Məhkəmə qərarları › İş №2(103)-497/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-497/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-497/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair 2(011)-1118/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – cavabdehlərdən müştərək qaydada subroqasiya qaydasında 2232,80 manat məbləğində ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus ** BM *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixində “xxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2017-ci il tarixində Cavabdeh2 idarə etdiyi ** BM *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtonəqliyyat vasitəsi ** EC *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi haqqında DYP əməkdaşı tərəfindən TYP 052252 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “Auto Azərbbaycan” tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** EC *** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2232,80 manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2017-ci il tarixli sığorta aktına əsasən 2232,80 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmış və zərərçəkən şəxsin şəxsi hesabına köçürmə həyata keçirilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində cavabdehlərin məhkəmənin keçrilməsi barədə məlumatlı olduqları qeyd edilsə də onların ünvanına heç bir bildiriş gəlməmişdir. Qeyd etmək istəyir ki, həmin qəzada avtomobillərə ciddi maddi zərər dəyməmişdir. Ancaq buna baxmayaraq, onlardan maddi zərərin əvəzi kimi 2232,80 manat pul tələb edilir. Çünki həmin yol-nəqliyyat hadisəsində hər iki avtomobilin cəmi bir qanadı və ön bamperi yüngül zədələnmişdir. Dəymiş maddi zərərlə bağlı göstərilən məbləğ olduqca şişirdilmişdir. Hesab edir ki, bu iş xüsusi bilik tələb edən iş olduğu üçün iş müvafiq ekstpertizaya göndərilməli və dəymiş zərər ekspertiza qaydasında hesablanmalı idi. Qeyd etdiyi kimi hadisə zamanı zərər görmüş avtomobilin qiyməti bu günki bazar qiymətinə görə də yüksək deyildir ki, onun kiçik bir detalının yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi üçün 2232,80 manat ödəniş edilməsi zərurəti yaransın. Həmin məbləğ reallığa uyğun deyildir və 4 dəfədən artıq şişirdilmişdir. Həmin qəza nəticəsində zədələnmiş avtomobil tərəfindən istənilən avto təmir məntəqəsində təmir olunduğu təqdirdə ən baha halda 500-700 manat civarında təmir edilməsi mümkün olacaqdı. Apellyasiya baxışı zamanı Cavabdeh2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “Opel Astra” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1dur. Göstərilən yol nəqliyyat hadisəsi baş verdiyi vaxt, yəni xx.xx.2017-ci il tarixdə “Opel Astra” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan Cavabdeh2 idarə etmişdir. “Opel Astra” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edən Cavabdeh2 yol nəqliyyat hadisəsi törədərək X1 məxsus “Hyundai Accent” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilə 2232,80 manat məbləğində maddi ziyan vurmuşdur. “Opel Astra” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də sığorta olunduğundan, “Hyundai Accent” markalı ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan iddiaçı tərəfindən X1 ödənilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 936-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi sığortalanmış “Opel Astra” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobilin X1 məxsus “Hyundai Accent” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və bunun nəticəsində sonuncu avtomobilə zərər dəyməsi iş materialları ilə sübut olunur. Bununla da, sığortalanmış “Opel Astra” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillə “Hyundai Accent” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində sonuncuya vurulmuş ziyanın aradan qaldırılması üçün iddiaçı 2232,80 manat məbləğində pul vəsaitini həmin avtomobilin mülkiyyətçisi X1 ödəmişdir. “Opel Astra” markalı, ** BM *** dövlət qeydiyyat nömrəli avtomobilin “Hyundai Accent” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncuya zərər dəydiyinə görə və 2232,80 manat məbləğində pul vəsaiti sığorta şirkəti tərəfindən ödənildiyinə görə, iddiaçının 2232,80 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulması barədə iddiası əsaslıdır. Beləliklə, yol nəqliyyat hadisəsi baş verdiyi vaxt Cavabdeh1 mülkiyyətində olan “Opel Astra” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 tərəfindən qanuni əsas olmadan idarə edilmiş və həmin avtomobilin Cavabdeh1 mülkiyyətindən hüquqa zidd götürülməsi barəsində heç bir dəlil irəli sürülməmişdir. Apellyasiya baxışı zamanı iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4268 nömrəli rəyində “Hyundai Accent” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 2233 manat müəyyən edildiyi qeyd olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1118/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar