Məhkəmə qərarları › İş №2(103)-4914/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4914/2024

17.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4914/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin və borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından Cavabdeh qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə Birliyə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 4.492,80 manat, yaranmış debitor borcun ödənilməsi məqsədi ilə 536,60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 74,30 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsində yerləşən 12 “A” saylı fərdi yaşayış evi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda “Zenner Smart G-4” markalı, **********957 nömrəli qaz sayğacı quraşdırılmış və ünvana **********10000 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz qaydada istifadə etmiş, təbii qazı talamışdır. Birliyin əməkdaşları qeyd edilən faktları aşkar edərək bu barədə xx.xx.2016-ci il tarixdə ******* saylı, xx.xx.2022-ci il tarixdə ******* saylı, xx.xx.2022-ci il tarixdə ******* saylı və xx.xx.2022-ci il tarixdə ******* saylı aktlar tərtib etmişlər. Qeyd edilən aktlar əsasında aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, Birliyə dəymiş ziyan xx.xx.2016-ci il tarixli akt üzrə 172,80 manat, xx.xx.2022ci il tarixli akt üzrə 1.944 manat , xx.xx.2022-ci il tarixli akt üzrə 1.339,20 manat və xx.xx.2022-ci il tarixli akt üzrə 1.036,80 manat olmaqla, ümumilikdə 4.492,80 manat təşkil edir. Göstərilənlərdən əlavə müəyyən edilmişdir ki, təbii qazdan qanuni istifadə edilmə nəticəsində isə 536,60 manat məbləğində qalıq debitor borc yaranmış, lakin cavabdeh həmin borcu Birliyə ödəməmişdir. Birlik (4.492,80 + 536,60=) 5.029,40 manat məbləğində borcun ödənilməsini ilə bağlı cavabdehə dəfələrlə bildirişlər göndərsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Birlik, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman hüquqi xidmət almaq üçün vəkilə 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 74,30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış debitor borcun ödənilməsi məqsədi ilə 536,60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu kimi hal iş üzrə rəy vermiş Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən də müəyyən edilməmişdir. Buna görə də, “cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə Birliyə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 4.492,80 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə” hissədə iddia əsassız hesab edilərək, təmin edilməməlidir. Bununla yanaşı işdə olan materiallara əsasən müəyyən edilir ki, təbii qazdan qanuni istifadə edilmə nəticəsində cavabdehin iddiaçı Birliyə 536,60 manat məbləğində qalıq debitor borc var və Birlik tərəfindən dəflərlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh həmin borcu Birliyə ödəməmişdir. Buna görə də, həmin məbləğ cavabdehdən tutularaq Birliyə ödənilməlidir. İş materiallarından həmçinin görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı Birlik tərəfindən 74,30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia qismən təmin olunduğundan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə tərəflərə aid edilməlidir. Buna görə də, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin ödənilməsi məqsədi ilə 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməlidir. Rüsumun 44,30 manat hissəsi isə iddiaçı Birliyin özünə aid edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gələrək iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

7. İddiaçı Birliyin nümayəndəsi X3 ərizə ilə Məhkəməyə müraciət edərək, apellyasiya baxışı iclasının təxirə salınmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək növbəti əmək məzuniyyətində olduğu üçün apellyasiya baxışı iclasında iştirak edə bilməyəcək.

8. Məhkəmə ərizəni əsassız hesab etmişdir. Çünki iddiaçı Birliyin nümayəndəsi Rəşad Əliyevin ərizəsinə əlavə olunmuş etibarnamədən görünür ki, Birlik tərəfindən etibarnamə Rəşad Əliyevdən başqa Birliyin digər 10 nəfər hüquqşünasına verilmişdir. Lakin həmin nümayəndələrdən heç biri apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

9. İş üzrə cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

10. Göstərilənləri nəzərə almış Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. e) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

11. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.

12. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Birliyin isə apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, Birlik, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirir.

13. Odur ki bunu, MPM-nin 372.6-cı maddəsinin tələblərini, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) işdə olan sənədlər barədə məlumat

14. İşdə olan sənələrə əsasən müəyyən edilir ki, Birliyin Bakı Regional Qazın Satışı Departamenti ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus olan yaşayış sahəsi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********10000 nömrəli abonent kodu verilmişdir.

15. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, cavabdehə məxsus yaşayış sahəsinə aid qaz sayğacına və qaz xətlərinə baxış keçirilən zaman sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə təbii qazdan istifadə edilməsi faktı aşkar olunmuşdur.

16. “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçının barəsində tərtib olunmuş aktlara əsasən itirilmiş təbii qazın həcmi aşağıdakı qaydada müəyyən edilmişdir: xx.xx.2016-ci il tarixli akta əsasən 1.728 kub metr; xx.xx.2022-ci il tarixli akta əsasən 16.200 kub metr; xx.xx.2022-ci il tarixli akta əsasən 11.160 kub metr; xx.xx.2022-ci il tarixli akta əsasən 8.640 kub metr.

17. İddiaçının adına tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, yuxarıda qeyd edilən aktlara əsasında cavabdehə 4.492,80 manat məbləğində borc hesablanmışdır.

18. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli 3/3-16-16/2-3/201-9/748 nömrəli rəydən görünür ki, cavabdehin ünvanında olan qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmir.

19. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehə aid ünvanda təbii qazdan qeyri-qanuni istifadə etməsi barədə 2016-cı ildən etibarən 4 ədəd akt tərtib edilmiş və aktlara əsasən iddiaçıya ümumilikdə 4.492,80 manat məbləğində borc hesablanmışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

20. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb cavabdehə məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, iddiaçı Birliyə dəymiş maddi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

21. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

22. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

23. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

25. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Cavabdehin qaz xəttinə qanunsuz qoşulması və qeyri-qanuni istifadə nəticəsində hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşür. Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara” əsaslanaraq, həmin aktlarda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz cavabdeh tərəfindən törədilməsini, bununla da cavabdehin ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki iddiaçı Birlik həmin aktlarda qeyd edilən faktları təsdiq edə biləcək sübut kimi Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərə (aktlara, tələbnamələrə və s.) istinad etsə də, həmin sənədlərdən görünmür ki, cavbadehə məxsus yaşayış sahəsinə aid qaz xəttinə qoşulma olmuşdur. Birlik bu faktı təsdiq edə biləcək digər sübutları (məsələn: fotoşəkilləri, video yazıları, şahidləri və sair) məhkəmələrə təqdim etməmişdir.

27. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh Birlik həmin aktlarda (xüsusən də xx.xx.2022-ci il tarixli aktda, çünki xx.xx.2022-ci il tarixdə yuxarıda qeyd edilən Qaydalarda müvafiq dəyişiklər olmuşdur) göstərilən faktları – cavabdehin təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını da məhkəmələrə təqdim etməmişdir.

28. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianın “cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə Birliyə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə 4.492,80 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə” hissəsini təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin həmin nəticəsinə aid dəlilləri əsassızıdır.

29. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsi iddianın “hüquqi xidmətə görə ödənilmiş 400 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə” hissəsini qismən də olsa təmin etməməkdə də haqlı olmuşdur. Çünki iddiaçı Birlik həmin xərcin onun tərəfindən çəkildiyni təsdiq edən “Ödəniş qəbzini” məhkəmələrə təqdim etməmişdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin həmin nəticəsinə aid dəlili də əsassızıdır. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

34. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

35. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar