Məhkəmə qərarları › İş №2(103)-4976/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4976/2023

21.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4976/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təhqiqat, istintaq və ya məhkəmə orqanının səhvi, qanunsuz həbsdə saxlanılma ilə bağlı vurulmuş ziyanın ödənilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 234.2-ci maddəsində göstərilən əməli törətməkdə şübhəli şəxs kimi xx.xx.2022-ci il tarixdə tutulmuş, təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin ittihamla barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir.

2. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, təqsirliyi sübuta yetirilmədiyinə görə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi hökm edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı (iddiaçı) Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, əsassız olaraq 9 (doqquz) ay həbsdə saxlanılması səbəbilə maddi ziyana görə 10 000 manatın, mənəvi ziyana görə 20 000 manatın, yəni cəmi 30 000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yevlax Rayon Məhkəməsində barəsində olan cinayət işinə baxılmış, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Həmin hökmlə cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə ona münasibətdə verilmiş apellyasiya protesti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı elan olunduğu andan qanuni qüvvəyə mindiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanmış, daha sonra isə xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qanunsuz və əsassız olaraq həbsdə saxlanılmışdır. Barəsində gedən cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı dəfələrlə öz günahsızlığını diqqətə çatdırmış, nəhayət ədalət bərqərar olmuş və məsuliyyətdən azad edilmişdir. Qanunsuz və əsassız olaraq 9 ay müddətə həbsdə saxlanılmış, bununla ona həm maddi, həm mənəvi ziyan dəymiş, əldən çıxmış qazancları olmuşdur. xx.xx.1992-ci il təvəllüdlüdür, həqiqi hərbi xidmət borcunu yerinə yetirmişdir, subaydır, atası vəfat etmişdir. Himayəsində xəstə və yaşlı anası vardır. Həbs edilənədək fərdi əməklə məşğul olmuş və ailəsinin tələbatını ödəmişdir. Ailədə iki uşaqdırlar, özündən kiçik bir qardaşı vardır ki, o, X2 veteranıdır. Ailələri aztəminatlıdır, anası sosial müavinət alır, həbsdə saxlanıldığı zaman özü günlərlə ac-susuz qalmış, təqaüdü ilə ona sovqat gətirmişdir. Həbsdə olduğu zaman anası və qardaşı günlərlə işıqsız və qazsız qalmışlar. Qardaşının səhhətində müharibənin nəticələri acı izlər qoymuşdur, o, hal-hazıradək aktiv həyata alışa bilməmişdir, günlərlə xəstə yatır və həyəcanlı günlər yaşayır (müharibənin dəhşətləri gözləri önündə təkrarlanır). Ən ümdə hüquqlarından olan azadlığınının əsassız olaraq müəyyən bir müddət üçün - 9 (doqquz) ay müddət ərzində əlindən alınmasını özünə qarşı ən böyük zərbə hesab edir, bununla bağlı mənəvi ziyanının məbləği hesaba gəlməzdir. Necə böyük ədalətsizlik, haqsızlıq və özünə inam olmalıdır ki, Konstitusion hüquq olan azadlıq əlindən alınsın. Özünə dəymiş mənəvi ziyanın məbləğini 20 000 (iyirmi min) manat qiymətləndirir və həmin məbləği cavabdehdən tələb edir. Həbsdə olarkən ağır günlər keçirmişdir. Ən qatı cinayətkarlarla günlərini keçirmək məcburiyyətində olmuşdur, həmin 9 ay ərzində ailəsi - xəstə anası və xəstə qardaşı başsız qalmışlar. Anası 9 ay ərzində 20 il qocalmışdır.

6. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamış, etirazında aşağıdakıları göstərmişdir: “Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi "Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə heç bir sübut göstərməmişdir”.

7. Birinci instansiya məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə 9000 (doqquz min) manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 9 ay müddətində qanunsuz azadlıqdan məhrum edilmiş, 9 ay müddət ərzində psixi məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. İddiaçıya vurulmuş ziyanın məbləği 9000 manat məbləğində müəyyən olunmalıdır.

9. Məhkəmə vurğulamışdır ki, iddiaçıya maddi ziyanın dəyməsi ilə bağlı təsdiqedici sübütlar məhkəməyə təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir.

10. Gəldiyi nəticənin hüquqi əsaslandırması üçün məhkəmə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” 29 dekabr 1998-ci il tarixli Qanunun 4-cü, 5-ci, 6-cı, 7-ci və 12-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü və 1101.1-ci, Cinayət Prosessual Məcəllənin 56-cı, 57-ci və 58-ci maddələrinə, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydalar”ına, Avropa Məhkəməsinin qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad etmişdir.

11. Qətnamədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaya etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, iddiaçının heç bir sübut təqdim etmədiyini nəzərə almadığını, ümumi ifadələrə əsaslanaraq ona mənəvi ziyanın ödənilməli olması nəticəsinə gəldiyini, ziyanın məbləğini müəyyənləşdirərkən Cinayət Prosessual Məcəllənin 190-cı maddəsinin tələbinə əhəmiyyət vermədiyini, iddiaçının xeyrinə ödənilməsinə qərar verdiyi məbləğin Dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirkar vəzifəli şəxsi müəyyən etmədiyini, qanunsuz məhkum edilən şəxslərə kompensasiya ödənişi ilə bağlı məhz Maliyyə Nazirliyinin məsuliyyət daşımalı olduğunun heç bir qanunvericilik aktında göstərilmədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı

13. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nümayəndəsini məhkəməyə göndərməmiş, iddiaçı da məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 28. Hər kəsin azadlıq hüququ vardır.

15. Maddə 68.2. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

18. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun

19. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.

20. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.

21. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.

22. Maddə 12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

31. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır.

32. Belə ki, qanunsuz məhkum edilməsi nəticəsində iddiaçı fəal ictimai həyat tərzindən məhrum olmuş, cinayət törətməkdə ittiham olunaraq nüfuzuna xələl gəlmiş, azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da izah edilmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

33. İşin hallarından aydın olur ki, iddiaçı xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Yevlax Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli hökmü ilə bəraət almış və həbsdən azad olunmuşdur.

34. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərəri 9000 (doqquz min) manat həcmində müəyyənləşdirərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur və bununla bağlı apellyasiya şikayətinin dəlilləri əsaslı deyildir. Çünkü həmin məbləğ iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

35. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin digər dəlilləri üzrə əsaslandırma aparılmasına zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı dəlillər nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2035/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən, qətnamə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar