Məhkəmə qərarları › İş №2(103)-4963/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4963/2021

07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4963/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndələri X12 və X7 (vəkil), Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (vəkili) X4, 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8, 3-cü şəxs A.Məmmədovun nümayəndəsi (vəkili) X5, 3-cü şəxs Cavabdeh5 nümayəndəsi (vəkili) X6 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsindən İddiaçı xxxx tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı 25.11.2015-ci il tarixdə “xxxx” xxxx-nə, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 “xxxx” xxxx-nin 852 600 ədəd səhminə mülkiyyət hüququnun ləğv edilməsi, həmin səhmlərə özünün mülkiyyət hüququnun tanınması, “xxxx” xxxx-nin səhmdarlarının 25.02.2015-ci il tarixli və 06.04.2015-ci il tarixli qərarlarının və həmin qərarların yaratdığı nəticələrin, habelə Cavabdeh3 tərəfindən verilmiş 23.02.2015-ci il tarixli X10 reyestrinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(005)-408/16) iddia rədd edilmişdir. Bundan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov, X.Mərdanova, İ.Vəliyev, iş № 2(103)-713/17) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Əliyev, A.Kalbalıyev, V.İbayev, iş № 2(102)-1/2019) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov, Ş.Məhərrəmova, E.Şamayev, iş № 2(103)- 8415/2019) iddiaçının apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilmiş, iddia qismən təmin olunmuş, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 852.600 ədəd səhminə İddiaçı xxxx-nin mülkiyyət hüququnun tanınması, “xxxx” xxxx-nin səhmdarlarının 25 fevral 2015-ci il tarixli və 06 aprel 2015-ci il tarixli qərarları və həmin qərarların yaratdığı məticələrin, habelə Azərbaycan Respublikasının Cavabdeh3 tərəfindən verilmiş 23 fevral 2015-ci il tarixli X10 reyestrinin etibarsız hesab olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər-G.Quliyev, İ.Xələfov, Z.Əliyev, iş № 2(102)-2/2021) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xxxx cavabdeh “xxxx” xxxx-nin səhmlərinin satılması ilə bağlı Dövlət Əmlak Komitəsi tərəfindən keçirilən çek hərraclarında iştirak etməklə, həmin səhmlərin 852.600 ədədini (64,1 %) almış, “Mülk” Cavabdeh3 tərəfindən 25 fevral 1999-cu il tarixdə həmin səhmlərin sertifikatı verilmişdir. Həmin səhmlərin Cavabdeh1 adına rəsmiləşdirilməsi və sonradan Cavabdeh2 satılması qanunsuz olmuş, bununla da iddiaçı xxxx-nin mülkiyyət hüquqları pozulmuşdur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, həmçinin göstərmişdir ki, Rayon Məhkəməsi işin qeyd edilən hallarını nəzərə almamış maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə səhv nəticəyə gəlmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdeh1 iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək təmin olunmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi, eləcə də 3-cü şəxslər Əmlak Məsələləri Dövlət Xidmətinin, X9, Cavabdeh5 nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 21 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin faktiki hallarından görünür ki, Dövlət Əmlak Komitəsinin 27 oktyabr 1997-ci il tarixli sərəncamı ilə Bakı xxxx Kombinatının bazasında əsas fəaliyyəti parça istehsalı və satışı olan “xxxx” ATSC yaradılmaqla, 07 yanvar 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır. “xxxx” ATSC-nin nizamnamə kapitalı 1 329 231 ədəd səhmdən ibarət olmuşdur. 14-27 noyabr 1997-ci ildə Cəmiyyətin 731077 ədəd səhmi, 21 yanvar - 3 fevral 1998-ci ildə 202461 ədəd səhmi çek auksionunda satışa çıxarılmış, həmin auksionlarda ümumilikdə 852150 səhmi əldə etməklə Cavabdeh1 qalib olmuş və 02 fevral 2014-cü ildə sonuncu həmin səhmləri Cavabdeh2 satmışdır. “xxxx” ATSC-nin səhmdarlarının 25.02.2015-ci il tarixli ümumi yığıncağında nizamnamənin yeni redkasiyada təsdiq edilməsi, cəmiyyətin adından “Tipli”xxxx“xxxx” adlandırılması, xxxx-nin hüquqi ünvanının ünvan 1ı və s. qərara alınmışdır. Cəmiyyətin 06.04.2015-ci il tarixdə keçirilmiş ümumi yığıncağında cəmiyyətin mülkiyyətinin bölünməsi və digər məsələlər barədə qərar qəbul olunmuşdur. “xxxx” xxxx-yə məxsus Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksi 25 aprel 2015-ci il tarixdə X3 və həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh3 04.07.2019-cu il tarixli məlumatına əsasən cəmiyyətin 1 287 381 ədəd səhmi Cavabdeh5 tərəfindən alınmışdır. İddiaçı xxxx-nin hazırkı iş üzrə tələbi Cavabdeh2 “xxxx” xxxx-nin 852 600 ədəd səhminə mülkiyyət hüququnun ləğv edilməsi, həmin səhmlərə özünün mülkiyyət hüququnun tanınması, “xxxx” xxxx-nin səhmdarlarının 25.02.2015-ci il tarixli və 06.04.2015-ci il tarixli qərarlarının və həmin qərarların yaratdığı nəticələrin etibarsız hesab edilməsi, Cavabdeh3 tərəfindən verilmiş 23.02.2015-ci il tarixli X10 reyestrinin etibarsız hesab olunması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdeh “xxxx” xxxx-nin səhmlərinin satışa çıxarıldığı 14 - 27 noyabr 1997-ci il və 21 yanvar - 3 fevral 1998-ci il tarixli hərraclarda 852.600 (64.1%) səhmi alması, bununla bağlı ona “Mülk” Cavabdeh3 tərəfindən 25 fevral 1999-cu il tarixli səhmlərin sertifikatı adlı sənəd verilməsi, lakin qiymətli kağızların reyestrində həmin səhmlərin qanunsuz olaraq Cavabdeh1 oğunun adına qeydə alınması və sonuncu tərəfindən 02 fevral 2014-cü il tarixdə Cavabdeh2 qanunsuz olaraq satılmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı sözügedən səhmlərin onun tərəfindən alınmasına dair mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi sertifikata gəldikdə isə, həmin sertifkat müvafiq qaydada qeydiyyata alınmamış, yəni səhmlərin əldə edilməsinə dair dövlət reyestrində belə bir qeydiyyat aşkar edilməmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. İlkin apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsa da, kassasiya məhkəməsi həmin qətnaməni, eləcə də ikinci apellyasiya baxışı üzrə çıxarılmış iddianın qismən təmin olunması barədəki qətnaməni ləğv etmiş və işi müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə iddiaçının hazırkı işdə etibarsızlığını və ləğvini mübahisələndirdiyi bütün əqd və sənədlər 14-27 noyabr 1997-ci il tarixli və 21 yanvar – 03 fevral 1998-ci il tarixli hərracların yekunlarına dair nəticələrə əsaslansa da, iddiaçı həmin hərracların nəticələrinin etibarsızlığı ilə bağlı ümumiyyətlə tələb irəli sürməmiş və apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu hala hərracın nəticələrini müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymət verməmişdir. Kassasiya məhkəməsi həmçinin göstərmişdir ki, “xxxx” xxxx-nin səhmdarlarının 25.02.2015-ci il tarixli və 06.04.2015-ci il tarixli qərarları əsasında xxxx-yə məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksi 25 aprel 2015-ci il tarixdə X1 həmin əmlak sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsa da, Asəf Məmmədov maraqlarına toxunan məsələnin həll edilməsinə baxmayaraq işdə iştirak etməyə cəlb edilməmiş, nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur. İşə apelyasiya qaydasında yenidən baxılarkən məhkəmə kollegiyası qətnamə ilə maraqlarına toxunan Asəf Məmmədovu və “xxxx” xxxx-nin səhmlərinin hazırkı mülkiyyətçisi Cavabdeh5 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb etmişdir. Asəf Məmmədovun nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən bildirmişdir ki, təmsil etdiyi şəxs vicdanlı alıcıdır, əmlak kompleksini qanuni əsaslarla əldə etmişdir və hazırda hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyətçidir. Cavabdeh5 nümayəndəsi də məhkəmə kollegiyasının iclasında izahat verərək təmsil etdiyi şəxsin vicdanlı alıcı olmaqla səhmləri qanuni əsaslarla əldə etdiyini və hazırda qanuni mülkiyyətçi olduğunu göstərdi. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişlərin icrası qaydasında müəyyən etdi ki, 14-27 noyabr 1997-ci il və 21 yanvar-03 fevral 1998-ci il tarixlərdə ixtisaslaşdırılmış çek auksionları keçirilmiş və auksion komissiyasının 012/40 və 016/45 saylı yekun protokolları ilə keçirilmiş hərracların nəticələri müəyyənləşdirilmişdir. Hərracların nəticələrinə görə İddiaçı xxxx-nin hərraclarda iştirak etməsi və 852.000 ədəd səhmləri alması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. İddiaçının etibarsızlığını və ləğvini mübahisələndirdiyi bütün əqd və sənədlər 14-27 noyabr 1997-ci il tarixli və 21 yanvar – 03 fevral 1998-ci il tarixli hərracların yekunlarına dair nəticələrə əsaslansa da, iddiaçı həmin hərracların nəticələrinin etibarsızlığı ilə bağlı ümumiyyətlə tələb irəli sürmədən hərracların nəticələri əsasında aparılmış hərəkətləri mübahisələndirmişdir. İddiaçı hazırkı mülki işdə nəinki hərracların nəticələrini mübahisələndirməmiş, həmin hərraclarda iştirakını belə sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi MPM-nin 218.3-cü maddəsinə əsasən irəli sürülmüş tələblər həddində işə baxmış və İddiaçı xxxx-nin bu iddianı qaldırmağa subyektiv hüququ olmadığı qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sözügedən səhmlərin alınmasına dair mötəbər sübutların təqdim edilə bilmədiyini və səhmlərin əldə edilməsinə dair dövlət reyestrində hər hansı qeydiyyatın aşkar edilmədiyini əsas götürərək hesab etmişdir ki, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı tələb üzrə hüquqi dəyərləndirmə prosesi ilk növbədə həmin tələbin qanuni əsasının tapılmasından və istinad olunan faktiki halların həmin tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş tələbin qanuni əsası tapılmırsa və ya faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı tərəfindən irəli sürülmüş tələbin qanuni əsası tapılmadığından və faktiki hallar istinad olunan qanuni əsasın şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından hüquqi dəyərləndirmə də məhkəmə üçün artıq başa çatmışdır və əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac yoxdur. Məhkəmə kollegiyası xxxx-yə məxsus olmuş Bakı şəhəri, Nərimanov rayonunda yerləşən əmlak kompleksinin 25 aprel 2015-ci il tarixdə X2 və həmin əmlakın sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığının müəyyən edilməsi ilə yanaşı, ümumiyyətlə əmlak kompleksi Asəf Məmmədov tərəfindən əldə olunarkən hər hansı qanun pozuntusuna yol verilməsi halı da müəyyən edilmədi. Məhkəmə kollegiyası iş materiallarına əsasən həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı xxxx başqa bir işdə “xxxx” xxxx-yə qarşı inzibati-iqtisadi məhkəmədə iddia qaldıraraq cavabdehin üzərinə xxxx-nin nizamnaməsinin, X10 Reyestrinin surətinin iddiaçıya təqdim edilməsi vəzifəsinin qoyulması və 25.02.2015-ci il tarixdə “xxxx” xxxx-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsinə dair gündəliyin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, lakin İddiaçı xxxx-nin həmin iddianı qaldırmağa subyektiv hüququ olmadığı müəyyən edildiyindən iddia tələbi Bakı İnzibati-iqtisadi məhkəməsinin 09.09.2015-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsi İnzibati-iqtisadi kollegiyasının 14.12.2015-ci il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 17 may 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının həmin iş üzrə 17 may 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı xxxx-nin iş üzrə iddiaçı qismində çıxış etməsi üçün subyektiv hüquqa malik olması iddiaçı tərəfindən sübuta yetirilməli olduğu halda, məhkəməyə təqdim olunmuş sənədlərlə onun belə bir hüququnun mövcudluğu təsbit olunmamışdır. Belə ki, iddiaçının istinad etdiyi 1997-ci ildə əldə olunmuş səhmlərin sertifikatını vermiş “Mülk” Cavabdeh3 adlı hüquqi şəxs Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X11 Dövlət Qeydiyyatı İdarəsində olan reyestrdə aşkar edilməmişdir. Əlavə olaraq, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 13.02.2015-ci il tarixli 149 saylı lisenziyası əsasında fəaliyyət göstərən Cavabdeh3-nin 23.02.2015-ci il tarixdə hazırladığı X10 Reyestrindən məlumata əsasən “xxxx” xxxx-nin səhmdarları arasında İddiaçı xxxx-nin adı yoxdur. Cavabdeh3-nin uçot sistemində də iddiaçı barəsində heç bir məlumata rast gəlinməmişdir. Cavabdeh3-nin nizamnaməsi 08.09.1999-cu ildə təsdiq olunmuş və Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır, hələ də qüvvədədir. Göründüyü kimi, İddiaçı xxxx və “xxxx” xxxx arasında yaranmış və inzibati-iqtisadi icraat qaydasında baxılmış həmin işdə də İddiaçı xxxx-nin “xxxx” xxxx-nin səhmlərinə hər hansı aidiyyəti olması müəyyən edilməmiş və subyektiv hüququ olmadığına görə iddiası rədd olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı xxxx-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 21 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar