Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4965/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 09 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçının qızı ilə cavabdeh 2023-cü ilin fevral ayında evlənmiş və qısa bir müddət sonra elə həmin ilin iyul ayında rəsmi şəkildə boşanmışlar. Hazırda iddiaçı qızı üçün cehiz əvəzi olaraq cavabdehə 18400 ABŞ dolları məbləğində pul verdiyini iddia edərək, həmin pul vəsaitinin, həmçinin toy mərasiminə xərclənən pulun yarısının, yəni 14000 manat məbləğində pul vəsaitinin, eyni zamanda iddia qaldırılması üçün ödənilən 226 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 18400 ABŞ dolları ödənilən günə olan məzənnə ilə Azərbaycan Respublikası manatı ilə, bundan əlavə 14000 manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 226 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin yanvar ayında iddiaçının qızı X7 ilə Cavabdeh nişanlanmış, həmin ilin fevral ayında toyları olmuş, xx.xx.2023-cü il tarixdə rəsmi boşanmışlar. Həmin vaxt Cavabdeh iddiaçının ailəsinə bildirmişdir ki, mənzili var, mənzili yeni mebel və məişət avadanlıqları ilə təmin etmiş, buna görə qızın cehizinin əvəzi olaraq 35000 manat pul istəmişdir. İddiaçı şahidlər X1 və X3 yanında öz evində Cavabdeh 18400 ABŞ dolları məbləğində pul vermişdir. Bundan əlavə, Cavabdeh ilə Nigar İsayevanın toy mərasimi Bakı şəhərində “Cratos” şadlıq sarayında keçirilmişdir. Toy mərasiminin xərcləri 25000 manat olmuş və tam xərclər 25000 manat olmaqla iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh toy mərasiminə xərclənən pulun yarısını, yəni 10000 manat hissəsini iddiaçıya ödəməlidir. İddiaçı qızı Nigar İsayeva (Dadaşzadə) ilə Cavabdeh qısa müddətdə ailə münasibətləri pozulmuş, boşanmışlar, X13 Dadaşzadənin mənzilindən köçmüş, əşyalarını götürüb iddiaçının evində yaşayır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-606/24) iddia rədd edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının iddiası bu hissədə subyektiv hüquq olmaması səbəbindən rədd edilməlidir. Mülki iş materiallarından və izahatlardan aydın görünür ki, iddiaçının qızı X7 Cavabdeh ilə nikaha girmiş və bundan əvvəl ona cehiz əşyalarının alınması barədə müzakirələr getmişdir. X5 atası tərəfindən cehiz əşyaları üzrə hesablanmış 35.000 manat məbləğ cavabdehin evində hazır əşyaların (cehiz) əvəzi olaraq nəzərdə tutulmuş və bu vəsaitin 18.400 ABŞ dolları hissəsi cavabdehə verilməsi iddia edilmişdir. Bu hal üzrə məhkəmə qeyd edir ki, əgər cehiz əşyaların əvəzi olaraq cavabdehə və ya digər şəxsə pul verilmişdirsə, o halda iddiaçı cehiz əşyaların sahibi X7 olmaqla yalnız cehiz əşyalarına dair tələb irəli sürə bilərdi. Lakin qeyd edilən cehiz əşyalarının hansı hissələrdən ibarət olması, haradan alınması, hansı hissəsinin qiymətinin nə qədər olması müəyyən edilə bilmədiyindən cehiz əşyalarının geriyə tələb edilməsində qeyri-müəyyənlik qalacaqdır. Lakin məhkəmə qeyd edir ki, cehiz əşyaları deyil, onun dəyərinin (verilmiş pulun) istənilməsi də əsassızdır. Belə ki, iddiaçı tərəf cavabdehə 18.400 ABŞ dollarının verilməsini iddia etsə də bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Bu halda yalnız geriyə qalan cavabdehin əsassız varlanması ilə bağlı olmuşdur ki, bu halda məhkəmədə öz təsdiqini tapmamışdır. Məhkəmə iddianın ikinci hissəsi olan 14.000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, bu tələbin özü də məhkəmə araşdırması nəticəsində iki hissədən ibarət olmuşdur. Birinci hissəsi 4000 manat, yəni cehiz əşyaları üçün ödənilmiş 35.000 manat puldan qalan (35.000 manat - 18400 ABŞ dolları = 4000 manat) 4000 manat, ikinci hissə isə toyun xərcləri ilə bağlı razılaşdırılmış 10.000 manat hissə. Bu halda mıəhkəmə ilk öncə 35.000 manatdan geriyə qalan 4000 manat pulun tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının özü qızına könüllü olaraq 4000 manat civarında hədiyyə almış və həmin hədiyyələrdə şəxsi əşyalar olmaqla qızına məxsus olmuşdur. Bu halda şəxsi əşyaların iddiaçının qızında olması səbəbindən 4000 manat hissəsinin cavabdehdən tələb edilməsi əsassız olmuşdur. Məhkəmə iddianın toy xərci kimi 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə alınması hissəsi ilə bağlı qeyd etmişdir ki, qeyd edilən vəsait toy xərcləri ilə bağlı olmuş və bu xərclərin tərəfləri nə hazırki cavabdeh nə də ki hazırki iddiaçı olmuşdur. Qeyd edilən vəsait iddiaçının həyat yoldaşı ilə hazırki cavabdehin atası arasında yaranmış və bu tələbə onların tərəf olduğu iş üzrə həll edilməlidir. Bu səbəbdən məhkəmə iddiaçının iddiasının 10.000 manat hissəsində tələb etmək hüququnun olmadığını əsas gətirərək iddianı bu hissədə rədd etmişdir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən “votsap” tətbiqi vasitəsilə aparılan yazışmalar sübut növü kimi qəbul edilə bilməz. Belə ki, qeyd edilən yazışmalar tərəflər arasında olmamaqla bu iş üzrə sübut növü kimi də qiymət verilməsi əsassız olacaqdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, mülki işin göstərilən hallarını iddiaçı və şahidlər X10, X1 və X6 məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq etmişlər. Bundan əlavə, cavabdehin atası X11 İsayevin telefonuna Whatsapp tətbiqi vasitəsilə xx.xx.2023-cü il tarixdə toyda iştirak edəcək musiqiçilər və müğənnilərin siyahısını və ödəniləcək pul məbləğləri, dekor və digər xərclərinə dair məlumatları əks etdirən öz əlyazmasının şəkilini göndərmiş, həmin siyahıda göstərilən müğənniləri toya dəvət etmiş, orada göstərilən 25000 manat pulun 23000 manat məbləğini iddiaçı tərəf şadlıq evinə ödəmişdir. Bundan əlavə cavabdehin atası X11 İsayevin telefonuna Whatsapp tətbiqi vasitəsilə xx.xx.2023-cü il tarixdə yazaraq təsdiq etmişdir ki, həqiqətən Orxan 35000 manat pulu evdə olan mebel və çehiz əşyaları əvəzi almış, Mehmana verməmiş, Orxanın özündə qalmış, əvəzi ödənilən cehiz əşyaları iddiaçının qızı Nigara qaytarılmamışdır. Mehman Dadaşovun məhkəmə iclasında dindirilməsinə dair cavabdehin nümayəndəsi və vəkilinin vəsatəti məhkəmə tərəfindən təmin edilsə də, Mehman Dadaşov cavabdeh tərəfindən məhkəməyə gətirilməmişdir. Cavabdeh tərəfindən olan Mehman Dadaşovun dindirilməsinin təmin edilməməsi onun Rafiq İsayev arasında yazışmaların təsdiq edilməsi anlamına gəlir. Cavabdehin atası Mehman Dadaşovun yazışmaları, iddiaçının, iddia tərəfinin şahidlərinin izahatları ilə təsdiq edilən sübutlar möhtəbər olmaqla təsdiq edilmişdir ki, İddiaçı Cavabdeh 18400 ABŞ dolları vermiş, 4000 manat Nigara Orxan adından hədiyyələr almış, toy xərclərindən 10000 manat pulu Orxanın əvəzinə ödəmişdir. Lakin, Cavabdeh 35000 manat pulu və 10000 manat toy xərclərinin ona aid hissəsini nikah pozulduqdan sonra İddiaçı ödəməmişdir. Məhkəmə sübutlara qiymət vermədən qətnamədə yazmışdır ki, təqdim edilən sübutlar inandırıcı deyil və iddiaçının göstərdiyi halları təsdiq etmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı:
«subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və aşağıdakıları qeyd edir.
18. İddiaçının tələbi iki hissədən ibarətdir : - cehiz əvəzi kimi verilmiş 18400 ABŞ dolları pulun ödənilməsi; - toya çəkilmiş xərc kimi 14000 manat pulun qaytarılması.
19. İddiaçı iddia edir ki, cavabdehə qızının cehizinin əvəzi olaraq 18400 ABŞ dolları məbləğində pul vermişdir.
20. Cavabdeh isə ona pul verilmədiyini bildirir və iddiaya etiraz edir.
21. Birinci instansiya məhkəməsi isə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı rədd etmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, əgər cehiz əşyaların əvəzi olaraq cavabdehə və ya digər şəxsə pul verilmişdirsə, o halda iddiaçı cehiz əşyaların sahibi X7 olmaqla yalnız o, cehiz əşyalarının tələbi irəli sürə bilərdi. Lakin qeyd edilən cehiz əşyalarının hansı hissələrdən ibarət olması, haradan alınması, hansı hissəsinin qiymətinin nə qədər olması müəyyən edilə bilmədiyindən cehiz əşyalarının geriyə tələb edilməsi də qeyri-müəyyən qalacaqdır. Lakin məhkəmə qeyd etmişdir ki, cehiz əşyaları deyil onun dəyərinin (verilmiş pulun) istənilməsi də əsassızdır. Belə ki, iddiaçı tərəf cavabdehə 18.400 ABŞ dollarının verilməsini iddia etsə də bununla bağlı mötəbər sübutları təqdim etməmişdir.
22. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni 18400 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində düzgün həll etməmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.
23. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tıələbini təsdiq edən sübut qismində məhkəməyə 2 nəfər şahid təqdim etmişdir.
24. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, təxminən xx.xx.2023-cü ildə cavabdeh və onun atası Mehman onlara gəlmişdi. Bundan bir neçə gün öncə isə o, həyat yoldaşı, yəni hazırki mülki iş üzrə iddiaçıya qızının cehizi üçün 20 min ABŞ Dolları və 2 min manat pul vermişdi. Mehman bildirmişdi ki, evdə gördükləri mebellərin dəyəri 35 min manat təşkil edir və onun əvəzində onlara əşyaların pulunu verərlər. O da yoldaşına pulu ona görə vermişdi ki, onlara 35 min manat pul versin. Axırda qeyd etdiyi gün oturdular, yemək yedilər. Həmin gün evdə yoldaşının rəfiqəsi və qulluqçu da var idi. Daha sonra yoldaşı pulu mətbəxdə sayaraq onlar çıxanda Orxana verdi və bildirdi ki, burada 18400 ABŞ dolları pul var. 35 min manatın müəyyən hissəsini hədiyyələr almışlar. Bu da onların qəbzləridir. Toyun xərcləri ilə bağlı bildirmişdir ki, toyun səhəri gün o, yoldaşı və Mehman adminstratorun yanına hesablaşmaq üçün getmişdilər. Həmin vaxt hərə öz qonağının sayına uyğun yerinin haqqını ödədi. Müğənnilər və dekorla bağlı isə 26 min pul tələb olundu. Bu zaman Mehman bildirdi ki, 3 min manat pulu vardır. Bildirdi ki, yerdə qalan 23 min manatını o versin, daha sonra o, özünə düşən hissəni qaytarar. O da bununla razılaşdı.
25. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, pul verilərkən orada idi, bu işin əvvəlində yaxından şahidlik etmişdir, alış-verişlərin edilməsində, cehizlərin alınmasında, yerləşdirilməsində yaxından iştirak etmişdir. Orxan qonaq gələndə, nişanda və s. görmüşdü. İddiaçı Orxana pul verdiyi gün yemək yedilər. Nigar, yəni iddiaçının qızı gəlib dedi ki, Orxan gedir. Eminə xanım da yuxarıdan pulu gətirərək mətbəxdə onların yanında saydı və aldıqları əşyalar üçün çəkdikləri 4 min manata yaxın xərci təsdiq edən qəbzlərlə birlikdə Orxana verdi. Pul rezinin arxasında idi. Tarix yanvar ayının 15-i idi. Orxana 18400 ABŞ dolları pul verildi. Pul veriləndə o, Ulduz xanım, Orxan müəllim, Eminə xanım, Nigar və Rafiq müəllim var idi. Pul cehiz üçün verilmişdir.
26. Beləliklə, şahid ifadələri ilə təsdiq olunur ki, iddiaçı tərəfindən pul cavabdehə verilib. Pulun verilməsinin hüquqi əsası bağışlamadır. Belə ki, iddiaçının pulu cavabdehə verməkdə məqsədi qızının ailə qurması münasibətilə ona hədiyyə etmək olub. Hal-hazırda iddiaçının qızı ilə cavabdeh arasında nikah xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Kollegiya onu da nəzərə alır ki, iddiaçının qızı ilə cavabdeh qısa müddətdə cəmi 6 ay nikahda olmuşlar. Hal-hazırda iddiaçı bağışlamadan imtina edir, imtinanın hüquqi əsası isə qızı ilə cavabdeh arasında nikah münasibətlərinin pozulmasıdır.
27. Mülki Məcəllənin 673.1.2-ci maddəsinin tələbinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozarsa hədiyyə verən bağışlamaqdan imtina edə bilər.
28. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarına və daxili inama əsaslanaraq hesab edir ki, iddiaçı həqiqətən də cavabdehə 18400 ABŞ dolları pul vermişdir. O, bu pulu cavabdehə qızının rahat, xoşbəxt yaşaması üçün hədiyyə olaraq vermişdir. Lakin iddiaçının gözləntiləri özünü doğrultmamış, yeni evlənən gənclər qısa müddət sonra boşanmışlar. Yəni, ailə dağılmışdır. Ona görə də iddiaçı bu məbləği, yəni 18400 ABŞ dollarını cavabdehdən tələb etməkdə haqlıdır.
29. İddianın ikinci - toya çəkilmiş xərc kimi 14000 manat pulun qaytarılmasına dair hissəsində Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, bu tələbin özü də məhkəmə araşdırması nəticəsində iki hissədən ibarət olmuşdur. Birinci hissəsi 4000 manat, yəni cehiz əşyaları üçün ödənilmiş 35.000 manat puldan qalan (35.000 manat- 18400 ABŞ dolları = 4000 manat) 4000 manat, ikinci hissə isə toyun xərcləri ilə bağlı razılaşdırılmış 10.000 manat hissə.
31. Məhkəmə kollegiyası ilk öncə 35.000 manatdan geriyə qalan 4000 manat pulun tələb edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının özü qızına könüllü olaraq 4000 manat civarında hədiyyə almış və həmin hədiyyələr də şəxsi əşyalar olmaqla qızına məxsus olmuşdur və hazırda da qızındadır. Bu halda şəxsi əşyaların iddiaçının qızında olmasına baxmayaraq onun həmin əşyaların dəyərini təşkil edən 4000 manatı cavabdehdən tələb etməsi əsassızdır.
32. Məhkəmə kollegiyası iddianın toy xərci kimi 10.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə alınması hissəsi ilə bağlı qeyd edir ki, qeyd edilən vəsait toy xərcləri ilə bağlı olmuş və bu xərclərin tərəfləri nə hazırkı cavabdeh, nə də ki hazırkı iddiaçı olmuşdur. Qedy edilən vəsait iddiaçının həyat yoldaşı ilə hazırkı cavabdehin atası arasında yaranmış və bu tələb onların tərəf olduğu iş üzrə həll edilməlidir (məhkəməyə iddia verildiyi təqdirdə). Bu səbəbdən iddiaçının iddiasının 10.000 manat hissəsində tələb etmək hüququ yoxdur.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qətnaməsi qismən - 18400 ABŞ dolları pul tələbinə dair hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Cavabdeh 18400 (on səkkiz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödənilən günə olan məzənnə üzrə Azərbaycan Respublikası manatı ilə tutulub İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.