Məhkəmə qərarları › İş №2(103)-4941/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4941/2025

15.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4941/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC-yə, Cavabdeh2 və Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-206/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “X11 200” minik markalı, ** NC *** dövlət qeydiyyat nişanlı minik avtomobili xx.xx.2013-cü il tarixdən İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,5505 ha olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi və onun üzərində olan 25,70 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə Cavabdeh2 (bundan sonra 1-ci cavabdeh) adına qeydiyyata alınmışdır. "xxxx" QSC (bundan sonra 2-ci cavabdeh) ilə 1-ci cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 230013 nömrəli kommersiya konsessiyası müqaviləsinə əsasən Konsessioner (1-ci cavabdeh) 2-ci cavabdehin firma adı və loqotipindən istifadə edərək, neft məhsullarını vaxtaşırı satın almaq və bu malları 2-ci cavabdehin nəzarəti altında öz adından və öz hesabına pərakəndə qiymətlə müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə satmaq öhdəliyini öz üzərinə götürürmüşdür. xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən “Toyota Land-Cruiser 200” minik markalı, **- NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5.525 manat məbləğində maddi zərər dəymişdir. “X5” MMC-nin xx.xx.2025-ci il tarixli, 71 saylı mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus “Toyota Land-Cruiser 200” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı fərdi sahibkar Fariz Süleymanov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında göstərilən ümumi dəyər (5.525 manat) real bazar qiymətlərinə uyğundur. Cavabdeh3 (bundan sonra 3-cü cavabdeh) 1-ci cavabdehin işçisidir, aralarında bağlanmış əmək müqaviləsinə əsasən yanacaqdoldurma məntəqəsinə operator vəzifəsinə işə qəbul olunmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı ilk əvvəl Cavabdeh1 QSC-yə qarşı iddia ərizəsi, sonradan Cavabdeh2 və Cavabdeh3 da cavabdeh qismində işə cəlb etməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, avtomobilə yanlış yanacağın doldurulması səbəbindən ona vurulmuş maddi zərərin əvəzi kimi 5.525 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manatın, habelə 1.000 manat mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Toyota Land-Cruiser 200” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Avtomobil dizel yanacaq növü ilə işləyir. xx.xx.2024-cü il tarixdə, saat 12:35 radələrində o, özünə məxsus həmin avtomobilə yanacaq doldurmaq üçün Binəqədi qəsəbəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə gəlmiş, oradakı işçiyə 50 manat dəyərində dizel yanacağı doldurmasını bildirmişdir. Lakin, işçi 50 manat dəyərində “Ai 92” markalı benzini avtomobilinə doldurmuş, nəticədə avtomobilin farsunka və yanacaq filtri yararsız hala düşmüşdür. Avtomobili evakuator vasitəsilə servisə aparmış, orada yoxlanılmışdır. Müəyyyən olunmuşdur ki, nasazlıqların aradan qaldırılması üçün ümumilikdə 5.525 manat pul tələb olunur.

4. Cavabdeh1 QSC iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbində qeyd edilən yanacaqdoldurma məntəqəsi cəmiyyətin mülkiyyətində deyil. Həmin YDM sahibkar fiziki şəxs Cavabdeh2 məxsusdur. Lukoil-Azərbaycan” QSC ilə Cavabdeh2 arasında konsessioner müqaviləsi bağlanılmış və müqavilə şərtlərinə əsasən sonuncu “Lukoil” PSC-nin firma adı və loqotipindən istifadə edərək, neft məhsullarının öz adından və öz hesabına pərakəndə qiymətə satışını təşkil edir. Belə ki, Cavabdeh2 kommersiya fəaliyyəti ilə məşğul olan sahibkardır və onun özünün işçi heyəti vardır. Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin 25.10..2024-cü il tarixli məktubu ilə də iddiaçının avtomobilinə yanlış yanacağın Cavabdeh3 tərəfindən doldurulduğu müəyyən edilmişdir. Göründüyü kimi iddia tələbində qeyd ediln halla bağlı Cavabdeh1 QSC-nin heç bir əlaqəsi olmadığından iddia ona qarşı rədd edilməlidir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-206/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 5.525 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manatın, cəmi 5.600 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə və Cavabdeh1 QSC-yə münasibətdə təmin edilməməsi qət edilmişdir. (hakim X4)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək iddia tələbinin maddi zərərin əvəzinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı yanacaqdoldurma məntəqəsində çənə yanlış yanacağın doldurulması səbəbi ilə maddi zərər çəkdiyindən, avtomaşına dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, "xxxx" QSC hazırkı tələblər üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab edilə bilməz. Belə ki, hadisə baş verən yanacaqdoldurma məntəqəsi mülkiyyətçisi tərəfindən istismar olunur. Cavabdeh1 QSC (Tapşıran) və Cavabdeh2 (Konsessioner) arasında xx.xx.2023-cü il tarixli, 230013 №-li kommersiya konsessiyası müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Konsessioner “Lukoil” PSC-nin firma adı və loqotipindən istifadə edərək neft məhsullarının öz adından və öz hesabına pərakəndə qiymətlə satılmasını təşkil edir. Cavabdeh2 kommersiya fəaliyyətini həyata keçirən sahibkar fiziki şəxs olduğundan, öz sahibkarlıq fəaliyətini sərbəst təşkil etdiyindən və öz işçi heyətinə malik olduğundan, həmçinin İddiaçı məxsus avtomobil ilə bağlı hadisə sahibkar fiziki şəxs Cavabdeh2 yanacaqdoldurma məntəqəsində baş verdiyindən, sözügedən maddi zərər Cavabdeh2 işçisi Cavabdeh3 tərəfindən avtomobilə dizel yanacağının əvəzinə “Ai 92” markalı benzinin doldurulması nəticəsində yarandığından, Cavabdeh3 sahibkara maddi ziyan vurmamaq və vurulan ziyan ödəməklə bağlı üzərinə vəzifə öhdəliyi götürdüyündən, ziyanla bağlı tələb üzrə cavabdehliyi də məhz həmin şəxslər daşımalıdır. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, Cavabdeh1 QSC hazırki tələb üzrə subyektiv cavabdehlik daşımadığı üçün, iddia tələbi ona aid olan hissədə əsassızdır.

7. İddiaçıya vurulmuş olan zərərin məbləğinə münasibətdə isə məhkəmə xx.xx.2025ci il tarixli, 71 saylı mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən, araşdırma zamanı hazırkı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

8. Məhkəmə iddia tələbinin mənəvi zərərin əvəzinin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdehlərin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə 75 manat məbləğində pul tutulmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 800cü, 1096-1097-ci, 1099-cu, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci, 101-ci, 103-cü, 119.1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ona münasibətdə təmin edilən hissədə ləğv edilməsini və iddianın ona aid hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, operator Cavabdeh3la əmək müqaviləsi bağlayarkən vəzifə öhdəlikləri ilə bağlı Cavabdeh3 təlimatla tanış olaraq imzalamış, orada sahibkara ziyan vurmamağı, vurulan tərzdə ziyanı tam ödəməyi üzərinə götürmüş, eyni zamanda əmək müqaviləsinin 3-cü bəndində də ziyanla bağlı məsuliyyətin işçi tərəfindən fərdi qaydada daşınmalı olması qeyd edilmişdir. İş üzrə fərdi sahibkar Cavabdeh2 tərəfindən tərtib edilmiş və Cavabdeh3 tərəfindən imzalanmış Operator vəzifəsində çalışanların vəzifə öhdəliklərindən görünür ki, vəzifə təlimatlarına uyğun olaraq 1. Təhlükəsizlik qaydalarına əməl edilməli; 2. Müştəriləri aldatmamalı; 3.Sahibkara maddi ziyan vurmamalı, vurulan tərzdə ziyanı tamlıqla ödəməli;

4. İşə məsuliyyətlə yanaşmalıdır. Göründüyü kimi, tərəflər müqavilə azadlığı prinsipinə uyğun olaraq sərbəst şəkildə öz öhdəliklərinin həcmi barədə razılığa gəlmiş, bu barədə müqavilə bağlayaraq öz iradə ifadələrini bəyan etmişlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu mənada hazırkı iddia üzrə iddiaçının ona münasibətdə müvafiq subyektiv hüququ yoxdur. Həmçinin iddiaçı bilavasitə onun tərəfindən hansı hüququnun pozulduğunu sübut edə bilməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə işçinin öz hərəkətlərinə görə fərdi olaraq məsuliyyət daşımaq imkanı təsbit olunmuşdur. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, digər Cavabdeh1 QSC isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 isə “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, başqa məhkəmədə olan işlə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası həmin ərizədə göstərilənləri təsdiq edən hər hansı sübutun təqdim edilmədiyini nəzərə alıb, onu əsaslı hesab etməmiş və işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin Cavabdeh2 münasibətdə təmin edilən hissəsində ləğv edilməsi və iddianın ona münasibətdə rədd olunması xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə və birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməklə iddianın həmin hissədə tam və ya qismən rədd edilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəllilərinə istinadən qeyd edir ki, mübahisə predmetini təşkil edən avtomobil iddiaçının mülkiyyətindədir, iddia tələbində qeyd edilən hadisənin baş verdiyi yanacaq doldurma məntəqəsi isə 1-ci cavabdehin mülkiyyətində olan əmlakda yerləşir. 1-ci cavabdehlə 2-ci cavabdeh arasında bağlanmış kommersiya konsessiyası müqaviləsinə əsasən 1-ci cavabdeh 2-ci cavabdehin firma adı və loqotipindən istifadə edərək neft məhsulunun öz adından və öz hesabına pərakəndə qiymətlə müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə satılması öhdəliyini öz üzərinə götürürmüşdür.

23. 3-cü cavabdeh isə 1-ci cavabdehin rəsmi əmək müqaviləsi üzrə işçisidir. Hazırki mübahisənin əsası qismində iddiaçının mülkiyyətində olan avtomobilə 1-ci cavabdehin işçisi olan 3-cü cavabdeh tərəfindən yanacaqdoldurma məntəqəsində səhv yanacaq doldurulması nəticəsində avtomobildə nasazlıqların yaranması və bu nasazlıqlar nəticəsində iddiaçıya maddi (mənəvi) zərər vurulması çıxış edir. İddiaçı ona vurulmuş zərərin əvəzinin həm 2-ci cavabdehdən, həm yanacaqdoldurma məntəqəsinin mülkiyyətçisi olan 1-ci cavabdehdən, həm də yanacaq doldurma məntəqəsində əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirən 3-cü cavabdehdən müştərək qaydada tutulmasını tələb edir. Birinci instansiya məhkəməsi də onun iddiasını qismən, maddi zərərin vurulması hissəsində əsaslı hesab edərək maddi zərərin yanacaqdoldurma məntəqəsində iddiaçıya xidmət göstərən işçidən (3-cü cavabdehdən) və onu əmək müaviləsi üzrə işəgötürən fərdi sahibkardan (1-ci cavabdehdən) tutulması qənaətinə gəlmişdir.

24. Hazırda 1-ci cavabdeh qeyd edilən maddi zərərin işçisi olan 3-cü cavabdeh tərəfindən vurulduğunu və onun təqsirindən vurulmuş zərərə görə məsuliyyət daşımalı olmadığına istinad edərək, zərər məbləğinin ondan tutulmalı olmaması mövqeyindən çıxış edir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə delikt münasibətlərinin tənzimlənməsi zamanı ümumi mənada təqsirli və təqsirsiz məsuliyyət anlayışından istifadə olunur. Qanunla zərərvuranın təqsiri olmadıqda da zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Məhz hazırki mübahisə üzrə baxılan hissədə işçinin vurduğu zərərə görə işəgötürənin məsuliyyəti də qanunvericilikdə nəzərədə tutulmuş təqsirsiz məsuliyyət anlayışının əhatə dairəsinə daxil olur.

26. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Bu halda diqqət edilməli əsas məsələ vurulmuş zərərin məhz əmək funksiyalarının yerinə yetirilməsi zamanı baş verməsi təşkil edir. Bu qəbildən olan işlərdə zərərçəkmiş şəxs tələbini həm təqsirli olaraq ona zərər vurmuş işçidən, həm də onunla işçi-işəgötürən münasibətlərində olan işəgötürəndən həm ayrı-ayrılıqda, həm də müştərək qaydada tələb edə bilər. Hazırki halda da iddia tələbində göstərilən hadisənin məhz əmək funksiyalarının icrası zamanı vurulması işin mübahisəsiz halını təşkil edir.

27. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi qənaətlə razılaşır və əlavə olaraq vurğulayır ki, qeyd edilən hal üzrə birbaşa işçinin təqsirinin olması və vəzifə təlimtlarına əsasən işçinin vəzifə öhdəliklərinə aid olan hal üzrə şəxsən məsuliyyət daşıması hazırki iddianın apellyatora qarşı da qaldırılmasını istina etmir. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd edir ki, 1ci cavabdeh də hazırki hal üzrə ondan tutulmuş zərər məbləğinin əvəzinin reqress qaydasında Cavabdeh3 tutulması ilə bağlı məhkəmədə iddia qaldıra bilər.

28. Məhkəmə kollegiyası apellyatorun zərər məbləği ilə bağlı hissədə hər hansı arqumentlərinin olmamasını, habelə iş üzrə alınmış mütəxəssis rəyini mübahisələndirməməsini və bu istiqamətdə onun mötəbərliyini şübhə altına alan hər hansı sübutlar təqdim etməməsini nəzərə alaraq hesab edir ki, zərər məbləği ilə bağlı hissədə də birinci instnsiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

29. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(009)-206/2025 saylı qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar