Məhkəmə qərarları › İş №2(103)-4932/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4932/2021

28.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4932/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC, üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “mülkiyyətində olan evin sökülüb yenidən tikilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-2793/2021 saylı, 02 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə, üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı “mülkiyyətində olan evin sökülüb yenidən tikilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.12.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi MH № ******* nömrəli 24.07.2006-cı il tarixli reyestrdən çıxarışa əsasən onun şəxsi mülküyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evinin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülərək yenidən tikilməsi və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi MH № ******* nömrəli 24.07.2006-cı il tarixli reyestrdən çıxarışa əsasən onun şəxsi mülküyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evinin sökülərək yenidən tikilib ona təhvil verilməsi barədə iddiasına baxılıb qurtaranadək, baş verə biləcək bədbəxt hadisənin qarşısının alınması üçün Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə onun öz əşyaları ilə birlikdə müvəqqəti sığınacaqla təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-2793/2021 saylı, 02 aprel 2021ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət birinci instansiya məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Kollegiya ilk növbədə qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi məqsədəmüvafiq deyildir. Digər tərəfdən, iddiaçının iddia tələbi təmin edildiyi təqdirdə belə, qətnamənin icrasına maneə olacaq hallar mövcud deyildir. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər vurulması sübuta yetirilmədən ərizəni təmin etmək mümkün deyildir və Azərbaycan Respublikası MPM-in 158-ci maddəsində belə bir iddianı təmini tədbirinin tətbiqi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin tədbirinin tətbiqinə dair ərizəni təmin etmədiyi zaman birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(005)-2793/2021 saylı, 02 aprel 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar