Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4952/2022 18.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, iddiaçının nümayəndəsi X2, Cavabdeh və cavabdehin vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 saylı işi üzrə 25 aprel 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan "Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi və ödənilmiş 120 manat dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir: - Avtomobil cavabdehə təhvil veriləndən sonra o, 11 yanvar 2013-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PB-nə ərizə ilə müraciət edərək, özünə məxsus olan "Mercedes C klass” markalı avtomobilinin **-CU-*** qabaq nömrəsini Yasamal rayonu Yeni Yasamal 1 ünvanında naməlum şəraitdə itirdiyini bildirmişdir, daha sonra Cavabdeh Yasamal RPİ-nin 29-cu PBnə ərizə ilə müraciət edərək, sahibliyində olan "Mercedes Benz C240” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2012-ci ilin sentyabr-oktyabr aylarında naməlum şəxslər tərəfindən qaçırılmasını bildirmiş, araşdırma nəticəsində həmin şəxslərin "RoyalBank” ASC- nin əməkdaşları olduğu və avtomobilin kredit borcunun ödənilmədiyinə görə bank tərəfindən saxlanıldığı müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 saylı işi üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı - mülkiyyətində olan "Mercedes Benz C240” markalı, 2003-cü il buraxılışlı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və ödənilmiş 120 manat dövlət rüsumunun qaytarılması barədə iddia tələbinin rədd edilməsi, ödənilmiş 120 manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3, 69.1 -1, 88, 119.1, 124.1, 217.4, Mülki Məcəllənin 5.3, 152, 157.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1, 29-cu maddəsinin 4 –cü hissəsinə istinadən qeyd edilmişdir ki, avtomobilin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddiaçı avtomobili etibarnamə əsasında cavabdehin sahibliyinə vermişdir. Hal-hazırda iddiaçı bank qarşısında olan öhdəliyini icra etmək üçün cavabdehdən avtomobili geri tələb edir. Belə ki, razılaşmaya əsasən cavabdeh avtomobilə dair ödənişləri etməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh ilkin olaraq bir neçə ay ərzində banka ödənişlər etmiş, daha sonra avtomobil nasaz olduğundan o, ödəniş etməyi dayandırmışdır. İddiaçı tərəfindən avtomobilin cavabdehin sahibliyinə verilməsinə dair etibarnamə 01 fevral 2021ci il tarixdə ləğv edilmişdir. Avtomobil bu günkü gün cavabdehin sahibliyində deyil. Belə olan halda iddia tələbinin təmin edilməsinin qanuni əsası mövcud deyildir. İddiaçı DİN BDYPİ-nə müraciət ünvanlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin 07 iyul 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müraciətlə bağlı qeyd olunan "Mercedes Benz C240” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnaməsiz idarə edilməsi barədə Bakı şəhəri BPİ DYPİnin şəxsi heyəti təlimatlandırılmışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)- 436/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 385.1; Mülki Prosessual Məcəllənin 64.1, 79.1, 97.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsində iddiaçının izahatlarının hansı hissədə qəbul etdiyini hansı hissədə qəbul etmədiyini əsaslandırmamışdır, lakin izahatlar əsasında nəticəyə gəlmişdir, şahid ifadələrinə hüquqi qiymət verilməmişdir, cavabdehin izahat verməklə ki, avtomobil itib, sonradan isə oğurlanıb ifadələrini əsas götürməklə iddianın rədd edilməsi də əsassızdır. İş materiallarında şahid ifadələri təqdim edilən maddi sübutlar qiymətləndirilmədən iddia təmin edilməmişdir. xx.xx.2012-ci il tarixli etibarnamə əsasında mülkiyyətçi əmlakı üzərində sahiblik və istifadə hüquqlarını razılaşma əsasında cavabdehə vermişdir. Qarşılığında cavabdeh bank qarşısında öhdəliklərin icrasını üzərinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini yetirməmiş, nəticədə mülkiyyətçini bank qarşısında borclandırmışdır, bu da kifayət etməmiş əvvəlcə avtomobili itirmiş, sonra oğurlatmışdır. Yenə də mülkiyyətçi qarşısında öhdəliklərini yerinə yetirməyərək nəqliyyat vasitəsini itirməsi və ya oğurlanması barədə heç bir xəbərdarlıq etməmişdir. Cavabdehin təqdim etdiyi izahatı və sübutları arasında ziddiyyət araşdırılmamış, oğurluq faktına dair araşdırma aparılmamış, nəqliyyat vasitəsinin bankın sahibliyində yoxsa cavabdehin təxəyyülü olması araşdırılmamış, cavabdehin maddi məsuliyyəti müəyyən edilməmişdir. Məhkəmə tərəfndən cavabdehin banka ödənişlər etməkdən imtina etməklə iddianı mülkiyyətçini ağır maddi vəziyyətə salmasına hüquqi qiymət verilməmişdir. Cavabdehin özünün təqdim etdiyi şahid təsdiq etmişdir. Cavabdeh banka ödəniş etməkdən imtina etmiş və maşını gizlətmışdir. Məhkəmədə isə guya maşını itirdiyini və oğurlandığını bildirmişdir. Nəqliyyat vasitəsinin xarab olduğunu bildirsə də necəsə olur nəqliyyat vasitəsini iki nəfər sürüb aparırlar. Nəqliyyat vasitəsini sürüb aparanların bank əmkdaşları olduğunu bilə-bilə, buna dair mülkiyyətçiyə heç bir xəbərdarlıq etmir. Nəticədə iddiaçının banka əsas borc qədər faiz borcu yaranmışdır. Nəqliyyat vasitəsinin cavabdehin sahiblik və istifadəsində olmaması iddiaçının hazırkı tələblə müraciət etməsini əsassız sayıla bilməz. Cavabdeh baş verən hadisə barədə iddiaçını nə yazılı nə də şifahi xəbərdarlıq etməmişdir. İddiaçı 2019-cu il tarixdə bu barədə məlumatı olduqda artıq bank qarşısında olan öhdəliyi qətnamə ilə rəsmiləşdirilmiş və borc öhdəliyi yaranmışdır. Məhkəmə tərəfindən mübahisəli əmlakın cavabdehdə olmasını mübahisəsiz olduğunu müəyyən etsə də, cavabdehin istifadəsində olan nəqliyyat vasitəsinin itməsi və ya oğurlanması barədə müraciət etməsini sübut etməmiş, yalnız cavabdehin buna dair izahatını əsas götürməklə kifayətlənmişdir. Cavabdeh isə mülkiyyətçini nəqliyyat vasitəsinin oğurlanması barədə xəbərdar etməsini sübuta yetirməmişdir. Cavabdehin məsuliyyətinə görə iddiaçıya əsas borcla yanaşı faiz borcu hesablanmışdır. Nəqliyyat vasitəsinin 2013-cü il yanvar ayından məhz bank əməkdaşlarında olmasını təsdiq edən sübut təqdim edilməmiş, əksinə bank özü nəqliyyat vasitəsinin banka qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ilkin məhkəmə iclasında nəqliyyat vasitəsinin nasaz olmasına əsaslanması, sonradan peşəkar hüquqi yardım aldıqdan sonra nəqliyyat vasitəsini ilk öncə itirməsi, sonradan isə oğurlanmasına dair izahatların yoxlanılmadan, ziddiyyətlərin yoxlanılmadan qətnamə qəbul edilməsi əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayəti müdafiə etdiklərini, təmsil etdiyi şəxsin xahiş əsasında nəqliyyat vasitəsini adına kreditə saldığını, formal olaraq iddiaçının mülkiyyətçi olduğunu, etibarnamə əsasında avtomobili cavabdehin istifadə və sahibliyinə verdiyini, alğı-satqı müqaviləsinin 2012-ci ildə baş verdiyini, kreditin ödənilmədiyini üçün 2015-ci ildə məhkəmə qətnaməsi qəbul edildiyini, həmin məhkəmə iclasında iştiraklarının təmin edilmədiyini və qətnamənin 2022-ci ildə icraya yönəldiyini, bütün bunların iddiaçıya yalnız bank tərəfindən iş icraya-onun maaş hesabına yönəldikdən sonra məlum olduğunu, bundan sonra avtomobilin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etdiklərini qeyd etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu, hansı əsaslarla avtomobilin cavabdeh tərəfindən banka təhvil verildiyi qənaətinə gələrək iddianı rədd etdiyini, cavabdehin ziddiyyətli izahatlar verdiyini, lakin izahatlara dair heç bir sübutunun olmadığını,maşının kimin istifadə və sahibliyində olması onlara aydın olmadığı üçün avtomobilin geri qaytarılmasını cavabdehdən tələb etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz təqdim etməklə və etiraza uyğun izahat verməklə iddiaçının maşın alveri ilə məşğul olduğunu təsdiqləyən etibarnamələr əldə etdiyini, iddiaçı tərəfin bütün bu hallardan 2022-ci ildə məlumatları olduğu fikri ilə razılaşmadıqlarını, 2015-ci ildə maşın üzərinə məhdudiyyətlər qoyulduğunu və bildirişlər göndərildiyini, bundan əlavə 2015-ci ildə çıxan qətnaməni mübahisələndirmədiklərini, həmin dövrdən maşının aqibəti ilə ümümiyyətlə maraqlanmadıqlarını, etibarnamənin isə iddiaçı tərəfindən 2021-ci ildə ləğv edildiyini qeyd etmiş, maşının kimdə olduğuna münasibətdə isə maşının alınan vaxtdan xarab olduğunu,cavabdehin maşını ona satan adamlara müraciət edərək qaytarmaq istədiyini bildirdiyini, maşını dayanacağa qoyduğunu və nömrəsi oğurlandıqdan sonra dərhal polisə məlumat verdiyini, bundan sonra maşını almaq istəyən iki şəxs tərəfindən maşının qaçırıldığını, bu barədə də cavabdeh tərəfindən polisə məlumat verildiyini, polis tərəfindən maşının və nömrəsinin bankda olduğunun cavabdehə bildirildiyini, ona banka ödəniş edildikdən sonra maşını geri götürə biləcəyinin deyildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 etibarnaməni ləğv etdirdiyini, bundan sonra avtomobilin tapılması ilə bağlı polisə müraciət etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiasının 13 və 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-166, 324, 385-390,560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilməlidir ki, iddiaçı özü öz risk dairəsi həddində cavabdehlə faktiki olaraq alğı-satqı münasibətlərə daxil olmuş və uzun illər əmlakla maraqlanmamışdır. Belə ki, əmlakın etibarnamə əsasında sonuncu qeydiyyatı cavabdehdə olsa da, rəsmi mülkiyyət hüququ iddiaçıya mənsub olmuş, o da bu hüquqlara formal yanaşma nümayiş etdirmişdir, sonradan mülki dövriyyəsi məlum olmayan əşyaya dair əmlak tələbi irəli sürmüşdür. Mülki Məcəllənin müddəalarına əsasən: 136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Bank qarşısında məsuliyyət məsələsinə görə isə bankın (vəzifəli şəxslərinin) öz təminatı və müqavilə tərəflərinin qarşılıqlı hüquq və vəzifələri üzrə, habelə məhkəmə qərarının icrası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi istisna edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2022 saylı işi üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4952/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4952/2022
18.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver