Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4978/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3052/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı hərbi qulluqçu olub, xidmət müddətində qanunsuz azadlıqdan məhrum edilib. Belə ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1-1(093)-73/2023 nömrəli hökmü ilə müəyyən edilib ki, 2017-ci ildə iddiaçı hərbi xidmətdə olarkən düşmənlə əməkdaşlıqda şübhəli bilinərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissənin vəzifəli şəxsləri və hərbi qulluqçularından ibarət mütəşəkkil dəstə tərəfindən əlləri və gözləri bağlanaraq düşmənlə əlaqələri barədə məlumat verməsi tələb edilmiş, daha sonra 6 gün müddətinə qanunsuz azadlıqdan məhrum edilmişdir. Hökm qanuni qüvvəyə minib. Birinci instansiya məhkəməsində icraat 2.İddia ərizəsində tələb olunub ki, maddi zərərə görə 57.223 manat, mənəvi zərərə görə 300.000 manat kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilsin. 3.Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərə görə 7.000 manat, maddi zərərə görə 19.902,79 manat cavabdehin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 5.Apellyasiya şikayətinin iki dəlili var: birinci, Maliyyə Nazirliyi zərərə görə məsuliyyət daşımır; ikinci, zərərin əvəzi kimi müəyyən olunmuş məbləğ yüksəkdir. 6.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Mülki işdə mənəvi və maddi zərərin əvəzinin ödənilməsi barədə tələblər olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Mənəvi zərər barədə 8.Qətnamə mənəvi zərərə görə 7.000 manat tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 9.Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə görə, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. İddiaçı qanunsuz olaraq azadlıqdan məhrm edildiyinə görə, zərərin əvəzinin ödəniməsini tələb etmək hüququna malikdir. 10.Apellyasiya şikayətinin birinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya dəymiş zərərə görə dövlət məsuliyyət daşıyır. Belə ki, AR Konstitusiyasının 68-ci maddəsinin 4-cü hissəsinə görə, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Göründüyü kimi, belə hallarda dövlətin mülki məsuliyyət daşıması Konstitusiyada qeyd olunub. Konstitusiyanın 147-ci maddəsinin 2-ci hissəsinə görə, Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir. Dövlət büdcəsindən pul tutulması barədə iddialar Maliyyə Nazirliyinə qarşı verilməlidir. İddia təmin olunduğu halda həmin pul Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsindən tutulur. Belə ki, AR Prezidentinin xx.xx.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında” Əsasnaməyə görə, dövlət maliyyəsinin idarə olunmasının təşkili səlahiyyəti həmin Nazirliyə aiddir. AR Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunub: “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Hazırkı münasibətdə AR-nın səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir. 11.Apellyasiya şikayətinin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mənəvi zərərin əvəzinin 7.000 manatdan az müəyyən edilməsi üçün əsas yoxdur. Cavabdeh həmin məbləğin yüksək olduğunu əsaslandırmaq üçün azadlıqdan məhrum edilmiş, lakin bəraət almış şəxslərə ödənilən məbləgə dair məhkəmə təcrübəsinə istinad edib. Bu, düzgün müqayisə deyil. Belə ki, istintaq təcridxanasında və ya cəzaçəkmə müəssisəsində saxlanılan şəxslər barəsində səlahiyyətli orqanın müvafiq qərarı olur, habelə onlar əlləri və gözləri bağlı vəziyyətdə saxlanılmır və qeyri-insani rəftara məruz qalmır. Maddi zərər barədə 12.Qətnamə maddi zərərə görə 19.902,79 manat tutulmasına aid hissədə ləğv edilməli və həmin tələb təmin edilməməlidir. 13.İddiaçı maddi zərərin ödənilməsi barədə tələbi onunla əsaslandırıb ki, xx.xx.2016cı il tarixdə 3 illik müqavilə bağlayaraq xidmətə başlayıb, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçu kimi xidmətdə olub, xx.xx.2017-ci il tarixdə “Tərtər hadisələri” ilə əlaqədar ordudan tərxis edilib, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müqaviləsi olduğu halda əmək haqqından məhrum edilib. 14.Nəzərə alınmalıdır ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə səlahiyyətli şəxs tərəfindən müvafiq əmr verilib və bu zaman konkret hüquq normasına istinad olunub. Belə ki, iddiaçının hərbi biletindən görünür ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılıb. İddiaçı həmin əmri mübahisələndirməyib və əmrin qanunsuz olması məhkəmə tərəfindən müəyyən edilməyib. Əgər iddiaçı hesab edirsə ki, həmin əmrin verilməsi nəticəsində maddi zərər çəkib, belə halda əmri mübahisələndirməklə maddi zərərin əvəzini ödənilməsi üçün əmrin verilməsinə görə məsuliyət daşıyan dövlət qurumuna qarşı iddia verə bilər. Məhkəmə AR Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Maliyyə Nazirliyinə qarşı irəli sürülmüş maddi zərərin əvəzinin ödənilməsi barədə tələb əsassızıdır. 15.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-3052/2025 nömrəli qətnaməsi qismən – maddi zərərin əvəzi kimi 19.902,79 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin və həmin hissədə tələb təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4978/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4978/2025
12.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver