edir. Hazırda yaranmış mübahisə üzrə tərəflərin münasibətləri onlar arasında bağlanmış müqavilə ilə tənzimləndiyindən yaranmış mübahisənin həlli üçün əsas olan normalar qanunvericliyə zidd olmayan həmin müqavilənin bəndləri hesab edilməlidir. Hazırda tərəflər arasında qeyd olunan müqavilənin bağlanması və bağlandığı tarixdə icra olunduğu tarixədək qüvvədə olması işin mübahisəsiz halıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında hazırda yaranmış mübahisənin araşdırlması zamanı qeyd olunan müqavilənin şərtləri üzrə təşkil olunması qüvvədə olan maddi hüquq normalarını imperativ tələblərinə uyğundur. Aparılmış məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müqavilənin şərtləri üzrə hər-hansı pozuntu müəyyən olunmamışdır. Belə olan halda iddia tələbinin müqavilə üzrə cavabdehin öhdəliklərini tam yerinə yetirməməsi hissəsində əsassızdır. Birinci instansiya məhkəməsi işdə olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, aparılmış məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müqavilənin şərtləri üzrə hər-hansı pozuntu müəyyən olunmamışdır. Belə olan halda iddia tələbinin müqavilə üzrə cavabdehin öhdəliklərini tam yerinə yetirməməsi hissəsində əsassızdır. Birinci instansiya məhkəməsi eyni zamanda iddiaçı tərəfindən cavabdehdən mənəvi ziyan 3000 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbinin mənəvi ziyanla bağlı hissəsinin irəli sürülməsinə səbəb tələbin birinci hissəsi təşkil edir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçıya zərərin vurulmasının sübut olunmadığını və iddiaçı tərəfindən bu halı təkzib edəcək sübutlar məhkəməyə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, vurulmuş mənəvi zərərə görə irəli sürülümüş tələbdə əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Mcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdimüəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda qeyd olunan hüquq normalarını əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı şəxsin təqdim etdiyi müvafiq sübutlar məhkəmə kollegiyası tərəfindən araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Kollegiya toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarını təhlil edərək hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Belə ki, İddiaçı apelyasiya şikayətində ona satılan mənzili alarkən 74 saylı, 05 aprel 2017-ci il tarixli “Yaşayış sahəsi üçün” müqavilədə göstərilən sahəni nəzərə alıb həmin pulu cavabdehə ödədiyini, lakin ona həmin sahədən az sahəli mənzil verildiyini göstərsə də, bu barədə mötəbər sübutları nə birinci inistansiya məhkəməsinə nədə ki, apelyasiya inistansiya məhkəməsinə təqdim etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 74 saylı, 05 aprel 2017-ci il tarixli “Yaşayış sahəsi üçün” Müqavilənin 2.11-ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin ümumi sahəsi bayır divarlarının eninin tən yarısından başlayaraq otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yınaq yeri), habelə eyvanların, şüşəbəndlərin və terrasların sahəsi daxil olmaqla hesablanır. Ara divarlar və sütunların yerləşdiyi sahələr mənzilin ümumi sahəsinə daxildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı apelyasiya şikayətinin dəlilləri onun iddia ərizəsində qeyd etdikləri tələbləri ilə eynilik təşkil etdiyindən və birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərə ətraflı qiymət verildiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından həmin dəlillərə yenidən eyni əsaslarla hüquqi qiymət verilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2022 saylı, 22 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-121/2022 saylı, 22 aprel 2022-ci i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar