Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4936/2025 17.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “yaşayış evinə müdaxilələrin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1630/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə fərdi yaşayış evinin iddiaçya məxsus hissəsi ilə bağlıdır. 2.Fərdi yaşayış evi ünvan 1 ünvanında yerləşir. Qeydiyyat vəsiqəsində evin iddiaçıya məxsus hissəsi “sahəsi 12 kv.m olan 1 otaqdan ibarət 4 nömrəli mənzil” kimi göstərilib. Evin həmin hissəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2003-cü ildə dövlət reyestrində qeydə alınıb (iş v. 7). 3.İddiaçı həmin ünvanda yenidənqurma işləri aparmaqla əlavə tikililər inşa edib, fərdi yaşayış evinin mülkiyyətində olan hissəsinin sahəsini faktiki genişləndirib. Belə ki, Nərimanov RİHB-nın xx.xx.2006-cı il tarixli 418 nömrəli sərəncamı ilə qərara alınıb ki, iddiaçıya məxsus həmin daşınmaz əmlakın sökülüb, razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilsin (iş v. 6). Ekspert rəyinə görə, 1924-cü ildə inşa edilmiş həmin birmərtəbəli yaşayış evi sərəncam üzrə sökülüb əsaslı şəkildə yenidən tikilməli olduğu halda, tikinti norma və qaydalarına əməl edilmədən, sökülməli olan tikilinin üzərində əlavə iki mərtəbə və mansard inşa edilib, bu isə əsassız və izafi yüklülük yaradıb (iş v. 106). 4.Cavabdeh həmin ərazidə hündürmərtəbəli yaşayış binası inşa edir. Belə ki, Bakı ŞİHB-nın xx.xx.2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında mülkiyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün cavabdehə icazə verilib. Ekspert rəyinə görə, fərdi yaşayış evinin iddiaçıya aid hissəsi, onun yerləşdiyi həyətyanı və tikintialtı torpaq sahəsi sərəncamda nəzərdə tutulan torpaq sahəsinin hüdudları daxilində yerləşir (iş v. 106). Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində cavabdehdən tələb olunub: 1) fərdi yaşayış evinin iddiaçıya aid hissəsinin (3 mərtəbəli, mansardlı tikili) 3 tərəfindən dəmirdən çəkilmiş hasar cavabdehin hesabına sökülsün; 2) fərdi yaşayış evinin iddiaçıya aid hissəsinin 3 tərəfdən təmir olunmasına və istifadəsinə maneələr yaradılması cavabdehə qadağan edilsin; 3) fərdi yaşayış evinin iddiaçıya aid hissəsindən 2 metr aralıda cavabdeh tərəfindən tikilmiş ofis binasının və hündürmərtəbəli yaşayış binasının yanar penaplast materialdan üzlüyü çıxarılsın. 6.İddia onunla əsaslandırılıb ki, cavabdeh fərdi yaşayış evinin iddiaçıya aid hissəsinin 3 tərəfini evin divar hissəsindən bağlamaqla iddiaçının öz evinin divarını təmir etməsinə və evin ətrafına baxış keçirməklə normal şəraitdə yaşamasına imkan vermir. Bununla yanaşı, cavabdeh özünün tikdiyi çoxmərtəbəli yaşayış binasına və iddiaçının evinin təxminən 2 metrliyində inşa edilmiş 2 mərtəbəli ofisə üzlük çəkərkən yanar penaplast materialdan istifadə etmişdir ki, bu da gələcəkdə yanğın baş verəcəyi halda qısa müddət ərzində ərazinin tüstüyə və yanğına bürünməsinə və insan ölümünə səbəb olacaqdır. 7.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 9.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 11.Cavabdeh mülkiyyətə qəsd sayıla bilən hərəkətlərə yol verməyib. Birinci, sökülməsi tələb olunan dəmir hasar təhlükəsizlik məqsədilə müvəqqəti çəkilib, çünki ərazidə cavabdeh tərəfindən hündürmərtəbəli yaşayış binasının tikintisi həyata keçirilir. İkinci, həmin hasar fərdi yaşayış evinin iddiaçya aid hissəsində təmir işləri aparılmasına maneə yaratmır. İddiaçı evin özünə aid hissəsində təmir işləri aparmaq üçün hasarla əhatə olunmuş əraziyə daxil olmağa cəhd etdiyini, cavabdehin isə buna maneə yaratdığını təsdiq edən sübut təqdim etməyib. Üçüncü, cavabdehə aid olan ofis binasına və hündürmərtəbəli yaşayış binasına üzlük çəkilməsi üçün istifadə edilmiş materialın yanğın təhlükəsi yaratması barədə sübutlar yoxdur. 12.Hazırkı iddianı qaldırmaqda iddiaçının məqsədi başqa mülki işdə üstünlük qazanmaq üçün cavabdehə təsir etməkdir. Belə ki, fərdi yaşayış evinin iddiaçıya aid hissəsi ilə bağlı tərəflərin arasında başqa məhkəmə mübahisəsi var. Həmin mübahisə üzrə mülki iş hazırkı mülki işdən daha əvvəl başlanıb və hazırda məhkəmənin icraatındadır. Mülki işdə İddiaçı ilk iddia verərək tələb edib ki, Cavabdeh MTK fərdi yaşayış evinin iddiaçıya aid hissəsinin (3 mərtəbəli, mansardlı, ümumi sahəsi 502 kv.m) əvəzinə iddiaçını hazır binada 20- 30 faiz artıq sahəsi olan yaşayış sahəsi ilə təmin etsin. Cavabdeh MTK isə qarşılıqlı iddia verərək tələb edib ki, fərdi yaşayış evinin İddiaçı aid hissəsi sökülsün və əvəzində MTK tərəfindən İddiaçı müvafiq sahəsi olan iki mənzil verilsin. 13.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1630/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4936/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4936/2025
17.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver