Məhkəmə qərarları › İş №2(103)-4939/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4939/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4939/2024 12.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı" mənzilin və ya onun dəyərinin təhvil verilməsi və s." tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayət vermə müddətinin bərpası barədə ərizə təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı" mənzilin və ya onun dəyərinin təhvil verilməsi və s." tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1464/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh MTK-ya qarşı" mənzilin və ya onun dəyərinin təhvil verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə "xxxx" MMC arasında bağlanılmış 19 avqust 2008-ci il tarixli “mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MMC-nin götürdüyü “Cəmiyyətə ayrılmış”, yəni cavabdeh "xxxx" MMC-yə ayrılmış, yəni ünvan 1 ünvanında inşa edilən binanın 11-ci giriş, İV mərtəbə, ümumi sahəsi 81.0 kv.m olan 2 otaqlı,1228 saylı mənzilin İddiaçı qaytarılması öhdəliyinin cavabdeh "xxxx" MMC-yə münasibətdə Cavabdeh MTK-ya həvalə olunması; Eləcə də öhdəliyin təmin olunmaması halında da müqavilə əsasında ödənmiş 39500 manat məbləğində nağd pulun ödənilməsi öhdəliyinin "xxxx"MMCyə münasibətdə “Şərur MTK-ya həvalə olunması və eləcə də ödənilən pulun illik faiz dərəcəsi 5 olmaqla ötən müddətə hesablanmaqla kompensasiyasının, dövlət rüsumu olaraq ödənilən 100 manat və mənəvi zərər olaraq da 10.000 manat pulun cavabdeh "xxxx"MMC-yə münasibətdə Cavabdeh MTK-dan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1464/2023 saylı, xx.xx.2023ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

3. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə apellyasiya şikayəti verərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1464/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı qərarı aldıqdan dərhal sonra apellyasiya şikayəti vermək istəsə də sağlamlığı buna imkan verməmiş və nəticədə apellyasiya şikayətini vaxtında göndərə bilməmişdir. Belə ki, iddiaçının ayaqlarında yaranan problemlərə görə bir müddət yeriyə bilməmiş və nəticədə uzunmüddətli müalicə almaq məcburiyyətində qalmışdır. Belə ki, iddiaçının diz sümüklərində olan yeyilmələrdən dolayı təkbaşına hərəkət edə bilməmişdir. Bununla bağlı MRT şəkilləri qoşmaya əlavə ediləcəkdir. Müalicə yekunlaşandan və iddiaçı sağlamlığına qovuşandan sonra apellyasiya şikayətini göndərmək mümkün olmuşdur.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1464/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ona münasibətdə bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

6. İddiaçı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1464/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə MRT diski təqdim edilsə də məhkəmə tərəfindən həmin sübuta da qiymət verilməmiş və gözardı edilmişdir. Son zamanlar baş verən mənzil fırıldaqçılığından əziyyət çəkən iddiaçıya bu yolla külli miqdarda zərər dəymişdir və həmin dəymiş zərərin əvəzinin ödənilməsinin yeganə yolu apellyasiya şikayətinə aidiyyatı üzrə baxılmasıdır. Məhkəmənin isə bu qərardadla iddiaçının bu hüququnu əlindən alması olduqca anlaşılmaz və ədalət prinsipinin pozulmasıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının 70-dən çox yaşı var və bu yaşda belə xəstəliyin nüfuz etməsi ən arzuolunmaz ssenarilərdəndir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1464/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1464/2023 saylı, xx.xx.2024- cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin 2(005)-1464/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

12. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

13. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

14. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

15. Mülki Prosessual Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (Maddə 133.3)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. İş materialları ilə müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1464/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi poçt vasitəsilə İddiaçı tərəfindən 22 avqust 2023-cü il tarixdə xəbərnaməyə imza etdirilməklə qəbul edilmişdir.

18. Göründüyü kimi İddiaçı münasibətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1464/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 22 sentyabr 2023-cü il tarixə qədər olmuşdur.

19. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti 15 iyun 2024-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim edilərək, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür.

20. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

21. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.

22. Hazırki işin halları baxımından isə belə hallar mövcud deyildir, belə ki, İddiaçı xəstəliyi səbəbindən müalicə aldığı üçün apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş vaxtda verə bilməməsini qeyd etsə də, xəstəxanada müalicə alması, bu səbəbdən 9 ay ərzində şikayət vermək imkanın olmamasına dair sübutlar məhkəməyə tədim etməmişdir.

23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmuşdur.

24. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1464/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar