Məhkəmə qərarları › İş №2(103)-4981/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4981/2020

08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4981/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı mənzillərin təhvil verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı qalıq borcun və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-7257/2019 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qədirov Toğrul Elxan oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK ilə bağlanmış xx xxxxxx 2018-ci il tarixli 131 №-li müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi, 2 (“A” girişi) ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 101,88 kv.m təşkil edən iki otaqdan ibarət yaşayış sahəsi üzrə qalan məbləği təşkil edən 85000 manat, xx xxxxxx 2018-ci il tarixli 132 №-li müqaviləyə əsasən həmin yaşayış binasının 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 101,88 kv.m təşkil edən iki otaqdan ibarət yaşayış sahəsi üzrə qalan məbləği təşkil edən 25000 manat pul vəsaitinin ödənilərək mənzillərin Cavabdeh MTK tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 131 saylı müqavilə üzrə 25000 manat, 132 saylı müqavilə üzrə 85000 manat məbləğində qalıq borcla bağlı cavabdehlə razılıq əldə etmişdir ki, maddi sıxıntısı olduğuna görə hazırda ödəniş apara bilməsə də, həmin qalıq borcu ödəyəcəkdir. Hazırda iddiaçı qalıq borcu ödəyib mənzili təhvil almaq istədiyini bildirsə də, cavabdeh hər kv.m. üçün əlavə ödəniş istədiyini, əks təqdirdə mənzili verməyəcəyini bildirmişdir. Cavabdeh MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qədirov Toğrul Elxan oğlu ilə bağlanmış 15 noyabr 2018-ci il tarixli 131 saylı müqaviləyə əsasən ödənilməmiş 25000 manat, xx xxxxxx 2018-ci il tarixli 132 №-li müqaviləyə əsasən ödənilməmiş 85000 manat pul vəsaitinin, həmin vəsaitin ödənilməsi gecikdirildiyindən gecikdirilmiş vaxt üçün, yəni 26 noyabr 2018-ci il tarixdən 26 noyabr 2019-cu il tarixədək olan dövr üçün illik 5% olmaqla 5500 manatın, əldən çıxmış fayda kimi vurulmuş zərərin əvəzi olaraq hər bir mənzilə görə 17625 manat olmaqla cəmi 35250 manat, ümumilikdə 150750 manat məbləğində və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin sonuncudan tutularaq Cavabdeh MTK-ya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələrin bağlandığı vaxt mənzillərin qiyməti ilə hal-hazırkı qiymətlər arasında fərqlər mövcuddur. Həmin fərq Cavabdeh MTK tərəfindən əldən çıxmış fayda kimi qiymətləndirilmiş və sonradan digər şəxslərlə bağlanmış müqavilələrin surətləri sübut kimi məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə, pul vəsaitinin ödənilməsi gecikdirildiyinə görə MTK Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 7257/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar qismən təmin edilmiş, xx xxxxxx 2018-ci il tarixli 131 №-li müqaviləyə əsasən Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi, 2 (“A” girişi) ünvanında inşa edilən hündür mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 101,88 kv.m təşkil edən iki otaqdan ibarət yaşayış sahəsi üzrə qalan məbləği təşkil edən 85000 manat, xx xxxxxx 2018-ci il tarixli 132 №-li müqaviləyə əsasən həmin yaşayış binasının 17-ci mərtəbəsində (yaşayışın 15-ci mərtəbəsi) yerləşən, ümumi sahəsi 101,88 kv.m təşkil edən iki otaqdan ibarət yaşayış sahəsi üzrə qalan məbləği təşkil edən 25000 manat olmaqla cəmi 110000 manat pul vəsaiti, həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə illik 5% olmaqla 5500 manat, ümumilikdə 115500 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməsi və həmin yaşayış sahələrinin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. İlk iddia üzrə Cavabdeh MTK qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddiaya münasibətdə qismən ləğv edilərək qarşılıqlı iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, qətnamə maddi və prosessual normalar pozulmaqla qəbul edildiyindən əsassızdır. Belə ki, ilkin iddia üzrə İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində Cavabdeh MTK adi mülki dövriyyə şəraitində əldə edəcəyi hər mənzilə görə 17625 manat olmaqla, ümumilikdə 35250 manat gəlirdən məhrum olmuşdur. Cavabdeh MTK tərəfindən təqdim olunan İddiaçıla müqavilələrin bağlandığı vaxt mənzillərin mövcud qiyməti ilə məhkəməyə müraciət edilən vaxt mövcud olan qiymət arasında fərqləri sübut edən ayrı-ayrı şəxslərlə sonradan bağlanmış müqavilələrin surətləri birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600-cü maddəsinə əsasən ziddiyyətli hesab etmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən və işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə Cavabdeh MTK-nın apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 131 saylı müqavilə üzrə 60000 manat ödəmiş, qalıq borcu 25000 manat təşkil etmiş, 132 saylı müqavilə üzrə isə 32300 manat ödəmiş, qalıq borcu 85000 manat təşkil etmişdir. Mübahisə predmeti olan hər iki müqavilə üzrə alınmış mənzillərin dəyərinin son ödənilmə müddəti 2019-cu ilin yanvar ayının sonunadək müəyyən olunmuş, tərəflər məbləğin hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı tərəfindən öhdəlik lazımi qaydada icra olunmamışdır. xx xxxxxx 2019cu il tarixli və xx xxxxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, İddiaçı ümumilikdə 110000 manat məbləğində qalıq borcun ödənilməsi tələb olunmuş, ödəniş aparılmadığı təqdirdə müqavilələrin ləğvi və zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddianın tam təmin olunmaması, yəni əldən çıxmış fayda kimi vurulmuş zərərin əvəzi olaraq hər mənzilə görə 17625 manat olmaqla cəmi 35250 manat pulun tutulmaması ilə bağlıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı həmin hissədə rədd edərkən ona əsaslanmışdır ki, müqavilə bağlandıqdan sonra mənzillərin qiymətinin qalxması nəticəsində Cavabdeh MTK-nın əldən çıxmış faydanın əvəzini tələb etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsi ilə ziddiyyət təşkil edir. Belə ki, həmin maddəyə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Hər iki müqavilə nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, müqavilələrin məzmununda ayrı qayda nəzərdə tutulmamışdır və İddiaçı göndərilən xx xxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktublarında da borcun məbləği hər iki mənzilə görə 110000 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, payçı razılaşma şərtləri üzrə ödəməni 30 gün müddətində həyata keçirməzsə, növbəti aydan kooperativin ümumi yığıncağının qərarı ilə payçını üzvlükdən azd etməyi və həmin mənzili satışa çıxarma hüququnu kooperativ öz üzərində saxlayır. Bu halda ödənilmiş pay haqqının məbləği kooperativ tərəfindən yalnız həmin mənzil satılandan sonra payçıya qaytarılır. Lakin Cavabdeh MTK müqavilənin bu bəndində qeyd olunan hüququndan da istifadə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əldən çıxmış faydanın əvəzinin ödənilməsi hissəsində rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 7257/2019 saylı qətnaməsi Cavabdeh MTK-nın apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh MTK-ya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar