Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4925/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1551/2024 saylı, 3 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilərək, barəsində Şabran RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə iddiaçıya elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 256.2.1-ci maddəsi xaric edilmiş, o, Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə isə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün iddiaçının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissəsində ləğv edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, barəsində həmin iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, ona pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(105)- 231/2023 nömrəli bəraət hökmü çıxdığından Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 14.000 (on dörd min) manat, mənəvi ziyana görə isə 100.000 (bir yüz min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Şabran Rayon Polis Şöbəsi tərəfindən aparılmış qanunsuz və əsassız cinayət işinə əsasən guya o balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyekti kimi “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək, balıq və digər su bioresurslarından balıqovlama biletində, bioloji və texnoloji əsaslandırılmada göstərilən müddətlər, ölçülər və növlər hüququndan istifadə etmək barədə “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinn müddəalarının, eləcə də “Balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə nərə cinsli balıq növlərinin açıq dənizdə sənaye məqsədləri ilə ovu qadağandır” barədə “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2.5 və 2.5.9-cu bəndlərinin tələblərini pozaraq 12 noyabr 2021-ci il tarixdə günorta saatlarında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Şimal regional şöbəsinin “Çayqaraqaşlı” sərhəd nəzarət bölməsinin Şabran rayonunun eyniadlı kəndi yaxınlığında yerləşən xidməti ərazisindəki vətəgə sahəsindən tamah niyyəti ilə özünə məxsus özüyeriyən “ÇQ-3033” bort nömrəli motorlu qayıqla Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 41 kq 635 qram təşkil edən 31 ədəd nərə cinsli balıqları tutub qayıqların yanalması üçün çəkilmiş lövbər ipinə bağlayıb gizlətməyə çalışmış, lakin ərazidə xidmət aparan sərhəd nəzarətçiləri tərəfindən həyata keçirilən baxış zamanı həmin nərə cinsli balıqlar ona məxsus qayığın yaxınlığında aşkar edilərək müvafiq qaydada götürülmüş, bununla da özüyeriyən qayıqdan istifadə edib ovlanması qadağan edilmiş, nərə cinsli balıqları qanunsuz tutmaqla təbiətə 6.820 manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Şabran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 1(031)-2/2023 nömrəli hökmü ilə ona elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 256.2.1-ci maddəsi xaric edilmiş, o, Azərbaycan Respublikası CM-nin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təsqirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Tərəfindən qeyd edilən hökmdən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(105)-231/2023 nömrəli bəraət hökmü ilə təmin edilmiş və irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona CM-nin 256.2.2-ci maddəsi ilə bəraət verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(105)-231/2023 nömrəli bəraət hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. Ailə üzvləri – arvadı X1, uşaqları 1999-cu il təvəllüdlü X4 və 2004-cü il təvəllüdlü X7 ilə birlikdə Siyəzən rayonu Yenikənd kəndində yaşayır və özü xəstəlikdən əziyyət çəkir. Göründüyü kimi, heç bir əsas olmadan Dövlət Sərhəd Xidməti və Şabran Rayon Polis Şöbəsinin əməkdaşları pul almaq məqsədi ilə və ya ola bilsin ki, öz işlərindəki statistikanın xətrinə qanunsuz olaraq barəsində cinayət işi açmış, sona qədər qanunsuzluğu davam etdirərək işini məhkəməyə göndərmişlər. Belə ki, cinayət prosesini həyata keçirən orqanların səhvi və sui-istifadəsi nəticəsində onun şəxsi həyat və işgüzar nüfuzuna xələl gəlmiş, fiziki və mənəvi ziyana məruz qalmışdır. Barəsində 18 aydan çox araşdırma aparılmış və o, cinayət təqibinə məruz qalmışdır. Onun müalicəyə ehtiyacı vardır, universitetdə oxuyan övladı da ona görə sarsıntı keçirərək biabır olmuşdur. Qanunsuz cinayət işi üzrə araşdırma getdiyi 1 il 6 ay müddətində mənəvi sarsıntı keçirmiş və ona vurulan mənəvi ziyana görə isə 100.000 (bir yüz min) manat pul tələb edir. Daima balıqçılıq fəaliyyəti ilə məşğul olmuş, araşdırma və cinayət təqibi zamanı qorxduğu üçün işləməmiş, barəsində cinayət təqibi getdiyi vaxt tanışı Bakı şəhəri, Sabunçu rayon sakini X2 hər ay 400 (dörd yüz) manat olmaqla, cəmi 7.200 (yeddi min iki yüz) manat dolanmaq üçün müqavilə əsasında pul almış, barəsində aparılan cinayət işi ilə bağlı ziyana düşmüşdür. Bundan başqa, cinayət işi üzrə Şabran Rayon Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində ona hüquqi yardım göstərilməsi üçün müqavilə əsasında vəkil tutmuş və müqaviləyə əlavə olaraq bağlanmış 1 saylı əlavədə öhdəçilik götürmüşdür ki, onun işi nəticəsində, yəni keyfiyyətli hüquqi yardım nəticəsində məhkəmə tərəfindən bəraət hökmü və ya yüngül cəza çıxarılarsa, hüquqi yardıma görə əlavə olaraq 4.000 manat ödəyəcəkdir. Hazırda həmin xidmət haqqını ödəməlidir. Bundan başqa polis orqanlarına, məhkəmələrə gedərkən xeyli miqdarda, yəni 2.800 manat nəqliyyat, yemək, hüquqi yardım və s. xərcləri çəkmişdir. Həmin ödənişlər cavabdeh tərəfindən ona ödənilməlidir. Çünki, o, qanunsuzluq nəticəsində bu ziyana düşmüşdür.
4. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. Belə ki, iddiaçı əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan kompensasiya ödənilməsini tələb etmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində barəsində araşdırma və cinayət təqibi zamanı aparıldığı zaman qorxduğu üçün işləmədiyini və bu səbəbdən borc aldığını, həmçinin məhkəməyə gedərkən nəqliyyat və yemək xərclərini çəkdiyini qeyd edərək, maddi zərərə görə kompensasiya ödənilməsini tələb edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və s.) konkret növləri göstərilmişdir. Qeyd olunan qanunda iddiaçının tələb etdiyi xərclərə görə hər hansı kompensiya nəzərdə tutulmamışdır. Bundan əlavə hüquqi yardımla bağlı sənədlər işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Belə olan halda məhkəməyə müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri təqdim olunmalıdır. İddiaçı həmçinin, mənəvi ziyana görə 100.000 manat kompensasiya ödənilməsini tələb edir. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikir formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşların fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiya məbləği 330 manatdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların şifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda, “Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçısına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, həmin maddəyə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququn əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi, cinayət prosesini həyata keçirən orqan (və ya vəzifəli şəxs) hazırki iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir.
5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 bildirmişdir ki, iddiaçını 2014-2015-ci illərdən bəri tanıyır. İddiaçı barəsində cinayət işi üzrə araşdırma aparılan zaman iddiaçı ondan məhkəməyə gedib-gəlmək üçün borc istəmiş, o da 18 ay ərzində hər ay 400 manat olmaqla, ümumilikdə 7200 manat borc pul vermişdir. İddiaçı hazıradək ona olan borcunu qaytarmamışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1551/2024 saylı 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi kimi 50 (əlli) manat, mənəvi zərərin əvəzi kimi 3.700 (üç min yeddi yüz) manat, cəmi 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı qanunsuz olaraq cinayət təqibinə məruz qalmasına görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə etmiş, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir.
8. Məhkəmə iddia tələbinin “14.000 (on dörd min) manat məbləğində maddi ziyanın əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı qanunsuz və əsassız aparılmış cinayət işi üzrə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin tətbiq edilməsi nəticəsində ona 14.000 (on dörd min) manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, tələbin bu hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 7.200 manat məbləğində borc alması ilə bağlı başqa şəxsə verilmiş qəbz, həmin şəxsin şahid kimi məhkəmə iclasında verdiyi ifadə, həmçinin, 4.000 manat məbləğində qonorar verməyə dair vəkil qarşısında götürdüyü öhdəliklə bağlı müqaviləyə əlavə məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir.
9. Həmçinin məhkəmə iddia tələbinin “100.000 (bir yüz min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq 1 il 2 ay 21 gün müddətinə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin seçilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, cəmiyyətdəki nüfuzuna xələl gətirmişdir. Lakin iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi 100.000 (bir yüz min) manat deyil. Belə ki, məhkəmə bütün diqqətəlayiq halları nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin 3.700 (üç min yeddi yüz) manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır.
10. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2, 1096, 1097.1, 1100, 1101.1-ci maddələrinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına istinad edərək iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1551/2024 saylı 03 iyun 2024cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinin tələbləri nəzərə alınmamışdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Lakin qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, hər hansı sübut tədqiq olunmamışdır. Bununla belə bu cür sübutlar (şəxsin fiziki və mənəvi iztirabları barədə) mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
20.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 22.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 23.1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
24.57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 25.58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
26.1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 27.5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 28.6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 29.7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 30.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
31.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 34.115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 35.121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 36.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İşin mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilərək, barəsində Şabran RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə iddiaçıya elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 256.2.1-ci maddəsi xaric edilmiş, o, Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə isə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün iddiaçının Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissəsində ləğv edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, barəsində həmin iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin ləğv edilməsi hökm edilmiş, ona pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
40. Hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1101.1-ci maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur. Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
41. Beləliklə, mülki hüquq pozuntusundan (təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Halbuki iş materiallarından da görünür ki, iddia üzrə araşdırma predmetini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin törətdiyi əməllərə görə qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Belə ki, hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz.
42. Bununla belə yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
43. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 9 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
44. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
45. Оnа görə də hazırki iş üzrə tutulan pul məbləği məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir.
46. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin tətbiq edilməsi, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır. Bu da özü-özlüyündə İddiaçı psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə razılaşır, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.500 manat məbləğində təmin olunmasını ədalətli və ağlabatan hesab edir.
47. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş mənəvi zərərdən başqa maddi zəzər ödənilməlidir. İş materiallarından da maddi zərərin ödənilməsinə dair tələbin 50 manat məbləğində olan hissəsinin əsaslı olduğu mötəbər sübutlarla (müqavilə və qəbz) müəyyən edilir.
48. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
49. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1551/2024 saylı 3 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova