Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4915/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil Qələndər qızının, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1002/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı paylı mülkiyyətdə olan mənzilin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və cavabdehlərin hər birinin 1/3 pay nisbətində mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən 116 nömrəli evin 26 nömrəli mənzilinin açıq hərrac yolu ilə satılması və əldə edilmiş pul məbləğinin paylara mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin ümumi paylı mülkiyyətində olan mənzil iki otaqlı olmaqla ondan birgə istifadə edilməsi mümkün deyil, tərəflər paylı mülkiyyətdən istifadə edilməsi ilə bağlı razılığa gələ bilməmişlər. Paylı mülkiyyətdən mülkiyyətə tənasübsüz zərər vurmadan payın ayrılması, habelə mənzilin paylar üzrə ayrılması və naturada bölünməsi mümkün deyil. İddiaçı mənzildən ona düşən pay hissəsini 53000 manata digər payçılara təklif etməsi barədə xx.xx.2019-cu il tarixdə cavabdehlərə bildiriş göndərsə də, tərəflər bildirişlə tanış olduqdan sonra bildirişi qəbul etməkdən imtina etmişlər. Buna görə də, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etməklə mənzilin açıq hərracda satılması və əldə edilmiş pul məbləğinin paylara mütənasib surətdə bölünməsi barədə iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1002/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində istifadədə olan 0,13809 ha torpaq sahəsində yerləşən 116 nömrəli 5 mərtəbəli binanın 3-cü mərtəbəsində, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 26 nömrəli mənzilin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin 1/3 hissəsinin İddiaçı, 1/3 hissəsinin Cavabdeh1, 1/3 hissəsinin cavabdeh X3 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında eyni predmet və eyni əsasla qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi ola-ola məhkəmə yenidən eyni tərəflər arasında eyni predmet və eyni əsasla mülki işə baxaraq qətnamə çıxarmışdır. Bundan əlavə, məhkəmə öz qətnaməsində göstərmişdir ki, guya iddiaçı tərəfindən paylı mülkiyyətdə olan payının 53000 manata cavabdehlərə satılmasına dair xx.xx.2019-cu il tarixli bildiriş göndərilmiş və onlar bildirişi qəbul etməkdən imtina etmişlər. Halbuki belə bir bildiriş onlara göndərilməmişdir. Bundan əlavə, İddiaçı 1/3 hissə əmlak payını satışa təklif edirdisə, payın notarial qaydada alqısatqısını həyata keçirmək üçün mütləq evin hüquqmüəyyənedici sənədlərini ərazi üzrə notariat kontoruna və ya ASAN xidmət mərkəzinə təqdim etməli idi. Bundan başqa, həmin mənzil cavabdehlərin yeganə yaşayış yeri olduğuna görə hərraca çıxarılıb satıla bilməzdi. Nəhayət, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1302-ci maddəsinə əsasən cavabdehlərin vərəsə kimi ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququna malik olmasını, habelə Mülki Məcəllənin 218-ci maddəsinə əsasən həmin payı satın almaqda üstünlük hüququna malik olmasını nəzərə almamışdır. Apelyatorların qənaətinə görə, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi Vəkil isə apelyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh1 (Cavabdeh2anın oğlu) məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, Azərbaycan Respublikası MPM-in 376-cı maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1002/2020 saylı qətnaməsi cavabdehlərin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2014-cü il tarixli qətnaməsi ilə xx xxxxx 2007-ci il tarixdə vəfat etmiş X6 miras əmlakına X2, Cavabdeh1 və İddiaçı birinci dərəcəli vərəsələri kimi hüquqları tanınmış və Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsi 116 saylı evin 26 saylı mənzilinə qanun üzrə birinci növbəli vərəsə kimi X2, Cavabdeh1 və İddiaçı həmin daşınmaz əmlak üzərində 1/3 hissədə pay hüquqları tanınmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. xx xxxx 2009-cu il tarixli MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən 116 nömrəli evin 26 nömrəli mənzili İddiaçı, Cavabdeh1 və X2 hər birinin 1/3 hissədə payı olmaqla ümumi paylı mülkiyyətdədir. Mübahisəli mənzil iki otaqdan ibarətdir. Onlar paylı mülkiyyətdən istifadə edilməsi ilə əlaqədar razılığa gələ bilmirlər. Hal-hazırda mənzildən birgə istifadə etmək mümkün deyil. Paylı mülkiyyətdən mülkiyyətə tənasübsüz zərər vurmadan payın ayrılması mümkün deyildir. İş materiallarından həmçinin görünür ki, tərəflər ümumi paylı mülkiyyətdə olan mənzildən istifadə ilə bağlı razılığa gələ bilmədiklərinə görə əvvəllər aralarında məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı X3 qarşı paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin işə baxılarkən məhkəmə tərəfindən mübahisə predmeti olan mənzildə payın naturada ayrılmasının mümkünlüyünün yoxlanılması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın xx xxxxxx 2011ci il tarixli rəyinə əsasən mənzilin müəyyən edilmiş paylar üzrə bölünməsinin və naturada ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. İş materiallarından həmçinin görünür ki, ekspert rəyinin verildiyi gündən ötən müddətdə mənzilin konstruksiyasında hər hansı bir dəyişiklik olmamışdır. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Tərəflər arasında eyni predmet və eyni əsasla qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2011-ci il tarixli qətnaməsi ola-ola məhkəmənin yenidən eyni tərəflər arasında eyni predmet və eyni əsasla mülki işə baxaraq qətnamə çıxarması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əvvəlki mülki işə baxılarkən məhkəmə iddianı ona görə rədd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyən edilmiş prosedurlara əməl etmədən birbaşa paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın açıq hərracdan satılması tələbini irəli sürmüşdür. Hal-hazırda isə iddiaçı həmin prosedurlara riayət edərək hazırkı iddianı qaldırmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyən edilmiş prosedurlara əməl olunmadığına görə paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması tələbinə dair iddianın rədd edilməsi həmin prosedurlara riayət edilməklə yenidən eyni iddianın qaldırılmasını istisna etmir. İddiaçının mənzildə olan payının cavabdehlərə təklif olunması barədə xx.xx.2019-cu il tarixli bildirişin cavabdehlərə çatmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla həmin bildirişin cavabdehlərə göndərilməsi barədə iddia ərizəsinə əlavə olunmuş poçt qəbzindən görünür ki, qəbzdə “alan şəxs tərəfindən məktubla tanış olduqdan sonra qəbul etməkdən imtina edildi” qeydi yazılmışdır. Apelyasiya məhkəməsində işə baxılarkən həmin bildirişin surəti Cavabdeh2aya təqdim olunmuş və bildirişə münasibət bildirmək üçün məhkəmə iclası təxirə salınmışdır. Cavabdeh2a bildirişin surətini alsa da, bildirişdə əks olunan təklifə heç bir münasibət bildirməmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, Cavabdeh2a iddiaçının mənzildə olan payını əldə etməkdə maraqlı olmamışdır. İddiaçı 1/3 hissə əmlak payını satışa təklif edirdisə, payın notarial qaydada alqısatqısını həyata keçirmək üçün mütləq evin hüquqmüəyyənedici sənədlərini ərazi üzrə notariat kontoruna və ya ASAN xidmət mərkəzinə təqdim etməli olması barədə apelyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, mülki qanunvericilikdə ayrılan mülkiyyətçinin payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi üçün mütləq qaydada notariat orqanlarına müraciət edilməli olması barədə mütləq göstəriş yoxdur. Tərəflərin ümumi paylı mülkiyyətində olan mənzil cavabdehlərin yeganə yaşayış yeri olduğuna görə hərraca çıxarılıb satılmasının qanunazidd olması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, fiziki şəxs barəsində icra sənədinin icrası ilə bağlı hallar istisna olmaqla, qanunvericilikdə vətəndaşın yeganə yaşayış yeri olan paylı mülkiyyətdə olan mənzilin hərraca çıxarılıb satılmasına hər hansı qadağa yoxdur. Hazırkı mülki iş fiziki şəxs barəsində icra sənədinin icrası ilə bağlı olmadığından, həmin normaların hazırkı işə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 1302-ci maddəsinə əsasən cavabdehlərin vərəsə kimi ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququna malik olmasının, habelə Mülki Məcəllənin 218-ci maddəsinə əsasən həmin payı satın almaqda üstünlük hüququna malik olmasının nəzərə alınmaması barədə apelyasiya şikayətinin dəlili də tamamilə əsassızdır. Həmin normaların hazırkı işə heç bir aidiyyəti yoxdur. Cavabdeh2a apelyasiya məhkəməsində işə baxılarkən bildirmişdir ki, mənzilin miras əmlak kimi tərəflər arasında bölünməsini təsbit edən Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2014-cü il tarixli 2(103)-880/2014 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 2(102)- 3659/2014 saylı qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilmiş, bu səbəbdən həmin qərarın məhkəməyə təqdim olunması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin Cavabdeh2anın məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərardadından görünür ki, Cavabdeh2a və Cavabdeh1 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə görə, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2014-cü il tarixli Qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə kollegiyası işdə olan sübutların məcmusunu qiymətləndirərək hesab edir ki, tərəflərin mülkiyyətində olan mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından, paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən, iddiaçı ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdə tam haqlı olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər X2 və Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1002/2020 saylı qətnaməsi cavabdehlərin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4915/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4915/2020
20.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver