Məhkəmə qərarları › İş №2(103)-4934/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4934/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4934/2021 31.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “subroqasiya hüququ əsasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2/2020 nömrəli saylı işi üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraicət edərək, iddiaçı 4567 manat sığorta ödənişi məbləğində pulun və ödənilmiş 21 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Məhkəmə Ekspetiza Mərkəzinin 4718 saylı, 03.04.2020-ci il tarixli rəyinə əsasən, "Ford Fusion” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilə 4278 manat maddi ziyan dəymişdir (səh.167); “xxxx” MMC-nin tərtib etdiyi 0087-09 saylı, 28.08.2009-cu il tarixli defekt aktının surətinə, sığortalanmış avtomobilə dəymiş zərər 4867 manat müəyyən edilmişdir (səh.11); KS-338/09 saylı Sığorta Aktı ilə 300 manat fransıza məbləği çıxılmaqla, qalan 4567 manat pulun ödənilməsi qərara alınmışdır. Həmçinin, 01.09.2009-cu il tarixli, 780 saylı məxaric xəzinə orderinin surətindən görünür ki, iddiaçı sığorta ödənişi qismində 4567 manat məbləğində pulu sığortalıya ödəmişdir (səh.8). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2/2020 nömrəli saylı işi üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3978 manat məbləğində pul vəsaiti, ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 1 manat məbləğində bank xidmət haqqı X3 alınaraq "xxxx” ASC-nin xeyrinə ödənilmiş, ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat məbləğində pul vəsaitinin X3 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası MPM-nin 119.1 -ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936, 1108.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi isə əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. iddiaçı subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da, iddia həcminə görə qismən əsaslıdır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə iddiaçı əlavə zərər çəkmişdir. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də ondan alınaraq iddiaçıya ödənilməlidir. Ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 120 manat məbləğindədir. İddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də - ekspertiza tədqiqatının dəyəri olaraq 120 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli 2(011)-2/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə; Azərbaycan Respublikasının MPM-nin 385.1.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, olan Xətai RPİ-nin DYPŞ-nin 03.08.2009-cu il tarixli arayışından görünür ki, «Ford Fusion» markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol qanadı, arxa buferi, arxa qapısı, arxa sağ qanadı əzilmiş və arxa sağ stop işığı sınmışdır. İşdə olan, «xxxx» MMC tərəfindən tərtib edilən 0087-09 saylı, 28.08.2009-cu il tarixli defekt aktının surətindən görünür ki, sığortalanmış avtomobilə dəymiş zərər 4867 manat müəyyən edilmişdir.Sığorta Aktına əsasən 300 manat franşiza çıxıldıqdan sonra qalan məbləğ 4567 manat pulun ödənilməsi qərara alınmışdır. Həmçinin, işdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03.04.2020-ci il tarixli rəyindən aydın olur ki, «Ford Fusion» markalı **-DE- *** dövlət qeydiyyat nişanlı avtomobilə 4278 manat ziyan dəymişdir. Mübahisəli avtomobilə vurulmuş zərər DYP-nin tərtib etdiyi protokolda bir cür, «xxxx» MMC tərəfindən tərtib edilən 28.08.2009-cu il tarixli defekt aktında bir cür, ekspertiza rəyində isə bir cür göstərilmişdir. İşin bu faktiki halları göstərir ki, «Ford Fusion» markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər subyektiv amillərlə bağlı olmaqla yanaşı qərəzli xarakter daşıyır. Onun mübahisəli avtomaşına baxış zamanı iştirakı təmin edilməmişdir. Bu isə prosessual baxımdan qanunsuz və əsassızdır.İddiaçı «xxxx» ASC-nin baş vermiş sığorta hadisəsi ilə bağlı şişirdilmiş sığorta məbləği ilə mənə qarşı iddia tələblərini qanunsuz hesab edir. Məhkəmə həmçinin prosessual hüquq normalarını pozmuşdur. Belə ki, ona cavabdeh kimi məhkəmə iclaslarının keçirilməsi ilə bağlı olaraq məhkəmə bildirişləri verilməmişdir ki, bu da onun məhkəmə qaydasında müdafiə olunmaq, ona qarşı irəli sürülən iddia tələblərinin mahiyyətini bilmək, bununla bağlı sübutlar təqdim etmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, hadisə zamanı «Ford Fusion» markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız sol qanadını vurduğunu, avtomobilə az məbləğdə zərər vurduğunu, iddia ərizəsində isə avtomobilə çox zərər vurulmasının göstərildiyini, arxadan “VAZ-2106” markalı avtomobilin onları vurduğunu və onun məsuliyyətə cəlb edilmədiyini, əslində isə yol nəqliyyat hadisəsinin onun təqsiri ucbatından baş verdiyini, rayon məhkəməsi tərəfindən onun məhkəmə iclasına dəvət edilmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, inzibati xəta haqqında qərarda yol nəqliyyat hadisəsinin Cavabdeh2 tərəfindən törədildiyinin göstərildiyini, məhkəmə tərəfindən keçirilmiş ekpertiza rəyinə əsasən, 3978 manat məbləğində zərər vurulduğunu, avtomobilin sağ tərəfinin olmadığını bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1, 926.1, 936, 1096.1, 1096.2, 1108.1, 1112, 1114; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Cavabdeh apellyasiya şikayətində gətirdiyi dəlillərdən fərqli olaraq apellyasiya icraatı zamanı təqsirlilik hissəsində öz məsuliyyətini mübahisələndirərək ümumiyyətlə nəqliyyat vasitəsinə dəymiş zərərin yalnız qabaq sol qanada aid olduğunu bildirmişdir. Apellyatorun ziddiyyətli dəlillərinə dair qeyd edilməlidir ki, cavabdehin əməli inzibati xəta haqqında icraata aid olduğundan mülki icraat həddi səlahiyyətlərinə aid olmadığından qiymət verilməsi mümkün deyil, cavabdehin isə yol nəqliyyat hadisəsi zamanı yalnız «Ford Fusion» markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız sol qanadının əzilməsinə dair dəlili isə X7 tərtib etdiyi arayışla təkzib edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2/2020 nömrəli saylı işi üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar