Məhkəmə qərarları › İş №2(103)-491/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-491/2023

21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-491/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 və Azərbaycan Respublikası FHN-nin Tikintidə X3 Agentliyi cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-491/2023 (Açar sözlər: tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümyəndəsi-vəkili Vəkil1, cavabdehin nümyəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası FHN-nin Tikintidə X3 Agentliyi cəlb edilməklə) “tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-36/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 21 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Çəmənzəminli küçəsindəki 58 №-li 1 mərtəbəli evin, 1-ci mərtəbəsində özbaşına tikilidə İddiaçı ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlkaın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, ev 62 tam mülkiyyət hüququ üzrə Cavabdeh adına hüquqi rəsmiləşdirilmişdir.

2. Bakı şəhəri, Nərimanov rayonu, X7 ev 62 ünvanında Cavabdeh məxsus fərdi yaşayış sahəsində evin divarına tam bitişik 6 metr hündürlüyündə hasar və 4 mərtəbəli tikili ucaldılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası FHN-nin Tikintidə X3 Agentliyi cəlb edilməklə) “tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı evin və hasarın sökülməsi, tikinti zamanı dəymiş maddi və mənəvi ziyanın (30.000 manat maddi və 50.000 manat mənəvi ziyanın ümumilikdə 80.000 manat) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi-vəkili iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 62 saylı evin və həmin evin hasarının sökülməsi, tikinti zamanı ona dəymiş 75.000 manat maddi və 80.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə 50 ildən çoxdur ki, X8 ev 58 ünvanın yaşayır. Özü ağır şəkər xəstəliyindən əziyyət çəkir, yoldaşı ağır çəkidən əziyyət çəkir güclə gəzir qızı eplepsiya xəstəsidir. Körpə nəvəsi evdəki nəmişlikdən allergiya tapıb. Öz problemləri yetərli qədər olmasına baxmayaraq, qonşu tərəfindən evə ciddi ziyan dəymişdir. Buna səbəb X8 ev 62 ünvanında Cavabdeh məxsus fərdi yaşayış sahəsində evin divarına tam bitişik 6 metr hündürlüyündə hasar və bitişik şəkildə tikinti normalarını pozaraq 4 mərtəbəli tikili ucaldılmışdır. Bununla da Azərbaycan Respublikası Şəhərsalma və tikinti məcəlləsinin 3.0.33- cü, 73-cü və Azərbaycan Respublikasının digər qanunvericilik normalarının tələbləri pozmaqla yanaşı tikinti evini qəzalı vəziyyətə salıb. Evin divarlarında, tavanında təhlükəli çatlar əmələ gəlib, divarlar 2- 3 yerdən tam və qismən aralanıb. Damın digər qonşu divardan aralanması ehtimal edilir, çünki evə yağış suları daxil olmağa başlayıb. Nəmişlik iyindən evdə durmaq olmur. Bununlada acınacaqlı vəziyyətə yaranmışdır. Hasarı ucaldarkən onların damınının şiferlərini qırıblar ki hasarları düz ucalsın. Həyəti və onun divarlarını bərbad hala salıblar. Tikinti zamanı həyətinə müxtəlif cür tikinti materialları düşüb. Xoşbəxtlikdən xəsarət alan olmamışdır. O, dəfələrlə onlara müraciət etsə də müxtəlif vədlər verib (gözləyin tikinti bitsin evinizi təmir edəcəyik ya bəlkə sizin ərazini də alacayıq) vaxtı uzadırdılar. Neçə dəfələr evin sahibi ilə əlaqə qurmaq istəsə də evin əsil sahibinin çox böyük bir vəzifəli şəxs olduğunu deyərək məsələni ört basdır etməyə çalışmışlar.O, onların yalançı vədi ilə tikinti müddəti verdikleri mənəvi və maddi əziyyətlərə dözürdü ki sonda evini bərpa edəcəklər. Tikinti yay aylarına düşdüyü üçün evi hər gün tozun içində olurdu o, insanlıq edərək dözmüşdür. Lakin sonda isə tikintiyə kuratorluq edən Ələsgər adlı şəxs onlara cox az miqdarda pul təklifi etmişdir. Onların razılaşmadığını görüb onlara gedin hara müraciət edirsiz edin bizə heç kim heç nə edə bilməz demişdir. Bir gün istənilən yüngül təkan nəticəsində ev uça bilər, ölüm - itim olsa kim buna cavabdehlik daşıyacaq. Evin bu hala düşməsi onun və onunla birlikdə yaşayan ailə üzvlərinin, yenicə dünyaya göz açmış körpə nəvəsinin həyatına təhlükə yaradır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-36/2022 saylı, 27 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin olunması, Cavabdeh 24.440 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul Cavabdeh tutulması və Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət etmişdir.

7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.4, 180.1. 180.2, 180.3, 180.4, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1-ci maddələrinə, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10, 25-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətlərinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılması xahiş

9. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmənin qət etdiyi məbləğ zədələrin aradan qaldırılması üçün qəti şəkildə bəs etmir və bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəviz ziyanla bağlı məhkəməyə təqdim edilmiş sənədlərə məhkəmə münasibət bildirməmiş, mənəvi sarsıntı ilə bağlı keçirilmiş istirablara qiymət verilməmişdir.

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini bir sıra dəlillərlə yanaşı əsas olaraq onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəyləri düzgün verilməmişdir. Belə ki, birinici instansiya məhkəməsi iddiaçıya məxsus özbaşına tikilinin divarlarında yaranmış çatların cavabdeh tərəfindən tikinti işlərinə başlanandan sonra, yoxsa bundan daha əvvəl yaranmış olduğunu müəyyən etməmişdir. Halbuki, bu, iddiaçının evinin divarlarında yaranmış çatlar səbəbindən iddiaçıya dəymiş ziyanın həqiqətən cavabdeh tərəfindən vurulduğunun, yaxud da cavabdehə qədər həmin çatların mövcud olduğunun, bununla da həmin çatların əmələ gəlməsi ilə cavabdehin heç bir əlaqəsinin olmadığının və iddiaçıya vurulmuş zərərlə cavabdehin hərəkət və ya hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqənin olmadığının müəyyən edilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edan faktiki haldır.

c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

13. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

14. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. 15 İş üzrə üçüncü şəxslərə (X9 və Azərbaycan Respublikası FHN-nin Tikintidə X3 Agentliyi) hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun üçüncü şəxs və nümayəndə məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.

22. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

23. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli 10/2585 saylı ekspert rəyinə əsasən, qərardadın birinci, üçüncü və dördüncü sualları üzrə: ünvan 2 ünvanda yerləşən yaşayış evinin otaqlqrında daxili və xarici divarların üzərində şaquli və üfüqi istiqamətlərdə iri həcmli çatlar əmələ gəldiyi, otaqlar arası arakəsmə divarda ikitərəfli keçici çatlar yarandığı, divarların tavanla və divarla birləşmə yerlərinin aralandığı, suvaq və boya qatının çatladığı, divarların və tavanın üzərində sarımtıl su sızma ləkələri yarandığı, divar kağızlarının qopduğu, cırıldığı, pəncərə və qapı boşluqlarının ətrafında çatlar əmələ gəldiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, mülki iş materiallarındakı və eləcə də baxış zamanı müəyyən edilmiş məlumatlara əsasən, cavabdehə məxsus 62 saylı yaşayış evinin 58 saylı yaşayış evinə bitişik sahədə inşa edildiyini nəzərə aldıqda, 58 saylı yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə yaranmış qüsurların 62 saylı yaşayış evinin inşası ilə əlaqədar aparılmış söküntü, qazıntı (özül çalasının qazılması) və tikinti-quraşdırma işləri nəticəsində yaranan silkələnmələrdən əmələ gəlməyə xarakterik olduğu müəyyən edilir. Lakin 62 saylı yaşayış evi üzrə tikinti quraşdırma işləri tam başa çatdığından və həmin evə baxış keçirilməsi mümkün olmadığından, 58 saylı yaşayış evindəki zədələrin əmələ gəlməsinin konkret səbəbi, 62 saylı evin inşası ilə əlaqədar olubolmaması, həmçinin 58 saylı evə dəymiş ziyanın həcmi, hər iki yaşayış evləri üzrə müvafiq təşkilatlar tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, ayrı-ayrı kohstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. İkinci sual üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı fərdi yaşayış evinin inşası ilə əlaqədar müvafiq layihə və icazə sənədləri mülki iş materiallarına əlavə edilmədiyindən və 62 saylı fərdi yaşayış evinə baxış keçirilməsi mümkün olmadığından, həmin ev üzrə söküntü və tikintiquraşdırma işlərinin tikinti norma və qaydalarına uyğun aparılıb aparılmadığını müəyyən etmək olmadı.

33. X1 26 aprel 2021-ci il tarixli №106 saylı rəyinə əsasən, birinci sual üzrə rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən, X6 yaşadığı ev ilə qonşuluqda yerləşən yeni inşa olunmuş 4 mərtəbəli fərdi yaşayış evi arasındakı məsafənin və qonşunun daş hasarının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1. və 73.1. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir. İkinci sual üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən baxış zamanı aşkar faktiki vəziyyəti nəzərə alaraq, X6 yaşadığı evin ayrı-ayrı konstruktiv elementləri üzərində qüsurların (çat, çökmə və s.) yaranma səbəbinin, qonşuluqda yerəşən yeni 4 mərtəbəli fərdi yaşayış evinin inşası ilə əlaqəli olduğu müəyyən edilir.

34. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2022-ci il tarixli 10/5954 saylı ekspert rəyinə əsasən qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərinşaatlayihə" DBLKTİ-nin mütəxəssis rəyinə əsasən, Y.V.Çəmənzəminii küçəsi, 62 saylı ünvandakı fərdi yaşayış evi sökülərkən yeni tikilən 4 mərtəbəli yaşayış evinin tikintisi üçün qazılan çalada hərəkət edən maşın və mexanizmiərin təsirindən yeraltı və yerüstü hissələrin tikintisi zamanı yaranan titrəyişlər nəticəsində, habelə, 1 və 4 mərtəbəli evlərin özülləri müxtəlif dərinliklərdə olduğundan 58 saylı birmərtəbəli zirzəmisiz yaşayış evinin yükdaşıyan konustruksiyalarında (özül, divar, örtük və döşəmələrdə) çatlar, aralanmalar əmələ gəlməsi mümkündür. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, 62 saylı ünvanda fərdi birmərtəbəli yaşayış evi üzrə sökülmüş və yerində 4 mərtəbəli bina tikilmişdir İddiaçı məxsus ev ilə qonşuluqda yeni inşa olunmuş 4 mərtəbəli bina arasındakı məsafə 1 metrə yaxındır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu (yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) və 73-cü (hasarların tikintisinə dair tələbat) maddələrinə əsasən: - 4 mərtəbəli yaşayış evinin hündürlüyünün 15.0 metr olduğunu nəzərə alaraq qonşuluqdakı birmərtəbəli evin hasarı arasında məsafə 15x0,3=4,5 metr tələb olunduğu halda yerində 1 metrə yaxındır; -73.1.bəndi. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən müəyyən hallar istisna olmaqla hasarların hündürlüyü 2,20 metrdən çox olmamalıdır. Yerində isə hasarın hündürlüyü 4,5 metrdir; Yuxarıdakıları nəzərə alaraq Tikinti Məcəlləsinin 69.1. və 73.1 bəndlərinin tələbləri pozulmuş hesab edilir. Qərardadın üçüncü sualı üzrə: mütəxəssis rəyinə əsasən, ünvan 4 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində konstruktiv elementlərin zədələnməsi, xarici və daxili yükdaşıyan divarlarda, arakəsmələrdə tavanlarda yaranan çatların, döşəmənin bəzi yerlərdə aşağıya doğru çökməsi, qazıntı, həmçinin tikinti işləri nəticəsində yaranan zərbə və titrəyişlər səbəbindən əmələ gəlməsi mümkün hesab edilir. Qərardadın dördüncü suali üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminii küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində dəymiş ziyanın aradan qaldırılması üçün qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 24440,0 manat məbləğində müəyyən olunur.

35. Apellyasiya instansiya məhkəməsində işin obyektiv həlli məqsədilə məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli 10/7901 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində mövcud olan çatların hansı dövrü təsadüf etməsinə dair hər hansı bir məlumat olmadığından bu sual üzrə tədqiqat aparılmadı. ünvan 5 ünvanında İddiaçı məxsus fərdi yaşayış evində konstruktiv elementlərin zədələnməsi, xarici və daxili yükdaşıyan divarlarda, arakəsmələrdə tavanlarda yaranan çatların, döşəmənin bəzi yerlərdə aşağıya doğru çökməsi, qazıntı, həmçinin tikinti işləri nəticəsində yaranan zərbə və titrəyişlər səbəbindən əmələ gəlməsi mümkün hesab edilir. Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 58 saylı fərdi yaşayış evində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 24440,0 manat məbləğində müəyyən olunur.

36. Həm birinci instansiyada, həm də apellyasiya instansiya məhkəməsində araşdırma zamanı iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, ziyanın məbləği, həmin maddi ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu iş üzrə təyin ediliş ekspert rəyləri ilə sübut olunur.

37. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının cavabdehə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi, 62 saylı evin və hasarın sökülməsini hissəsində tələbi əsassız hesab etməkdə haqlı olmuşdur.

38. Belə ki, iddiaçı belə bir iddianı qaldırmaqda haqlı olmamışdır. Həmin evə dair cavabdehin mülkiyyət hüquqları reyestrdə rəsmiləşdirilmiş və qanuna müvafiq qaydada cavabdehə çıxarış verilmişdir. Hazırda həmin çıxarışın verilməsinə əsas olmuş müvafiq sənədlər qüvvədədir, ləğv edilməyib, bundan başqa etibarsız hesab edilməyib. Digər tərəfdən mövcud hasarın iddiaçının hüquqlarını pozduğu müəyyən olunmur.

39. Daha sonra, məhkəmə kollegiyası birinci instaniya məhkəməsinin mənəvi ziyan hissəsində iddianı təmin etməməsini də düzgün hesab edir.

40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

41. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur

42. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona cavabdeh tərəfindən zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

43. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənəvi ziyanla bağlı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməməsi barəsində düzgün nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-36/2022 saylı iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (yüz) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar