Məhkəmə qərarları › İş №2(103)-498/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-498/2023

10.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-498/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi, idman mərc oyunu) Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil3, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2(011)-4221/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh "xxxx" QSC-nin (bundan sonra, cavabdeh) nizamnaməsinə əsasən (əvvəlki adı – "xxxx" QSC), onun əsas fəaliyyəti həmçinin Azərbaycan Respublikasında mərc və digər oxşar bəxt oyunlarının təşkili, keçirilməsi, idarə olunması və inkişaf etdirilməsidir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 02 mart 2015-ci il tarixli, S-04 nömrəli qərarına əsasən cavabdehin bu sahədə akkreditasiyası 10 il müddətinə uzadılmışdır.

2. İddiaçı xx.xx.2022-ci il tarixdə “Topaz” (cavabdeh mərc oyunlarında “Topaz” əmtəə adı ilə iştirak edir) idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək (1. 2660 FK İFK Osteraakers vs İF Kungsangens Alt/Üst 4.5 ÜST - 3.7; 2. 1718 Sassuola Kalço vs Udineze Alt/Üst 1.5 ÜST - 1.11) cavabdeh tərəfindən verilmiş kuponlar əldə etmiş, qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclər uduşlu olmuşdur .

3. İddiaçı 20 may 2022-ci il tarixdə rəsmi qaydada cavabdehə müraciət edərək, vergilər çıxılmaq şərti ilə 76875 manat uduş məbləğinin verilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq entmişdir (xəbərdarlıq 20 may 2022-ci il tarixdə cavabdehə təqdim olunmuşdur).

4. Cavabdehin 10 may 2022-ci il tarixli, 53/22 nömrəli əmrinə əsasən - xx.xx.2022-ci il X3, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə təxirə salınmış, oyunla bağlı şübhələrə dair İsveç Futbol Federasiyasına müraciət edilməsi, təxirə salınmış uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilməsi və s. qərara alınmışdır.

5. Cavabdehin 08 iyun 2022-ci il tarixli, 65/22 nömrəli əmrinə əsasən isə xx.xx.2022-ci il X3, 2-ci Dəstə, Şimali Svealand turnirində İFK Österaker FK and İF Kungsangens futbol komandaları arasında keçirilmiş futbol oyunu ilə bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin oyunun nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə ləğv edilmişdir. Ləğv edilmiş uduşlara görə uduşlu mərc biletləri təqdim edən iştirakçılara uduşların verilməsindən imtina edilmişdir.

6. Cavabdehin uduşun verilməsindən imtinanın əsası kimi həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsaslanmışdır

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehdən 76875 manat uduş məbləğinin, 3000 manat maddi ziyanın, 3000 manat mənəvi ziyanın və 338 manat ödənilmiş dövlət rüsumunun, cəmi 83213 manat pulun tutulub ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixində müxtəlif saatlarda “Topaz” idman mərc oyununda hər biri 500 manat olmaqla 38 dəfə mərc edərək kupon əldə etmişdir, əldə olunmuş kuponlar üzrə vətəndaş İddiaçı həmin mərcləri qazanmışdır. Kuponları nağdlaşdırmaq məqsədi ilə “Topaz” məntəqələrinə yaxınlaşdıqda kuponların uduşlu olduğunu, lakin baş ofisə yaxınlaşmalı olduğu bildirilmişdir. Vətəndaş İddiaçı dəfələrlə qaynar xətt nömrəsi ilə əlaqə saxlamış və "xxxx" QSC-nin baş ofisinə müraciət etmiş lakin bu günə kimi heç bir nəticə verməmiş və hər dəfəsində müxtəlif bəhanələrlə vətəndaş əli boş yola salınmışdır. Kuponlar üzrə vətəndaş vergilər çıxılmaq şərti ilə 76875 manat uduş məbləği qazanmışdır. xx.xx.2022-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmiş lakin bu günə kimi uduş məbləği ödənilmir. “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası’nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının aşağıda göstərilən maddələrinə əsasən: Bir uduşlu biletin təqdim edilməsi halında satıcılar Operator tərəfindən müəyyənləşdirilən limitə qədər olan uduş məbləğlərini oyun iştirakçısına nağd formada ödəməlidirlər. Operator satıcının ödəniş limitindən çox olan uduş məbləğləri üçün banklara səlahiyyət verir. Uduşun ödənilməsi ilə əlaqədar səlahiyyət verilən satıcı və banklar uduş məbləğlərini vaxtında, tam həcmdə və düzgün şəkildə ödənilməsinə görə məsuliyyət daşıyırlar. Satıcı uduşlu mərc biletlərini mərc oyunlarının şərtlərində göstərilmiş qəbul müddəti ərzində, mərc oyunu iştirakçılarının ilk tələbi əsasında qəbul etməlidir. Virtual satıcı uduşlu elektron mərc biletlərinin uduşlarını avtomatik olaraq mərc oyunçularının hesablarına köçürür. Uduş mərc biletinin uduşa düşdüyü tarixdən etibarən ən geci 10 bank günü ərzində iştirakçıya ödənilir. Uduşlar bir il müddətində qüvvədə olur və tərtib tarixindən etibarən bir il ərzində təqdim edilməyən biletlərin uduşları köhnəlmiş hesab edilir. Bu biletlərə uduş məbləği ödənilmir. İstifadə müddəti keçən uduşlar Operatorun gəliri kimi qeydə alınır. Uduş üzrə son müraciət tarixi qeyri-iş gününə təsadüf etdiyi halda, ondan sonrakı ilk iş günü, iş saatı bitənə qədər uduş ödənilir. Uduşu ödənilən biletlər 12 ay ərzində saxlanılır. Uduş məbləği yalnız uduşlu biletin təqdim edən 18 yaşına çatmış şəxsə ödənilir. Virtual mühitdə oynanılan sabit ehtimallı və müştərək mərc oyunları ilə bağlı olan biletlər istisna olunmaqla, idman oyunlarına aid sabit ehtimallı və müştərək mərc oyunları ilə bağlı biletlər sahibinə aiddir. Uduşun ödənilməsi üçün biletin təqdim edilməsi mütləqdir. Virtual mühitdə qazanılan uduşlar elektron mərc biletlərə əsasən virtual satıcı tərəfindən ödənilir və uduşlar iştirakçıların virtual satıcının nəzdində açılan hesablarına avtomatik olaraq hər hansı tələbin irəli sürülməsini gözləmədən köçürülür. Uduşun ödənməsi üçün səlahiyyət verilmiş satıcı və banklar tərəfindən mərci qazanan şəxslərə edilən ödənişlərdən qanunvericilikdə nəzərdə tutulmuş vergilər istisna olunmaqla, heç bir faiz tutula bilməz. Bundan əlavə cavabdeh 25 gündən artıq müddətdə uduş məbləğini ödəməməklə iddiaçıya maddi və mənəvi ziyan vurur. Belə ki, udulmuş məbləğin 19000 manatı şəxsin şəxsi pullarıdır ki həmin məbləği şəxs bu müddət ərzində istifadə edərək müəyyən miqdarda gəlir edə bilərdi və əlavə olaraq cavabdehdən pulun alınması üçün 300 manat miqdarında vəsait hüquqi xidmətlər üçün və 321 manat dövlət rüsumu ödəməlidir. Bundan başqa, 25 gündən artıqdır ki, uduş məbləğini verməməklə iddiaçını stresdə saxlayırlar.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)- 4221/2022 saylı qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia təmin olunmamışdır.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının həqiqətən eyni oyun üzrə 38 dəfə mərc edərək uduşlu kupon qazanması şübhəli olduğundan, oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr olduğundan, Kungsangens İf futbol komandası son 2 il ərzində oynadığı 4 matçın hamısında manipulyasiyaya cəlb olunduğundan, “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddiaçıya uduşun ləğv edilməsi əsaslı olmuşdur. Odur ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz.

11. Məhkəmə həmçinin iddiaçının 3000 manat maddi və 3000 manat mənəvi ziyanın tutulması barədə iddiasına hüquqi qiymət verərək qeyd etmişdir ki, həmin tələblər iddiaçı tərəfindən uduşun verilməsinin 25 gündən artıq gecikdirilməsi nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı olmuş, yəni əsas tələbdən törəmə tələblərdir. İddiaçının əsas – uduşun verilməsi barədə tələbi təmin edilmədiyindən, ondan törəmə tələblər olan maddi və mənəvi ziyanın dəyməsi ilə bağlı tələbləri də təmin edilməməlidir.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1083.1ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

13. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişıdir.

14. Apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməməsi və s. göstərilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etirazda qeyd edilmişdir ki, İsveç Futbol Federasiyasının məktubundan oyunla bağlı şübhənin olmasına görə müraciət edilməsi artıq cavabdehə qanunvericiliyə uyğun olaraq əsas verir ki, uduşun nəticələrini ləğv etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli Qərarı ilə təsdiq olunmuş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığın şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər. Eyni zamanda, hər hansı digər mərc operatorunda bu oyunun nəticəsində uduşun verilib verilməməsinin iddiaçıya münasibətdə heç bir hüquqi qüvvəsi yoxdur. Onlar mərc bazarında müstəqil fəaliyyət göstərən subyektlərdir və hər hansı mərc operatorunun istənilən mərclə bağlı gəldiyi nəticələr digər operatorlar üçün heç bir məcburi qüvvəsi yoxdur. Bununla yanaşı, sözügedən məktubun məzmunundan göründüyü kimi, məhz federasiyasının əməkdaşlıq etdiyi və mərc operatorları üçün idman datalarını toplayan və təhlil edən, bu sahədə tanınan Sportradar şirkətinin təhlili nəticəsində şübhələr əsaslı olduğuna görə polis orqanına müraciət edilmişdir. İddiaçının məhkəmə qətnaməsini məhkəmə iclasında tədqiq etdiyi sübutlarla əsaslandırmalıdır hissəsində prosessual normaların pozulmasına gəlincə, İddiaçı apellyasiya şikayətinə əlavə edilmiş UEFA Nizamnaməsinə istinad edir. Halbuki, nizamnamədə istinad etdiyi maddədə milli federasiyanın müstəqil fəaliyyət göstərməsinə xələl gətirən və ümumiyyətlə bu işə təsir edə biləcək heç bir müddəa yoxdur. Həmçinin, UEFA İntizam Qaydalarının (2022-ci il nəşri) 2-ci maddəsində qeyd olunur ki, intizam qaydaları UEFA nizamnaməsi, qaydaları, qərarları pozulduqda tətbiq edilir və bu intizam qaydaları UEFA tərəfindən təşkil edilən oyunlar və yarışlara münasibətdə tətbiq edilir. Digər tərəfdən, İddiaçı nəzərə almır ki, birinci instansiya məhkəməsi məhz həmin məhkəmə baxışında tədqiq edilmiş sübutlara baxıb hüquqi qiymət verir. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bunu nəzərə alaraq, məhkəmənin məhkəmə iclasında tədqiq edilən sübutlara istinad etməsində prosessual normaları pozması ilə bağlı gəldiyi qənaətin heç bir əsası yoxdur.

c) Proses iştirakçılarının izahatı

16. Apellyasiya baxışında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçının mərc etdiyi məlum futbol oyununun nəticəsi istər İsveç Futbol Federasiyası tərəfindən, istərsə də UEFA tərəfindən ləğv olunmamış, hazırki vaxtda da etibarlı olaraq qalmışdır. Eyni zamanda, cavabdehin müraciətinə əsasən X1 cavabında həmin oyun barədə sadəcə araşdırma aparılması göstərilib. Amma araşdırmanın nəticəsinin nə ilə yekunlaşması barədə məlumat yoxdur. Bununla yanaşı, iddiaçı cavabdehlə yanaşı mərc ounlarını təşkil edən digər operator olan “Misli”-yə də mərc qoymuş, sonuncu uduşları iddiaçıya vermiş, hər hansı mübahisə yaratmamışdır. Hesab edirlər ki, cavabdehin uduş məbləğini verməkdən imtinası qanunsuz olmaqla, iddaçının hüquqlarını pozmuşdur.

17. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apelyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verilmiş yazılı etirazda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehin uduşun verilməsindən imtinası tam qanunidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən, bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər. Cavabdehdə mərcdə göstərilən, İsveçdə oynalınan məlum futbol oyununun nəticələrinin saxta olması, yəni danışılmış oyun olması barədə əsaslı şübhələr yaranmış, bu məqsədlə İsveç Futbol Federasiyasına sorğular edilmiş, cavabdeh məktublarında şübhələrin əsaslı olması müəyyən edilmişdir. Həmin məlumatlar işdə vardır. İddiaçı tərəf isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. iddiaçı tərəfin apellyasiya zamanı təqdim etdiyi həmin oyunun nəticələrinin rəsmi qaydada ləğv olunmamasını və s. bildirsə də, yeni sübutlar isə qəbul edilə bilməz. Çünki, iddiaçının həmin sübutları birinci instansiya məhkəməsinə təqdim etmək imkanı olmuş, lakin təqdim etməmişdir. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

18. Məhkəmə iclasında mütəxəssis qismində çıxış edən X2 mübahisə üzrə mütəxəssis rəyi təqlim edərək, həmçinin göstərmişdir ki, idman hüququna görə danışılmış oyunlar zamanı iki cəzaetmə mexanizmi mövcuddur. Federativ cəza mexanizmi, ümumi cəza mexanizmi.Dövlət hansı məsələlərə müdaxilə edə biləcəyi demək olar ki, UEFA-ya üzv olan bütün ölkələrdə eynidir. Dövlətlər ictimai-xüsusi cinayət təqibi qaydasında bunun korrupsiya və ya dələduzluq mexanizminə qiymət verir və təqsirləndirilən şəxsləri cəzalandırır. Burda təqsirləndirilən şəxslər dedikdə fiziki şəxslərin cinayət məsuliyyətindən söhbət gedir. Hazırki mübahisədə danışılmış oyun ehtimalı İsveçdə baş verdiyi üçün İsveç hüquq mühafizə orqanları bu işdə yer alan fiziki şəxslərin cinayət məsuliyyət məsələsini həll edə bilər. Publik hüquqdan irəli gələn bu cəza mexanizmi İsveç Cinayət Məcəlləsinin 17,20 və sair kimi fəsillərində qeyd olunmuşdur ki, bu da cəza təhdidi ilə əhatə olunur. Yəni cinayət törədən şəxslər müxtəlif növ cəza tədbirlərinə, hətta müəyyən müddət azadlıqdan məhrumetmə cəzasına məruz qala bilərlər. Eyni əməllər, AR Cinayət Məcəlləsinin 192-2-ci maddəsi ilə sanksiyalaşdırılıb. Nəticədə həmin sanksiyalaşdırılmış maddələrin cəza hissəsindən göründüyü kimi bu əməllər sadəcə cinayət məsuliyyəti baxımından qiymətləndirilir və oyunun nəticələrinin dəyişdirilməsi və ya ləğv edilməsi qəti olaraq dövlətin publik səlahiyyəti çərçivəsində deyildir. UEFA-ya üzv olan ölkələr İsveç Futbol Federasiyası UEFA qaydaları ilə idarə olunur, məhz idman hüquqi nöqteyi nəzərdən dövlətin bu tənzimləmə üzərində heç bir təsir mexanizmi yoxdur, dövlətlər sadəcə burada passiv rol oynayır. UEFA intizam qaydalarına görə korrupsiya, danışılmış oyunlar, irqçilik və sair məsələlərə görə UEFA və X4 Məhkəməsinin sırf-lex sportive yönündən dual yurisdiksiyaya tabedir. Fiziki şəxslərin dövlət tərəfindən korrupsiya faktına förə cəza alması, azadlıqdan məhrum edilmələri, onların idman hüququ yöndən cəzalandırılmasına maneəçilik etmir. Yəni, burda ne bis in idem qaydaları tətbiq edilmir. Biri cinayət məsuliyyəti olduğu halda (state justice), digər isə intizam məsuliyyətidirməsələn müəyyən müddət futbolla məşğul olmaq hüququndan məhrum etmə, ömürlük futboldan məhrum etmə və ya pul sanksiyası. Onu da qeyd edir ki, idman korrupsiyası və danışılmış oyunlar məsuliyyətə cəlb etmə müddətinə tabe deyildir, istəniln an məsuliyyət məsələsi UEFA tərəfindən gündəmə gələ bilər.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1083.1-ci maddəsinə əsasən, oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər.

20. MM-nin 1083.2-ci maddəsinə əsasən, oyun və ya mərc üçün şüurlu surətdə borc və avans verilməsi, habelə oyun və ya mərc xarakteri daşıyan əmtəə əqdləri və ya qiymətli kağızlarla əməliyyatlar oyun və mərc kimi qiymətləndirilir.

21. MM-nin 1084-cü maddəsinə əsasən, lotereyalar və idman mərc oyunları istisna olmaqla, oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir.

22. MM-nin 1085-ci maddəsinə əsasən oyun və mərc prosesində könüllü verilmiş ödənişlər geri tələb edilə bilməz. Oyunda və ya mərcdə uduzulan məbləği ödəmək məqsədi ilə oyunçunun və ya mərc gələnin imzaladığı, mövcud borcun etirafına dair müqavilə və ya qiymətli kağız, onun verilməsinə baxmayaraq, reallaşdırıla bilməz.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın (bundan sonra, Qaydalar) 1.3-cü bəndinə əsasən, idman mərc oyunları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra — nazirlik) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra - Operator) tərəfindən həyata keçirilir.

24. Qaydaların 3.4-cü bəndinə əsasən, mərc oyunları Operator tərəfindən dərc edilib, satıcılar arasında bölüşdürülən kuponlarla oynanılır.

25. Qaydaların 4.4-cü bəndinə əsasən, uduş mərc biletinin uduşa düşdüyü tarixdən etibarən ən geci 10 (on) bank günü ərzində iştirakçıya ödənilir.

26. Qaydaların 4.5-ci bəndinə əsasən, uduşlar bir il müddətində qüvvədə olur və tərtib tarixindən etibarən bir il ərzində təqdim edilməyən biletlərin uduşları köhnəlmiş hesab edilir. Bu biletlərə uduş məbləği ödənilmir. İstifadə müddəti keçən uduşlar Operatorun gəliri kimi qeydə alınır. Uduş üzrə son müraciət tarixi qeyri-iş gününə təsadüf etdiyi halda, ondan sonrakı ilk iş günü, iş saatı bitənə qədər uduş ödənilir. Uduşu ödənilən biletlər 12 (on iki) ay ərzində saxlanılır.

27. Qaydaların 5.13-cü maddəsinə əsasən, bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəfləri dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

35. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdehin “Topaz” əmtəə adı ilə təşkil etdiyi idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək (1. 2660 FK İFK Osteraakers vs İF Kungsangens Alt/Üst 4.5 ÜST - 3.7;

2. 1718 Sassuola Kalço vs Udineze Alt/Üst 1.5 ÜST - 1.11) müvafiq kuponlar əldə etməsi və orada qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclərin uduşlu olması işin mübahisə olunmayan hallarıdır.

36. Cavabdeh müvafiq uduş məbləğini ödəməkdən imtina edərkən – mərc edilən futbol oyunlarından birinin (FK İFK Osteraakers vs İF Kungsangens) nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına əsaslanmış, sübut kimi İsveç Futbol Federasiyasına müraciət olunmasını və cavabdeh məktublarında (Kungsangens İf son 2 il ərzində Sportrader tərəfindən nəzərdən keçirilmiş 4 matçda oynadığına görə artıq diqqət çəkməsi, Kungsangen həmin 4 matçın hamısında manilpulyasiyaya cəlb olunması, hazırda Division 2 Norra Svealand danışılmış oyun şübhəsi ilə bağlı araşdırma aparılması, Kungsangens İf əvvəllər araşdırdıqları şübhəli matçlarda oynaması, bu matçların əsasən 2021-ci il mövsümündə oynanılması və hələ də araşdırmaların davam etməsi, İsveç polisinə bu barədə məlumat verilməsi) əks olunmuş məlumaları təqdim etmişdir.

37. Qanunvericiliyin tələblərinə əsasən - bir oyunun nəticəsinin saxta olduğuna və dolayısı ilə belə oyunlara aid qayda və rəsmi normalara riayət olunmamasına dair aşkar şübhələr, yaxud bu oyunun etibarlılığını şübhə altına alan sübutlar mövcud olarsa, Operator uduşların ödənilməsini təxirə sala, yaxud ləğv edə bilər (bax: 26-cı bənd).

38. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqdim etdiyi yuxarıda qeyd edilən məlumatlar qanunvericiliyin qeyd edilən tələbləri baxımından mübahisəli mərcdə göstərilən oyunun etibarlılığını şübhə altına alan məlumatlar (sübutlar) kimi qəbul edilə bilər (iddiaçı tərəf qeyd edilənlərin əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim etməmişdir).

39. İddiaçı tərəf oyunla bağlı cavabdehin təqdim etdiyi həmin məlumatların yalnız ilkin araşdırma mərhələsini əks etdirməsini, yekun nəticə olmamasını, mübahisəli oyunun nəticələrinin ləğv olunması ilə bağlı hər hansı sübutun təqdim olunmamasını, eyni zamanda UEFA-nın da həmin oyunla bağlı qərarının (açıqlamasının) olmamasını göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, hazırki mübahisə hər hansı futbol oyununun nəticələrinin etibarlılığınının mahiyyəti üzrə araşdırılmasına deyil (bu məsələ hər bir halda mülki qaydada yoxlanıla bilməz. Bununla bağlı müvafiq beynəlxalq prosedur qaydalar mövcuddur), mərclə bağlı mübahisənin həllinə yönəlmişdir.

40. Yuxarıda da qeyd edildiyi kimi, mərc sahəsində qüvvədə olan milli qanunvericilik bu kimi mübahisələrin həllini (yəni mərc edilmiş oyunların nəticələrini) yekun qəti qərara bağlamamışdır. Dolayısı ilə hazırki mübahisənin həlli istiqamətində mərc edilmiş oyunla bağlı UEFA-nın və ya digər orqanının da yekun rəsmi qərarının qəbuluna hər hansı zərurət yoxdur. Qaydaların qeyd edilən normasının dispozitiv şərtlərinin mövcudluğu kifayətdir.

41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mütəxəssis rəyində göstərilənlərlə (oyunun nəticəsinin saxtalılığı və s. bu kimi halların UEFA-nın araşdırma predmetinin olması, dövlətdaxili qanunvericilikdən asılı olmaması və s.) də razılaşmayaraq, onların hazırki mübahisənin həlli üçün qanuni və əsaslı saymır.

42. İddiaçı tərəf apellyasiya baxışı zamanı əlavə sübutlar (kuponlar, oyun nəticələri və s.) təqdim edərək, iddiaçının eyni mərci digər milli operator olan “Misli”də də oynadığını, sonuncunun uduş məbləğini ödəməsini göstərmişdir.

43. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM-in 372.2-ci mad).

44. Göründüyü kimi, qanunverici apellyasiya instansiyasına yeni sübutların təqdim olunmasına məhdudiyyətlər nəzərdə tutulmuşdur. İddiaçı tərəf isə qeyd edilən sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Belə olan halda, həmin sübutların apellyasiya icraatı zamanı qəbul edilməsi prosessual hüquq normalarının tələblərinə ziddir.

45. Bununla yanaşı, hətta iddiaçının yeni sübut kimi təqdim etdiyi kuponlar şərti olaraq qəbul edilsə belə, bu hal özü-özlüyündə hazırki iddianın təmin olunması anlamına gələ bilməz. Yəni, digər operatorun (“Misli”) hər hansı mərci qəbul edərək, uduşu verməsi, digər operatorun (cavabdehin) qanunvericiliyin tələblərinə uyğun olaraq uduşun verilməsindən imtinasını istisna edə bilməz.

46. İddia ilk hissədə əsassız olduğundan, birinci instansiya məhkəməsi iddianı qalan tələblərlə bağlı hissədə də rədd etməkdə haqlı olmuşdur.

47. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, maddi və prosessual hüquq normalarının tələbləri gözlənilmişdir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2(011)- 4221/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar