Məhkəmə qərarları › İş №2(103)-493/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-493/2023

11.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-493/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 saylı iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 75000 manat məbləğində pulun, habelə, mənəvi zərərin əvəzi kimi 2000 manatın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş pul vəsaitinin əvəzi kimi isə 321 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehlərdən əsas borcun əvəzi kimi 50000 manat pulun tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Son işi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 11-ci tağı komandiri vəzifəsi olmuş, 2021-ci ilin fevral ayında son yaş həddi ilə təqaüdə çıxmışdır. 2018-ci ilin yay aylarında cavabdehlər Cəlilabad rayonunun Göytəpə qəsəbəsi ərazisində yerləşən 726 saylı posta gəlib iddiaçı ilə görüşmüşlər. Həmin vaxt Cavabdeh2 Cavabdeh1 bibisioğlu kimi təqdim etmişdir. Bir neçə ay keçdikdən sonra Elşən iddiaçıya zəng vuraraq onunla görüşmək istəsiyini, ona şad xəbərinin olduğunu demişdir. Səhəri gün Xırdalan şəhərində yerləşən “Amazonka” adlı kafedə iddiaçı ilə cavabdehlər görüşmüş, Cavabdeh1 yüksək vəzifəli tanışının olmasını, Bakı şəhərində “Port Baku” adlanan yerdə işləyən bir xanımın vasitəsi ilə iddiaçını alay komandiri vəzifəsinə düzəldə biləcəklərini bildirmişdir. Təxminən 2 gün sonra iddiaçı cavabdehlərlə Xırdalan şəhərində görüşüb şəxsi məlumatlarından ibarət CV-ni onlara təqdim etmişdir. 2 gün sonra cavabdehlər iddiaçıya zəng vuraraq sözügedən vəzifəli şəxsin onun CV-sini bəyəndiyini bildirib görüşmək təklif etmişlər. Səhəri gün iddiaçı cavabdehlərlə Xırdalan şəhərində görüşmüş, cavabdehlər iddiaçıya yeni işə keçməsi ilə əlaqədar 200000 manat pul lazım olduğunu bildirmişlər. Aralarında razılığa əsasən, iddiaçı ilkin olaraq 50000 manat, bir neçə gündən sonra 25000 manat, yeni işlə bağlı əmri verildikdən sonra isə qalan 125000 manat pulu verməyi öhdəsinə götürmüşdür. 11 dekabr 2018-ci il tarixdə saat 19 radələrində Xırdalan şəhərində çörək zavodunun yaxınlığından olan avtoyuma məntəqəsinin qarşısında iddiaçı cavabdehlərlə görüşmüş, öz avtomobilində 50000 manat pulu sayaraq cavabdehlərə təqdim etmişdir. Bir neçə gün sonra iddiaçı “Toyota Lanc-Cruiser 200” markalı avtomobilini satmış, 16 dekabr 2018-ci il tarixdə saat 16 radələrində Xırdalan şəhərində “Neapol” restoranının yanında cavabdehlərlə görüşərək 25000 manat pulu onlara vermişdir. Həmin vaxt cavabdehlər həmin ilin dekabr ayının sonunadək iddiaçıya yeni işi ilə bağlı əmrin veriləcəyini demişlər. Deyilən vaxtda əmrin verilmədiyini görən iddiaçı cavabdehlərlə əlaqə saxlamış, cavabdehlər ona narahat olmamasını, əmrin 2019-cu ilin yanvar ayının 15-nə kimi veriləcəyini demişlər. Sonradan bu vaxt cavabdehlərin deməsinə görə yanvar ayının sonunadək uzanmışdır. Lakin, müvafiq əmr verilmədiyindən iddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlamış, cavabdehlər hər dəfə müxtəlif bəhanələrlə tezliklə əmrin veriləcəyini demişlər. İddiaçı işin həll olunmadığını müəyyən etdikdə cavabdehlərdən pulunu tələb etmiş, cavabdehlər ona narahat olmamasını, pulun onlarda olduğunu, bir-iki günə qaytaracaqlarını bildirsələr də, pulu qaytarmamışdırlar. İddiaçı 21 avqust 2021-ci il tarixdə bununla bağlı Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, 10 sentyabr 2021-ci il tarixdə istintaq şöbəsi tərəfindən “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, tərəflər arasındakı mübahisənin mülki qaydada həll edilməli olduğu göstərilmişdir. İddiaçı tərəfindən cavabdehlərə 75000 manat pulun verilməsi ilə bağlı SMS və “Whatsapp” tətbiqi vasitəsi ilə yazışmalar mövcuddur. Həmçinin, 50000 manatın verilməsi ilə bağlı videogörüntü də mövcuddur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda da cavabdehlər iddiaçıdan 75000 manat pulu aldıqlarını etiraf etmişlər. Eyni zamanda, cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirab, sarsıntı keçirmişdir. Dəfələrlə cavabdehlərin ünvanına gedib-gəlmiş, əsəb, stress keçirmişdir. Buna görə də, iddiaçı cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat pul tələb edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 saylı iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 50000 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 200 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(001)-7244/2022 saylı iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab olumuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Kollegiya işdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilməmişdir. Ona görə də iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə sonucunun apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan müddətin bərpası barədə ərizəyə baxaraq işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(001)- 7244/2022 saylı iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 saylı iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı Apellyasiya Məhkəməsinin 2(001)-7244/2022 saylı iş üzrə 13 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-983/2022 saylı iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar