Məhkəmə qərarları › İş №2(103)-4911/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4911/2023

25.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4911/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-yə qarşı mülki iş (Açar sözlər: «hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh1 açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2023 saylı, 24 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinin açıq hərracda satılması üçün 22 noyabr 2022-ci il tarixinə, saat 11:00-a ilkin hərrac; 09 dekabr 2022-ci il tarixdə saat 11:00-a isə təkrar hərrac təyin edilmişdir.

2. Hərracın sifarişçisi Gəncə şəhəri üzrə İcra İdarəsi, təşkilatçısı isə Cavabdeh2 MMC olmuşdur. Hər iki hərrac barədə borclular İddiaçı, X2, X3 və tələbkar “Expressbank" ASC-yə müvafiq olaraq xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli bildirişlər göndərilmişdir. Həm ilkin, həm də təkrar hərracla bağlı eyni məzmunlu məlumatlar www.birjanews.az saytında da yerləşdirilmişdir. Hər iki hərrac iştirak etmək üçün müraciət daxil olmadığından baş tutmamışdır.

3. İlkin və təkrar hərrac baş tutmadığından ipoteka predmeti “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayan “Expressbank" ASC-yə təklif olunmuşdur. “Expressbank" ASC tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış 21 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, ipoteka saxlayan ipoteka predmetini təklif edilən 44.625 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir.

4. 06 yanvar 2023-cü il tarixli, 05/23 nömrəli hərracın yekunları barədə protokola əsasən, ipoteka predmeti olan fərdi yaşayış evi təkrar hərracda 44.625 manat olmaqla “Expressbank" ASCyə satılmış və həmin protokol sözügedən fərdi yaşayış evinin yeni mülkiyyətçi “Expressbank" ASCnin adına dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023cü il tarixli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsi, ev 14 xüsusi mülkiyyət hüququ əsasında “Expressbank" ASC-nin adına qeydə alınmışdır.

Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-yə qarşı hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, açıq hərracın yekunları barədə 06 yanvar 2021-cü il tarixli 05/23 saylı protokolun, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və həmin hərracın yekunlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Tələbdə göstərilir ki, keçirilmiş hərrac yekununda qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmişdir. Cavabdeh hərrac mərkəzi və İcra İdarəsi hərraca dair nəticələrin və icra hərəkətlərini qanunvericiliyin aşağıda sadalanan tələblərini pozmuşlar. Həmin normaların tələblərinin pozulması isə hərraca dair nəticələrin etibarsızlığına səbəb olur. Cavabdeh tərəfindən hərrac keçirilsə də keçirilmiş hərrac baş tutmamış və yekununda ona məxsus ev “Expressbank“ ASC tərəfindən 44.625 manata əldə edilmişdir. Hərracın yekunları barədə 06 yanvar 2023-ci il tarixli 05/23 saylı protokol eyni zamanda daşınmaz əmlakın yeni mülkiyyətçi “Expressbank ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab olunmuşdur. Əmlakın alqı-satqısı barədə “Expressbank" ASC ilə bağlanılmış müqavilə cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən imzalanmamış və hətta məlumat verilməmişdir. Ona məxsus evin satış qiyməti real bazar qiymətinə uyğun olmamışdır. Məhkəmədə evə mütəxəssiz tərəfindən qoyulmuş qiymətin hazırkı qiymətlərə uyğun olmadığı üçün yenidən qiymətləndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hazırlaşarkən ona məlum olmuşdur ki, artıq ev bankın mülkiyyətinə keçmişdir. Ona məxsus evin bankın balansına götürülməsi barədə hərracın yekunlarına dair bağlanmış müqavilə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən imzalanmadığından qanunun tələblərinin pozulması ilə hərracın keçirilməsi tədqiq olunduğundan hərrac etibarsız hesab edilməlidir. Bundan başqa, hərrac barədə ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi olaraq məlumat verilməmişdir. Onun bu barədə hazırda məlumatı olmuş, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən ona açıq hərracın yekunları barədə protokolun surəti və hərracın nəticəsi barədə hərrac mərkəzinin məktubu verilmişdir. Göründüyü kimi, cavabdeh “Expressbank" ASC özgə əmlakını su qiymətinə ələ keçirmək üçün digər cavabdehlərlə razılığa gəlib birgə hərəkət etməklə şəxsi mənafeləri naminə onun qanunla qorunan mənafeyinə ağır zərər vurmuşlar. Hesab edir ki, əslində heç bir hərrac keçirilməmiş, hərracın keçirilməsi barədə saxta protokol tərtib edilmişdir. Onun əmlakın dəyərindən qat-qat aşağı qiymətə mənimsənilərək onun konstitusion hüquqları pozulmuşdur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2023 saylı, 24 may 2023cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.

9. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-(104)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, A.C.177607/22 saylı sifarişi üzrə Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evi Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. İpoteka predmetinin ilkin satış dəyəri 70.000 manat müəyyənləşdirilmişdir. Sözügedən hərrac sifarişi "Əmlak Hərrac Mərkəzi” MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan mənzilə dair ilkin hərracın keçirilməsi 22 noyabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2022-ci il tarixində Birjanyus X1 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının, rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair bildiriş hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə borcluya və tələbkara poçt vasitəsi ilə göndərilmişdir. Göstərilən tarixə təyin edilmiş hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən aşağı qiymətə, yəni 59.000 manata olmaqla, 09 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("Eherrac.com”) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair açıq hərracın keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borclulara poçt vasitəsi ilə göndərilmişdir. 09 dekabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil satış qiymətindən 25 % aşağı qiymətə ipoteka saxlayana təklif olunmuş, ipoteka saxlayan “Expressbank" ASC təklifə razı olmuş, sözügedən mənzil 44.625 manata “Expressbank" ASC-yə satılmış, bu barədə xx.xx.2023-cü il tarixli, 05/23 saylı “Açıq hərracın yekunları barədə protokol” tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, 05/23 saylı hərracın yekunları barədə protokol qalib alıcı, eləcə də hərracın təşkilatçısının protokol bölməsinin rəhbərinin və direktorunun imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Belə ki, protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi, hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar “Birjanyus” X1 (www.birjanews.az) dərc olunmuş və həmin elanlar həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair təkrar açıq hərracın keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq “Expressbank" ASC-yə satılmışdır. Belə olan halda hərraca çıxarılmış mənzil “İcra haqqında” və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə isə Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinə dair keçirdiyi hərracın və hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 05/23 saylı tarixli protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edib ki, Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolun və həmin mənzilə dair çıxarışın etibarsız hesab edilməsi məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətində göstərib ki, o, internetdən istifadə edə bilmir. Onun kimi xeyli insan da internetdən istifadə etmir. Kütləvi informasiya dedikdə hərracın təşkilatçısı müxtəlif qəzetlərdə və televiziyada elan verməli idi. Bunun nəticəsidir ki, hərracın ikisinin də iştirakçısı olmamışdır. Ona ilkin hərrac barədə bildiriş göndərilməmişdir. İkinci hərrac günü ona telefonla bildirilib, ona görə də fiziki cəhətdən hərraca getmək imkanı olmayıb. Bundan başqa, hərrac xx.xx.2022-ci ilə təyin edilmiş, elan hərraca 30 təqvim günü deyil, 25 təqvim günü qalmış internetdə yerləşdirilmişdi. Bu isə hərraca dair nəticələrin etibarsızlığına səbəb olur. Hərrac baş tutmamış və yekununda ona məxsus ev Cavabdeh1 ASC tərəfindən 44.625 manata əldə edilmişdir. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, əmlakın alqı-satqısı barədə Cavabdeh1 ASC ilə bağlanmış müqavilə cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən imzalanmamışdır. Hərracda iştirakı təmin edilmədiyi üçün göstərilən güzəştlərdən istifadə edə bilməmişdir. Həm də yaşamaq üçün sözügedən fərdi yaşayş evindən başqa yeri də yoxdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının hazırki iddianı, eləcə də apellyasiya şikayətini verməkdə məqsədi hərracın nəticələrinin icra edilməsini gecikdirməkdir. İddiaçı banka olan borcunu ödəmiş olsaydı, bank onun mənzilinə hərrac keçirilməsinə maraqlı deyildi. Odur ki, şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İddiaçı məhkəməyə ünvanladığı teleqramda səhhəti ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin iştirak etməməsinin səbəbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı və digər cavabddehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

14. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim (əvvəlki redaksiyada 45 gün) günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

15. “İcra haqqında” Qanun:

Maddə 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə 61.1 və 61.2. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.

16. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işin faktiki halları yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

25. Konstitusiya Məhkəməsinin Plenumu 28 oktyabr 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Belə ki, təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. Qeyd olunduğu kimi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuşdur ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsi ilə nəticələnir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında da ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edildiyi göstərilmişdir. Bu hal bir daha təsdiq edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilir, eyni zamanda Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

27. İpoteka qoyanın bildirişi şəxsən almaması keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün müstəqil əsas ola bilməzdi. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

28. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfindən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış fərdi yaşayış evinin dəyəri təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin fərdi yaşayış evini almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin fərdi yaşayış evini hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına (hətta şikayətində hərrac günü ona zəng edildiyini təsdiq edir) baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatmağa cəhd etməsi hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edirdi. Çünki hərrac təşkilatı mümkün olan bütün üsullarla - hər iki hərracın yeri və vaxtı barədə həm bildiriş göndərməklə, həm də xx.xx.2022-ci il tarixində Birjanyus X1 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının, rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirməklə hərraca dəvət edilməli olan şəxsləri məlumatlandırmış hesab edilir. Hərracın nəticələrinin icra edilməsinə mane olan yuxarıda qeyd edilən hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur.

29. İddiaçının internetdən istifadə etməməsi yaxud edə bilməməsi iddianın əsaslı olmasına dəlalət etmir. Çünki, elanın hərrac təşkilatının rəsmi internet saytında yerləşdirilməsi qanunun imperativ təlibi sayılır. Eyni zamanda hərrac təşkilatçısının müxtəlif qəzetlərdə və televiziyada elan vermək öhdəliyi də yoxdur. Başqa sözlə, bu vəziyyət əlavə hərrac xərcləirin yaranmasına səbəb ola bilər ki, buda ilk növbədə iddiaçının mənafeyinə uyğun deyil. Qeyd olunduğu kimi, birinci hərracda iştirakçının olmaması təkrar hərracda ilkin satış qiymətini 15% faiz aşağı olmasına səbəb olur ki, bu da ipotekaya qoyana ipoteka predmetini əldə etməyə əlavə şans verirdi, lakin iddiaçı bu imkandan istifadə etməmişdir.

30. xx.xx.2022-ci ilə təyin edilmiş hərrac üzrə elanın hərraca 30 təqvim günü deyil, 25 təqvim günü qalmış internetdə yerləşdirilməsi qanuna zidd olmamışdır. Çünki, yuxarıda qeyd olunan maddi hüquq normasının tələbinə görə elan hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Yalnız hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Ona görə də qanunvericiliyin bu tələbi pozulmadığından hərraca dair nəticələrin etibarsızlığına əsas yaranmamışdır. 31.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli 14 dekabr 2022-ci il tarixli qərardadında qərara alınmışdır ki, ipoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. Göründüyü kimi, həm qanunda, həm də Ali Məhkəmənin qərardadında müqavilə qüvvəsinə malik protokolu imzalamalı şəxslərin dairəsi konkret müəyyən edilmişdir.Ona görə də qeyd olunan protokolun Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən imzalanmaması hərracın nəticələrinin etibarsızlığı üçün əsas deyildir. Eyni zamanda yaşamaq üçün sözügedən fərdi yaşayş evindən başqa yeri olmaması da iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Çünki, iddiaçının bəyan etdiyi həqiqidirsə əmlakını ipoteka ilə yüklü etdiyi zaman bu barədə ətraflı düşünməli idi. 32.Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2367/2023 saylı, 24 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2367/2023 saylı, 24 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar