Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4911/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4911/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-39/2025 nömrəli 04 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MMC (satıcı) və İddiaçı (alıcı) arasında bağlanan 07 may 2012-ci il tarixli, 117 nömrəli müqavilənin predmeti satıcının müvafiq sənədləşmələrə əsasən Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanda tikintisini həyata keçirdiyi çoxmənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqavilədə göstərilən şərtlərə uyğun tikilmiş halda alıcıya satmasından, alıcının isə mənzilin dəyərini bu müqaviləyə əlavə edilən ödəniş qrafikinə uyğun müəyyən edilmiş müddətdə ödənilməsindən ibarətdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5518/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq Cavabdeh MMC-yə geri qaytarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli qətnaməsi, sözügedən qərarla isə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. xx.xx.2022-ci il tarixli Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşı və bir neçə şəxs (Cavabdeh MMC-nin əməkdaşı Nümayəndə2 da daxil olmaqla) tərəfindən tərtib edilən akta əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3755/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan 97 və 98 saylı mənzillər Cavabdeh MMC-yə geri qaytarılmalıdır. Borclu İddiaçı mənzilləri könüllü tam boşaldaraq özünə və ailəsinə məxsus əmlakı və qiymətli əşyalarını götürərək mənzillərin giriş-çıxış qapısının açarlarını təqdim etmiş, icra zamanı tərəflərindən icra hərəkətləri ilə bağlı heç bir narazılıq, şikayət olmamışdır. İcra sənədi tərəflərindən tam icra olunmuşdur.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-717/2023 saylı, 20 fevral 2023cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə 11000 manat pul tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin qətnamə cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə pul tutulması hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə 46133,33 manat məbləğində pul tutulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzillərin təmir-bərpasının həyata keçirilməsi üçün xərclənilmiş 115555,0 manat məbləğində pulun, 150 manat məbləğində vəkil xərci, ümumilikdə 115.705 manat məbləğində pulun və 406 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, sözügedən mənzillər MMC tərəfindən onun mülkiyyətinə verildiyi üçün tərəfindən mənzildən istifadə, sahiblik və sərəncam hüququna əsasən təmirbərpa işləri həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən çəkilmiş təmir xərclərinin dəyəri 210,10 kv.m (ümumi sahə) x 550,0 manat/1 kv.metr tikinti-təmir xərci = 115.555,0 manat təşkil edir. Tərəflərindən MMC-yə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərilərək xərclənilmiş 115.555,0 manat məbləğində pulun 5 (beş) iş günü müddətində ona ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən heç bir məbləğ ödənilməmişdir. Mənzildə təmir-bərpa işləri sözügedən mənzillər onun mülkiyyətində olduğu zaman aparılmışdır. Mənzillərin 07 may 2012-ci il tarixli, 117 saylı müqavilə ilə təhvil verildiyi qaydada MMC-nin mülkiyyətinə geri qaytarılması üçün hüquqi əsas (məhkəmə qətnaməsi) olsa da, aparılmış təmir-bərpa işləri üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, təmir-bərpa işləri üçün xərc tərəfindən ödənilmişdir. Bu nə müqavilədən, nə də məhkəmə qətnaməsindən irəli gələn öhdəlik deyildir. Odur ki, heç bir qanuni əsas və ya müqavilə əsası olmadığından MMC onun tərəfindən aparılmış təmir bərpa işlərinin dəyəri qədər, yəni 115.555,0 manat məbləğində əsassız varlanmışdır.
7. İddiaçının təqdim etdiyi "xxxx" MMC tərəfindən verilən 22 sentyabr 2020-ci il tarixli, ƏEM/S 72-494/20 nömrəli təmir xərclərinin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 4 ünvanına çəkilmiş təmir xərclərinin dəyəri 22 sentyabr 2020-ci il tarixinə 210.10 kv.m x 550 manat/1 kv.metr tikinti-təmir xərci=115.555 manat təşkil edir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/84xx-xx/8178 nömrəli ekspert rəyinə əsasən ünvan 5 ünvanında yerləşən mənzildə faktiki olaraq divarlarına divar kağızı, döşəməyə parket, tavanına isə alçipan vurularaq boya ilə rənglənmişdir. Sual üzrə qeyd olunur ki, fotoşəkillərə əsasən tədqiqat aparılmadığından qərardadın 4-cü sualı üzrə tədqiqat aparılmadı. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir.
9. Tədqiqat obyektinə baxışın nəticələrinə dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ekspert, mütəxəssis, iddiaçının vəkili Nümayəndə1 və icra məmuru Əliyev Cəlaləddin tərəfindən həmin tarixdə ünvana baxış keçirilmiş, müəyyən edilmişdir ki, 2 mənzil birləşdirilmiş (yaxşı təmirli), 1-ci mənzil 116.40, 2-ci mənzil isə 75.2 kv.m Mənzil İmanov Vəlinin mülkiyyətindədir və 2023-cü ildə tam sökülmüş (təmir saxlanmamış, tam yararsız) vəziyyətdə alınmışdır. Bu barədə videogörüntü var. Evdə yenidən təmir-bərpa aparılmışdır. Mənzil alınan zaman tavanı, döşəməsi, divarları, qapıları, bütün elektrik naqilləri, qaz, su boruları hamısı tam sökülərək dağıdılmış, o cümlədən hamam, ayaq yolu, bütün kafel, asma tavanlar sındırılaraq məhv edilmişdir. Mənzilin divarları balta ilə çapılmışdır. Pəncərə və pəncərə altları sökülərək çıxarılmışdır. Mənzil sıfırdan təmir edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-39/2025 nömrəli 04 iyun 2025-ci tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın təmin edilməsi, Cavabdeh MMC-dən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzillərin təmir-bərpasının həyata keçirilməsi üçün xərclənilmiş 115.555 manat məbləğində pul, həmçinin 150 manat məbləğində vəkil xərci və 406 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, 07 may 2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillər İddiaçı təhvil verilmişdir. Bu işin mübahisəsiz halıdır. Mənzillər təhvil verildikdən sonra İddiaçı tərəfindən mülkiyyət hüququ əsasında əsaslı təmir-bərpa işləri aparılaraq mənzillər tam şəkildə təmir edilmişdir. Mənzillərin iddiaçı tərəfindən təmir edilməsi və tam təmirli şəkildə Cavabdeh MMC-yə təhvil verilməsi işin sübuta yetirilmiş halıdır. Belə ki, iş materiallarına əlavə edilən videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, icra məmurunun iştirakı ilə mənzil təhvil verilərkən təkcə oradakı qapılar və mebellər sökülmüş, qalan hər bir yer təmirli şəkildə mövcud olmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli icra vərəqəsinin icrasına dair 2022-ci il tarixli aktdan da göründüyü kimi mənzil İddiaçı tərəfindən heç bir maneçilik törədilmədən könüllü şəkildə boşaldılaraq mənzilin giriş-çıxış qapısının açarları təhvil verilmişdir. Həmin aktın tərtibində eyni zamanda Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 da iştirak etmiş və həmin akta heç bir qeyd (təmirsiz, qüsurlu olması, evin mövcud vəziyyəti barədə) edilməmişdir. Başqa bir videogörüntüdə isə mənzilin əvvəlki vəziyyətindən fərqli olaraq dağıdıldığı, tam yararsız vəziyyətə salındığı görünür.
12. Məhkəmə qeyd etmişdir ki, işin müəyyən edilən halları onu deməyə əsas verir ki, mənzillər iddiaçı tərəfindən təmirli şəkildə cavabdehə təhvil verilmiş, sonradan isə mənzillər yararsız vəziyyətə salınmışdır, bunun əksini, yəni mənzillərin yararsız vəziyyətə salınmasının mənzillərin iddiaçının mülkiyyətində olduğu dövrdə baş verməsini və mənzillərin yararsız vəziyyətdə cavabdehə təhvil verilməsini sübut etmə vəzifəsi bu halda cavabdehin üzərinə düşməsinə baxmayaraq, cavabdeh bu faktı təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq tədqiq edilən sübutlar iddiaçının haqlı olmasını göstərir. Mənzillər təhvil verildiyi zaman cavabdehin əməkdaşı da iştirak etmiş, tərtib edilən aktda mənzillərin təmirsiz olması barədə qeyd edilməmiş, əksinə iddiaçı tərəfindən maneçiliyin törədilmədiyi, icra sənədinin tam şəkildə icra edildiyi göstərilmişdir. Məhkəmə araşdırması dövründə də bir neçə dəfə evin təmir vəziyyəti ilə bağlı ekspertiza təyin edilmiş, lakin qarşı tərəf ekspertizanın keçirilməsinə şərait yaratmamışdır. Hətta iş materiallarına əlavə edilən tədqiqat obyektinə baxışın nəticələrinə dair aktdan göründüyü kimi hazırda mənzillər başqa şəxsin mülkiyyətindədir və o, mənzilləri 2023-cü ildə aldığı zaman tam sökülmüş, yararsız vəziyyətdə almış və özü yenidən təmir etdirmişdir. Bütün bu qeyd edilənlər iddiaçının iddia tələbinin əsaslı olduğunu göstərir.
13. Məhkəmə təmir-bərpa xərcinin dəyəri ilə bağlı onu qeyd etmişdir ki, cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilmədiyi və iddiaçı tərəfindən təqdim edilən 22 sentyabr 2020-ci il tarixli, ƏEM/S 72-494/20 nömrəli mütəxəssis rəyinin isə mütəbərliliyini, əsaslılığını şübhə altına alan hər hansı bir hal aşkar edilmədiyi üçün həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və 115.555 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Həmin rəy göründüyü kimi 2020-ci ildə tərtib edilmiş və üzərindən hazırki dövrə qədər 5 ilə yaxın bir müddət keçmişdir. Hazırki vəziyyətdə isə məhkəmə təmir-bərpa xərci kimi tələb edilən 115.555 manat pulun hazırki dövr üçün bazar dəyərinin artmasına münasibətdə az olmasını da nəzərə alır.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.7, 21, 386.1, 425.1, 1091.1, 1091.2, 1092.1, 1096, 1097, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 107, 119.1, 121.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, mənzillər MMC-yə tamamilə təmirsiz, sökülmüş və yararsız vəziyyətdə təhvil verilmiş və xx.xx.2022-ci il tarixli aktda mənzillərin təmirli vəziyyətdə təhvil verilməsi barədə heç bir qeyd yoxdur. MMC tərəfindən iki videogörüntü təqdim olunmuşdur. Birinci videogörüntü xx.xx.2022-ci tarixdə Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyev tərəfindən də qeydə alınmışdır və həmin videogörüntüdən də müəyyən edilir ki, iddiaçı tərəfindən mənzildə əsaslı söküntü işləri aparılır və İddiaçı bu məqsədlə icra məmurundan bir həftə möhlət almışdır. İkinci videogörüntü isə xx.xx.2022-ci il tarixdə, yeni təhvil-təslim aktı tərtib edilən gün yenə də Nərimanov rayon İcra şöbəsinin icra məmuru İmran Cəfərquliyevin, tələbkarın nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə aparılmışdır. Həmin videogörüntüdən isə müəyyən edilir ki, həqiqətən də xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən mənzillər Cavabdeh MMC-yə videogörüntüdə əks olunan vəziyyətdə, yəni dağıdılmış, tam yararsız bir vəziyyətdə təhvil verilmişdir və bu hal cavabdeh tərəfindən təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə isə heç bir araşdırma aparmadan, işin düzgün və obyektiv baxılması məqsədilə icra işini tələb etməmiş və öyrənməmiş, icra hərəkətlərini aparmış icra şöbəsini və icra məmurunu işə cəlb etməmiş və ondan iddia tələbi ilə bağlı izahat alınmamış, mənzillərin hansı vəziyyətdə MMC-yə təhvil verilməsi barədə müvafiq sorğu ilə icra şöbəsinə müraciət olunmamışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
19. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X2 bildirdi ki, icra hərəkətlərinin həyata keçirilməsi üçün İddiaçı 10 gün möhlət istəmiş, həmin müddət keçdikdən sonra icra hərəkətləri həyata keçirilmişdir. İcra hərəkətləri həyata keçirilərkən iddiaçı aşağıda avtomobildə gözləmişdir. Mənzilin təmirli və ya təmirsiz verilməsi ilə bağlı mübahisə olmadığından bununla bağlı aktda hər hansı qeyd edilməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 22.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 24.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 25.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 26.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
34. Göründüyü kimi tərəflər arasında bağlanmış 07 may 2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri iddiaçıya təhvil verilmiş və iddiaçı həmin mənzillərdə təmir-bərpa işləri apararaq yaşamağa başlamışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən mənzillərin boşaldılaraq Cavabdeh MMC-yə geri qaytarılması edilmişdir və qətnamə icra edilərək mənzillər Cavabdeh MMC-yə geri qaytarılmışdır. Sonradan Cavabdeh MMC iddia qaldıraraq İddiaçı sözügedən mənzillərdə yaşadığı müddət dövrü üçün kirayə haqqının ondan tutulmasını tələb etmiş, məhkəmə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir.
35. Hazırda iddiaçı həmin mənzillərdə apardığı təmir-bərpa işlərinin dəyərini (təqdim etdiyi mütəxəssis rəyinə uyğun məbləğdə) tələb edir.
36. Birinci instansiya məhkəməsi mənzillərin iddiaçı tərəfindən təmirli şəkildə cavabdehə təhvil verildiyi, mənzillərin yararsız vəziyyətə sonradan salınması qənaətinə gələrək iddia tələbini təmin etmişdir.
37. Cavabdeh tərəf isə mənzillərin MMC-yə tamamilə təmirsiz, sökülmüş və yararsız vəziyyətdə təhvil verildiyini iddia edir.
38. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
39. İş materiallarında icra məmurunun iştirakı ilə çəkilmiş iki videogörüntü mövcuddur, birinci videogörüntüdə mənzil təmirli vəziyyətdə olmuş, qapılar və mebeller sökülmüşdür. Digər videogörüntüdə isə artıq mənzil boş olmuş və dağıdılmış, yararsız hala salınmış vəziyyətdə olmuşdur.
40. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi sözügedən ikinci videoçəkilişin aparıldığı telefonu təqdim etmiş və müəyyən edilmişdir ki, həmin çəkiliş məhz 04 noyabr 2022-ci il tarixində, yəni mənzilin təhvil verildiyi və icra məmuru tərəfindən akt tərtib edildiyi tarixdə icra məmurunun iştirakı ilə çəkilmişdir.
41. Apellyasiya baxışı zamanı icra məmuru bildirdi ki, icra hərəkətlərinin həyata keçirilməsi üçün İddiaçı 10 gün möhlət istəmiş, həmin müddət keçdikdən sonra icra hərəkətləri həyata keçirilmişdir. İcra hərəkətləri həyata keçirilərkən iddiaçı aşağıda avtomobildə gözləmişdir. Birinci dəfə mənzilin yalnız ara qapıları sökülmüş vəziyyətdə olsa da, ikinci dəfə mənzil tam dağıdılmış vəziyyətdə olmuşdur. Mənzilin təmirli və ya təmirsiz verilməsi ilə bağlı mübahisə olmadığından bununla bağlı aktda hər hansı qeyd edilməmişdir.
42. Beləliklə müəyyən edilir ki, mənzilin təmirli vəziyyətdə olduğu videoçəkiliş oktyabr ayında aparılmış və həmin vaxt iddiaçı möhlət verilməsini istəmişdir. Videoçəkilişdən görünür ki, mənzil təmirli vəziyyətdədir, yalnız otaqların qapıları çıxarılmışdır. Bundan sonra 04 noyabr 2022-ci il tarixdə mənzil təhvil verilərkən çəkilmiş videoçəkilişdə isə evin artıq yararsız vəziyyətə salındığı, dağıdılmış halda olduğu görünür.
43. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən mənzildə təmir-bərpa işləri aparılmış olsa da, iş materialları əsasında müəyyən edilmişdir ki, mənzil cavabdehə dağıdılmış və yararsız hala salınmış vəziyyətdə təhvil verilmişdir. Mənzillər bu vəziyyətdə cavabdehə təhvil verildiyi üçün iddiaçının hazırda təmirbərpa işlərinin xərcini cavabdehdən tələb etməsi əsassızdır.
44. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-39/2025 nömrəli iş üzrə 04 iyun 2025-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.