Məhkəmə qərarları › İş №2(103)-4951/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4951/2020

29.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4951/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh “xxxxxxx” Kompani MMC nümayəndəsi (direktoru) X4 və vəkili X3 iştirakı ilə İddiaçı “xxxxxxx” Kompani MMC-nə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (direktoru) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxx” Kompani MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh MMC-dən İddiaçı xeyrinə xx xxxx 2009cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış evinin 3 saylı binanın, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155.6 kv.m olan, 3 otaqdan ibarət 2 saylı mənzilə görə ödənilmiş 93360, keçən 10 il ərzində illik 5%lə hesablanmış 46 680 manat zərər, əldən çıxmış fayda 200.000 manat, vurulmuş mənəvi zərər 100000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutulmasını xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, Xətai rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh MMC, X5, X7 və X2 qarşı cavabdeh X1 hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh X6 tərəfindən sonradan zəbt olunmuş Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.metr olan 3 otaqlı 2 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzilin istifadəsinə və təmirinə törədilən maneələrin cavabdehlər tərəfindən aradan qaldırılması, Cavabdeh MMC ilə X7 arasında mübahisəli mənzilə dair bağlanmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin və X6 ilə bağlanmış xx xxxx 2010-cu il tarixli 144 saylı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə üçüncü şəxs Aynur Feyziyevanın iddiası təmin edilərək həmin mənzilə dair MMC ilə İddiaçı arasında xx xxxx 2009-cu il tarixdə bağlanmış 2 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzilə Yusifova (Feyziyeva) Aynur Ələddin qızının sahiblik və istifadə hüquqlarının bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018ci il tarixli qətnaməsi ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisəli mənzilin alqı-satqısına dair Cavabdeh MM 2008-ci il tarixdə X7 ilə, xx xxxx 2009-ci il tarixdə İddiaçı oğlu ilə, xx xxxx 2010-cu il tarixdə X6 ilə müqavilələr bağlanmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən mənzilin tam dəyəri ödənilmişdir. Eyni zamanda Cavabdeh MMC tərəfindən iddiaçıya mənzilin tam dəyərinin onlar tərəfindən ödənilməsi barədə maliyyə arayışları verilmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzilə dair müqavilə ilk dəfə Ələddin Feyziyevlə bağlanmış və mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Ələddin Feyziyev həmin mənzilin qızı Aynur Feyziyevanın adına rəsmiləşdirilməsi barədə MMC-yə müraciət etdikdən sonra mənzilə dair MMC ilə Aynur Feyziyeva arasında xx xxxx 2010-cu il tarixdə müqavilə bağlanmışdır. MMC tərəfindən A.Feyziycvaya mənzilə dair borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. Mübahisəli mənzilə dair İddiaçı ilə xx xxxx 2009-cu il tarixdə müqavilə bağlanıb mənzilin tam dəyəri onun tərəfindən ödənilsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqavilə Ələddin Feyziyevin iradəsinə uyğun olmadan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 421, 423, 430, 452-ci maddələrinin tələblərinin pozulması ilə bağlandığından həmin müqavilənin Mülki Məcəllənin 337.1-ci maddinə əsasən etibarsız sayılması qanuni və əsaslı olmuşdur. İş materiallarından görünür ki, İddiaçı tərəfindən mübahisəli mənzilə dair müqavilə bağlanarkən MMC-yə 93.360 manat məbləğində pul ödənilmişdir. İddiaçı ilə müqavilənin bağlandığı 2009-cu ildən manatın dəyəri aşağı düşməklə ödənilmiş pul məbləğinin indeksasiya olunmaqla ödənilməsinin tələb edilməsi imkanını nəzərə alaraq, kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə əqdin etibarsızlığı ilə əlaqədar tərəflərin əvvəlki vəziyyətə qaytarılması iddiaçının maraqları baxımından məqsədəmüvafiq deyildir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi İddiaçı ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar ayrıca icraatda iddia qaldırmaqla pozulmuş hüquqlarının müdafiəsini tələb edə bilməsi hüququ izah edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, “xxxxxxx” Kompani MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqavilə etibarsız hesab olunduğundan İddiaçı tərəfindən MMC-yə ödənilmiş 93360 (doxsan üç min üç yüz altmış) manat cavabdeh MMC-dən tutularaq ona ödənilməlidir. İddiaçı tərəfindən MMC-yə ödənilmiş 93360 (doxsan üç min üç yüz altmış) manatın illik 5% 4668 manat təşkil edir, həmin məbləğ keçən on il ərzində hesablanmalı və iddiaçıya ödənilməlidir. Beləliklə, iddiaçıya cavabdeh tərəfindən 4668x10 il=46680 manat illik 5%-lə hesablanmış zərər də tutulmalıdır. Bundan başqa iddiaçı adi mülki dövriyyə şəraitində 93360 manat məbləğlə əlavə işlər görə, pullar qazana bilərdi ki, cavabdeh tərəfindən vurulmuş zərər nəticəsində iddiaçı bu hüququndan da mərhum edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, əldən çıxmış faydanın əvəzi olaraq 200.000 manat məbləğində pul vəsaitinin cavabdeh MMC-dan iddiaçının xeyirinə tutulmalıdır. Bundan başqa iddia tərəfindən cavabdehə mənəvi zərərdə vurulmuşdur ki, keçən 10 il ərzində iddiaçı həm ödədiyi məbləği cavabdehdən geri qaytara bilməmiş, həmdə mənzil sahibi ola bilməmişdir. Bu baxımdan pozulmuş hüquqlarının müdafiə edilməsi məqsədilə iddiaçı dəfələrlə məhkəmə orqanlarında iddia tələbləri qaldırmış, eyni zamanda uzun illər mənzilə görə MMC-nin yerləşdiyi binaya gedib-gəlmiş danışıqlar aparmış, şübhəsiz bu hal iddiaçıda əsəb, stres yaratmış, ona mənəvi zərər vurulmuşdur, iddiaçı həmin zərəri isə 100 000 manat olaraq qiymətləndirir və cavabdehdən tutulmasını tələb edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxx” Kompani MMC-dən 93360 manat mənzilə görə ödənilmiş pulun və 10 il ərzində illik 5%-lə hesablanmış 46.680 manat zərərin İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi (direktoru) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, cavabdehdən pul tutulması üçün ilk növbədə həmin pulun iddiaçı tərəfindən cavabdehə ödənildiyi sübut edilməlidir. ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində ümumi sahəsi 155.6 kv.m.-dən ibarət olan 3 otaqlı, 2 saylı mənzilə dair müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən 93 360 manat məbləğində pul “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilməli olduğu halda ödənilməmişdir. Pul məbləği “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru Cəfərov Məzahirə və Sahib İbrahimova ödənilmişdir. Ona görə də pul məbləği həmin şəxslərdən tələb edilməlidir. Müqavilə formal olaraq imzalanmış, müqaviləyə uyğun hüquqi nəticələr yaratmamışdır. Elə bu əsasla da Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Etibarsız hesab edilmiş müqavilə üzrə ödənilməyən pulun tələb edilməsi əsassız və qanunsuzdur. Həmçinin məhkəmə əsassız olaraq ondan 10 ilə görə illik 5% hesablanmaqla 46 680 manat məbləğində zərərin tutulmasını qət etmişdir. Qeyd edir ki, ödənilməyən pula görə zərərin hesablanması əsassızdır. Həmçinin cavabdehin nümayəndəsi apellyasiya şikayətinə əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2009-cu il tarixdə müqavilə bağlanmışdır. Lakin iddiaçı iddia ərizəsi ilə 2019-cu ildə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilkdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişlər və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarında onların iştirakı təmin edilməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etsə də, şikayətin mahiyyətindən və məhkəmə iclasında verilən izahatlardan aydın olur ki, onların iradə ifadəsi qətnamənin yalnız iddianın qismən təmin edilməsi ilə bağlı hissədə ləğvinə yönəlmişdir. Başqa sözlə, iddia tələblərinin təmin olunmadığı hissədə qətnamə apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xxxxxxx” Kompani MMC-nin direktoru X8 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqavilədən görünür ki, satıcı ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasında, 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m-dən ibarət olan, 3 otaqlı, mənzil № 2 «Alıcı»-ya təhvil verilir. Alıcı yuxarıda göstərilən mənzilin hər kv.m üçün 600 manat Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öz öhdəsinə götürür. Müqavilənin ümumi məbləği 93 360 manat təşkil edir. İş materiallarında olan “xxxxxxx” Kompani MMC-nin maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binası xxxxxxx” Kompani MMC-yə məxsusdur. Bu yaşayış binasının 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.m ibarət olan 3 otaqlı 2 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)11537/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamənin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2018ci il tarixli qətnaməsi ilə İddiaçı Ağəmməd oğlunun cavabdehlər Cavabdeh MMC, X6, X7 və X2 qarşı cavabdeh Adilağa Hüseynovun hərəkətlərinin qanunsuz hesab edilməklə, cavabdeh X6 tərəfindən sonradan zəbt olunmuş Bakı şəhəri. F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155.6 kv metr olan 3 otaqlı 2 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsi, mənzilin istifadəsinə və təmirinə olan maneəçiliklərin cavabdehlər tərəfindən aradan qaldırılması, Cavabdeh MMC ilə cavabdeh X7 arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin və cavabdeh X6 ilə bağlanmış xx.xx.2010-cu il tarixli 144 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının rədd edilməsi, üçüncü şəxs Aynur Feyziyevanın iddiasının təmin edilməsi, ünvan 2 ünvanında inşa edilən 3 saylı yaşayış binasının 3-cü mərtəbəsində ümumi tikinti sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzilinə dair “xxxxxxx” Kompani MMC ilə İddiaçı arasında xx xxxx 2009cu il tarixdə bağlanmış 2 saylı müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzil üzərində Yusifova (Feyziyeva) Aynur Ələddin qızının sahiblik və istifadə hüquqlarının bərpa edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 386,65 (üç yüz səksən altı manat altmışbeş qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-1859/2019 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)11537/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə “xxxxxxx” Kompani MMC arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzilə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı mənzili alıcıya təhvil verməli, alıcı isə mənzilin pay dəyərini ödəməlidir. Mülki işin materiallaında olan xxxxxxx” Kompani MMC-nin maliyyə arayışı ilə sübut olunur ki, İddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Lakin mənzil İddiaçı təhvil verilməmişdir. Qeyd edilən halda mübahisənin həll edilməsi üçün İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmış və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair ilk müqavilə Ələddin Feyziyevlə bağlanılmış və mənzilin dəyəri ilk onun tərəfindən ödənilmişdir. Bu səbəbdən İddiaçı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya maddi zərər dəyməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, İddiaçı ilə xxxxxxx” Kompani MMC arasında Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzilə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı mənzili alıcıya təhvil verməli, alıcı isə mənzilin pay dəyərini ödəməlidir. Mülki işin materiallaında olan xxxxxxx” Kompani MMCnin maliyyə arayışı ilə sübut olunur ki, İddiaçı tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Kollegiya apellyatorun iddiaçı tərəfindən müqavilədə göstərilən məbləğin ödənilmədiyi barədə dəlilini əsassız hesab edir.Belə ki, iş materiallarında olan xx xxxx 2009-cu il tarixli “Maliyyə Arayışı”ndan (iş səh. 16) görünür ki, Bakı şəhəri, F.Bayramov küçəsi, 1156 ünvanında inşa edilən 3 saylı yaşayış binasının, 3-cü mərtəbəsində, ümumi sahəsi 155,6 kv metrdən ibarət olan 3 otaqlı 2 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Apellyator həmin məbləğin ödənilmədiyini irəli sürsə də bu barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmçinin kollegiya, qeyd olunanlara əsasən apellyatorun illik 5% olmaqla ondan zərərin tutulması barədə irəli sürdüklərini əsassız hesab edir. Kollegiya apellyasiya şikayətinin digər dəlili olan iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarsız hesab edildiyinə görə cavabdehdən pul tutulmasının əsassız olmasına dair qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İddia müddətinin ötürülməsi ilə bağlı qeyd edilənləri kollegiya əsassız hesab edir. Tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş və iddia müddətinin axımı müqavilənin bağlandığı tarixdən deyil,müqavilə etibarsız hesab edilən tarixdən başlanmışdır. Məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı cavabdehin nümayəndəsinin məhkəmə iclasında irəli sürdüyü arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, iş materiallarından onların məhkəməyə məlum olan ünvanlarına bildirişlər göndərilmiş və təhvil də alınmışdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməssin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3165/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellayatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Ağayev Valeh Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar