Məhkəmə qərarları › İş №2(103)-4966/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4966/2021

03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4966/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı vəkili X2, cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(009)- 321/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək MMCyə və digər klinikalara olunmuş ödənişlərin əvəzi qismində 13 800 manatın, cavabdeh tərəfindən ona vurulmuş zərərlə əlaqədar gələcəkdə çəkiləcək xərclə bağlı 300 000 manatın, mənəvi zərərin əvəzi qismində 20 000 manatın və 30 manat dövlət rüsumunun MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh MMC-də həkim işləyən Mahirə İsmayılovanın sonsuzlara və hamilə qadınlara yardım etməsini eşidərək uşağının gələcəkdə sağlam doğulması üçün Klinikaya müraciət etmiş, 17.08.2017-ci il tarixdən etibarən həkimin göstərişi ilə müayinələrdən keçirilmiş, müayinələrdən keçmək üçün ümumilikdə 3800 manat məbləğində ödənişlər həyata keçirmiş, həkimin özünə də "şirinlik" kimi hörmət etmişdir. Həmçinin həkim M.İsmayılovanın göstərişi əsasında “Referans” klinikasına, “Modern Hospital”a, “Düzen” klinikasına laborator müayinələrdən və digər müayinələrdən keçmək üçün göndərilmiş, həmin klinikalarda da müayinələrdən keçmək və analizlər verilməsi ilə bağlı xeyli vəsait sərf etmişdir. Həkimin özü tərəfindən müayinə edilərkən və digər klinikalardan müayinlərin nəticələrinə baxan həkim hər şeyin qaydasında olduğunu, uşağın norma daxilində inkişaf etdiyini, uşağın sağlam olduğunu və heç bir qüsur aşkar edilmədiyini bildirmiş, dəfələrlə rentgen və USM müayinlərindən keçirilmişdir, həkim tərəfindən uşaqda hər hansı qüsur olması barədə ona heç bir şey deyilməmişdir. Uşaq doğulan müddətədək Cavabdeh və digər özəl klinikalarda müayinələrlə bağlı 10 000 manata yaxın vəsait sərf olunmuş, uşaq 08 fevral 2018-ci il tarixdə keyser üsulu ilə doğulmuş, hətta uşaq doğularkən M.İsmayılova onlardan şirinlik almışdır. Uşaq doğulandan sonra məlum olmuşdur ki, o, fiziki qüsurludur və sol əli yoxdur. Halbuki doğuşa qədər həkim tərəfindən məqsədli şəkildə bir ana kimi ona bu barədə məlumat verilməmişdir. Bunun nəticəsində çox güclü psixoloji stress vəziyyətinə düşmüş və əsəb gərginliyi keçirmişdir. Halbuki vaxtında məlumat verilsəydi hər hansı bir tədbir görülə bilərdi, müalicələr almaq olardı və ya uşağı götüzdürə bilərdi və bu gün bu problemlərlə qarşılaşmalı olmazdılar. Aydın olmuşdur ki, həkim tərəfindən aldadılmış, əlavə gəlir və qazanc əldə etmək məqsədilə uşağın qüsurlu olması ona vaxtında bildirilməmişdir, yalnız dolayı yolla gəlir əldə etmək naminə müxtəlif kilinikalara göndərilmişdir. Hesab edir ki, həkim digər kilnikalarla əlbir işləmiş, “Mərkəzi Klinka”da müayinələr aparılması üçün hər bir şərait olduğu halda onu özəl kilinikalara göndərmişdir. Uşağın müalicə edilməsi, yəni əlinin bərpa edilməsinin yalnız xarici klinikalarda mümkün olduğu və bunun üçün 300 000 manata yaxın vəsait lazım olduğu barədə öyrənmişlər. Uşağın əlinin bərpa edilməməsi onun gələcəkdə əlil kimi böyüməsinə, daima insanlar və yaşıdları arasında sıxıntılı vəziyyətdə yaşamasına və psixoloji durumuna təsir göstərəcəkdir. Uşağın sağlamlığı və gələcəkdə normal inkişafı naminə onun xaricdə müalicə edilməsi, yəni əlinin bərpa olunması zəruridir. Bu cür əməliyyatların Azərbaycanda aparılması mümkün deyildir. Lakin onların bu vəsaiti düzəltmək imkanları yoxdur, həkimin səhlənkarlığı ucbatından bu vəziyyətə düşmüşlər, problemlə üzləşmişlər, vaxtında bu barədə məlumatları olsaydı onun qarşısını alardılar. Bu cür hadisə ilə qarşılaşmaları ailələrində və yaxın qohumlarında da ciddi narahatlıq yaratmış, uşaq doğulduğu andan gərgin psixoloji vəziyyətdə yaşamağa başlamışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(009)- 321/2019 nömrəli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, işin bütün hallarını aydınlaşdırmadığını, qeyri-obyektiv ekspertiza rəyinə istinadla ədalətsiz nəticəyə gəldiyini irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1076/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-321/2019 saylı iş üzrə 21 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-930/2021 saylı 11 mart 2021-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1076/2020 nömrəli iş üzrə 06 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni digər əsaslarla yanaşı həmçinin onunla əsaslandırmışdır ki, ginekoloji təcrübəyə əsasən hamiləlik dövründə ana bətnində dölün izlənilməsi klinik, labarator və instrumental müayinə tətqiqat metodlarına əsaslanır və bu müayinələrlə döldə olan qüsurların aşkar edilməməsi mümkündür. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, qeyd edilən rəyi sübut kimi qiymətləndirən apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən rəyi əsaslı, şübhədənkənar və mötəbər sübut kimi qiymətləndirərkən həmin rəyin ekspertin mülahizə xarakterli ehtimallarına əsaslandığını nəzərə almamışdır. Belə ki, rəyin məzmunundan göründüyü kimi, ekspert tərtib etdiyi rəydə iddiaçının üzərində aparılan müayinələrlə döldə olan qüsurların aşkar edilməməsinin mümkünlüyünü göstərməklə faktiki olaraq qeyd edilən müayinələrlə döldə olan qüsurların aşkar edilməsinin mümkün olmasını da istisna etmir. Bununla yanaşı iş materiallarından görünür ki, işə baxan məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallarda aparılmış müayinələrlə yanaşı, aparılmalı olan müayinələrlə uşaqlıqda dölün bədən üzvlərində olan qüsurların aşkara çıxarılmasının mümkünlüyü barədə sual qoysa da ekspert bununla bağlı qoyulmuş suala cavab verməmişdir. İş üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi bu hala münasibət bildirməmiş və qeyd edilən halın araşdırılması üçün iş üzrə əlavə ekspertiza təyin etməmişdir. Halbuki, iddiaçı digər əsaslarla yanaşı pozulmuş hüququnu onunla mübahisələndirir ki, müraciət etdiyi həkim M.İsmayılova ona tam ixtisaslı tibbi yardım göstərməmiş, ona uşağın norma daxilində inkişaf etdiyini, uşağın sağlam olduğunu və heç bir qüsuru olmadığını bildirmişdir. Nəticədə uşaq qüsurlu doğulduqdan sonra çox güclü stress vəziyyətinə düşmüş, əsəb gərginliyi keçirmişdir. Bu halın araşdırılması həmçinin ona görə əhəmiyyət kəsb edir ki, cavabdeh iddia ərizəsinə verdiyi etirazda göstərmişdir ki, iddiaçıya onlar tərəfindən həm Fetal Exokardioqrafiya, həm də ayrıntılı Obstetrik USM müayinədən keçmək tövsiyyə olunmuşdur. Xəstə həmin dövrdə Fetal Exokardioqrafiyadan keçsə də, ayrıntılı Obstetrik USM müayinədən keçməmişdir. Halbuki, iddiaçı ayrıntılı Obstetrik USM müayinədən keçsəydi onun dölündə hər hansı bir qüsurun gözdən qaçması qeyri-mümkün olardı. Bununla yanaşı qanunvericiliyə əsasən xəstənin müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə məlumat almaq hüququ vardır. Bu hüquq isə hazırkı işdə müalicə müəssisəsi üçün İddiaçı bütün müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə sonuncuya dolğun və düzgün məlumat vermək öhdəliyi yaradır. (27-28) Qeyd edilənlərə baxmayaraq işə baxan məhkəmələr tərəfindən iddiaçıya ayrıntılı Obstetrik USM müayinəsindən keçməsinin təklif edilib-edilmədiyi, edildiyi təqdirdə sonuncunun isə bundan imtina etdiyi , o cümlədən İddiaçı bütün müalicə üsulları və bununla bağlı risk dərəcələri barədə sonuncunun müalicəsi tərəfindən məlumatlandırılıbməlumatlandırılmaması barədə hər hansı bir araşdırma aparılmamışdır. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Məhkəmə iclasında İddiaçı vəkili X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclsında cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etirazda göstərilənləri nəzərə alaraq şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, məhkəmə tibbi ekspertizasının 20.06.2019-cu il tarixli 136/KEŞ saylı rəyində aşağıdakılar göstərilmişdir: “İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən onun hamiləliyi Cavabdehnın ginekologiya şöbəsində izlənilmiş və müxtəlif vaxtlarda instrumental (ultrasəs) müayinələr aparılmışdır. Diaqnoza uyğun olaraq müvafiq müayinə və müalicələr təyin edilmiş, eyni zamanda instrumental müayinələrdə döldə normal fizioloji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir. Ginekoloji təcrübəyə əsasən, hamiləliyin müşahidəsi klinik, laborator və instrumental müayinə tədqiqatlarına istinad etməklə aparılır. İddiaçı yeni doğulmuş uşağında doğuşdan sonra əl anomaliyasının olduğu müəyyən edilmişdir ki, bunun da hamiləlik zamanı dölün inkişaf xüsusiyyətlərindən və instrumental müayinələrin informativliyindən asılı olaraq aşkar edilməməsi mümkündür. Dölün ana bətnində inkişafı zamanı meydana çıxmış bu kimi ağır inkişaf qüsurlarının tibbi avadanlıqlarla və ya müalicə metodları ilə aradan qaldırılması hal-hazırda mümkünsüz hesab edilir”. Əlavə məhkəmə tibbi ekspertizanın 30 mart 2020-ci il tarixli 72/KEŞ saylı rəyində aşağıdakılar göstərilmişdir: 1989-cu il təvəllüdlü İddiaçı Maqsud qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun hamiləliyi Cavabdehnın ginekologiya şöbəsində izlənilmiş və müxtəlif vaxtlarda instrumental (ultrasəs) müayinələr aparılmışdır. İnstrumental müayinələrdə döldə normal fizioloji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir. Dölün bədən üzvlərində olan fiziki qüsurlar ultrasəs müayinəsi vasitəsi ilə aşkar oluna bilərdi, lakin ginekoloji təcrübəyə əsasən, instrumental müayinələrin informativliyindən asılı olaraq müayinələrin nəticəsinə tam əminliklə istinad etmək olmur. Dölün bətndaxili inkişafı zamanı ətrafların anomaliyası hamiləliyin 14-cü həftəsindən sonra müəyyən oluna bilər. İş materiallarında olan tibbi sənədlərə əsasən, İddiaçı 16.01.2018- ci il tarixdə hamiləliyin 33cü həftəliyində obstetrik ultrasəs müayinəsi aparılmış, lakin hamiləliyinin öncəki müşahidəsi zamanı həkim mama-ginekoloqun məsləhəti ilə ona əlavə instrumental müayinələrdən keçirilməsi bildirilsə də, o, məsləhət olunan instrumental müayinələrdən keçməmişdir. Bunun səbəbi haqqında isə fikir söylənilməsi mümkün deyil. Dölün bətndaxili inkişafı zamanı fiziki qüsurların müəyyən olunması üçün instrumental müayinə metodlarından istifadə olunur və hamiləyə bu müayinələrdən keçirilməsi bildirilir. Aparılacaq müayinələrin zəruriliyi həkim tərəfindən təyin olunur, lakin müayinədən keçibkeçməməsi xəstənin təşəbbüsünə və ixtiyarına buraxılır.İddiaçı hamiləliyi ilə əlaqədar ona Cavabdeh aparılmış müayinə və müalicələr uşaqda fiziki qüsurların əmələ gəlməsinə səbəb olmamışdır. Apellasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərilən məcburi göstərişləri də nəzərə alaraq hesab etmişdir ki, iş üzrə əlavə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilməli, ekspertlərdən aşağıdakı sualların cavabları alınmalıdır:

1. Aparılmış müayinələrlə yanaşı, aparılmalı olan müayinələrlə uşaqlıqda dölün bədən üzvlərində olan qüsurların aşkara çıxarılması mümkün idimi?

2. Cavabdehin nümayəndəsi iddia tələbinə verdiyi etirazında göstərmişdir ki, iddiaçıya ayrıntılı Obstetrik USM müayinədən keçmək tövsiyyə olunduğu, lakin müayinədən keçmədiyi, halbuki, iddiaçı ayrıntılı Obstetrik USM müayinədən keçsəydi onun dölündə hər hansı bir qüsurun gözdən qaçması qeyri-mümkün olardı. Etirazda göstərilən tövsiyyənin iddiaçıya çatdırılması və onun həqiqətən bundan məlumatlı olması iş materiallarının(tibbi sənədlərin) konkret hansı hissələrində qeyd olunmuşdur(rəy verilərkən konkret iş materialına istinad olunmaqla, işin səhifəsini və vərəqini göstərməklə cavab verilsin)?

3. Əlavə komisyon məhkəmə tibbi ekspertizasının 30 mart 2020-ci il tarixli 72/KEŞ saylı rəyinin nəticə hissəsinin 2-ci bəndində göstərilir ki, İddiaçı 16.01.2018- ci il tarixdə hamiləliyin 33-cü həftəliyində obstetrik ultrasəs müayinəsi aparıldığı, lakin hamiləliyinin öncəki müşahidəsi zamanı həkim mama-ginekoloqun məsləhəti ilə ona əlavə instrumental müayinələrdən keçirilməsi bildirilsə də, o, məsləhət olunan instrumental müayinələrdən keçməmişdir. Rəydə göstərilən mama-ginekoloqun məsləhətinin iddiaçıya çatdırılması və onun həqiqətən bundan məlumatlı olması iş materiallarının(tibbi sənədlərin) konkret hansı hissələrində qeyd olunmuşdur və əgər qeyd olunmamışdırsa rəydə bu qənaətə nəyin əsasında gəlinmişdir (rəy verərkən konkret iş materialına istinad olunmaqla, işin səhifəsini və vərəqini göstərməklə cavab verilsin)?

4. Əlavə komisyon məhkəmə tibbi ekspertizasının 30 mart 2020-ci il tarixli 72/KEŞ saylı rəyinin nəticə hissəsinin 3-cü bəndində göstərilir ki, dölün bətndaxili inkişafı zamanı fiziki qüsurların müəyyən olunması üçün instrumental müayinə metodlarından istifadə olunur və hamiləyə bu müayinələrdən keçirilməsi bildirilir. Aparılacaq müayinələrin zəruriliyi həkim tərəfindən təyin olunur, lakin müayinədən keçib-keçməməsi xəstənin təşəbbüsünə və ixtiyarına buraxılır. Dölün bətndaxili inkişafı zamanı fiziki qüsurların müəyyən olunması üçün instrumental müayinə metodlarından istifadə olunması və hamiləyə bu müayinələrdən keçirilməsinin bildirilməsi, eləcə də müayinədən keçibkeçməməsinin xəstənin təşəbbüsünə və ixtiyarına buraxılmasına dair tibbi göstərişlər konkret olaraq hansı normativ hüquqi aktlarda yaxud normativ xarakterli tibbi aktlarda(təlimatlarda və.s) nəzərdə tutulmuşdur? Əgər nəzərdə tutulmamışdırsa rəydə bu qənaətə nəyin əsasında gəlinmişdir?

5. Müalicə həkimi olan mama-ginekoloqun vəzifələri nədən ibarətdir və bu hansı normativ aktla tənzimlənir? Əlavə komisyon məhkəmə tibbi ekspertizanın 23 iyul 2021-ci il tarixli 601/KEŞ saylı rəyində aşağıdakılar göstərilmişdir: 1989-cu il təvəllüdlü İddiaçı Maqsud qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun hamiləliyinin müşahidəsi Cavabdehnın ginekologiya şöbəsində aparılmış və müxtəlif vaxtlarda instrumental (ultrasəs) müayinələr icra edilmişdir. İnstrumental müayinələrdə döldə normal fizioloji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir. Dölün bədən üzvlərində olan fiziki qüsurlar ultrasəs müayinəsi vasitəsi ilə aşkar oluna bilərdi, lakin ginekoloji təcrübəyə əsasən, instrumental müayinələrin informativliyindən asılı olaraq müayinələrin nəticəsinə tam əminliklə istinad etmək olmur. 2.3.İddiaçı adına Cavabdeh tərtib edilmiş 10.10.2017-ci il tarixli diaqnostik müayinə vərəqəsindən görünür ki, hamiləyə müalicə həkimi tərəfindən detallı obstetrik utrasəs və fetal exokardioqrafiya müayinələrinin aparılması qeyd edilmişdir.

4. Səhiyyə Nazirliyinin 11.03.2013-cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokolda qeyd olunanlara əsasən, hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişdən ibarət olur, hər gəlişdə kliniki müşahidə, laborator və istrumental müayinələrin aparılması tövsiyyə edilir. Həmin klinik protokolda antenatal qulluq üzrə tibb işçisinin məsləhətlərinin yerinə yetirilməsi qadın öz tərəfindən qərar verir.

5. Səhiyyə Nazirliyinin 19.09.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş həkim mama-ginekoloqun nümunəvi vəzifə öhdəliklərində öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardımın təşkili nəzərdə tutulur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1112-ci maddəsinə əsasən Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi ziyan hissəsini rədd edərkən qeyd etmişdir ki, ...iddiaçıya göstərilmiş tibbi xidmətləri cavabdeh tərəfindən qüsurlu yerinə yetirilməsilə bağlı halların ekspert rəyi ilə təsdiq olunmamasını, eyni zamanda iddiaçı tərəfindən bununla bağlı başqa sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən maddi ziyanın tutulması ilə bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyan hissəsini rədd edərkən də qeyd etmişdir ki, ... mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin maddi və mənəvi ziyanla bağlı qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Bununla əlaqədar, mülki hüquq pozuntusunun tərkibi yarandığından, Cavabdeh MMC-nin mülki hüquqi məsuliyyətə cəlb olunması üçün əsas olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müayinə və müalicənin düzgün aparıldığı, bunun ekspert rəyi ilə öz əksini tapdığı qənaətinə gələrək maddi və mənəvi ziyanla bağlı iddianı rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə alınmış məhkəmə tibbi ekspertiza rəylərinin mötəbərliliyi, eləcə də bəzi hissələrinin ziddiyyətli olması barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işdən görünür ki, hazırki iş üzrə bir dəfə birinci instansiyası, bir dəfə bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə tibbi ekspertizası, üçüncü dəfə isə kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instaniyası məhkəməsinin qətnaməsi ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə komisyon məhkəmə tibb ekspertizası təyin edilmiş və ekspertiza rəyləri alınmışdır. Hər üç rəydə ekspertlər Qasımova Gülşən Məqsud qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən rəy verdiklərini təsdiq etmişlər. Birinci rəydə göstərilir ki,.. iddiaçının hamiləliyi Cavabdehnın ginekologiya şöbəsində izlənilmiş və müxtəlif vaxtlarda instrumental (ultrasəs) müayinələr aparılmışdır. Diaqnoza uyğun olaraq müvafiq müayinə və müalicələr təyin edilmiş, eyni zamanda instrumental müayinələrdə döldə normal fizioloji inkişafdan başqa hər hansı bir patoloji dəyişikliklər aşkar edilməmişdir. Ginekoloji təcrübəyə əsasən, hamiləliyin müşahidəsi klinik, laborator və instrumental müayinə tədqiqatlarına istinad etməklə aparılır. İddiaçı yeni doğulmuş uşağında doğuşdan sonra əl anomaliyasının olduğu müəyyən edilmişdir ki, bunun da hamiləlik zamanı dölün inkişaf xüsusiyyətlərindən və instrumental müayinələrin informativliyindən asılı olaraq aşkar edilməməsi mümkündür. Dölün ana bətnində inkişafı zamanı meydana çıxmış bu kimi ağır inkişaf qüsurlarının tibbi avadanlıqlarla və ya müalicə metodları ilə aradan qaldırılması hal-hazırda mümkünsüz hesab edilir. İkinci rəydə də göstərilir ki, ... Dölün bədən üzvlərində olan fiziki qüsurlar ultrasəs müayinəsi vasitəsi ilə aşkar oluna bilərdi, lakin ginekoloji təcrübəyə əsasən, instrumental müayinələrin informativliyindən asılı olaraq müayinələrin nəticəsinə tam əminliklə istinad etmək olmur. Dölün bətndaxili inkişafı zamanı ətrafların anomaliyası hamiləliyin 14-cü həftəsindən sonra müəyyən oluna bilər. İş materiallarında olan tibbi sənədlərə əsasən, İddiaçı 16.01.2018- ci il tarixdə hamiləliyin 33-cü həftəliyində obstetrik ultrasəs müayinəsi aparılmış, lakin hamiləliyinin öncəki müşahidəsi zamanı həkim mama-ginekoloqun məsləhəti ilə ona əlavə instrumental müayinələrdən keçirilməsi bildirilsə də, o, məsləhət olunan instrumental müayinələrdən keçməmişdir. Bunun səbəbi haqqında isə fikir söylənilməsi mümkün deyil. Dölün bətndaxili inkişafı zamanı fiziki qüsurların müəyyən olunması üçün instrumental müayinə metodlarından istifadə olunur və hamiləyə bu müayinələrdən keçirilməsi bildirilir. Aparılacaq müayinələrin zəruriliyi həkim tərəfindən təyin olunur, lakin müayinədən keçib-keçməməsi xəstənin təşəbbüsünə və ixtiyarına buraxılır.İddiaçı hamiləliyi ilə əlaqədar ona Cavabdeh aparılmış müayinə və müalicələr uşaqda fiziki qüsurların əmələ gəlməsinə səbəb olmamışdır. Sonuncu rəy isə qeyd olunduğu kimi həm də iş üzrə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə əsasən keçirilmiş və ekspert komissiyası qarşısında suallar da cavabdehitn iddia tələbinə etirazında və ikinci rəydə göstərilənlərə uyğun qoyulmuşdur. Sonuncu rəyin nəticə hissəsinin 1-ci bəndi əvvəlki rəylərin məzmunu ilə demək olar ki, eyni olmuş, o cümlədən aparılmış müayinələrlə yanaşı, aparılmalı olan müayinələrlə uşaqlıqda dölün bədən üzvlərində olan qüsurların aşkara çıxarılmasının mümkün olub-olmaması sualına cavab olaraq bir daha göstərilmişdir ki, dölün bədən üzvlərində olan fiziki qüsurlar ultrasəs müayinəsi vasitəsi ilə aşkar oluna bilərdi. 2 və 3-cü suallara cavab olaraq ekspertlər göstərmişlər ki, İddiaçı adına Cavabdeh tərtib edilmiş 10.10.2017-ci il tarixli diaqnostik müayinə vərəqəsindən görünür ki, hamiləyə müalicə həkimi tərəfindən detallı obstetrik utrasəs və fetal exokardioqrafiya müayinələrinin aparılması qeyd edilmişdir. Göründüyü kimi, məhkəmə tibbi ekspertizasının birinci rəyində iddiaçının yeni doğulmuş uşağında doğuşdan sonra əl anomaliyasının olmasının hamiləlik zamanı dölün inkişaf xüsusiyyətlərindən və instrumental müayinələrin informativliyindən asılı olaraq aşkar edilməməsinin mümkünlüyü qeyd olunsa da, ikinci və üçüncü rəylərdə isə dölün bədən üzvlərində olan fiziki qüsurların ultrasəs müayinəsi vasitəsi ilə aşkar oluna bilməsinin mümkünlüyü də təsdiq olunmuşdur. Hətda ikinci rəydə dölün bətndaxili inkişafı zamanı ətrafların anomaliyasının hamiləliyin 14-cü həftəsindən sonra müəyyən oluna bilməsi də konkret göstərilmişdir. Demək, dölün bətndaxili inkişafı zamanı onda olan fiziki qüsurlar, o cümlədən hazırki işdə olan uşağın sol əlindəki qüsur barədə hamiləliyin 14-cü həftəsindən sonra iddiaçının məlumat almaq haqqı(hüququ)olmuşdur. Bu hüquqa iddiaçı həm də ona görə malik idi ki, o, hamiləliyinin izlənməsini və bununla bağlı müayinə və müalicə olunmasını hər hansı bir dövlət tibb müəssisəsində deyil, məhz cavabdehə, yəni bu sahədə yüksək səviyyədə ixtisaslaşmış tibbi xidmət göstərməli olan özəl tibb müəssisəsinə həvalə etmiş və qeyd olunan xidmətlər də tərəflərin bağladıqları müqaviləyə əsasən əvəzi ödənildiyindən keyfiyyətli göstərilməli idi. Ancaq cavabdeh tərəf iddiaya olan etirazında göstərir ki, iddiaçıya ayrıntılı Obstetrik USM müayinədən keçmək tövsiyyə olunduğu, lakin müayinədən keçmədiyi, halbuki, iddiaçı ayrıntılı Obstetrik USM müayinədən keçsəydi onun dölündə hər hansı bir qüsurun gözdən qaçması qeyri-mümkün olardı, ikinci rəydə isə ekspertlər göstərir ki, həkim mamaginekoloqun məsləhəti ilə iddiaçıya əlavə instrumental müayinələrdən keçirilməsi bildirilsə də, o, məsləhət olunan instrumental müayinələrdən keçməmişdir. Üçüncü dəfə ekspertiza təyin edilərkən 2-ci və 3-cü suallarda etirazda göstərilən tövsiyyənin iddiaçıya çatdırılması və onun həqiqətən bundan məlumatlı olmasının və ikinci rəydə göstərilən mamaginekoloqun məsləhətinin iddiaçıya çatdırılması və onun həqiqətən bundan məlumatlı olması iş materiallarının(tibbi sənədlərin) konkret hansı hissələrində qeyd olunması və əgər qeyd olunmamışdırsa rəydə bu qənaətə nəyin əsasında gəlinməsinin(rəy verərkən konkret iş materialına istinad olunmaqla, işin səhifəsini və vərəqini göstərməklə cavab verilsin) səbəbləri soruşulmuşdur. Sonuncu rəyin nəticə hissəsində ekspert komissiyası 2 və 3-cü suallara birgə cavab verərək göstərmişlər ki, İddiaçı adına Cavabdeh tərtib edilmiş 10.10.2017-ci il tarixli diaqnostik müayinə vərəqəsindən görünür ki, hamiləyə müalicə həkimi tərəfindən detallı obstetrik utrasəs və fetal exokardioqrafiya müayinələrinin aparılması qeyd edilmişdir. Lakin rəyin bu hissəsindəki məlumatın nə qədər əsassız, ziddiyyətli, hətda açıq-aşkar sonradan tərtib edilmiş sənəddə əksini tapması aşağıdakı faktlarla təsdiq olunur. Əvvəla, İddiaçı adına həqiqətən Cavabdeh MMC-də 10.10.2017-ci il tarixdə diaqnostik müayinə vərəqəsi tərtib edilmişdirsə və həmin vaxt mövcud idisə, cavabdeh 2018-ci ilin noyabr ayında iddiaya etiraz verərkən bu sənədi etirazına əlavə edərdi yaxud etirazın mətnində bu sənədi istinad edərdi. Ancaq etməmişdir. Əksinə, etirazda iddiaçının 17.08.2017-ci ildə, 24.10.2017-ci ildə, 22.11.2017-ci ildə və 19.12.2017-ci ildə ginekoloqun müayinəsində olduğunu təsdiq etmiş, 10.10.2017-ci ildə iddiaçının həkim mamaginekoloqun müayinəsində olmasını isə təsdiq etməmiş, ümumiyyətlə iş materialları ilə də bu təsdiq olunmur. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş(1-ci cild. səh.107-201) sənədlərdə də 10.10.2017-ci il tarixdə diaqnostik müayinə vərəqəsi tərtib edildiyi təsdiq olunmur. Sonuncu rəydə ekspert komissiyası nə rəyin məzmununda, nədə nəticə hissəsində bu sənədi necə və haradan əldə etdiyini göstərmir və buna hansısa formada istinad etmir. Düzdür, iş üzrə bundan əvvəl işə baxmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni baxışa göndərdiyindən kassasiya instansiyası məhkəməsinin qərarındakı məcburi göstərişlərin icrası ilə əlaqədar yenidən ekspertiza təyin etməklə yanaşı, cavabdeh müəssisəyə də sorğu göndərilərək digər məsələlərlə yanaşı iddiaçıya hamiləliyi dövründə müalicə həkimi tərəfindən Obstetrik USM müayinədən keçməyin təklif edilməsini, əgər bundan imtina etmişdirsə imtinanı təsdiq edən rəsmi sənədin təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi xahiş edilmiş və sorğuya cavabla yanaşı 14 iyul 2021-ci il tarixdə 10.10.2017-ci il tarixli diaqnostik müayinə istək forması adlı vərəqə də məhkəməyə göndərilmişdir(bax.cild.2.i.v.16-19). Lakin həmin vaxt mülki işin materialları ekspertizada olduğundan həmin sənəd də iş materiallarına əlavə olunmamışdır ki, ekspert komissiyası bu sənədə istinad etmiş olsun. Demək, rəyin nəticə hissəsində bu sənədə istinad etsə də, ekspert komissiyası bu sənədi necə əldə etməsini rəyində göstərməli idi. Çünki, bu sənəd əvvəlcədən mövcud olsa idi, yəqin ki, əvvəlki rəydə buna hansısa formada istinad edərdilər. Göründüyü kimi, cavabdeh müəssisənin “10.10.2017-ci il tarixli diaqnostik müayinə istək forması” adlı vərəqi sonradan tərtib etməklə məsuliyyətdən yayınmağa cəhd etməsi açıq-aşkar təsdiq olunur. Hətda hesab edilsə ki, həmin sənəd əvvəldən mövcud olub, yenə də mötəbər hesab edilə bilməz. Çünki, həmin vərəqin şikayətlər və klinik əlamətlər bölməsinin qarşısında yalınz “detallı obstetrik USM, Fetal Exokardioqrafiya” sözləri yazılmış, ekspert komissiyasının qeyd etdiyi kimi, heç də həmin vərəqdə bu cür müayinələrinin aparılması qeyd edilməmişdir. Ona görə də dölün bətndaxili inkişafı zamanı fiziki qüsurların müəyyən olunması üçün instrumental müayinə metodlarından istifadə olunması və hamiləyə bu müayinələrdən keçirilməsi bildirilirsə idi, mütləq ki, bunlar xəstəlik vərəqində qeyd olunmalıdır. Ancaq cavabdeh tərəfindən məhkəməyə elə bir sənəd təqdim edilməmişdir ki, orada müalicə həkimi tərəfindən iddiaçıya bu cür müayinə metodlarından istifadə olunması və bu mayinələrdən keçməsi bildirilsin. Aparılacaq müayinələrin zəruriliyi həkim tərəfindən təyin olunsa belə, müayinədən keçib-keçməməsi xəstənin təşəbbüsünə və ixtiyarına buraxılsa da, xəstənin bundan imtina etməsi mütləq sənədləşdirilərək rəsmiləşdirilməli idi. Çünki, Səhiyyə Nazirliyinin 19.09.2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş Təlimatın 41-ci bəndində həkim mama-ginekoloqun tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmçinin həmin Təlimatın 26-cı bəndində mamaginekoloqun müəyyən edilmiş qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, diaqnostik, müalicə, reablitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq vəzifəsi də nəzərdə tutulmuşdur. Ona görə də etirazda və rəydə göstərilən bu fikirlər, yəni iddiaçının müayinədən imtina etməsi hansısa mötəbər sübutlarla təsdiq olunmur. Ekspertlər bu məlumatı iddiaçının adına sonradan tərtib edilmiş və üzərində düzəliş edilmiş “10.10.2017-ci il tarixli diaqnostik müayinə istək forması” adlı vərəqdən götürmüşlər. Yəni, bu onların ekspertiza zamanı müəyyən etdikləri deyil, sonradan üzərində düzəliş edilmiş sənədlərdən götürdükləri məlumatlardır. İşdə olan sənədlərdə də iddiaçının 10.10.2017-ci il tarixdə müayinədə olması açıq-aşkar təkzib olunur. Ona görə də, ekspertlərin göstərdikləri bu məlumat həm də fakt baxımından yanlışdır. Göründüyü kimi, rəydə ardıcıllıqla gələn bu fikirlər həddindən artıq ziddiyyətlidir. Belə çıxır ki, cavabdeh müəəsisənin həkimi tərəfindən iddiaçıya dölün fiziki qüsurlarının müəyyən edilməsi məqsədilə müayinədən keçmək təklif edilmiş, lakin iddiaçı bunu istəməmişdir. Bu qənaət inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda baş verən hallara da uyğun gəlmir. Çünki, son zamanla ginekoloji təcrübəyə uyğun hətta hamiləliyin bir neçə həftəliyində dölün cinsinin öyrənmək arzunda olan hamilə qadınların dölün fiziki qüsurlu olub-olmamasını öyrənməyi arzulamaması və bunu istəməmsi qətiyyən inandırıcı və ağlabatan ola bilməz. Səhiyyə Nazirliyinin 11.03.2013-cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokolun hamilə qadının tibb müəssisəsinə gəlişləri cədvəlində 2-ci gəlişində (18-20-ci həftədə) və 5-ci gəlişdə(34-36-cı həftədə) USM müayinəsinin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin klinik protokolda antenatal qulluq üzrə tibb işçisinin məsləhətlərinin yerinə yetirilməsinə hamilə qadın özü qərar versə belə həmin müayinədən keçmək barədə məsləhətlərin həqiqətən verilməsi özü təsdiq olunmalıdır. Belə olan vəziyyətdə ekspertlərin bu fikirlərinin əsasının nəyə söykəndiyi də bəlli olmur. Göründüyü kimi, ekspertlərin tərtib etdikləri rəylərdə bu cür fikir bildirmələri, açıq-aşkar olmasa belə həkim olan həmkarlarını müdafiə etmək xarakteri daşıması anlaşılan olsa da, başa düşülən deyildir. Çünki, ekspert prosessual statusa malik olan şəxs olmaqla bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Ekspert rəyi xüsusi biliyə malik olan şəxs tərəfindən verildiyindən dəqiq, konkret, aydın və əsaslandırılmış olmalıdır. Əks halda onun sübut əhəmiyyəti və mötəbərliliyi şübhə altına alına bilər. Ekspert rəyləri məhkəmə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Ona görə də, apellyasiya instansiyası məhkəməsi yekun qənaətə gələrkən təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək, nəticəyə də məhz bu cür qiymətləndirməyə uyğun gəlir. Göstəriləndən əlavə, cavabdeh iddia tələbinə etirazında “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 30-cu maddəsinə istinad edərək göstərmişdir ki, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır. Sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Tibbi göstərişlərə və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni surətdə pozula bilər. Cavabdeh həmçinin Nazirlər Kabinetinin 1999-cu il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmş “Hamiləliyin pozulmasına dair sosial göstərişlərin Siyahasına” və Səhiyyə Nazirliyinin kollegiyasının 03 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Qaldın məsləhətxanalarında, ambulator-poliklinik tibb müəssisələrində antenatal xidmətin təşkili haqqında Təlimata” istinad edərək qeyd edir ki, iddiaçıda qeyd olunan tibbi və sosial göstərişlərdən heç biri aşkar olunmadığından hamiləliyinə süni surətdə son verilməsi iddiası tamamilə əsassızdır. Ancaq iddiaçının iddiası heç də bilavasitə uşağının fiziki qüsurlu doğulduğuna görə hamiləliyinin vaxtında süni surətdə pozulmaq imkanından məhrum edilməsi ilə bağlı olmamışdır. İddianın məzmununa diqqət yetirdikdə aydın olur ki, iddiaçı həkimi məqsədli şəkildə uşağında qüsur olduğu barədə ona məlumat verməməkdə qınayır və doğuş zamanı stress vəziyyətə düşdüyünü və əsəb gərginliyi keçirdiyini, halbuki vaxtında məlumatı olsaydı hər hansı bir tədbir görə biləcəyinə və müalicə almağın mümkünlüyünə inandığı üçün bu iddianı irəli sürdüyü bəlli olur. Hamiləliyin süni surətdə pozulmasını isə yalnız bu tədbirlər nəticə verməyəcəyi təqdirdə ehtimal edirdi. Ancaq cavabdeh hətta bir az da qabağa gedərək heç bir sübuta istinad etmədən iddiaçıda hamiləyin süni suərtdə pozulması üçün sosial göstərişlərin olmadığı qənaətinə gəlmişdir. Əlbətdə ki, bu cür mövqe əsassız olduğundan, sübutlarla təsdiq olunmadığından iddianın tam rədd edilməsi üçün müstəqil əsas da ola bilməzdi. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı cavabdehə və digər klinikalara edilmiş ödənişlərin əvəzi qismində 13 800 manat, cavabdeh tərəfindən ona vurulmuş zərərlə əlaqədar gələcəkdə çəkiləcək xərclə bağlı 300 000 manat tələb etsə də, məhkəmə tədqiqi zamanı məhkəmənin rəsmi sorğusuna cavab olaraq iddiaçı tərəfindən cavabdeh müəssisəyə 2697 manat ödənildiyi göstərilmiş, iddiaçı isə cavabdehə daha artıq vəsait ödəməsinə dair sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı vurulmuş zərərlə əlaqədar gələcəkdə çəkiləcək xərclə bağlı 300 000 manat tələb etsə də, gələcəkdə çəkiləcək xərclərlə bağlı indidən ziyan tələb edilə bilməz. Əvvəla, gələcəkdə xərclərin çəkilib-çəkilməyəcəyi hələ qeyri müəyyəndir. İkincisi, gələcəkdə çəkilə biləcək xərclərlə cavabdehin iddiaçıya zərər vurması arasında səbəbli əlaqənin olması da təsdiq olunmalıdır. Bu isə hazırki deyil, gələcəkdə qaldırılacaq iddianın predmeti ola bilər və həmin işdə tələb edilə bilər. Bundan başqa, iddiaçı cavabdehdən 20000(iyirmi min) manat mənəvi zərər də tələb etmişdir. Əvvəla, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Çünki, cavabdeh müəssisənin həkimi düzgün və tam olmayan tibbi müdaxiləsi nəticəsində iddiaçı mənəvi iztirab və sarsıntı keçirmişdir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin mümkün olduğunu da apellyasiya şikayətində açıqlamır. Belə olan vəziyyətdə apellyasiya şikayətində göstərilən dəlillərin də iddia tələbini tam həcmdə təmin edilməsi üçün yetərli ola biləcək dəlillər kimi qiymətləndirilməsi mümkün olmalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh müəssisənin həkimi Mahirə İsmayılovanın düzgün və tam olmayan tibbi müdaxiləsi iddiaçının mənəvi iztirab və sarsıntı keçirməsinə səbəb olmuşdur. Buna görə də, cavabdeh mənəvi zərərə görə də məsuliyyətdən azad edilməməli və o, iddiaçıya vurulmuş mənəvi zərərə görə məsuliyyət daşımalıdır. Bununla yanaşı, iddiaçı vurulmuş mənəvi zərərin miqdarını 20000(iyirmi min) manat məbləğində müəyyən etsə də, apellyasiya baxışı zamanı, həmin məbləğin vurulmuş mənəvi zərərə uyğun olduğunu əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 1000(min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1099.1, 1112 və 1114.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən maddi və mənəvi zərər yalnız Cavabdeh MMC-dən tutulmalı və iddiaçıya ödənilməlidir. Çünki, qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh tibb müəssisəsi öz işçisi olan həkimin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. Mülki Prosessual Məcəllənin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.2-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(009)-321/2019 nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh məhdud məsuliyyətli cəmiyyətdən 2697(iki min altı yüz doxsan yeddi) manat maddi və 1000 (min) manat mənəvi, cəmi 3697(üç min altı yüz doxsan yeddi) manat zərər əvəzi alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2019-cu il tarixli, 2(009)-321/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh məhdud məsuliyyətli cəmiyyətdən 2697(iki min altı yüz doxsan yeddi) manat maddi və 1000 (min) manat mənəvi, cəmi 3697(üç min altı yüz doxsan yeddi) manat zərər əvəzi tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar