Məhkəmə qərarları › İş №2(103)-4946/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4946/2021

14.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4946/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızındandan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(009)- 273/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat maddi ziyan, 1000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi, 3 saylı evin 1 nömrəli mənzildə yaşayır və mənzil 2008-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin binanın 4 nömrəli mənzili onun mənzilinin üst mərtəbəsində yerləşir və Cavabdeh məxsusdur. Sözügedən mənzili yenicə təmir etdirmişdir ki, satıb başqa işləri ilə məşğul olsun. Son zamanlarda maddi sıxıntıları olduğu üçün həmin mənzilini satmaq məqsədi ilə o, ev alğı-satqısı ilə məşğul olan Ruslan adlı tanışından xahiş etmişdir ki, evə müştəri tapsın, o da onun həmin mənzilinə müştəri tapdığını və 21.10.2020-ci il tarixdə evə baxmağa gələcəyini bildirdi. 20.10.2020-ci il tarixdə o, Səbail rayonu, Yaşar Bədəlov küçəsi, 3 saylı evin 1 nömrəli mənzilində qaldı. Səhəri gün, yəni 21.10.2020-ci il tarixdə səhər saatlarında qonaq otağının tavanından döşəməyə su axması səsini eşidib dərhal həmin otağa keçdi. Bu zaman o, həmin otağın, dəhlizin, mətbəxin tavanından və divarlarından üst qonşudan su axdığını gördü. Evi yeni təmir etdirmişdir. Bu vəziyyəti gördükdə o, həyəcanlanıb qışqırmağa başlamış halı pis olmuş, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirmişdir. Bir qədər sonra qalxıb qonşuya iradını bildirmişdir. O, ona evində xəstə bacısının olmasını bəhanə gətirərək evini təmir etdirməyəcəyini bildirmişdir. Bundan sonra o, “102” xidmətinə zəng vurmuşdur. Səbail rayonu Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə müvəkkili gəlib onun və üst qonşunun izahatını almışdır. Üst qonşu öz izahatında etiraf etmişdir ki, trapı bağladığı üçün su axaraq qapıdan döşəməyə tökülmüş və onun evinə axmışdır. 2010- 2014-cü illərdə də cavabdehə məxsus mənzildən onun mənzilinə su axıdılmış, həmin vaxtlarda da cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh onun təmir xərclərini qarşılanmamışdır. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim etdiyi Səbail rayon MKTB-nin 22.10.2020-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi, ev 3, mənzil 1 tavanında su axma izləri və döşəmədəki laminatların qabarması aşkar edilmişdir. Həmin mənzilin üstündə yerləşən 4 saylı mənzilə baxış zamanı ev yiyəsinin sözünə görə, sanitar qovşağında olan trap bağlı olduğu üçün nəzarətsiz qoyduğu açıq su kranından su axaraq, sanitar qovşağına dolmuş və qapıdan döşəməyə tökülərək aşağı mərtəbəyə axmışdır. Cavabdeh iddianı qəbul etməyərək, mənzilin onun adına olsa da, orada faktiki olaraq 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün gəlmiş X5 və X3 (İ-ci qrup əlil) yaşadığını, onların həmin ünvanda məcbiri köçkün kimi qeydə alındıqlarını, onun mənzilindən iddiaçının mənzilinə su axıdıldığından xəbəri olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3921 saylı, 19 fevral 2021-ci il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi, ev 3, mənzil 1 əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1082 manat məbləğində olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını və ekspert rəyini nəzərə alaraq, 18.03.2021-ci il tarixli, 2(009)-273/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi və cavabdehdən 1082 manat maddi ziyan,300 manat mənəvi ziyan və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 20 manatı İddiaçı və 80 manatı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, “iddia tələbinin hüquqi əsası, yəni miilki qanunvericiliyinin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə və əvvəlki məhkəmə qətnaməsi ilə əvvəl vurulan ziyan üçün ödənilmiş məbləğ (təmir işinin aparılmaması) nəzərə alınmaqla iddia qismən təmin olunmalıdır. İddiaçı ona qarşı Səbail rayon Məhkəməsində maddi və mənəvi zərər tələbinə dair iddia qaldıraraq göstərmişdir ki, guya o qeydiyyatda olduğu ünvan 1 ünvanından, ona məxsus olan ünvan 2 ona zərər vurmuşdur. İddia tələbi ilə İddiaçı ondan vurulmuş zərərin əvəzini pul şəklində tələb edir. O, iddia ərizəsini elə qurub ki, sanki bütün hadisələr onun iştirakı ilə baş vermişdir. Onun göstərdikləri faktların heç birində o iştirak etməmişdir. Onun qeyd etdiyi 21.10.2020-ci il tarixdə səhər çağlarında onun mənzilinə su axıdılması zamanı göstərilən ünvanda olmamışdır. Onunla İddiaçı arasında heç bir söhbət olmamışdır. Səbail rayonu Polis İdarəsinin 8-ci Polis Bölməsinin sahə müvəkkilini görməmiş və sahə müvəkkil ondan heç bir izahat almamışdır. ünvan 3 ünvanda faktiki olaraq 1993-cü ildən Qubadlı rayonundan məcburi köçkün gəlmiş X5 və X6 (İ qrup əlil) yaşayırlar və həmin ünvanda məcburi köçkün kimi qeydə alınmışlar. Azərbaycan Respublikası Prezidentinin 21 may 1999-cu il tarixli N- 668-İQ nömrəli imzaladığı Qaçqın və Məcburi Köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən məcburi köçkünlər müvəqqəti məskunlaşdığı yaşayış sahələrinin tam hüquqlu istifadəçisidirlər. O, göstərilən ünvanda qeydiyyatda olsa da, istifadə hüququ olsa da, mənzilin sahəsinin kiçik olması, məcburi köçkünlər məskunlaşması, mənzildə İ qrup əlil olması səbəbindən onun mənzildə yaşamağı qeyri-mümkün olmuşdur. Hal-hazırda Sumqayıtda ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. O, Bakı şəhərindən 80 km məsafədə yerləşən Neft Daşlarında vaxta sistemi ilə işləyir. Pandemiya dövründə iş vaxtında iş qrafıkini dəyişmək çox ciddi problemlər yaratdığı üçün məhkəmənin əvvəlki iclaslarında iştirak edə bilməmişdir, çünki, həmin iclaslar onun iş vaxtına düşmüşdür. Bu barədə hakim köməkçisi Leyla xanıma telefonla xəbərdarlıq etmişdir. Bu vəziyyətdən istifadə edərək İddiaçı mənzilinə ziyan dəyməsini desə də, nə ona, nə də orada yaşayanlara mənzilinə baxmağa şərait yaratmamışdır. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməzdi. Məhkəmə qətnaməsində qeyd edir ki, “əvvəlki məhkəmə qətnaməsi ilə əvvəl vurulan ziyan üçün ödənilmiş məbləğ (təmir işinin aparılmaması) nəzərə alınmaqla. O, nə əvvəl ziyan vurmuşdur, nə də bu barədə məhkəmə qətnaməsi vardır. Məhkəmə iddiaçının tələbinə uyğun olaraq 300 manat mənəvi zərərin onun tərəfindən ödənilməsini qət etmişdir. Bunu iddiaçının mənzilinə su axıdılması ilə əlaqədar stress, iztirab keçirməsi ilə əlaqələndirir. Bu halda heç bir əsəb, stress, sarsıntı və iztirabdan söhbər gedə bilməz. Belə ki, bu görünməmiş bir hadisə deyildir, nə vaxtdan su sızması iztirab keçirməyə səbəb olmağa başlayıb? Hesab edir ki, mənəvi zərər ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə mülki qanunvericiliyə ziddir. Məhkəmə Tikinti-Texniki Ekspertiza zamanı İddiaçı mənzilinə dəymiş zərərin həcmini artıq göstərmək məqsədilə baxış zamanı onun mənzilinin üst mərtəbəsində 4 saylı mənzildə məcburi köçkün kimi məskunlaşmış, yaşamaq və istifadəçi hüququna malik X2 baxışda iştirak etmək üçün qəsdən qərəzli şəkildə mənzilə buraxmamış, ekspertizanın baxışının birtərəfli keçirilməsinə nail olmuşdur. Ekspert məsələnin mübahisəli olduğunu bilə-bilə, baxış zamanı fakt kimi heç bir foto və video çəkiliş aparmamış və ya ekspertizaya təqdim olunmamışdır. Dəymiş zərərin həcmi və qiymətləndirilməsi dəfələrlə şişirdilmişdir. Belə ki, o, S.Tağı- Zadənin mənzilinə baxmaq üçün qapını döymüş, qapını bir nəfər cavan oğlan açaraq, özünü kirayəçi kimi təqdim etmiş, o, evə baxmaq istədiyini dedikdə, onu içəri buraxmamışdır. Açıq qapıdan görünən qədər hissəyə baxmış, dağıntı görməmiş, oğlandan evin vəziyyətini soruşduqda, ciddi bir problem olmadığını demişdir. Ekspertiza zamanı çox ciddi nöqsanlara yol verilmiş, tədqiqat prosesinin təsviri və dəymiş zərərin qiymətləndirilməsində heç bir təsdiqləyici faktları göstərmədən, heç bir foto və video çəkilişdən fakt kimi istifadə etmədən, qusurun sahəsi, həcmi, yerləşdiyi yerin dəqiq sahələri göstərilmədən, ümumi şəkildə istifadə etməklə, dəyərləndirmə və hesablamalarda çox ciddi səhvlərə yol verməklə məqsədli şəkildə bilə-bilə yalan rəy verilmişdir. Mənzilə baxışın hansı şəraitdə keçirilməsi təsvir olunmayıb. 4 saylı mənzildə yaşayan X1 baxış üçün 1 saylı mənzilə buraxlımaması, baxışın tərəf olmadan keçirilməsi göstərilmir. Aparılan ölçüdə dəhlizin və yaşayış otağının ümumi sahəsi göstərilir, qüsurların sahəsi göstərilmir. Ümumi sahə onun verdiyi ölçülərə görə 21,43 m2-dir. Yuvarlaq - 21,5 m2götürüb. Hesablayanda 22 m2-lə hesablayıb. Hər dəfə 0,5 m2-sahə artırılıb. Tavanı hesablayanda, sahə-26m2-göstərilib. 4,57m2-sahə artırılıb, olmadığı halda ümumi məbləğ süni surətdə artırılıb. Tavanın su ləkəsi - ölçüsü, sahəsi, sərhədləri göstərilmir, foto və video çəkiliş yoxdur. Ləkə ən yüngül zədə qüsurudur, onu çox sadə aradan qaldırmaq mümkündür. O isə bu qusuru aradan qaldırmaq üçün, əlavə xəyali olaraq 4,73 m2 olmaqla sahə artıraraq ağlasığmaz işlər görülməsini hesablayır. 4 saylı mənzildə trapın sement məhlulu ilə doldurulduğunu qeyd edir, təsvirdə trapın sement məhlulu ilə doldurulmadığını yazır. Burada məqsəd nədir? Hansı düzdür? Özü-özünü inkar edir. Tavandan lambirinin sökülməsi və yenidən qurulması - məqsəd nədir, bilinmir, foto- video fakt yoxdur. Döşəmənin sökülməsi və yeni laminatın vurulması qüsrunun sahəsi, həcmi, sərhədi, dərinliyi, foto-video təsviri göstərilmir. Aradan qaldırılma yolu yalnız və yalnız məsrəfi artıq göstərmək üçün düşünülüb. Elektrik xəttinin işləməməsi - səbəbi, qüsur nədir göstərilmir, elektrik mütəxəssisinin rəyi, foto-video fakt yoxdur, 100 manat xərc hardan götürülüb, izah yoxdur. Dolabın sökülməsi və yenidən yığılması - nə üçün vacibdir, təmir vaxtı dolabı örtüklə ötrərək işləri görmək mümkün deyilmi? Hansı əsasla bu iş 100 manata görülməlidir. Foto-video fakt yoxdur. Əsassızlığına görə ekspertin rəyi ilə razılaşmayıb, təkrar ekspertizanın təyin edilməsi barədə dəfələrlə məhkəməyə şifahi və yazılı vəsatətlər verildiyinə baxmayaraq, məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, ona uyğun izahat verib, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən, yalnız cavabdehə aid hissədə yoxlanılması təşkil edir, çünki iddia qismən təmin edilmiş olsa da, iddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi məqsədilə, cavabdehin vəsatəti əsasında əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, keçirilmiş ekspertizanın 19 avqust 2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Yaşar Bədəlov küçəsi, 3 saylı evin 1 nömrəli mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 3 saylı mənzildə kanalizasiya xətlərinin nasazlığından və sudan nəzarətsiz istifadə edilməsi nəticəsində suyun sızması, yaranmış qüsurları n aradan qaldırılması üçün aparılmalı olan təmir işlərinin dəyəri təqribən 988 manat məbləğində müəyyən olunmuşdur. Kollegiya həmin ekspert rəyinə qiymət verərkən nəzərə alır ki, rəyin məzmununda aparılmalı təmir işlərinin növü və qiymətləri göstəliməklə cəmi 976 manat xərcin tələb olunduğu müəyyən edilsə də, nəticə hissəsində texniki səhv olaraq bu məbləğ 988 manat göstərilmişdir. Kollegiya hesab edir ki, bu vəziyyətdə iş üzrə sübutların qiymətləndirilməsi aparılarkən rəyin məzmununda aparılmış hesablamanın cəmi olaraq 976 manat nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır, belə ki, iş materiallarından müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilə cavabdehə məxsus olan mənzildən susızma baş vermişdir. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı müvafiq akt, ekspertiza rəyi ilə təsdiqini tapır. Cavabdeh apellyasiya şikayətində zərərin mənbəyinin onun mənzilindən olmadığını bildirmiş, həmçinin zərərin məbləği ilə razılaşmamış, ekspert rəyinin qüsurlu olduğunu bildirmişdir. İddiaçı cavabdehin mənzilindən ona məxsus mənzilə su axıdılmasını və mənzilinə maddi zərər dəydiyini məhkəməyə təqdim etdiyi, yerli mənzil kommunal istismar sahəsi tərəfindən təsdiq olunan aktla sübut etmişdir. Həmin aktın mötəbərliyi hər hansı şübhə doğurmur, cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıdıldığı iş üzrə keçirilmiş ekspertiza rəyi ilə də öz təsdiqini tapır. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində icraat zamanı təyin edilərək keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyləri ilə iddiaçının evinə suyun cavabdehin mənzilindən axdığı müəyyən edilmişdir. Su axıdılmasının səbəbi kimi, həmin mənzilin üst mərtəbəsində yerləşən 3 saylı mənzildə kanalizasiya xətlərinin nasazlığı və sudan nəzarətsiz istifadə edilməsi nəticəsində ziyan vurulması göstərilmişdir. Sözügedən ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olması müəyyən edildiyi nəzərə alındığında, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi düzgündür və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının təmirli mənzilinə su axıdılması nəticəsində əsəb, stres, sarsıntı, iztirab keçirdiyindən, mənəvi ziyan tələbini 300 manat hissəsində təmin etmiş, qalan hissədə isə rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının təmirli mənzilinə su axıdılması nəticəsində iddiaçının əsəb, stres, sarsıntı, iztirab keçirtdiyi öz təsdiqini tapdığından cavabdehdən 300 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Yuxarıda sadalanları nəzərə alaraq, kollegiya hesab edir ki, qətnamə dəyişdirilməli və iddiaçıya dəymiş maddi ziyanın məbləği keçirilmiş ekspert rəyinə uyğun olaraq 976,00 manat müəyyən edilməli, qalan hissədə isə qətnamə əsaslı olduğundan dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərci olan 100 manat məbləğin 80 manatı cavabdehə, 20 manatı isə iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2(009)-273/2021 saylı qətnaməsi dəyişdirilsin və iddiaçıya dəymiş maddi ziyan 976 (doqquz yüz yetmiş altı) manat məbləğində müəyyən edilsin. İş üzrə məhkəmə xərci olan 100 manat məbləğin 80 manat hissəsi cavabdehə, 20 manatı isə iddiaçıya aid edilsin. Qətnamə qalan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar