Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4941/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və vəkili Vəkil3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-4221/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh "xxxx" QSC-nin nizamnaməsinə əsasən (əvvəlki adı "xxxx" QSC), onun əsas fəaliyyəti, həmçinin, Azərbaycan Respublikasında mərc və digər oxşar bəxt oyunlarının təşkili, keçirilməsi, idarə olunması və inkişaf etdirilməsidir.
2. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının xx.xx.2015-ci il tarixli S-04 nömrəli qərarı ilə cavabdehin bu sahədə akkreditasiyası 10 il müddətə uzadılmışdır.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə “Topaz” (cavabdeh mərc oyunlarında “Topaz” əmtəə adı ilə iştirak edir) idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək (1. 2660 FK İFK Osteraakers vs İF Kungsangens Alt/Üst 4.5 ÜST - 3.7; 2. 1718 Sassuola Kalço vs Udineze Alt/Üst 1.5 ÜST - 1.11) cavabdeh tərəfindən verilmiş kuponları əldə etmiş, qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclər uduşlu olmuşdur.
4. İddiaçı xx.xx.2022-ci il tarixdə rəsmi qaydada cavabdehə müraciət edərək, vergilər çıxılmaq şərti ilə 76.875 manat uduş məbləğinin verilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir (xəbərdarlıq xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim olunmuşdur).
5. Cavabdehin xx.xx.2022-ci il tarixli 53/22 nömrəli əmrinə əsasən - xx.xx.2022-ci il X7, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə təxirə salınmış, oyunla bağlı şübhələrə dair İsveç Futbol Federasiyasına müraciət edilməsi, təxirə salınmış uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilməsi və s. qərara alınmışdır.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli, 65/22 nömrəli əmri ilə xx.xx.2022-ci il X7, 2ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə ləğv edilmiş, ləğv edilmiş uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilmişdir.
7. Cavabdeh uduşun verilməsindən imtinanın qanuni əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsaslanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 76.875 manat uduş məbləğinin, 3.000 manat maddi ziyanın, 3.000 manat mənəvi ziyanın və 338 manat ödənilmiş dövlət rüsumunun, cəmi 83.213 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müxtəlif saatlarda “Topaz” idman mərc oyununda hər biri 500 manat olmaqla 38 dəfə mərc edərək kupon əldə etmiş, əldə olunmuş kuponlar üzrə həmin mərcləri qazanmışdır. Kuponları nağdlaşdırmaq məqsədilə “Topaz” məntəqələrinə yaxınlaşdıqda kuponların uduşlu olduğunu, lakin baş ofisə yaxınlaşmalı olduğu bildirilmişdir. İddiaçı dəfələrlə qaynar xətt nömrəsi ilə əlaqə saxlamış və "xxxx" QSC-nin baş ofisinə müraciət etmiş, lakin bu günə kimi heç bir nəticə verməmiş və hər dəfəsində müxtəlif bəhanələrlə əliboş yola salınmışdır. Kuponlar üzrə vergilər çıxılmaq şərti ilə 76.875 manat uduş məbləği qazanmışdır. xx.xx.2022-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmişdir, lakin bu günə kimi uduş məbləği ödənilmir. Bundan əlavə, cavabdeh 25 gündən artıq müddətdə uduş məbləğini ödəməməklə iddiaçıya maddi və mənəvi ziyan vurur. Belə ki, udulmuş məbləğin 19.000 manatı şəxsin şəxsi pullarıdır ki, həmin məbləği şəxs bu müddət ərzində istifadə edərək müəyyən miqdarda gəlir edə bilərdi və əlavə olaraq cavabdehdən pulun alınması üçün 300 manat miqdarında vəsait hüquqi xidmətlər üçün və 321 manat dövlət rüsumu ödəməlidir. Bundan başqa, 25 gündən artıqdır ki, uduş məbləğini verməməklə iddiaçını stresdə saxlayır.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)- 4221/2022 saylı qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddia təmin olunmamışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həqiqətən eyni oyun üzrə 38 dəfə mərc edərək uduşlu kupon qazanması şübhəli olduğundan, oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr olduğundan, Kungsangens İf futbol komandası son 2 il ərzində oynadığı 4 matçın hamısında manipulyasiyaya cəlb olunduğundan, “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya uduşun ləğv edilməsi əsaslı olmuşdur. Odur ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz.
12. Məhkəmə həmçinin iddiaçının 3.000 manat maddi və 3.000 manat mənəvi ziyanın tutulması barədə iddiasına hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin tələblər iddiaçı tərəfindən uduşun verilməsinin 25 gündən artıq gecikdirilməsi nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı olmuş, yəni əsas tələbdən törəmə tələblərdir. İddiaçının əsas – uduşun verilməsi barədə tələbi təmin edilmədiyindən, ondan törəmə tələblər olan maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı tələbləri də təmin edilməməlidir.
13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1083.1, 1084-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi və s. göstərilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, İsveç Futbol Federasiyasının məktubundan oyunla bağlı şübhənin olmasına görə müraciət edilməsi artıq cavabdehə qanunvericiliyə uyğun olaraq əsas verir ki, uduşun nəticələrini ləğv etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli Qərarı ilə təsdiq olunmuş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığın şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər. Eyni zamanda, hər hansı digər mərc operatorunda bu oyunun nəticəsində uduşun verilib verilməməsinin iddiaçıya münasibətdə heç bir hüquqi qüvvəsi yoxdur. Onlar mərc bazarında müstəqil fəaliyyət göstərən subyektlərdir və hər hansı mərc operatorunun istənilən mərclə bağlı gəldiyi nəticələr digər operatorlar üçün heç bir məcburi qüvvəsi yoxdur. Bununla yanaşı, sözügedən məktubun məzmunundan göründüyü kimi, məhz federasiyasının əməkdaşlıq etdiyi və mərc operatorları üçün idman datalarını toplayan və təhlil edən, bu sahədə tanınan Sportradar şirkətinin təhlili nəticəsində şübhələr əsaslı olduğuna görə polis orqanına müraciət edilmişdir. İddiaçının məhkəmə qətnaməsini məhkəmə iclasında tədqiq etdiyi sübutlarla əsaslandırmalıdır hissəsində prosessual normaların pozulmasına gəlincə, İddiaçı apellyasiya şikayətinə əlavə edilmiş UEFA Nizamnaməsinə istinad edir. Halbuki, nizamnamədə istinad etdiyi maddədə milli federasiyanın müstəqil fəaliyyət göstərməsinə xələl gətirən və ümumiyyətlə bu işə təsir edə biləcək heç bir müddəa yoxdur. Həmçinin, UEFA İntizam Qaydalarının (2022-ci il nəşri) 2-ci maddəsində qeyd olunur ki, intizam qaydaları UEFA nizamnaməsi, qaydaları, qərarları pozulduqda tətbiq edilir və bu intizam qaydaları UEFA tərəfindən təşkil edilən oyunlar və yarışlara münasibətdə tətbiq edilir. Digər tərəfdən, İddiaçı nəzərə almır ki, birinci instansiya məhkəməsi məhz həmin məhkəmə baxışında tədqiq edilmiş sübutlara baxıb hüquqi qiymət verir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bunu nəzərə alaraq, məhkəmənin məhkəmə iclasında tədqiq edilən sübutlara istinad etməsində prosessual normaları pozması ilə bağlı gəldiyi qənaətin heç bir əsası yoxdur.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-498/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdehin “Topaz” əmtəə adı ilə təşkil etdiyi idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək (1. 2660 FK İFK Osteraakers vs İF Kungsangens Alt/Üst 4.5 ÜST - 3.7; 1718 Sassuola Kalço vs Udineze Alt/Üst 1.5 ÜST - 1.11) müvafiq kuponlar əldə etməsi və orada qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclərin uduşlu olması işin mübahisə olunmayan hallarıdır.
19. Cavabdeh müvafiq uduş məbləğini ödəməkdən imtina edərkən - mərc edilən futbol oyunlarından birinin (FK İFK Osteraakers vs İF Kungsangens) nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına əsaslanmış, sübut kimi İsveç Futbol Federasiyasına müraciət olunmasını və cavabdeh məktublarında (Kungsangens İf son 2 il ərzində Sportrader tərəfindən nəzərdən keçirilmiş 4 matçda oynadığına görə artıq diqqət çəkməsi, Kungsangen həmin 4 matçın hamısında manilpulyasiyaya cəlb olunması, hazırda Division 2 Norra Svealand danışılmış oyun şübhəsi ilə bağlı araşdırma aparılması, Kungsangens İf əvvəllər araşdırdıqları şübhəli matçlarda oynaması, bu matçların əsasən 2021-ci il mövsümündə oynanılması və hələ də araşdırmaların davam etməsi, İsveç polisinə bu barədə məlumat verilməsi) əks olunmuş məlumatları təqdim etmişdir.
20. Qanunvericiliyin tələblərinə əsasən - bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin təqdim etdiyi yuxarıda qeyd edilən məlumatlar qanunvericiliyin qeyd edilən tələbləri baxımından mübahisəli mərcdə göstərilən oyunun etibarlılığını şübhə altına alan məlumatlar (sübutlar) kimi qəbul edilə bilər (iddiaçı tərəf qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir).
22. İddiaçı tərəf oyunla bağlı cavabdehin təqdim etdiyi həmin məlumatların yalnız ilkin araşdırma mərhələsini əks etdirməsini, yekun nəticə olmamasını, mübahisəli oyunun nəticələrinin ləğv olunması ilə bağlı hər hansı sübutun təqdim olunmamasını, eyni zamanda UEFA-nın da həmin oyunla bağlı qərarının (açıqlamasının) olmamasını göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, hazırki mübahisə hər hansı futbol oyununun nəticələrinin etibarlılığının mahiyyəti üzrə araşdırılmasına deyil (bu məsələ hər bir halda mülki qaydada yoxlanıla bilməz. Bununla bağlı müvafiq beynəlxalq prosedur qaydalar mövcuddur), mərclə bağlı mübahisənin həllinə yönəlmişdir.
23. Yuxarıda da qeyd edildiyi kimi, mərc sahəsində qüvvədə olan milli qanunvericilik bu kimi mübahisələrin həllini (yəni mərc edilmiş oyunların nəticələrini) yekun qəti qərara bağlamamışdır. Dolayısı ilə hazırki mübahisənin həlli istiqamətində mərc edilmiş oyunla bağlı UEFA-nın və ya digər orqanının da yekun rəsmi qərarının qəbuluna hər hansı zərurət yoxdur. Qaydaların qeyd edilən normasının dispozitiv şərtlərinin mövcudluğu kifayətdir.
24. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mütəxəssis rəyində göstərilənlərlə (oyunun nəticəsinin saxtalılığı və s. bu kimi halların UEFA-nın araşdırma predmetinin olması, dövlətdaxili qanunvericilikdən asılı olmaması və s.) də razılaşmayaraq, onların hazırki mübahisənin həlli üçün qanuni və əsaslı saymır.
25. İddiaçı tərəf apellyasiya baxışı zamanı əlavə sübutlar (kuponlar, oyun nəticələri və s.) təqdim edərək, iddiaçının eyni mərci digər milli operator olan “Misli”də də oynadığını, sonuncunun uduş məbləğini ödəməsini göstərmişdir.
26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 372.2-ci mad).
27. Göründüyü kimi, qanunverici apellyasiya instansiyasına yeni sübutların təqdim olunmasına məhdudiyyətlər nəzərdə tutulmuşdur. İddiaçı tərəf isə qeyd edilən sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Belə olan halda, həmin sübutların apellyasiya icraatı zamanı qəbul edilməsi prosessual hüquq normalarının tələblərinə ziddir.
28. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi öz qənaətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü bəndinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
29. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1998/2023 nömrəli qərarı ilə (hakimlər V.M.Məmmədov (sədrlik edən və məruzəçi), A.Ə.Abbasov və Z.Ə.Əliyevdən ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-498/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
31. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, həmin məhkəmə iddianın rədd edilməsində yalnız bir əsasa - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü bəndinə istinad etmişdir. Həmin normaya görə, bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan əsası ilə razılaşmır.
32. İlk olaraq, işin mübahisəsiz halıdır ki, tərəflər arasında idman mərc oyunları ilə bağlı müqavilədən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır, həmin müqaviləyə əsasən iddiaçının cavabdehə qarşı uduşun ona ödənilməsini tələb etmək hüququ vardır, cavabdeh iddiaçı qarşısında belə bir öhdəliynin mövcudluğunu mübahisə etmir, sadəcə həmin öhdəliyin icrasını (uduşun ödənilməsini) təxirə salmaq, yaxud ləğv etmək səlahiyyətinin olduğuna və bu hüququnun “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” adlı normativ-hüquqi aktdan irəli gəldiyinə istinad edərək, uduşun iddiaçıya ödənilməsindən imtina edir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının idman mərc oyunları üzrə cavabdehlə bağladığı mülki hüquqi müqaviləyə əsaslanan uduşun ona ödənilməsini tələb etmək hüququ Mülki Məcəllə ilə qorunan və təminat altına alınan mülki hüquqlara aiddir və Mülki Məcəllənin 6.3-cü maddəsi ilə (bu Qərarın 21-ci bəndi) tənzimlənən mülki qanunvericiliyin prinsiplərindən biri kimi mülki hüquqların yalnız qanunla məhdudlaşdırıla biləcəyi məzmunlu imperativ qaydası bu hüquqları da özünün qoruma sferasına daxil edir. Başqa ifadə ilə, normativ-hüquqi aktların iyerarxiyasında Konstitusiya və referendumla qəbul edilmiş aktlardan sonra bərqərar olan qanunvericilik aktı kimi qanunun norması (Mülki Məcəllənin 6.3-cü maddəsi) ilə təsbit edilmişdir ki, mülki hüquqların məhdudlaşdırılması yalnız iki şərt biraraya gəldikdə mümkün ola bilər: 1) məhdudlaşdırma dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olmalıdır; 2) hüquqlar qanunla məhdudlaşdırılmalıdır.
34. Lakin işdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə gəlinən nəticənin qanuni əsası kimi qəbul edilən normativ-hüquqi akt Nazirlər Kabinetinin qərarıdır, yəni qanun deyil, üstəlik, həmin hüquqi aktda mülki hüquqların məhdudlaşdırılmasının dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi zərurətindən irəli gəldiyi göstərilməmişdir.
35. Belə olan halda, mübahisəyə tətbiq olunmalı normativ-hüquqi aktlar arasında ziddiyyətin mövcudluğu şübhəsizdir və bu hal məhkəmələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsi və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2-ci maddəsində müəyyən edilən qaydada aradan qaldırılmalı idi.
36. Məhkəmə kollegiyası bildirmişdir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X3rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).
37. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
38. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
39. Apellyasiya və kassasiya şikayətlərində iddianın 3.000 manat maddi ziyan və 3.000 manat mənəvi ziyan tələbləri mübahisə edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində birinci instansiya məhkəməsinin yekun məhkəmə aktı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
40. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində 76.875 manat uduş məbləğinin ödənilməsi hissədə yenidən baxılarkən bu Qərarın 30-35-ci bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Proses iştirakçılarının izahatları
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, kassasiya instansiyası məhkəməsinin qərarında göstərilən mövqe ilə razı deyil.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125.Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 149.V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
44. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir; Maddə 2.6. Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir; Maddə 2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir.
45. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 1083.1. Oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir; Maddə 1083.2. Oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi, habelə oyun və ya mərc xarakteri daşıyan əmtəə əqdləri və ya qiymətli kağızlarla əməliyyatlar oyun və mərc kimi qiymətləndirilir. Maddə 1084. Lotereyalar və idman mərc oyunları istisna olmaqla, oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”: Bənd 4.2. Satıcı uduşlu mərc biletlərini mərc oyunlarının şərtlərində göstərilmiş qəbul müddəti ərzində, mərc oyunu iştirakçılarının ilk tələbi əsasında qəbul etməlidir; Bənd 4.4. Uduş mərc biletinin uduşa düşdüyü tarixdən etibarən ən geci 10 (on) bank günü ərzində iştirakçıya ödənilir; Bənd 4.5. Uduşlar bir il müddətində qüvvədə olur və tərtib tarixindən etibarən bir il ərzində təqdim edilməyən biletlərin uduşları köhnəlmiş hesab edilir. Bu biletlərə uduş məbləği ödənilmir. İstifadə müddəti keçən uduşlar Operatorun gəliri kimi qeydə alınır. Uduş üzrə son müraciət tarixi qeyri-iş gününə təsadüf etdiyi halda, ondan sonrakı ilk iş günü, iş saatı bitənə qədər uduş ödənilir. Uduşu ödənilən biletlər 12 (on iki) ay ərzində saxlanılır; Bənd 4.14. Bir biletdə maksimum 2500 (iki min beş yüz) sütun oynanıla bilər. Bir sütunun qiyməti 1 (bir) manatdır. İştirakçıya bir bilet üzrə ödəniləcək maksimum uduş məbləği 250000 (iki yüz əlli min) manat olaraq müəyyənləşdirilir və uduş bu məbləğlə məhdudlaşdırılır. Bir bilet üzrə uduş məbləği 250000 (iki yüz əlli min) manatdan artıq olarsa, iştirakçıya bu məbləğdən artıq olan hissə ödənilməyəcəkdir; Bənd 5.1. Mərc oyunları Operatorunun mərc oyunlarının təşkili və oynanılması ilə bağlı aşağıdakı hüquq və vəzifələri vardır: 5.1.3. mərc biletləri ilə bağlı uduşların ödənilməsini təmin etmək; Bənd 5.13. Bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər.
47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
50. Hazırkı işdə iddia rədd edildiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən uduş məbləğinin ödənilməsi hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.
52. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
53. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir:
54. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehin “Topaz” əmtəə adı ilə təşkil etdiyi idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək (1. 2660 FK İFK Osteraakers vs İF Kungsangens Alt/Üst 4.5 ÜST - 3.7; 2. 1718 Sassuola Kalço vs Udineze Alt/Üst 1.5 ÜST - 1.11) müvafiq kuponlar əldə etmiş və həmin futbol oyunlarının nəticələrinə görə mərclər uduşlu olmuşdur.
55. Beləliklə, tərəflər arasında idman mərc oyunları ilə bağlı müqavilədən irəli gələn öhdəlik-hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən iddiaçının cavabdehə qarşı uduşun ona ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdeh iddiaçı qarşısında belə bir öhdəliyinin mövcudluğunu mübahisə etməsə də, həmin öhdəliyin icrasını (uduşun ödənilməsini) təxirə salmaq, yaxud ləğv etmək səlahiyyətinin olduğuna və bu hüququnun “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları” adlı normativhüquqi aktdan irəli gəldiyinə istinad edərək, uduşun iddiaçıya ödənilməsindən imtina etmişdir.
56. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarına istinad etməklə iddianı rədd etmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
58. Hazırki mübahisəyə tətbiq olunmalı normativ-hüquqi aktlar arasında ziddiyət mövcuddur və Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin V hissəsi və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2-ci maddəsində müəyyən edilən qaydalara əsasən Nazirlər Kabinetinin qərarı deyil, Mülki Məcəllənin müddəaları tətbiq edilməlidir.
59. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi istinad etdiyi normativ-hüquqi akt - Nazirlər Kabinetinin qərarı qanun deyil və həmin hüquqi aktda mülki hüquqların məhdudlaşdırılmasının dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi zərurətindən irəli gəldiyi göstərilməmişdir.
60. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülki hüquqlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı əsasında məhdudlaşdırılması yolverilməzdir.
61. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işdə olan qəbzlərə əsasən iddiaçının uduş məbləği 76.876,94 manat olsa da, iddiaçının tələb etdiyi məbləğ 76.875 manatdır. Mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə iddia tələbindən kənara çıxa bilməz.
62. Şərh olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" QSC idman mərc oyunları üzrə bağlanmış müqavilə üzrə öhdəliyini icra etməklə tələb olunan uduş məbləğini iddiaçıya ödəməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-4221/2022 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 76.875 manat uduş məbləği, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 313 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 170 manatı tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: