Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4967/2021 22.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X13 katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh-nin nümayəndələri X16 oğlunun, X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X11 Edilməsi Agentliyi” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “PORSHE CAYENNE - minik” markalı, **-EF-*** (10- DO-040) dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı avtomobilin texniki saz vəziyyətdə ona qaytarılması və ya Cavabdeh-dən onun xeyrinə 65.000 manat maddi zərərə görə, 20.000 manat mənəvi zərərə görə olmaqla, cəmi 85.000 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 65.000 manat məbləğində pulun Cavabdeh-dən alınıb İddiaçı verilməsi, iddianın digər hissədə isə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia etdiyi halları sübut edən faktlar təqdim etməmişdir. Avtomobilin kimə və hansı aktla təhvil verməsi, həmin şəxsin Bankın rəsmi əməkdaşı olub-olmadığı, avtomobili avtosalona təhvil verdiyi zaman aşkarlanmadığı halda hansı hüquqi hərəkətlər apardığı, avtomobilin tapılması üçün hansı hüquq mühafizə orqanlarına müraciətlər etməsi və nəticədə təhvil verdiyi şəxsin hansı məsuliyyətə cəlb olunduğu barədə sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qətnamədə “Amay” ticarət mərkəzinin dayanacağının Banka məxsus olduğunu vurğulamışdır, halbuki bu belə deyil və bunu təsdiq edən heç bir fakt yoxdur. Hazırkı işdə cavabdeh ola bilməz, belə ki, onunla “X11 Edilməsi Agentliyi” MMC arasında bağlanmış 21.04.2017-ci il tarixli müqavilə ilə Z.Nadixanovanın problemli borcu ilə bağlı tələb hüququ “X11 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. Mübahisə predmeti olan avtomobili ekspertiza tərəfindən 2013-cü ilin mart ayı üçün üç dəfə müxtəlif məbləğlərdə qiymətləndirilmiş, müəyyən olunan qiymətlərdən ən yüksəyini seçməsi və 65.000 manat pulun tutulması hissəsində heç bir əsaslanma olmadan təmin edilməsi Banka qarşı olan qərəzin bariz nümunəsidir, məhkəmə maddi və prosessual hüquq normalarını kobud pozmuş, işdə olan sübutlara obyektiv qiymət verməmiş, işə birtərəfli baxmış, heç bir sübutlara əsaslanmadan son nəticədə düzgün olmayan bir qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-451/2020 saylı, 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi qismən – maddi zərərə aid hisədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbinin maddi ziyana aid hissədə qismən təmin edilərək Cavabdeh-dən 62.000 (altmış iki min) manat məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmiş, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-836/21 saylı 04 mart 2021-ci il tarixli qərarı ilə, Cavabdeh-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-451/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-836/21 saylı 04 mart 2021-ci il tarixli qərarındə qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərin qarşılıqlı münasibətinə tam uyğun əsaslandırılmamış, sübutların qiymətləndirilməsində MPM-nin 88-ci maddəsinin tələblərinə tam riayət etməmişdir. Belə ki, işin halları ilə müəyyən edilir ki, “Porshe Cayenne GTS” minik markalı avtomobil 4 dəfə qiymətləndirilmiş və hər dəfə avtomaşının mart 2013-cü il tarixlə olan bazar qiyməti ilə bağlı müxtəlif rəylər verilmişdir. Apelyasiya instansiya məhkəməsi bu rəylərdən sonuncu rəyi əsas götürməklə avtomobilin mart 2013-cü il tarxə bazar qiymətini müəyyən edərkən hansı əsaslara görə digər rəylərdə göstərilən qiyməti qəbul etmədiyini əsaslandırmamışdır. Bundan başqa iş materiallarından görünür ki, avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilməmişdən əvvəl yanğına məruz qalmış və yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülmüşdür. (İş vərəqi 51 ) Avtomobil qiymətləndirilərkən qeyd edilən xüsusat ümumiyyətlə araşdırma predmeti olmamış və həmin halın avtomobilin bazar qiymətinə təsir edib-etməməsi müəyyən edilməmişdir. Bununla yanaşı, apelyasiya instansiya məhkəməsi qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan əsas borc üzrə 34968,11 (otuz dörd min doqquz yüz altmış səkkiz manat, on bir qəpik) manat, faiz borcu üzrə 1734,76 (bir min yeddi yüz otuz dörd manat, yetmiş altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğdə pulun tutulması barədə halı nəzərə almamış və hazırki iş üzrə cavabdehdən tutulmalı olan məbləğlə qanuni qüvvədə olan qətnamə ilə tutulması qət edilən məbləğin əvəzləşdirilməsi məsələsini müzakirə etməmişdir. Bundan başqa, işin halları ilə müəyyən edilir ki, “Porshe Cayenne GTS” minik markalı avtomobil qanuni qüvvədə olan qətnamə əsasında verilən icra vərəqəsi üzrə hərrac mərhələsinə çıxarılmışdır. Belə olan halda isə həmin avtomobil qanunsuz saxlanılmasına görə dəymiş maddi zərər müəyyən edilərkən avtomobilin mart 2013-cü ildə olan dəyəri ilə hazırki dəyəri arasında fərq deyil, avtomobilin mart 2013-cü ilə olan qiyməti ilə onun auksionda satılan qiyməti arasındakı fərqin götürülüb-götürülməməsi də araşdırılmalı və həmin hala da qiymət verilməli idi. Beləliklə işin hallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri X12 və X8 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verərək məhkəmədən təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" MMC-nin 15 yanvar 2018-ci il tarixli, ƏEM/Y-33-033/18 nömrəli ekspert rəyindən görünür ki, buraxılış ili 2008-ci il, universal tipli, qara rəngli, mühərrik həcmi 4800 sm olan “PORSHE CAYENNE GTS” markalı avtomobilin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 42.000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə uyğun olaraq 150 manat təşkil edir. "xxxx" MMC-nin 19.07.2018-ci il tarixli, QR-165/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus “PORSHE CAYENNE GTS” markalı, dövlət qeydiyyat nişanı **- DO-*** olan minik avtomobilinin 2018-ci il tarixinə 60.000 manat, 19.07.2018-ci il tarixə bazar dəyəri 25.300 manat müəyyən edilmişdir. Xidmət haqqı məbləği 104 manat təşkil edir. "xxxx" MMC-nin 06.12.2018-ci il tarixli, QR-227/M nömrəli qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus “PORSHE CAYENNE GTS” markalı, dövlət qeydiyyat nişanı **- DO-*** olan minik avtomobilinin 2013-cü ilin mart ayı üçün bazar dəyəri 78.000 manat müəyyən edilmişdir. Xidmət haqqı məbləği 104 manat təşkil edir. "xxxx" MMC-nin 19.11.2019-cu il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobili işlək (saz) vəziyyətinin 2013-cü ilə olan bazar dəyəri manatla 82.000 AZN, ABŞ dolları ilə 104.552 ABŞ dolları (0,7843) təşkil edir. "xxxx" MMC-nin 13.03.2020-ci il tarixli rəyinə əsasən “Porshe Cayenne GTS” minik markalı, **-EF-*** (**-DO-***) dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, qara rəngli (BAN WP1ZZZPZ9LA62222, Mühərrik - G 902667) avtomobilin mövcud vəziyyətinin bu günə olan real bazar dəyəri 20.000 manat təşkil edir. Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin 05 may 2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd edilmişdir ki, 03 iyun 2012-ci il tarixdə saat 23.23 dəqiqədə X9 Xidmətinin “101” qaynar xəttinə Nərimanov rayonu Ağa Nemətulla küşəsində avtomobilin yanması haqqında məlumat daxil olmuşdur. Hadisə yerinə Nərimanov rayon X9 Hissəsindən yanğın avtomobili manqa tərkibində göndərilmişdir. Yanğından mühafizə bölmələri hadisə yerinə çatarkən Sizə məxsus Porsche Cayenne GTS markalı 10-DO- 040 dövlət nömrə nişanlı minik avtomobilinin mühərrik hissəsində qısa qapanma nəticəsində tüstülənmə olmuşdur. Yanğın hadisəsi olmadığından yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə əməliyyatı aparılmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5622 saylı, 07 sentyabr 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən qara rəngli, mühərrik həcmi 4800 kub sm. 2008-ci il buraxılışlı, “Porche Cayenne” markalı (GTS) avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə (normal) 2013-cü ilin mart ayına olan bazar qiyməti təxminən 82.000 (səksən iki min) manat, rəydə qeyd olunan qüsurları nəzərə almaqla hazırki vəziyyətdə (mühərriki və sürətlər qutusu işlək vəziyyətdə olduğu halda) orta bazar qiyməti təxminən 20.000 (iyirmi min) manat müəyyən olunur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdehin apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələbə baxılması və onların həlli zamanı konkret olaraq iddianın təmin edilən hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən yalnız mübahisələndirilən hissələrdə yoxlanılmalı, digər hissəsiyə isə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi başqa əsaslara görə düzgün olmamışdır. Əvvəla, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğundan kassasiya instansiya məhkəməsinin iş üzrə yuxarıda qeyd olunan qərarının göstərişləri ilə əlaqədar mübahisəli avtomobillə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və 9/5622 saylı, 07 sentyabr 2021-ci il tarixli rəyində ekspert qeyd etmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən qara rəngli, mühərrik həcmi 4800 kub sm. 2008-ci il buraxılışlı, “Porche Cayenne” markalı (GTS) avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə (normal) 2013-cü ilin mart ayına olan bazar qiyməti təxminən 82.000 (səksən iki min) manat, rəydə qeyd olunan qüsurları nəzərə almaqla hazırki vəziyyətdə (mühərriki və sürətlər qutusu işlək vəziyyətdə olduğu halda) orta bazar qiyməti təxminən 20.000 (iyirmi min) manat müəyyən olunur. Demək, mübahisəli avtomobil 4 dəfə qiymətləndirilsə də sonuncu 3 rəydə 2013-cü ilin mart ayına olan bazar qiyməti təxminən eyni(78000,82000, 82000) olmuşdur. Burada yalnız "xxxx" MMC-nin 15 yanvar 2018-ci il tarixli rəyindəki qiymət fərqli olmuşdur. Ona görə də, "xxxx" MMC-nin 06.12.2018-ci il tarixli, "xxxx" MMC-nin 19.11.2019-cu il tarixli rəyində və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən edilmiş qiymətləri, xüsusən də sonuncu rəyi mötəbər sübutlar kimi qəbul etməmək üçün əsas yoxdur. Məhz bu baxımdan da "xxxx" MMC-nin 15 yanvar 2018-ci il tarixli rəyindəki qiyməti qəbul etmək mümkünsüz vəziyyətə düşür. Çünki, həmin rəyin mötəbər sübut kimi qəbul ediləcəyi halında digər 3 rəydə olan qiymətlərin mötəbər sübut kimi qəbul edilməməsi sualı ortaya çıxa bilər ki, bunun da hansısa formada əsaslandırılması ümumiyyətlə inandırıcı və ağlabatan olmayacaqdır. İkincisi, kassasiya instansiyası məhkəməsinin digər göstərişi ilə əlaqədar təqdim edilən Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin 05 may 2021-ci il tarixli İddiaçı ünvanlanmış məktubunda qeyd edilmişdir ki, 03 iyun 2012-ci il tarixdə saat 23.23 dəqiqədə X9 Xidmətinin “101” qaynar xəttinə Nərimanov rayonu Ağa Nemətulla küşəsində avtomobilin yanması haqqında məlumat daxil olmuşdur. Hadisə yerinə Nərimanov rayon X9 Hissəsindən yanğın avtomobili manqa tərkibində göndərilmişdir. Yanğından mühafizə bölmələri hadisə yerinə çatarkən Sizə məxsus Porsche Cayenne GTS markalı 10-DO- 040 dövlət nömrə nişanlı minik avtomobilinin mühərrik hissəsində qısa qapanma nəticəsində tüstülənmə olmuşdur. Yanğın hadisəsi olmadığından yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə əməliyyatı aparılmamışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının qarşısında sual qoyularkən bu məktubda göstərilənləri və işdə olan arayışdakı(cild.2.i.v.51)məlumatların nəzərə alınması göstərilmişdir. Demək, avtomobil cavabdehə təhvil verilməmişdən əvvəl yanğına məruz qalmamış yaxud həmin halın avtomobilin bazar qiymətinə heç biri təsiri müəyyən edilməmişdir. Üçüncüsü, kassasiya instansiyası məhkəməsinin növbəti göstərişi ilə əlaqədar qeyd olunur ki, həqiqətən də işdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)-3167/2015 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıdan əsas borc üzrə 34968,11 (otuz dörd min doqquz yüz altmış səkkiz manat, on bir qəpik) manat, faiz borcu üzrə 1734,76 (bir min yeddi yüz otuz dörd manat, yetmiş altı qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat məbləğdə pulun tutulması qət edilmiş və tutmanın hazırki mübahisə və ipoteka predmeti olan avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi, satışdan əldə edilən pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin İddiaçı qaytarılması qət edilmişdir. Bu qətnamə qanuni qüvvədə olsa da bu günə qədər icra olunmamışdır. Mülki Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2-ci maddəsinə əsasən tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. 543-cü maddəyə əsasən əgər əvəzləşdirilən tələblər birbirini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir. Demək, qeyd olunan normaların tələbləri də əvəzəşdirməni istisna etmir, həm də ona görə ki, bir halda ki, iddiaçı ipoteka predmetinə vurulan zərərə görə cavabdehdən ziyanın əvəzini tələb edir, digər tərəfdən isə uzun müddətdir ki, qanuni qüvvədə olan qətnamənin icrası mümkünsüz vəziyyətdədir. Bu cür vəziyyətdə əvəzləşdirmənin nəinki mümkün, hətda vacib olduğu ortaya çıxır. Ona görə də cavabdehdən tutulacaq maddi zərərin əvəzi olan məbləğdən qeyd olunan qətnamə ilə qət edilən 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat çıxılmalı, yerdə qalan məbləğ iddiaçıya qaytarılmalıdır. Dördüncüsü, kassasiya instansiya məhkəməsinin növbəti göstərişi ilə bağlı qeyd olunur ki, mübahisəli avtomobil qanuni qüvvədə olan qətnamə əsasında verilən icra vərəqəsi üzrə hərrac mərhələsinə çıxarılsa da, bugünədək hərrac keçirilməmiş, hətda hərraca çıxarılacaq qiymət də müəyyən edilməmişdir. Belə olan halda həmin avtomobilin qanunsuz saxlanılmasına görə dəymiş maddi zərər müəyyən edilərkən avtomobilin mart 2013-cü ildə olan dəyəri ilə hazırki dəyəri arasında fərq deyil, avtomobilin mart 2013-cü ilə olan qiyməti ilə onun auksionda satılan qiyməti arasındakı fərqin götürülməsi də mümkün deyil. Çünki, nə avtomobil qiymətləndirilərək auksionda satılmamış, nədəki yuxarıda qeyd olunduğu kimi qanuni qüvvəyə minmiş qətnamə ilə tutulmalı olan məbləğ maddi zərərin əvəzi kimi tələb edilən məbləğdən çıxılacağına görə hansısa qiymət arasında fərqin götürülməsinə də ehtiyac qalmayacaqdır. Bundan əlavə, iddia tələbi mübahisə və ipoteka predmeti olan avtomobilin texniki saz vəziyyətdə qaytarılması və ya 65.000 manat maddi, 20.000 manat mənəvi zərərin ödənilməsi ilə bağlı olsa da avtomobilin 2013-cü ilin mart ayına olan 82000 manat bazar dəyərindən əvvəlcə hazırki bazar dəyəri olan 20000 manat çıxılmalı, yerdə qalan məbləğdən, yəni 62000 manatdan da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)-3167/2015 nömrəli qətnaməsi cəmi 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat çıxılmalı və qalan 25 267,13 manat və avtomobil iddiaçıya qaytarılmalıdır. Başqa sözlə iddia tələblərinin arasında “və ya” bağlayıcının olması, həmin tələblərin hər ikisinin qismən təmin edilməsini istisna etmir. Çünki, nə avtomobil texniki cəhətdən saz vəziyyətdə deyil, nədəki cavabdehdən maddi zərərin əvəzi tam tutulur, çünki, tutulacaq məbləğdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)-3167/2015 nömrəli qətnaməsi üzrə 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat çıxılır. Başqa sözlə qətnamə ilə tutulmalı olan məbləğ maddi zərərin əvəzi kimi tutulacaq məbləğdən çıxılacağına görə avtomobilin cavabdehdə qalmasına da lüzum qalmır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də təsdiq olunmalıdır. Əks halda mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. Ona görə də, iddiaçıya mənəvi zərər dəyməsinə dair məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən bu hissədə iddia təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli, Cavabdeh açıq səhmdar cəmiyyətindən 62000(altmış iki min) manat maddi zərər əvəzi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)- 3167/2015 nömrəli qətnaməsi ilə onun xeyrinə qət olunan 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat çıxılmaqla qalan 25 267,13(iyirmi beş min iki yüz altmış yeddi manat, on üç qəpik) manat tutularaq İddiaçı ödənilməli və “PORSHE CAYENNE - minik” markalı, **-EF-*** (10- DO-040) dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı avtomobil ona(iddiaçıya) qaytarılmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-88/19 saylı, 04 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh açıq səhmdar cəmiyyətindən 62000(altmış iki min) manat maddi zərər əvəzi - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 2(006)- 3167/2015 nömrəli qətnaməsi ilə onun xeyrinə qət olunan 36732,87 (otuz altı min yeddi yüz otuz iki manat, səksən yeddi qəpik) manat çıxılmaqla qalan 25 267,13(iyirmi beş min iki yüz altmış yeddi manat, on üç qəpik) manat tutularaq İddiaçı ödənilsin və “PORSHE CAYENNE - minik” markalı, **-EF-*** (10- DO-040) dövlət qeydiyyat nişanlı 2008-ci il buraxılışlı avtomobil ona(iddiaçıya) qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qiymətləndiricilərin xidmət haqqı kimi 150 manatın 75 manatı iddiaçıdan, 75 manatı cavabdehdən tutularaq "xxxx" MMC-yə, 208 manatın 104 manatı iddiaçıdan, 104 manatı isə cavabdehdən alınaraq "xxxx" MMC-yə, 400 manatın, 200 manatı iddiaçıdan, 200 manatı isə cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilsin, ekspertiza xərci -75(yetmiş beş) manatın 37,50 manatı iddiaçıdan, 37,50 manatı iəs cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4967/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4967/2021
22.11.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver