Məhkəmə qərarları › İş №2(103)-4959/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4959/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4959/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Araz Allahverdiyevin iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-769/2020 saylı, 07 fevral 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək “Hyundai İX 35” markalı **- FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dəymiş zərərə görə ümumilikdə 5000 manat sığorta ödənişi, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı,cəmi 5030,40 manat pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-769/2020 saylı, 07 fevral 2020ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh2 sığorta ödənişi məbləğinin əvəzi kimi 5000 manat məbləğində pul və məhkəmə üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidməti haqqı, cəmi 5030,40 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə, yəni digər Cavabdeh1 qarşı rədd edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh1 sahibliyində olan “Mercedez Benz” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz Cavabdeh2 vermiş, nəticədə Cavabdeh2 qəza törədərək üçüncü şəxsə zərər vurmasında Cavabdeh1 təqsiri olmuşdur, bunlara baxmayaraq məhkəmə qanunsuz və əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən də qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5402/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada sığorta ödənişi məbləğinin əvəzi kimi 5000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun, cəmi 5045,80 manat məbləğində pulun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasə qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermiş, şikayət Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 868/2021 saylı, 18 fevral 2021-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya 2(103)-5402/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi A.Allahverdiyev apellyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Cavabdeh2 31.05.2018-ci il tarixdə idarə etdiyi “Mercedes Benz” markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zığ qəsəbəsi ilə hərəkət edərkən manevr etmə qaydalarını pozaraq “Hyundai İX 35” markalı **-FH-*** və “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və nəqliyyat vasitələrinə maddi ziyan yetirmişdir. 07.06.2018-ci il tarixli, yol nəliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində ziyan dəymişdir. 23.07.2018-ci il tarixli, qüsur aktının surətindən görünür ki, “Hyundai İX 35” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4800 manat məbləğində ziyan dəymişdir. 03.08.2018-ci il tarixli, ödəniş tapşırığına əlavənin surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərfindən “İJ27175” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 200 manat və “Hyundai İX 35” markalı **-FH-*** avtomobilin sahibi X1 4800 manat məbləğində pul ödənilmişdir. ƏN-İV №235647 saylı etibarnamədən görünür ki, “Mercedez Benz” **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün X2 06.10.2017-ci il tarixdə 1 il müddətinə - 06.10.2018-ci ilədək etibar edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin edilməyən – iddianın Cavabdeh1 aid hissəsində yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iş üzrə apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə 18.02.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yol-nəqliyyat hadisəsi törədən Cavabdeh2 avtomobili etibarnanə olmadan idarə etməsini qeyd edərək, belə olan halda avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 də məsuliyyət daşıdığını qeyd etmişdir, lakin məhkəmə bu qənaətə gələrkən avtomobilin Cavabdeh2 hansı əsaslarla olmasını, yol-nəqliyyat hadisəsi törədilən zaman iddiaçının mülkiyyətində olan avtomobilin digər şəxslərin etibarnaməli idarəçiliyinə veribverməməsini araşdırmamışdır. Belə ki, işin halları ilə müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz” markalı avtomobili 16.10.2017-ci il tarixli etibarnamə ilə X2 vermiş, həmin etibarnamə 06.10.2018-ci il tarixinə kimi qüvvədə olmuş, beləliklə, yol-nəqliyyat hadisəsi baş verən 07.06.2018-ci il tarixdə nəqliyyat vasitəsi Budaq Cəfərovun qanuni sahibliyində olmuşdur. Eyni zamanda cavabdeh kassasiya şikayətində digər cavabdeh olan Cavabdeh2, ümumiyyətlə, tanımadığını və ona idarə etməyə avtomobil vermədiyini bildirmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan avtomobili etibarnamə əsasında B.Cəfərova vermiş, nəqliyyat hadisəsi zamanı avtomobil B.Cəfərovun qanuni sahibliyində olmuş, beləliklə, 07.06.2018-ci il tarixli yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 hər hansı təqsiri olmamışdır. Bu səbəbdən, iddiaçının Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməyərək düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı Cavabdeh1 münasibətdə təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-769/2020 saylı, 07 fevral 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar