Məhkəmə qərarları › İş №2(103)-4967/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4967/2023

09.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4967/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1377/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X2, X5, X8, X11, X6, X7, X3, X1 istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində zərər dəymişdir. "xxxx" ASC tərəfindən istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alanlara cəmi 3150 manat məbləğində ödəniş edilmişdir. Ödənişlər Cavabdeh ASC-dəki AZ15NABZ******************** saylı müxbir hesaba edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alaraq əmək qabiliyyətini itirmiş işçilərə müavinətlər ödənilmədiyindən vəzifəli şəxs qismində cərimə olunduğu 2400 manat məbləğində pulu Bank VTB (Azərbaycan) ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş sovet dövründə istehsalatda aldıqları bədbəxt hadisələrə görə, hazırda direktoru olduğu "xxxx" ASC-də işləmiş bir qrup işçilərə Cəmiyyətin hesablaşma hesabından 8 nəfərə 3150 manat ödənişlərin edilməsi üçün tərəflərindən xx.xx.2022-ci il tarixdə Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə müraciət olunmuşdur. Cavabdeh tərəfindən verilmiş 102 saylı, xx.xx.2023-cü il tarixli məktubla həmin ödənişlərin ödənilməsindən imtina olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, bu imtina qanunsuz və əsassız hesab edilməli və həmin işçilərə direktoru olduğu "xxxx" ASC-nin Bank VTB (Azərbaycan) ASC-də olan bank hesablaşma hesabından ödənişlərin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, cavabdeh tərəfindən müraciətə verilmiş imtinanın əsas səbəblərindən biri kimi Dövlət Vergi Xidməti tərəfindən Cəmiyyətin hesablaşma hesabına sərəncam qoyulması, eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sözügedən vətəndaşlara müavinətlərin ödənilməli olması haqqında Bankın adına müvafiq məktubun olmasını qeyd etmişdir. Bununla əlaqədar olaraq bildirmək istəyir ki, "xxxx" ASC-nin hesablaşma hesabına sərəncam qoyulsa da, mülki qanunvericiliyin tələbinə görə bu, istehsalatda aldıqları xəsarətə görə vətəndaşlara ödənişlərin edilməsinə mane ola bilməz. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, sözügedən müavinətlərin ödənilməsinə dair onların qanuni müraciətlərinə cavabdeh tərəfindən imtina verilməsi səbəbindən, yəni, məhz həmin bankın təqsiri ucbatından istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alaraq əmək qabiliyyətini itirmiş işçilərə müavinətlər ödənilmədiyindən o, vəzifəli şəxs qismində 2400 manat məbləğində cərimə olunub və ona vurulmuş bu maddi ziyan da məhz Bank VTB (Azərbaycan) ASC tərəfindən ona ödənilməlidir.

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1377/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 44 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-468/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)- 573/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından göründüyü kimi məhkəmə tərəfindən "xxxx" ASC-nin məsuliyyət məsələsi ətraflı araşdırılmış, habelə bununla bağlı "Bank VTB (Azərbaycan)" ASC-nin hər hansı məsuliyyətinin olmaması da müəyyən edilmişdir. Belə ki, qərarların əsaslandırma hissəsində qeyd edilmişdir ki, “şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktublarda göstərilmişdir ki: "xxxx" ASC- nin keçmiş işçilərinin istehsalatda bədbəxt, hadisə nəticəsində aldıqları xəsarətə dair nəzərdə tutulan sosial müavinətin ödənilməsi üçün köçürülməsi bank tərəfindən mümkün deyil, Belə ki, məlum olduğu kimi "xxxx" ASC-yə aid olan müvafiq hesaba Azərbcan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulması səbəbindən sözügedən hesabdan istifadəni yalnız ödənişlərin həqiqi təsdiq edən səlahiyyətli icra hakimiyyəti orqanının rəsmi sənədi ilə mümkün edir. Belə ki, daha əvvəl Bank tərəfindən "xxxx" ASC-dən ödənişin təyinatının həqiq təsdiqinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş rəsmi təsdiqedici sənəd tələb olunmuşdur. Lakin "xxxx" ASC tərəfindən buna dair hər hansı bir sənəd banka təqdim edilməmişdir. Bu isə öz növbə hazırki vəziyyətdə sorğu etdiyiniz ödənişlərin icrasının mümkünsüz edir. Həmçinin edək ki, buna dair müvafiq məlumat daha öncə də bank tərəfindən "xxxx" ASC-yə verilmiş, habelə müəssisənin məsul şəxsi ilə bu məsələ ilə bağlı şifahi müzakirə aparılmışdır. Göründüyü kimi istehsalatda bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərə nəzərdə tutulan sosial müavinətlərin vətəndaşlara ödənilməməsinin məsuliyətini "xxxx" ASC daşıyır.” Göründüyü kimi, artıq qüvvəyə minmiş məhkəmə qərarları ilə "xxxx" ASC-nin məsuliyyət məsələsi ətraflı araşdırılmış, "xxxx" ASC-nin direktoru İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı idarəsinin 17 mart 2022-ci il tarixli və 22 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətlər təmin edilməmişdir. Bundan əlavə, həmin qərarlarda "Bank VTB (Azərbaycan)" ASC-nin hər hansı məsuliyyətinin olması da müəyyən edilməmiş və zərərlə bağlı təsdiqedici mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia əsassızdır və İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 9, 14.2., 88, 217.1, 218.1, 220ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-ciil tarixli, 2(006)-1377/2023 saylı qətnaməsinin ləğv edilərək və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, bankın imtinasına hüquqi qiymət verilməmişdir. Qətnamənin əsaslandırma hissəsini İXM haqqında məhkəmə qərarına istinad təşkil edir, halbuki MPM-nin 82.3 və 82.4-cü maddələrinə əsasən həmin qərarların preyudisiallığı istisna edilir. Məhkəmə qətnaməsi ilə faktlar təhrif edilərək guya İXM haqqında qərarlarda Bankın təqsirinin olmaması qeyd edilmiş, halbuki İXM iş üzrə icraat bank barəsində aparılmadığından və İXM-nin 192.4-cü maddəsinin subyekti bank olmadığında belə nəticə barədə qətnamədə qeydin aparılması da absurddur. Bankın nümayəndəsi məhkəmə iclasında belə təsdiqedici sənədlərin olduğunu etiraf etmiş, lakin vergi orqanı tərəfindən sərəncam qoyulduğu üçün ödənişlərin icra edilmədiyini bildirsə də, məhkəmə qətnaməsində qarşı tərəfin izahatı onun xeyrinə təhrif edilərək onun adından qısa izahat yazılmışdır. Bankın nümayəndəsi mübahisənin sübutlarla bağlı olmadığını, maddi hüquq normasının tətbiqi ilə bağlı olduğunu, Mülki Məcəllənin 965.2.1-ci maddəsinin qeyd edilən ödənişlərə, ümumiyyətlə bu hala aid olmadığı əsas gətirərək ödənişləri icra etmədiyini bildirmişdir. Qətnamə maddi hüquq normalarıilə əsaslandırılmamışdır. Bank tərəfindən yol verilmiş bu pozuntu nəticəsində iddiaçıya zərər dəymişdir. İddiaçının Bankın ona vurduğu zərərin əvəzini tələb etmək hüququ olduğu halda, məhkəmə ASC-yə dəymiş zərərin Bankın hərəkətləri ilə səbəbli əlaqəsini araşdırmayıb, bu iş üçün prediyusial əhəmiyyəti olmayan qərarların mətnlərini qətnaməyə köçürməklə kifayətlənib. İş materiallarına əlavə edilmiş və cavabdehin nümayəndəsinin məhkəmə iclasında etirafı ilə təsdiq edilir ki, ASC tərəfindən Banka şəxslərin istehsalatda xəsarət almalarını təsdiq edən sənədlər təqdim edilmişdir. Lakin məhkəmə qanunla tələb edilən daha hansı sənədin təqdim edilməsini qətnaməsində əsaslandırmamışdır. Məhkəmə öz qətnaməsində Bank tərəfindən tələb edilən məktubun qanuni əsasının olub-olmamasını aydınlaşdırmamışdır. Şəxslərin «İstehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almaları» haqqında aktdan daha üstün qüvvəli hansı sənədin olmasına məhkəmə özü də öz qətnaməsində aydınlıq gətirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, Bank ödənişləri həyata keçirmir və səbəb onu göstərir ki, hesabın üzərində sərəncam var. Birinci instansiya məhkəməsinin qətnaməsidə maddi hüquq normasına münasibət bildirməyib. Hüquq normalarında göstərilir ki,ödənişlər ilk növbədə əlilliyi olan şəxslərə,sonra əmək haqqı,daha sonra isə vergi borcları ödənilməlidir. Yəni, sərəncamın da məqsədi vergi borclarının ödənilməsidir. Sərəncamın olub-olmamasından asılı olmayaraq Mülki Məcəllədə ardıcıllıq belədir. Qətnamənin əsaslandırma hissəsini İXM haqqında məhkəmə qərarına istinad təşkil edir, halbuki Mülki Prosessual Məcəllənin 82.3 və 82.4-cü maddələrinə əsasən həmin qərarların Preyudisiallığı istisna edilir. İnzibati Xəta haqqında araşdırma zamanı məhkəmə bankın təqsirini aşkar etməyib. İşin subyekti bank deyil.Bankın nümayəndəsi deyir ki, ödəniş ödənilə bilməz, amma bununla bağlı nə məhkəmə, nə də qarşı tərəf hüquqi əsas göstərməyib. Bank keçən ildən bəri deyir ki, o ödənişi ödəyə bilməz. Əmək Müfəttişliyinə getsin, məktub gətirsin. Əmək Müfəttişliyi bankı cərimə edəcəyi barədə məktub yazıb,bu amma bankı qane etmir. Banka məhkəmənin mövqeyi maraqlı deyil. 2 ildir ki, bu insanlar müavinətlərini ala bilmirlər. Ömürlük əlil olan şəxslərdir.Ömürlük əlil olan şəxslər var ki, bank özü də əlil olduqlarını bilir,amma məhkəmə onlara münasibət bildirməyib. Daha əvvəlcə bank ödəniş ödəyibsə, əlilliyin olmağını istisna etmir. Sərancamda yalnız vergi borcları üçün sərancam qoyulması yazılıb, orada bütün hesablar üçün sərancam qoyulması yazılmayıb. Əgər sanksiya qoyulubsa, əmək haqqının üzərinə də qoyulmalı idi. Müavinətin verilməsini dayandıran şəxs sanksiyanı rəhbər tutaraq icra edib, əgər belə bir sanksiya yoxdursa niyə icra edib. Mülki Məcəllənin 1114-cü maddəsində başqasının əməlinə görə dəyən zərər qeyd edilir, onlar başqasının əməlinə görə cərimə olunublar. Mərkəzi Bankın mütəxəssisini çağırsalar məsələni aydınlaşdırmış olarlar.

11. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Bank həmin müavinəti ödəmiş, lakin Dövlət Vergi Xidməti tərəfindən iddiaçının hesabına sərəncam qoyulandan sonra müavinəti ödəmək mümkün olmamışdır. İddiaçı apellyasiya şikayətində MM-nin 962.1-ci maddəyə istinad edir, lakin həmin maddənin bu məsələyə heç bir aidiyyəti yoxdur. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edildiyi kimi iş üzrə Qaradağ Rayon Məhkəməsinin inzibati qərarı var. Həmin qərara əsasən hazırki iş üzrə iddiaçının inzibati xəta törətməsi və məsuliyyəti müəyyən olunmuşdur. Bankın buna heç bir aidiyyəti yoxdur. İddiaçının da dediyi kimi bank əvvəllər müavinətləri ödəyirdi, lakin Dövlət orqanı tərəfindən həmin hesaba sərancam qoyulduqdan sonra bu qeyri-mümkündür. MM-nin 965.1-ci maddədə deyilir ki, hesabdakı pul kifayət etsə hesabdan pul ödənilir, MM-nin 965.2.1 maddəsində isə dövlət orqanları tərəfindən qoyulan hesaba istinad etmədiyi bildirilir. Sanksiyanı qarşı tərəf sübut etməlidir. İddiaçı 2020-ci ilin ödəniş tapşırıqları barədə sənədi iş materiallarına əlavə edib, həmin vaxtı sərancam yox idi. 2021-ci ildən sonra sərancam qoyulub. Əmək haqqının ödənilməsi ilə bağlı məlumatı yoxdur.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin digər nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, cavab məktubunda bizə təsdiqedici sənəd verilib. Bankda şübhə yarandığı üçün biz cavab məktubu yazaraq sənədin əslini istədilər. Sənədi təqdim edilmədiyinə görə onlar həmin əməliyyatlardan imtina ediblər. Hesaba sərancam qoyulandan sonra bankda şübhə yaranıb. Sərancam iddiaçınını borcunun çox olmasına görə qoyulub. Onlar ƏƏSMN sənəd istəmişdilər. Amma, təqdim edilmədi. Əsas məsələ məhdudiyyətdən getmir, onlara o sənədi təqdim edilməməsindən gedir. Onlar araşdırma aparıblar, 8 nəfərin bankda hesabları da yoxdur. Sənədi onlara iddiaçı təqdim etməmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın. Maddə 965.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir; beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi üzrə hesabdan silmə həyata keçirilir; altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir.

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Vergi Məcəlləsi Maddə 65.6 Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

19. İşin mübahisəsiz halı odur ki, İddiaçı məhkəməyə müraciət edərək, "Bank VTB (Azərbaycan)" ASC tərəfindən müavinətlər ödənilmədiyi üçün 2400 manat məbləğində cərimə olunmasına istinad edərək, həmin pulun cavabdeh "Bank VTB (Azərbaycan)" ASCdən tutulmasını xahiş etmişdir.

20. İş materiallarında olan Cavabdeh ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, məktubunda qeyd olunmuş məhkəmə qərarının icrası məsələsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sözügedən vətəndaşlara müavinətin ödənilməli olduğu haqqında Bankın adına məktub təqdim etməyinin zəruriliyi bildirilmişdir. Lakin həmin sənəd bu günədək Banka təqdim edilməmişdir.

21. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qeyd edilir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı bankın nümayəndəsi məhkəmə iclasında belə təsdiqedici sənədlərin olduğunu etiraf etmiş, lakin vergi orqanı tərəfindən sərəncam qoyulduğu üçün ödənişlərin icra edilmədiyini bildirmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, bank əvvəllər ödəniş edirdi, lakin hesaba sərəncam qoyulandan sonra silinmə qeyri-mümkün olmuşdur.

23. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" ASC-nin hesabına qoyulmuş sanksiyaya dair sənədlər, habelə müvafiq sanksiyayadək Bank tərəfindən hansı ödənişlərin edilməsi, sanksiyadan sonra hansı ödənişlərin edilib-edilməməsi ilə bağlı məlumatlar Bank VTB (Azərbaycan) ASC-dən götürülməsi məqsədilə Bank VTB (Azərbaycan) ASC-yə sorğu göndərilmişdir.

24. Bank VTB (Azərbaycan) ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 4266 nömrəli məktubda qeyd edilir ki, hesaba vergi tərəfindən qoyulmuş sərəncamlardan sonra müavinətlərin ödənişləri həyata keçirilməmişdir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təqdim olunan 06 oktyabr 2023-cü il tarixli, 6-1-16/2-7823/2023 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 965.2-ci maddəsindən məlum olduğu kimi, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə, hesabdan pul vəsaitinin silinməsi ardıcıllığında həyata və sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblər birinci növbədə, dövlət büdcəsinə ödənişləri nəzərdə tutulan ödəniş cədvəlləri isə üçüncü növbədə icra edilir. Mülki Məcəllənin 965.2.1-ci maddəsinə görə birinci növbədə hesabdab silinməni həyata keçirmək üçün əsas qismində isə tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi çıxış edir. Hesabdan pul vəsaitinin silinməsi üçün icra sənədi olmayan digər sənədlər qismində hansı sənədlərin nəzərdə tutulması Mülki Məcəllədə müəyyənləşdirilmədiyindən, məsələyə aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəy bildirilməsini məqsədəmüvafiq hesab edirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.6-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları kredit təşkilatları tərəfindən Mülki Məcəllənin 965-ci maddəsinin tələləri nəzərə alınmaqla həyata keçirilir. Odur ki, vergi orqanının hesab üzərində sərəncamının olması ödənişlərin növbəliliyi ardıcıllığında ondan əvvəldə olan tələblərin icrasını məhdudlaşdırmamalıdır.

26. Göründüyü kimi, Dövlət Vergi Xidməti tərəfindən "xxxx" ASC-nin hesabına qoyulmuş sanksiyanın olması Bank VTB (Azərbaycan) ASC tərəfindən əmək qabiliyyətini itirmiş işçilərə müavinətlər ödənilməsinə mane olmamalıdır.

27. Lakin qanunvericiliyin bu tələbi cavabdeh tərəfindən icra edilmədiyi üçün MN seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli Qərara əsasən İddiaçı barəsində 1200 manat inzibati cərimə növündən tənbeh tətbiq edilmişdir. Həmçinin inzibati tənbeh vermə haqqında MN seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli Qərara əsasən İddiaçı barəsində 1200 manat inzibati cərimə növündən tənbeh tətbiq edilməsi qərara alınmışdır.

28. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Bank VTB (Azərbaycan) ASC-nin ödənişləri yerinə yetirməməsi səbəbindən iddiaçıya ziyan dəymiş və belə olan halda iddiaçı 2400 manat məbləğində pulu Bank VTB (Azərbaycan) ASC-dən tutulması tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1377/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, 2400 manat məbləğində pul cavabdeh "xxxx" (Azərbaycan) ASC-dən İddiaçı xeyrinə tutulmalıdır.

30. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

31. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1377/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. 2400 (iki min dörd yüz) manat məbləğində pul cavabdeh "xxxx" (Azərbaycan) ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 44 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 22 (iyirmi iki) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" (Azərbaycan) ASC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar