Məhkəmə qərarları › İş №2(103)-4959/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4959/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4959/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), ğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-168/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X11 ilə İddiaçı xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. X11 xx.xx.2012-ci il tarixdə ölmüşdür.

2. X5 miras qalan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən torpaq sahəsi və bağ evinə dair əvvəlki nikahdan olan oğlu Cavabdeh tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır.

3. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh bağ evini 50.000 manata X1. İddiaçıya Cavabdeh tərəfindən sözügedən əmlakın satışından əldə olunmuş vəsaitdən 7.000 manat pul verilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-10/2022 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13.68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinin İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, miras əmlak üzərində İddiaçı və Cavabdeh hər birinin 2/1 payı vardır. Məhkəmə, miras əmlakda tərəflərin payına qiymət verməklə, onun satışından əldə olunmuş vəsatlə bağlı iddiaçının tələb hüququnu tanımışdır.

5. Qeyd olunan qətnamə Cavabdeh tərəfindən yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.000 manat məbləğində pulun alınaraq ona verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12 ilə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. O, xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun əvvəlki arvadından olan oğlu iş üzrə Cavabdeh ərindən miras qalan Sumqayıt şəhəri Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m yaşayış, 13,68 kv m. köməkçi sahədən ibarət B-1988 nömrəli evi onun məlumatı olmadan satmışdır. O, “Qanun üzrə vərəsəliyin, reyestrdən çıxarışın ləğv edilməsi, miras əmlakın qəbul edilmiş hesab edilməsi, miras əmlakın bölünməsi tələbinə dair” iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-10/2022 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən Sumqayıt şəhəri, Novxanı bağ yaşayış massivində yerləşən 0,12 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evinə xx.xx.2013-cü il tarixdə Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30,4 kv.m. yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B-1988 nömrəli bağ evi İddiaçı tərəfindən qəbul edilmiş hesab edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qətnamədə həmçinin göstərilmişdir ki, “məhkəmə miras əmlakda tərəflərin payına qiymət verməklə, onun satışından əldə olunmuş vəsaitlə bağlı iddiaçının tələb hüququnu tanıyır, bu hüququn həyata keçirilməsində müəyyənlik yaratmaq məqsədini güdür”. Habelə, Cavabdeh ilə X6 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanmış, xx.xx.2019-cu il tarixli AN-İ, ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh torpaq sahəsini və bağ evini 50 000 manata satmışdır. Qeyd edilən məbləğ miras əmlakın satışından əldə edildiyindən həmin məbləğin ½ hissəsi (25.000 manat) ona mənsubdur. Bildirir ki, həmin məbləğdən cavabdeh ona 7.000 manat pul vermişdir. Qalan 18.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq ona verilməlidir.

8. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 20.000 manat məbləğində pulun və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 150 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X2 "xxxx" MTK-dakı payla bağlı həmin MTK-ya 150.000 manat məbləğində borcu olmuş və həmin borcun 40.000 manatı onun tərəfindən ödənilmişdir. İddiaçı bu barədə məlumatlandırıldıqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan işlə bağlı iddia tələbinə dəqiqləşdirmə verərək qeyd olunan əmlakla bağlı heç bir tələb irəli sürməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı ilkin tələbindən fərqli olaraq Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin nizamnamə kapitalındakı payının 1/1 hissədə Cavabdeh adına verilməsi barədə xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyatdan keçmiş, xx.xx.2004-cü il tarixli, 01/Ş-4503 nömrəli kommersiya təşkilatının dövlət reyestrindən çıxarışa və xx.xx.2004-cü il tarixli, 0104-P83-41536 nömrə ilə qeydiyyatdan keçmiş X9 məxsus olan "xxxx" MTK-nın nizamnamə kapitalındakı payının ½ hissədə onunla cavabdeh arasında qanun üzrə vərəsəlik əsasında bölünməsini xahiş etməmişdir. AR Mülki Məcəlləsinin 1306.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, miras əmlak olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi 50000 manata satıldıqdan sonra miras qoyan X7 "xxxx" MTK-ya olan 150.000 manat məbləğində borcdan 40.000 manatı onun tərəfindən ödənildiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından İddiaçı birgə borclu kimi miras qoyanın kreditoruna ödənilmiş pul məbləğinin yarısını təşkil edən 20.000 manat məbləğində pulu ona ödəməlidir. İddiaçı iddia tələbinin əsasını təşkil edən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1627/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 30 mart 2022-ci il tarixli, 2(060)- 10/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 168/2023 nömrəli qətnaməsi ilə (hakim S.F.Cəfərov) ilkin iddia təmin edilmiş, Cavabdeh 18.000 manat məbləğində pul və 144 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ½ hissədə məxsus olmuş miras əmlak iddiaçının Cavabdeh tərəfindən özgəninkiləşdirilməklə, cavabdeh tərəfindən 50.000 manat məbləğ əldə edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 7.000 manat ödəniş edilməsi mülki işin mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilkin iddia təmin edilməli, miras əmlakın satılması nəticəsində əldə edilmiş məbləğin ½ hissəsi 7.000 manat çıxılmaqla 18.000 manat iddiaçıya ödənilməlidir.

12. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı iddiasını X2 "xxxx" MTK-dakı payla bağlı həmin MTK-ya 150.000 manat məbləğində borcu olması və həmin borcun 40.000 manatının onun tərəfindən ödənilməsi ilə əsaslandırılmışdır. Qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarı ilə məhz Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.12 ha torpaq sahəsi olan B-1988 ünvanında yerləşən, ümumi sahəsi 44.1 kv.m, 30.4 kv.m yaşayış sahəsi, yardımçı sahəsi 13.7 kv.m olan 2 otaqlı bağ evinin ½ hissədə İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi müəyyən edilmişdir. X2 "xxxx" MTK-dakı payının olması (hər hansı müqavilənin qüvvədə olub-olmaması, onun qüvvədə olub-olmaması şərtləri və s.) və bunun miras əmlakın kütləsinə daxil olması ilə bağlı isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 5-ci hissəsinə, Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.1, 1096.1, 1096.2, 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1252, 1253.1, 1255, 1300, 1318, 1321.1, 1321.2, 1322, 1324, 1325-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.4, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansıya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Miras qoyan X7 "xxxx" Mənzil Tikinti Kooperativindəki payı ilə bağlı həmin MTK-ya 150.000 manat mənləğində borcu olmuş və həmin borcun 40.000 manatı Cavabdeh tərəfindən ödənilmişdir. Miras əmlak olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi 50.000 manata satıldıqdan sonra miras qoyan X7 "xxxx" MTK-ya olan 150.000 manat məbləğində borcdan 40.000 manatı onun tərəfindən ödənildiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.4 kv.m yaşayış, 13,68 kv.m. köməkçi sahədən ibarət B 1988 nömrəli bağ evi İddiaçı tərəfindən miras kimi qəbul edilmiş hesab edildiyindən və həmin qətnamə qanuni qüvvəsini aldığından İddiaçı birgə borclu kimi miras qoyanın kreditoruna ödənilmiş pul məbləğinin yarısını təşkil edən 20.000 manat məbləğində pulu ona ödəməlidir. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1 və 1306.1-ci maddələrinin tələblərini nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, bağ evinin satışından əldə olunmuş vəsaitdən 7.000 manatı Cavabdeh ona kirayə qalmaq üçün vermiş, qalan məbləğlə bağlı demişdir ki, bir şey fikirləşərik. 5 ildir məhkəmələrdə işi uzadır, iddia verir, lakin özü məhkəmələrdə iştirak etmir.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə ilkin iddia təmin olunduğundan, qarşılıqlı iddia isə rədd olunduğundan və apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası ilkin iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı miras əmlak üzərində 2/1 hissədə paya malik olması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş, miras əmlak 50.000 manata Cavabdeh tərəfindən satılmış və yalnız 7.000 manat məbləğində pul İddiaçı ödənilmişdir.

23. Beləliklə, 50.000 manatın 2/1 hissəsi 25.000 manat təşkil etdiyindən və həmin məbləğdən 7.000 ödənildiyindən, İddiaçı tərəfindən Cavabdeh 18.000 manat məbləğində pulun tələb edilməsi barədə iddiası əsaslı olmuşdur.

24. Məhkəmə kollegiyası işin araşdırılan hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, X2 "xxxx" MTK-dakı payının olması və bunun miras əmlakın kütləsinə daxil olması sübuta yetmədiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası əsassız olmuşdur.

25. Belə ki, həmin tələb üzrə iddiaçı tərəfindən mərhum X7 "xxxx" MTK-ya borcunun olub olmaması ilə bağlı hər hansı mötəbər sübut (borc müqaviləsi, borcun yaranmasına əsas olmuş digər sənədlər və s.) təqdim edilməmişdir.

26. Bundan başqa qeyd edilməlidir ki, işdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh yalnız bağ evini 50.000 manata satmış, miras kütləsinə daxil olan torpaq sahəsini isə X3 və X8 ümumilikdə 30.000 manata satmışdır. X7 "xxxx" MTK-ya borcunun olduğu təsdiq edildiyi təqdirdə belə həmin borcun məhz bağ evinin satışından əldə edilmiş 50.000 manatdan ödənildiyinə dair də iş materiallarında sübutlar yoxdur.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-168/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar