Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4927/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 MMC-yə və X4 qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi X7 (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 MMC-yə və X4 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 771/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh3 MMC ilə X6 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, X1 kimi fəaliyyət göstərmiş, xx.xx.2024-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) onların arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh1 MMC ilə Cavabdeh3 MMC arasında bağlanmış 003 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC diş kabineti və sadəcə kabinetdə olan avadanlıqları sonuncunun istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2.3-cü bəndinə əsasən sifarişçi Cavabdeh3 MMC işçilərinin (stomatoloq, köməkçiləri) vurmuş olduğu zərərin ödənilməsi vəzifəsini daşıyır. Ödəniş qəbzlərinə əsasən İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli 1.600 manat, xx.xx.2024-cü il tarixdə 900 manat, xx.xx.2024-cü il tarixdə 800 manat, xx.xx.2024-cü il tarixdə 1.600 manat, xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2024-cü il tarixdə 40 manat, xx.xx.2024cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat olmaqla, ümumilikdə 6.290 manat məbləğində pul X4 məxsus bank kartına ödənilmişdir. "xxxx" MMC-nin (hazırda Cavabdeh1 MMC) klinikasının xx.xx.2024-cü il tarixli zəmanət talonuna əsasən İddiaçı tərəfindən alt-üst çənə (3D rentgen) üçün 85 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X20 xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi və mütəxəssis müayinələrindən keçmiş, lakin şəxsin adına tərtib edilmiş ambulator karta təqdim edilmədiyindən qərardad icrasız olaraq geri qaytarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X13” X20 X8 xx.xx.2025-ci il tarixli göndərişinə əsasən hal-hazırda xəstədə dental implantologiyada planlama düzgün yerinə yetirilməyib. Yenidən implantasiya, terapiya və ortopedik korreksiya tövsiyə olunur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh3 MMC-yə və X4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi ziyanın əvəzi olaraq 5.090 manat, mənəvi ziyanın əvəzi olaraq 5.000 manat, göstərilən hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 520 manat, cəmi 10.610 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində fəaliyyət göstərən cavabdeh "xxxx" MMC-nin diş klinikasına (VÖEN **********) müraciət etmişdir. "xxxx" klinikasında Zeynalabdin Allahyarov adlı həkimin müayinəsi üçün 85 manat pul ödənilmiş və həkim onun dişlərini müalicə etməyi öz öhdəsinə götürmüşdür. Həkim ona 7 ədəd implant və 19 ədəd dişə zirkon (sirkon-dioksid materialından hazırlanan) qapaq qoyulmalı olduğunu və hər bir implant üçün 450 manat, 19 ədəd dişə qoyulacaq zirkon qapaq üçün isə 3.900 manat pul ödənilməli olduğunu bildirmişdir. O, tələb edilən pulu ödəməyə razılığını bildirmiş və həkimin tələbinə əsasən 200 manat nağd vəsaiti beh olaraq həkimə vermişdir. Bundan əlavə, həkim Cavabdeh2la onun azyaşlı övladı Rəsul üçün elaynerin (taxılıb-çıxarıla bilən breketlər) qoyulması barədə də razılığa gəlmişlər və qeyd edilən işlərin görülməsi üçün ondan 2.000 manat pul vəsaitini nağd qaydada almışdır. O, bütün müalicələrin aparılması üçün ümumilikdə 8.990 manat pulu nağd qaydada və cavabdeh "xxxx" MMC-nin stomatoloji klinikasında işləyən həkim Cavabdeh2 bank kartına ödəmişdir. Onun ödədiyi pulun qarşılığı olaraq sadəcə 6 ədəd implant qoyulmuş, tərəflər arasında razılaşdırılmış digər işlər görülməmişdir. Onun müalicəsi yarımçıq saxlanılmışdır. O, dəfələrlə həkimə və "xxxx" MMC-nin rəhbərliyinə şikayət etmiş və nəticə olaraq həkim tərəfindən cəmi 1.200 manat pul vəsaiti ona geri qaytarılmışdır. Qalan pulları qaytarmaqdan isə həm klinika, həm də həkim imtina etmiş, əksinə ona qarşı iddia qaldıracaqları ilə hədələməyə çalışmışlar. Beləliklə, onun tərəfindən cavabdehə və işçisi Cavabdeh2 aşağıdakı pul vəsaitləri ödənilmişdir: 85 manat (Rentgen üçün) - xx.xx.2024-cü il (LOFT Dent pos terminal), 200 manat (implant üçün) -xx.xx.2024-cü il (nağd beh qaydasında Zeynalabdin doktora), 1.600 manat (implant üçün) - xx.xx.2024-cü il (Zeynalabdin doktorun kart hesabına), 900 manat (implant üçün) xx.xx.2024-cü il (Zeynalabdin doktorun kart hesabına), 1.500 manat (koronka üçün) xx.xx.2024-cü il (Zeynalabdin doktora nağd ödənilib), 800 manat (implant üçün) xx.xx.2024-cü il (Zeynalabdin doktorun kart hesabına), 800 manat (implant üçün) xx.xx.2024-cü il (Zeynalabdin doktorun kart hesabına), 800 manat (karonka üçün) xx.xx.2024-cü il (Zeynalabdin doktorun kart hesabına), 350 manat (implant üçün) xx.xx.2024-cü il (Zeynalabdin doktorun kart hesabına), 40 manat (implant üçün) xx.xx.2024-cü il (Zeynalabdin doktorun kart hesabına), 500 manat (Elayner) - xx.xx.2024cü il (Zeynalabdin doktorun kart hesabına), 500 manat (Elayner) - xx.xx.2024-cü il (Zeynalabdin doktorun kart hesabına), 1.000 manat (Elayner) - xx.xx.2024-cü il (Zeynalabdin doktora nağd ödənilib), cəmi 8.990 manat ödənilmiş, bu pullardan 1.200 manat geri qaytarılmış və 6 ədəd implant qoyulmuşdur (6*450= 2.700). Cavabdehin ona 8.990 - 1.200 - 2.700 = 5.090 manat borcu qalmaqdadır. Cavabdehdə əmək müqaviləsi əsasında işləyən Zeynalabdin Allahyarov onun dişinin müalicəsi üçün xeyli miqdarda pul vəsaiti almış, lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Dişlərinin uzun müddət düzəldilməməsi ona fiziki cəhətdən çətinliklər yaratmış, həmçinin, estetik baxımdan pis görüntüyə səbəb olmuşdur. Bunun nəticəsində o, mənəvi sarsıntı keçirmişdir. Bununla da onun mənəvi ziyanın tələb edilməsi hüququ yaranmışdır.
4. Cavabdeh1 MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının dişini müalicə etmiş və ya müalicə etməsini öhdəsinə götürmüş stomatoloq Zeynalabdin Allahyarov Cavabdeh1 MMC-nin əməkdaşı deyil. Tərəflər arasında əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi yoxdur, olmayıb. Elektron kabinetə əlavə edilmiş əmək müqaviləsi bildirişdən də görünür ki, stomatoloq Zeynalabdin Allahyarov xx.xx.2023cü il tarixindən etibarən əsas iş yeri Cavabdeh3 MMC olmaqla əmək müqaviləsi əsasında işləmişdir. Zeynəlabdin Allahyarovun Cavabdeh1 MMC-nin işçisi olmadığı iddiaçının şikayətini araşdıran AR Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 655 nömrəli aktı ilə də təsdiqlənmişdir. İş üzrə iddiaçı əvvəlki adı "xxxx" MMC olan, yeni adla Cavabdeh1 MMC-də stomatoloqun göndərişi ilə alt-üzt çənə 3D rentgen edilmiş və buna görə də onun tərəfindən 85 manat ödəniş edilmişdir. Tərəfə bununla əlaqədar zəmanət talonu verilmişdir. Qeyd edilən 85 manat rentgen ödənişindən başqa Cavabdeh1 MMC-yə heç bir ödəniş edilməmişdir. İddiaçı iddia ərizəsində də digər məbləğləri stomatoloqun özünə ödədiyini qeyd edir. Zeynalabdin Allahyarov xx.xx.2023-cü il tarixindən etibarən əsas iş yeri Cavabdeh3 MMC olmaqla əmək müqaviləsi əsasında işləmişdir. xx.xx.2024-cü il tarixinə qədər əmək müqaviləsi davam etmiş, qeyd edilən tarixdə də əmək müqaviləsi ƏM 68.2-ci hissəsinin “a” bəndi ilə xitam edilmişdir. Cavabdeh1 MMC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03 saylı müqavilənin 1.1 bəndinə əsasən Sifarişçi (Cavabdeh3 MMC), İcraçıya (Cavabdeh1 MMC) məxsus olan diş kabineti və sadəcə kabinetdə olan avadanlıqları sifariş verir. İcraçı diş kabineti və sadəcə kabinetdə olan avadanlıqları sifarişçinin istifadəsinə verir. Sifarişçinin əmək müqaviləsi və ya yazılı xidmət müqaviləsi ilə işlətdiyi stamotoloq və köməkçiləri diş kabinetindən və kabinetdə olan avadanlıqlardan istifadə edir. Sifarişçiyə təqdim edilmiş diş kabineti və kabinetdə olan avadanlıqlar xaric klinikada quraşdırılan avadanlıqlar (rentgen aparatı, sterilize makinası və s.) bu müqavilənin predmetləri deyil. Həmin müqavilənin 2-ci bəndinə əsasən pasiyentlərin, sifarişçinin stamotoloqlarının göstərişi ilə pasiyentlərin və ya sifarişçinin stamotoloq və köməkçilərinin müqavilənin predmeti olmayan avadanlıqlardan istifadə edərkən qiymət tariflərinə uyğun olaraq ödənişi icraçıya edirlər. Həmin ödənişlər tamamən icraçıya məxsusdur. 2.2 Sifarişçinin stomatoloqlarının müqavilənin predmeti olan avadanlqlardan istifadə edərək göstərdikləri tibbi xidmət, pasiyentlə razılaşdırdıqları xidmətin qiyməti sifarişçiyə ödəniləcək. Həmin ödənişlər tamamən sifarişçiyə məxsusdur. 2.3 Tərəflər bu müqavilənin 2.1 və 2.2 bəndlərində müəyyən edilmiş şərtlər üzrə razılaşır. Sifarişçi göstərilən tibbi xidmət haqqından icraçıya heç bir ödəniş etmir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icraçı sifarişçinin, onun stamotoloq və köməkçilərinin göstərdikləri tibbi xidmət üzrə xidmətin nəticələri, vurmuş olduqları zərərlə əlaqədar pasiyentlər qarşısında məsuliyyət daşımayacaq. Beləliklə Cavabdeh1 MMC olaraq iddiaçı qarşısında hər hansı bir mülki hüquq məsuliyyətinin olmasından söz gedə bilməz. Əgər iddiaşının iddiası əsaslıdırsa ona dəymiş ziyana görə iş üzrə əsl cavabdehlər, stomatoloqun işəgötürəni Cavabdeh3 MMC, stomatoloq Zeynəlabdin Allahyarov və ya hər ikisinə qarşı iddia qaldıra bilər.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 771/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X2 və Cavabdeh3 MMC-dən müştərək qaydada vurulmuş maddi ziyana görə 2.390 manat və vurulmuş mənəvi ziyana görə 500 manat olmaqla, cəmi 2.890 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, hüquqi xidmətə görə ödənilmiş 520 manat məbləğində pul vəsaitinin cavabdehlər X2 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X12).
6. Məhkəmənin maddi zərərin əvəzinin tutulması hissəsində mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh2 8.990 manat pul ödədiyini bildirsə də, nağd qaydada ödəniş etməsinə dair sübut təqdim edilmədiyindən, cavabdeh də etirazında ödənişlərin ona nağd qaydada deyil, kart vasitəsilə edildiyini bildirdiyindən məhkəmə iş materiallarında olan qəbzləri sübut olaraq qəbul edərək, iddiaçı tərəfindən cəmi 6.290 manat ödəniş edildiyini işin faktiki halı kimi müəyyən etmişdir. Həmin məbləğdən geri qaytarılmış 1.200 manat və 6 implantın dəyəri çıxılmaqla vurulmuş maddi ziyanın məbləği olaraq 6.290- 1.200 - 2.700 = 2.390 manat pulun tutulmalı olması qənaətinə gəlmişdir. Belə ki, işin obyektiv həlli üçün məhkəmə-tibbi ekspertizası təyin edilmiş, şəxsin adına tərtib edilmiş ambulator karta cavabdehdən ekspertin vəsatətinə əsasən təqdim edilməsi üçün tələb edilsə də, təqdim edilməmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X13” X20 xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə - tibbi və mütəxəssis müayinələrindən keçmiş, lakin şəxsin adına tərtib edilmiş ambulator karta təqdim edilmədiyindən qərardad icrasız olaraq geri qaytarılmışdır. Belə ki, tərəflərə müvafiq bildiriş göndərilməsinə, eləcə də məhkəmə iclas katibi vasitəsilə bilavasitə tərəflərə məxsus mobil telefonlarla əlaqə saxlanılmaqla məlumat verilsə də, 2025-ci ilin mart ayında təyin edilmiş ekspertiza qərardadının icrası Ekpertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə geri qaytarılmışdır. Halbuki hazırki iddia tələbi üzrə ekspert tədqiqi labüd olmuşdur. Belə olan halda, yəni şəxs ekspertizaya müvafiq sənədi təqdim etməyib, ekspertə şərait yaratmadıqda məhkəmə Mülki Prosessual Məcəllənin qeyd edilən 97.5-ci maddəsini rəhbər tutaraq həmin şəxsin prosessual mövqeyini, ekspert rəyi ilə müəyyən edilə biləcək halın onun üçün əhəmiyyətini və bunun onun mövqeyinə təsirini, ekspertizaya getməməsinin səbəblərini və başqa əhəmiyyətli məqamları nəzərə almaqla ekspert rəyi ilə müəyyən edilməli olan faktın talehini həll etməlidir. Lakin Cavabdeh2 ekspertizanın keçirilməsinə şərait yaratmamışdır. Bu səbəbdən məhkəmə onun bu hərəkətlərini hazırki mülki işin suni yolla uzadılması və ədalətli araşdırılmasına maneə kimi qiymətləndirmiş və eyni zamanda faktın təsdiqinə bərabər tutmuşdur.
7. Məhkəmənin mənəvi zərərin əvəzinin tutulması hissəsində mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin apardığı müalicədən sonra səhhətində narahatçılıq yaranmış və buna görə də, iddiaçı iddia ilə, yəni vurulmuş ziyan və s. tələblə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməyə məcbur qalmışdır. Belə olan halda sözügedən hadisələrin fonunda iddiaçı tərəfindən mənəvi iztirab (stress və əsəb) keçirilməsi danılmazdır. Məhkəmə mənəvi zərərin məbləğini hazırki halda 500 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab etmişdir.
8. Məhkəmə iddia tələbinin Cavabdeh1 MMC-yə yönəlməsi və maddi və mənəvi ziyanın əvəzinin Cavabdeh1 MMC-dən tutulmasını əsaslı hesab etməmiş və iddianın bu hissədə rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya diş müayinə və müalicəsi apardığı müddətdə Cavabdeh3 MMC ilə bağlanmış əmək müqaviləsi əsasında Cavabdeh3 MMC-nin işçisi olmuşdur. Cavabdeh1 MMC ilə Cavabdeh3 MMC arasında bağlanmış 003 saylı, xx.xx.2023-cü il tarixli müqavilə əsasında Cavabdeh1 MMC sadəcə olaraq ona məxsus kabinet və kabinetdəki avadanlıqları Cavabdeh3 MMC-yə icarəyə vermişdir. Eləcə də müəyyən olunmuşdur ki, bütün ödənişlər Cavabdeh1 MMC-yə deyil, cavabdeh X4 edilmiş, Cavabdeh1 MMC-yə cəmi 85 manat ödəniş edilmiş, bunun əvəzində də iddiaçıya alt-üst çənə 3D rentgeni xidməti göstərilmişdir.
9. Məhkəmə Cavabdeh3 MMC-yə aid hissədə iddianı əsaslı hesab etmiş və təmin edilməsi qənaətinə gəlmişdir. Belə ki, işəgötürən əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğundan, iddia həmin cavabdehə dair hissədə əsaslıdır və təmin edilməlidir.
10. Məhkəmə, həmçinin, hesab etmişdir ki, qanunvericilik məhz işə məhkəmədə baxılması ilə əlaqədar nümayəndəyə və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilə bilinməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Hazırki halda da iddiaçının hüquqi yardımın göstərilməsinə görə ödəniş etməsini təsdiq edən qəbz iş materiallarında yer aldığından məhkəmə bu hissədə də iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1092ci, 1096-1097-ci, 1099-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 97.5-ci, 119.1-ci, maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli, habelə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak edən "xxxx" MMC-nin direktoru Miribrahim Musayevin şahid qismində cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilmiş, lakin məhkəmə baxışı iclasında birinci instansiya məhkəməsi tərəfindən şahidin məhkəmə iclasına gəlməsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilən sübutlardan aydın olmuşdur ki, Cavabdeh1 və Cavabdeh3 MMC arasında müqavilə olmuş və iddiaçının dişlərini müalicə etməyi öhdəsinə götürən cavabdeh Zeynalabdin Allahyarov, digər Cavabdeh3 MMC ilə əmək müqaviləsi bağlayaraq sonuncunun rəsmi işçisi olmuşdur. Birinci instansiya məhkəməsində ifadə verən cavabdeh Z. Allahyarov iddiaçıya zirkon dişlər düzəltdiyini, lakin birinci dəfə həmin dişlərin uğursuz olduğunu etiraf etdi, daha sonra ikinci dəfə zirkon dişlər düzəltdiyini, lakin bu dişlərdə heç bir problem olmadığını iddia etdi. Lakin iddiaçının həmin dişləri bəyənmədiyi üçün qəbul etmədiyini bildirdi. Dişlərin indi də onda olduğunu etiraf etdi və həmin dişləri ekspertizaya təqdim etməyə hazır olduğunu bildirdi (lakin həmin dişlər daha sonra ekspertizaya təqdim edilməmişdir). Z. Allahyarov ifadəsində 6 ədəd implantın hər biri üçün 450 manat olmaqla, cəmi 2 700 manat, 19 ədəd zirkon diş üçün 3 900 manat və uşağın dişləri üçün 2 000 manat olmaqla cəmi 8 600 manat pul verildiyini etiraf etmişdir. Lakin daha sonra uşağın dişləri üçün ödənilmiş 2000 manatdan 1200 manat pulu qaytardığını bildirmişdir. Beləliklə Z. Allahyarov iddiaçıdan 7.400 manat pul aldığını etiraf etmişdir. İddiaçı mülki iş ekspertizadan qayıtdıqdan sonra cavabdeh Z. Allahyarov tərəfindən qoyulan implantların tamamilə yanlış olmasını və Z. Allahyarovun ifadəsini nəzərə alaraq, iddia həcminin artırılması üçün məhkəməyə müraciət etmişdir. O, iddia tələbinin həcminin artıraraq 7.090 manat məbləğində maddi ziyanın, 5000 manat məbləğində mənəvi ziyanın, 520 manat vəkilin göstərdiyi yardıma görə xərclərin əvəzinin, cəmi 12.610 manat pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1ndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə zidd olaraq iddiaçının ərizəsinin geri qaytarılması barədə qanunsuz qərardad qəbul etmişdir. Həmçinin, işin digər mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 MMC cavabdeh Z. Allahyarovu öz həkimi kimi “İnstagram” şəbəkəsində reklam edirdi. Loft Dent klinikasında heç bir yerdə, yəni hər hansı otağın qapısında və ya digər yerdə həmin otağın Cavabdeh3 MMC-nin istifadəsinə verilməsi və Z. Allahyarovun Cavabdeh1MMC-nin deyil, Cavabdeh3 MMC-nin əməkdaşı olması göstərilməmişdir. İddiaçıya bu fakt yalnız birinci instansiyasında məhkəmə iclasına qarşı tərəfin təqdim etdiyi sənədlər əsasında məlum olmuşdur. Cavabdeh3 MMC-nin özəl tibb fəaliyyətiilə məşğul olmaq hüququ yox idi, Cavabdeh1 MMC-nin isə belə tibb fəaliyyəti ilə məşğul olmaq hüququ var idi. Z. X18 klinikasında tibbi fəaliyyətlə məşğul olması, iddiaçının məhz Loft Dent klinikasına müalicə olmaq üçün müraciət etməsi Cavabdeh1 MMC-ni Mülki Məcəllənin 1112-ci maddəsinin dispozisiyasının subyektinə çevirir və beləliklə Cavabdeh1 MMC də digər cavabdehlər kimi iddiaçı qarşısında birgə məsuliyyət daşımalıdır. Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3MMC arasındakı müqavilə Mülki Məcəllənin 405-ci maddəsinin tələblərinə əsasən bağlanmamış, yaxud Mülki Məcəllənin 340-cı maddəsinin tələblərinə əsasən uydurma əqd hesab edilməlidir. Birinci instansiya məhkəməsinə təqdim edilən Cavabdeh1 MMC və Cavabdeh3 MMC arasında imzalanmış müqavilənin həqiqiliyi şübhə yaradır. Birincisi, müqavilə məhkəməyə təqdim edildikdən sonra iddiaçının vəkili və nümayəndəsi tərəfindən vəsatət təqdim edilmiş və müqavilədə saxtakarlığın olduğu və araşdırılması tələb edildi. İş materiallarından da göründüyü kimi, xx.xx.2023-cü il tarixdə cavabdehin adı Cavabdeh1 MMC deyil, "xxxx" MMC idi. Müqavilə məhkəməyə təqdim edildikdən dərhal sonra Cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi tərəfindən mülahizə və izahat təqdim edilərək, guya müqavilədə iki yerdə yanlışlıqla 29 avqust əvəzinə, 29 oktyabr qeyd edildiyi bildirmiş və şablon müqavilə üzərində işlədikləri üçün belə yanlışlığa yol verilmişdir. İddiaçının nümayəndəsi belə bir şablondan başqa hansı şirkətlə imzalandığı sualına isə cavab verilməmişdir. Yəni başqa hər hansı şirkətlə belə bir müqavilə bağlanmayıb. Başqa sözlərlə, şablon dedikləri müqavilədən şablon kimi istifadə edilməmişdir. İkincisi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsində Cavabdeh1 MMC və Cavabdeh3 MMC arasında icarə müqaviləsi bağlandığı qeyd edilsə də əslində müqavilənin mətnindən tərəflər arasında icarə münasibətlərinin mövcud olması aydın olmur. Müqavilənin predmetinə əsasən Cavabdeh3 MMC Cavabdeh1 MMC-nin əmlaklarından (diş kabineti və avadanlıqlar) istifadə etmək hüququ qeyd edilib. Lakin qarşılığında Cavabdeh1 MMC-yə hansı əvəz ödədiyi məlum olmur. Cavabdeh1 MMC özünə məxsus avadanlıqları əvəzsiz istifadə üçün Cavabdeh3 MMC-yə verməsi məntiqli deyil. Digər tərəfdən hətta əvəzsiz istifadəyə vermiş olsaydı, bu da müqavilədə qeyd edilməli idi. Amma əmlakların Cavabdeh3 MMC-yə əvəzli və ya əvəzsiz verilməsi müqavilədə qeyd edilməyib. Əgər bu istifadə icarə məqsədləri üçün verilmiş olsa, o zaman icarə müqaviləsinin əsas şərti – icarə haqqı və onun ödəmə şərtləri müqavilədə qeyd edilmədiyi üçün Mülki Məcəllənin 405-ci maddəsinin tələblərinə əsasən bağlanmamış hesab edilməlidir. Nəhayət özəl tibb fəaliyyəti ilə məşğul olmaq hüququ müvafiq lisenziya əsasında Cavabdeh1 MMC-yə verildiyi halda, həmin hüququn üçüncü şəxslərə, o cümlədən Cavabdeh3 MMC-yə güzəşt edilməsi qanun pozuntusudur. Birinci instansiya məhkəməsində bu arqumentlərə məhkəmənin qiymət verməsini tələb etsək də, birinci instansiya məhkəməsi bu faktlara qətnaməsində münasibət bildirməmişdir. Qanunu pozmaqla bağlanan müqavilə əhəmiyyətsiz əqd hesab edilməli və bağlandığı andan mübahisələndirilib - mübahisələndirilməməsindən asılı olmayaraq puç əqddir. Birinci instansiya məhkəməsində ifadə verən Z. Allahyarov iddiaçı tərəfindən ona nağd şəkildə ödənilən pulları etiraf etməsə də 6 ədəd implantın hər biri üçün 450 manat olmaqla cəmi 2.700 manat, 19 ədəd zirkon diş üçün 3.900 manat və uşağın dişləri üçün 2.000 manat olmaqla, cəmi 8.600 manat pul verildiyini etiraf etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh1 MMC apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Cavabdehlər Cavabdeh3 MMC və X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən X6 məhkəmə iclaslarında gəlməmiş, Cavabdeh3 MMC isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən mhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.
22. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Hazırda apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətinin və etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh X6 iddiaçının ağız boşluğuna hər biri 450 manat olmaqla 7 ədəd impant əkməyi və 3.900 manat məbləğə 19 ədəd diş üçün zirkon qapaq yerləşdirməyi, habelə iddiaçının oğlunun dişlərinə 2.000 manat dəyərində ortodontal müalicə olan elayner qoymağı, iddiaçı isə razılaşdırılmış pulu ödəməyi öhdəsinə götürmüşdür. Bu münasibətlər çərçivəsində cavabdeh X6 tərəfindən yalnız 6 ədəd implant əkilmişdir.
28. Hazırda iddiaçı yuxarıda göstərilən işlərin görülməsi məqsədilə cavabdeh X4 ümumilikdə 8.990 manat məbləğində ödəniş etdiyini, lakin onun tərəfindən yalnız 6 ədəd implant əkildiyini, qalan işlərin görülmədiyini, ödənilmiş məbləğin isə yalnız 1.200 manat hissəsinin geri qaytarıldığını bildirərək, eyni zamanda, əkilmiş 6 ədəd implantın dəyərinin 2.700 manat təşkil etdiyini nəzərə alaraq (bu məbləği də tələb etməmişdir) onun tərəfindən həkimə ödənilmiş və geri qaytarılmamış 5.090 manat məbləğində maddi ziyanın, 5.000 manat məbləğində mənəvi ziyanın, 520 manat vəkilin göstərdiyi yardıma görə xərclərin əvəzinin, cəmi 10.610 manat məbləğində pulun həm bu cavabdehdən, həm də cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 MMC-dən tutulmasını tələb edir.
29. Cavabdeh1 MMC umumiyyətlə X6 ilə əmək münasibətlərində olmadığını, o cümlədən onunla hər hansı əmək müqaviləsinin bağlanmadığını, sonuncunun "xxxx" MMC ilə əmək münasibətlərində olduğunu və "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən X3 onlara aid klinikada yerləşən kabinet və alətlərdən istifadə edərək, xəstə qəbulu və müalicəsi həyata keçirdiyini qeyd edərək, işçisi olmayan şəxsin vurduğu zərərə görə heç bir məsuliyyət daşımadığını bildirir. Cavabdeh X6 isə iddiaçı tərəfindən ödənişlərin ancaq nağdsız formada aparıldığına istinad edir, ona bu münasibətlər çərçivəsində iddiaçı tərəfindən cəmi 5.900 manat ödəniş edildiyini, həmin pulun 1.200 manat hissəsinin, habelə 800 manat dəyərində elaynerin qaytarıldığını bildirir.
30. Məhkəmə kollegiyası iddiaçının istinad etdiyi hallar və irəli sürdüyü dəlillərlə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
31. Bu baxımdan iddiaçı cavabdeh X6 ilə aralarında yaranmış münasibətlər çərçivəsində sonuncuya ümumilikdə 8.990 manat məbləğində pulun ödənildiyini sübut etməli idi. Lakin iddiaçı ödənilmiş pulun bu məbləğdə olduğunu sübuta yetirə bilməmiş, işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə iclaslarından birində iştirak edən bu cavabdeh isə iddiaçı tərəfindən ona cəmi 5.900 manat ödənişin edildiyini etiraf etmiş (iddia üzrə tələb edilmədiyindən, sonradan iddia tələbinin həcmin artırılması barədə ərizə üzrə tələb edilsə də, bu ərizə məhkəmənin müvafiq qərardadı ilə geri qaytarıldığından 6 ədəd implant üçün ödənilmiş pul nəzərə alınmır), həmin pulun da 1.200 manat hissəsini, habelə 800 manat dəyərində elaynerin qaytarıldığını bildirmişdir (lakin 800 manatla bağlı hissədə öz mövqeyini sübuta yetirə bilməmiş, iddiaçı da bu pulun ona ödənildiyini təsdiq etməmişdir). İddiaçı qalan məbləğin cavabdeh X4 nağd şəkildə, əlbəəl verildiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmiş, həmin cavabdeh də bu halı təsdiq etməmiş, ödənişlərin yalnız kart hesabına edildiyini bildirmişdir. Bununla belə, həmin halların sübut edilməsi yükünü daşıyan iddiaçı hüquqi nəticə etibarı ilə bu hissədə tələbini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
32. Birinci instansiya məhkəməsi də iş materiallarında olan ödəniş qəbzlərini mötəbər sübut kimi qiymətləndirmiş və onlara istinadən haqlı olaraq iddiaçı tərəfindən 6.290 manat məbləğində pulun ödənilməsini əsas götürmüş və iddiaçının özünün də qeyd etdiyi 6 ədəd impantın əkilməsi pulunu və cavabdeh X6 tərəfindən qaytarılmış 1.200 manat məbləği çıxaraq, cavabdehlər X2 və "xxxx" MMC-dən müştərək qaydada qalan (6.290 – 2.700 – 1.200 = 2.390) 2.390 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir. Belə ki, cavabdeh X3 həmin vaxt işəgötürəni olan "xxxx" MMC-dən bu məbləğdən artıq hər hansı məbləğin tutulması istisna olunur.
33. Məhkəmə kollegiyası vurulmuş mənəvi zərərin əvəzi olaraq bu cavabdehlərdən tutulmuş pulun məbləği ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır və həmin məbləğin də artırılmasına hər hansı əsas görmür.
34. Məhkəmə kollegiyası Cavabdeh1 MMC-yə aid hissədə də birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir və bununla bağlı qeyd edir ki, cavabdeh X6 Cavabdeh1 MMC ilə əmək münasibətlərində olmamış, o cümlədən onların arasında əmək müqaviləsi bağlanmamışdır. Həmçinin, bu cavabdehin bildirdiyi və iddiaçının tələb etmədiyi 85 manat (stomatoloqun göndərişi ilə iddiaçının alt-üzt çənəsinin 3D rentgen edilməsi ilə bağlı) məbləğində puldan başqa iddiaçı tərəfindən bu cavabdehə hər hansı məbləğdə ödəniş edilməmişdir. Həmin klinikanın sosial şəbəkə hesablarında cavabdeh X5 öz həkimi kimi reklam etməsi də sonuncunun "xxxx" MMC-nin işçisi hesab edilməsinə və iddia üzrə digər cavabdehlərdən tutulan məbləğin həmçinin, bu cəmiyyətdən də tutulmasına əsas vermir. Belə olan təqdirdə də Cavabdeh1 MMC-nin işçisi olmayan, yalnız cavabdeh X3 əmək müqaviləsi əsasında çalışdığı klinika ilə xidmət müqaviləsi çərçivəsində klinikada xəstə qəbul və müalicə edən şəxsə münasibətdə maddi məsuliyyətinin müəyyən edilməsi mülki qanunvericiliyin bu münasibətləri tənzimləyən müddəalarına tamamilə ziddir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-771/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.