Məhkəmə qərarları › İş №2(103)-4981/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4981/2021

23.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4981/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili X4, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)-5375/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “qeyri-yaşayış sahəsinin əvvəlki yerləşdiyi sahə üzrə təhvil verilməsi, ödənilməmiş kirayə haqqının ödənilməsi və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tikinti işləri tam başa çatdıqdan sonra cavabdeh tərəfindən inşa olunan yeni binadan ona məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə (Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarında və “Prins” şadlıq sarayının qarşısında) yeni qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq ona verilməsi; cavabdehin bu günə qədər ödəmədiyi 2.400 manat (4 ay x aylıq 600 manat = 2.400manat) kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsi; qeyri-yaşayış sahəsi təhvil verilənə qədər müqavilədə qeyd olunan aylıq 600 manat kirayə haqqının cavabdeh tərəfindən hər ay ona ödənilməsi; ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Əcəmi Naxçıvani küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində, “Prins” şadlıq sarayının qarşısında hazırda cavabdeh tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdıqdan sonra Səttar Bəhlulzadə küçəsinə tərəf olmaqla “B” blokunda (ona məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə) ümumi sahəsi 100 kv.m olan yeni qeyri-yaşayış sahəsinin ona verilməsi; cavabdehin 15 avqust 2019-cu il tarixə qədər ödəmədiyi 2.400 manat (4 ay x aylıq 600 manat = 2.400 manat) kirayə haqqının və 15 avqust 2019-cu il tarixdən başlayaraq binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdırılaraq qeyri-yaşayış sahəsi təhvil verilənə qədər müqavilədə qeyd olunan aylıq 600 manat kirayə haqqının ona ödənilməsi; 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 18 noyabr 2017-ci il tarixdə onunla Cavabdeh MTK arasında 36 saylı müqavilə bağlanmışdır. Aralarında bağlanmış müqaviləyə əsasən İddiaçı Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli 17.10.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83,1 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli sərəncamı əsasında ünvan 1 ünvanda tikintisi nəzərdə tutulmuş yeni yaşayış binasının tikintisi layihəsinin həyata keçirilməsi üçün Cavabdeh MTK-nın mülkiyyətinə verir, cavabdeh isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni yaşayış binasının tikintisi layihəsi tam başa çatdıqdan sonra həmin yaşayış binasında, ümumi sahəsi 100 kv.m təşkil edən qeyri-yaşayış sahəsini təmirsiz qaydada iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Həmçinin, müqavilədə o da qeyd olunmuşdur ki, yeni qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilənə qədər cavabdeh iddiaçıya müvəqqəti icarəyə götürdüyü yer üçün 15.03.2018-ci il tarixdən etibarən aylıq 600 manat kirayə haqqının ödənilməsini təmin edir. İddiaçı müqavilənin şərtinə əməl edərək Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarında və “Prins” şadlıq sarayının qarşısında yerləşən qeyriyaşayış sahəsini boşaldaraq boş vəziyyətdə cavabdehə təhvil vermişdir. Tərəflər arasında imzalanmış müqavilənin 3-cü bəndində qeyd olunmuşdur ki, cavabdeh binanın bütün dəmir-beton və hörgü, suvaq işlərini, binanın daxili divar və arakəsmələrin hörülməsi və suvanmasını, betonaltı elektrik borularının çəkilməsi, mənzilə giriş əsas kabel xəttinin çəkilməsi və avtonom transformator mərkəzinin quraşdırılması və şüşə paketlə şüşələnməsini, mənzillərin giriş qapılarının hazırlanması və qıfılların qoyulmasını, binanın və mənzilin daxili su və kanalizasiya xətlərinin quraşdırılması və sınaqdankeçirilməsini, xarici su və kanalizasiya xətlərinin quraşdırılması və magistral şəbəkəyəqoşulmasını, məhəllə daxili su anbarı, nasos stansiyalarının quraşdırılmasını, binanın yerləşdiyi ərazinin abadlaşdırılmasını və sərnişin və yük liftlərinin quraşdırılmasını öz öhdəsinə götürür. Müqavilənin 3-cü bəndində qeyd olunan cavabdehin öhdəlikləri bölməsindən belə qənaətə gəlmək olur ki, cavabdeh yuxarıda qeyd olunan öhdəliklərini yerinə yetirdikdən sonra qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. 13 iyun 2019-cu il tarixdə cavabdeh tərəfindən iddiaçıya bildiriş ünvanlanmışdır. Qeyd olunan bildirişdə göstərilir ki, “hal-hazırda əvəzləşdirmə müqaviləsi əsasında Sizə ayrılmış qeyri-yaşayış sahəsində tikinti işləri yekunlaşmış, müvafiq olaraq elektrik və su xətləri çəkilmişdir. Göstərilənlərə əsasən Sizə ayrılmış qeyri-yaşayış sahəsinin təhvil prosesi ilə əlaqədar müvafiq sənədlərin imzalanması üçün MTK-nın tikinti gedən ərazidə yerləşən satış ofisinə müraciət etməyiniz xahiş olunur”. Bildirişi aldıqdan sonra iddiaçı cavabdehin tikinti gedənərazidə yerləşən satış ofisinə müraciət etmiş və cavabdehin əməkdaşları ilə birlikdə tikinti gedən əraziyə baxış keçirmişdir. Bu zaman iddiaçıya məlum olur ki, tikinti işləri yekunlaşmamış və davam etməkdədir, hətta binanın dəmir-beton, hörgü və suvaq işləri belə yekunlaşmamışdır. Bundan başqa satış ofisində cavabdehin səlahiyyətli şəxsləri ilə görüşdükdə iddiaçıya o da məlum olur ki, cavabdeh müqavilə üzrə iddiaçıya verməli olduğu yeni qeyri-yaşayış sahəsini iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdən, yəni Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarında və “Prins” şadlıq sarayının qarşısında yerləşən yerdən vermək istəmir. Cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, ona başqa bir yerdən, məhəllə içərisində yerləşən binadan qeyri-yaşayış sahəsi veriləcəkdir. Bu isə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında qeyd olunmuş mülkiyyətçi hüquqlarını pozmaqla yanaşı,onun maliyyə itkisinə məruz qalması deməkdir. İddiaçının maliyyə itkisinə məruz qalması dedikdə onu nəzərdə tutur ki, yol kənarında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya verdiyi gəlir, məhəllə içərisində görünməyən bir yerdə yerləşən qeyri-yaşayış sahəsinin verdiyi gəlirdən daha çoxdur. Həmçinin, tərəflər arasında imzalanmış müqavilənin cavabdehin öhdəlikləri bölməsindən də göründüyü kimi, nəinki tikinti quraşdırma işləri yekunlaşdıqdan, hətta binanın yerləşdiyi ərazinin abadlaşdırılması başa çatdıqdan sonra qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilməli və qeyri-yaşayış sahəsi təhvil verilənə qədər aylıq 600 manat kirayə haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Buna baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini pozaraq 4 ayın kirayə haqqını iddiaçıya ödəməmiş və bundan sonra da ödəməli olduğu kirayə haqqını ödəmək istəmir. Yuxarıda qeyd olunan problemlərin həll olunması üçün iddiaçı dəfələrlə cavabdehə müraciət etmiş, buna baxmayaraq bununla bağlı cavabdeh tərəfindən hər hansı tədbir görülməmiş, əksinə cavabdeh tərəfindən iddiaçıya qarşı müxtəlif hədə-qorxu gəlinmiş və iddiaçı tənqidlərə məruz qalmışdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh iddiaçının konstitusion hüquqlarını pozmaqla yanaşı, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini də icra etməmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)-5375/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı 20 iyul 2017-ci il tarixli sərəncamı əsasında ünvan 2 ünvanda Cavabdeh MTK tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdıqdan sonra İddiaçı ilə aralarında bağlanmış 18 noyabr 2017-ci il tarixli 36 saylı müqavilədə nəzərdə tutulmuş ümumi sahəsi 100 kv.m olan yeni qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilməsi, Cavabdeh MTK tərəfindən 15 avqust 2019-cu il tarixə qədər ödəmədiyi 2.400 manat (4 ay x aylıq 600 manat = 2.400 manat) kirayə haqqı və 15 avqust 2019-cu iltarixdən başlayaraq tikinti işləri tam başa çatdırılaraq qeyri-yaşayış sahəsi təhvil verilənə qədər müqavilədə qeyd olunan aylıq 600 manat kirayə haqqı İddiaçıƏhməd qızı ödənilməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsinin ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdlqdan sonra İddiaçı ilə aralarında bağlanmış 18 noyabr 2017-ci il tarixli 36 saylı müqavilədə nəzərdə tutulmuş ümumi sahəsi 100 kv.m olan yeni qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamədə Cavabdeh MTK tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdlqdan sonra ümumi sahəsi 100 m kv. olan yeni qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi göstərilmişdir. Lakin, məhkəmə heç bir hüquqi əsas olmadan yeni tikilən binada iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə yeni qeyri-yaşayış sahəsi verilməsi tələbini təmin etməmişdir. Nəsimi rayon Məhkəməsinin qətnaməsi Cavabdeh MTK-nın İddiaçı məxsus prestijli və bahalı yerdə yerləşən qeyri-yaşayış sahəsini ucuz qiymətli və nisbətən pis yerdə yerləşən qeyri-yaşayış sahəsi ilə əvəz etməklə əsassız varlanmasına əsas yaradır. Nəsimi rayon Məhkəməsi öz qərarını əsaslandırmaq üçün müqavilə azadlığı prinsipinə istinad etmiş, öz qərarının bu hissədə əsaslandırarkən ümumi normalardan başqa heç bir hüquqi əsas və ya sübut qeyd etməmişdir. Bu isə qanunla nəzərdə tutulmuş prosessual və maddi hüquq normalarının pozulması deməkdir. Mülkiyyətçi hüquqları pozulmaqla yanaşı, o, həm də maddi ziyana məruz qalmışdır. Yol kənarında yerləşən qeyri-yaşayış sahəsinin ona verdiyi xeyir, məhəllə içərisində görünməyən bir yerdə yerləşən qeyri-yaşayış sahəsinin verdiyi xeyirdən daha çoxdur. Qeyd etmək lazımdır ki, iddiaçının mülkiyyətimə verilməli qeyri-yaşayış sahəsinin hansı yerdən verilməsi müqavilədə aydın qeyd olunmadığından, belə çıxır ki, qarşı tərəf öz iradəsindən asılı olaraq istədiyi yerdən ona sahə ayıra bilər. Bu isə bir birbaşa mülki məcəlləyə ziddir və iddiaçınımn qanuni maraq və mənafelərinin pozulması deməkdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(103)- 1791/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)-5375/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(103)-1791/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.02.2021-ci il tarixli, 2(102)- 1212/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin mübahisələndirilən hissədə ləğv edilərək, iddianın tam olaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili X2 apelyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, cavabdeh tərəf tikilməkdə olan C və ya D blokundan iddiaçıya qeyri-yaşayış sahəsi verməyə və ya B blokundan 85 kv.m qeyri-yaşayış sahəsi verməyə hazırdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini- qətnamənin iddianın qismən təmin edilən- ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında tikinti işləri tam başa çatdlqdan sonra İddiaçı ilə aralarında bağlanmış 18 noyabr 2017-ci il tarixli 36 saylı müqavilədə nəzərdə tutulmuş ümumi sahəsi 100 kv.m olan yeni qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək, yerli baxış keçirib, hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, qətnamə həmin hissədə ləğv olunmalı, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 noyabr 2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 36 saylı müqaviləyə əsasən İddiaçı Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli 17.10.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83,1 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsini Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı 20 iyul 2017-ci il tarixli sərəncamı əsasında ünvan 4 ünvanda tikintisi nəzərdə tutulmuş yeni yaşayış binasının tikintisi layihəsinin həyata keçirilməsi üçün Cavabdeh MTK-nın mülkiyyətinə verir, cavabdeh isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni yaşayış binasının tikintisi layihəsi tam başa çatdıqdan sonra həmin yaşayış binasında, ümumi sahəsi 100 kv.m təşkil edən qeyri-yaşayış sahəsini təmirsiz qaydada iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürür və vətəndaşa (gələcəkdə Payçı adlandırılacaq) müvəqqəti icarəyə götürdüyü yer üçün 15.03.2018-ci il tarixdən etibarən aylıq 600 manat kirayə haqqının ödənilməsini təmin edir. (müqavilənin 1.1 bəndi) hazırki müqavilə üzrə nəzərdə tutulmuş şərtlərin pozulmasına görə tərəflər qüvvədə olan qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyırlar (müqavilənin 5.1 bəndi) Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər. (müqavilənin 6.1 bəndi) Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya MH № ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83,1 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 17.10.2007ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh MTK-nın İddiaçı ünvanladığı 13.06.2019-cu il tarixli 54 saylı bildirişinin surətindən görünür ki, bağlanmış 36 saylı 18.11.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi əsasında ona ayrılmış qeyri-yaşayış sahəsində tikinti işləri yekunlaşmış, müvafiq olaraq elektrik və su xətləri çəkilmişdir. Göstərilənlərə əsasən ona ayrılmış qeyri-yaşayış sahəsinin təhvil prosesi ilə əlaqədar müvafiq sənədlərin imzalanması üçün MTK-nın tikinti gedən ərazidə yerləşən satış ofisinə müraciət etməsi xahiş olunur. İddiaçı Cavabdeh MTK-ya ünvanladığı 17.07.2018-ci il tarixli pretenziyadan görünür ki, 13.06.2019-cu il tarixdə MTK-nın ona ünvanladığı 54 saylı bildirişi aldıqdan sonra MTK-nın tikinti gedən ərazidə yerləşən satış ofisinə müraciət etmiş və əməkdaşlar ilə birlikdə tikinti gedən əraziyə baxış keçirdilər. Bu zaman məlum olmuşdur ki, tikinti işləri yekunlaşmamış və davam etməkdədir, hətta binanın dəmir-beton, hörgü və suvaq işləri belə yekunlaşmamışdır. Göstərilənlərə əsasən qeyri-yaşayış sahəsinin təhvil verilənə qədər aylıq 600 manat kirayə haqının və həmin günə qədər ödənilməmiş 4 aylıq kirayə haqqının (2400) manat ona ödənilməsini 10 gün ərzində təmin edilməsini tələb etmişdir. 78 saylı MKİS-nin 08.08.2019-cu il tarixli 570 saylı arayışından görünür ki, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarındavə “Prins” şadlıq sarayının qarşısında yerləşirdi. Məhkəmə araşdırması zamını müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83,1 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi həmin ərazidə “Pilot Layihə” formatında “X9” layihəsinin icrası ilə əlaqədar Cavabdeh MTK ilə bağlanmış 36 saylı 18.11.2017-ci il tarixli müqaviləyə əsasən həmin ərazidə tikiləcək qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilmişdir. İddiaçı tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməsi, yəni göstərilən əmlakın cavabdeh MTK-ya təhvil verilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı isə, iddiaçıya cavabdeh MTK tərəfindən həmin əmlakın əvəzinə veriləcək qeyri-yaşayış sahəsinin yeri ilə bağlıdır, iddiaçı cavabdehin bu barədə təklifi ilə razılaşmır və əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdən verilməsini tələb edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı qismən təmin edərkən qeyd etmişdir ki, iddiaçı özünə məxsus Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 83,1 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsinin Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarında və “Prins” şadlıq sarayının qarşısında yerləşən yerdə olmasına dair 78 saylı MKİS-nin 08.08.2019-cu il tarixli 570 saylı arayışını və “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 16.09.2019-cu il tarixli arayışını təqdim etsə də, məhkəmə hesab edir ki, bu sənədlər iddianın qeyd edilən hissəsinin əsaslı olmasına dəlalət etmir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya onun mülkiyyətində olmuş sahənin ölçüsündən daha artıq qeyri-yaşayış sahəsi verilməsinə dair aralarında bağlanmış 36 saylı 18.11.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsində konkret olaraq iddiaçıya yeni qeyri-yaşayış sahəsini ona məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdən verilməsi kimi üzərinə öhdəlik götürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın Əcəmi Naxçıvani küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində, “Prins” şadlıq sarayının qarşısında hazırda cavabdeh tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdıqdan sonra Səttar Bəhlulzadə küçəsinə tərəf olmaqla B blokunda ümumi sahəsi 100 m2 olan yeni qeyri-yaşayış sahəsinin ona verilməsinə dair tələbini əsaslı saymayaraq hesab edir ki, iddiaçıya 18 noyabr 2017-ci il tarixdə onunla Cavabdeh MTK arasında 36 saylı müqavilədə nəzərdə tutulmuş qaydada ümumi sahəsi 100 kv.m təşkil edən qeyri-yaşayış sahəsi təmirsiz qaydada mülkiyyətinə verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 24.02.2021-ci il tarixli, 2(102)-1212/2021 saylı qərarında qeyd etmişdir ki, iddiaçı və cavabdehin izahatlarından, eyni zamanda iş materiallarından görünür ki, yeni yaşayış binası 4 bloklu olmaqla, şərti olaraq A, B, C və D blokları adlandırılır. İddiaçıya məxsus olmuş əmlak hazırki B blokunun ərazisinə düşür, ümumiyyətlə söküntü işləri yalnız A və B bloklarının yerləşdiyi ərazilərdə aparılmış, C və D blokları isə sonradan inşa edilmişdir. Cavabdeh hazırda yeni qeyri-yaşayış sahəsinin C və D bloklarından verilməsini təklif edir və göstərir ki, “sökülən obyektin yerində yeni obyekt veriləcəyi” barədə öhdəlik götürməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə iddiaçıya məxsus olmuş qeyriyaşayış sahəsinin əvəzində verilməli olan sahənin ölçüsü göstərilsə də, onun yeri dəqiq və konkret olaraq müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyri-yaşayış sahəsinin veriləcəyi yerin tərəflər arasında əvvəlcədən razılaşdırılmaması birtərəfli qaydada nə iddiaçının, nə də cavabdehın xeyrinə təfsir edilə bilməz, əks yanaşma mülki qanunvericiliyin əsas prinsiplərindən olan mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin tələblərinə zidd olardı. Bu halda, yeni qeyriyaşayış sahəsinin yeri tərəflərin hər hansı birinin arzusundan, yəni iddiaçının tələbi və ya cavabdehin təklifindən asılı edilməməklə, əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə uyğun, yəni həmin ərazinin xarakterik xüsusiyyətləri (yol kənarında yerləşməsi, işləklilik vəziyyəti) nəzərə alınmaqla, həmin əraziyə eyni kriteriyalar baxımından daha uyğun olan ərazi üzrə müəyyən edilməlidir. Apellyasiya məhkəməsi müqavilədə qeyri-yaşayış sahəsinin yeri ilə bağlı cavabdehin hər hansı öhdəliyi olmadığını və iddiaçının da bu müqaviləni mübahisələndirmədiyini göstərmişdir, bu isə belə qənaətə gəlməyə imkan verir ki, mövcud vəziyyətdə “iddiaçı cavabdehin təklifi ilə razılaşmalıdır”. Halbuki, yuxarıda qeyd edildiyi kimi, hər hansı şərtin müqavilədə razılaşdırılmaması, sonradan müqavilə tərəflərinin hər hansı birinə üstünlük vermir. Apellyasiya məhkəməsi mübahisəyə mülki qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iddiaçının təklif edilən qeyri-yaşayış sahəsinin yerinin əvvəlki yerlə “uyğunsuzluğu” barədə dəlillərini ümumiyyətlə araşdırmamaqla, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası tərəfindən qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə tərəflərin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən həmin ərazidə A, B, C və D bloklarından ibarət hündürmərtəbəli binanın tikintisi həyata keçirilir. İddiaçıya məxsus olmuş Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşmiş qeyri-yaşayış sahəsi Səttar Bəhlulzadə küçəsi ilə üzbəüz əsas yolun kənarındavə “Prins” şadlıq sarayının qarşısında yerləşirdi. İndi orada cavabdeh tərəfindən inşa edilən B bloku yerləşir. İddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsi nəqliyyatın işlək vəziyyətdə olan və insanların daha çox istifadə etdiyi bir küçədə yerləşirdi. Cavabdeh tərəf yerli baxış zamanı C və ya D blokundan iddiaçıya qeyri-yaşayış sahəsi verməyə və ya B blokundan 85 kv.m qeyriyaşayış sahəsi verməyə hazır olduqlarını bildirdilər. Cavabdeh tərəfin təklif etdiyi C və ya D blokları hissəsi işlək vəziyyətdə olmayan bir ərazidir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 404.1-ci müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. MM-nin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, yeni qeyri-yaşayış sahəsinin yeri tərəflərin hər hansı birinin arzusundan, yəni iddiaçının tələbi və ya cavabdehin təklifindən asılı edilməməklə, əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi əraziyə uyğun, yəni həmin ərazinin xarakterik xüsusiyyətləri (yol kənarında yerləşməsi, işləklilik vəziyyəti) nəzərə alınmaqla, həll olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilərək, Əcəmi Naxçıvani küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində, “Prins” şadlıq sarayının qarşısında hazırda cavabdeh tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdıqdan sonra Səttar Bəhlulzadə küçəsinə tərəf olmaqla “B” blokunda (iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə) ümumi sahəsi 100 kv.m olan yeni qeyri-yaşayış sahəsi (müqavilədə nəzərdə tutulmuş təmirsiz vəziyyətdə) Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(006)- 5375/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Bakı şəhəri Əcəmi Naxçıvani küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində, “Prins” şadlıq sarayının qarşısında hazırda Cavabdeh MTK tərəfindən tikintisi aparılan 4 bloklu, hündürmərtəbəli yaşayış binasında binanın yerləşdiyi ərazinin abadlaşdırılması işləri də daxil olmaqla tikinti işləri tam başa çatdıqdan sonra Səttar Bəhlulzadə küçəsinə tərəf olmaqla “B” blokunda (iddiaçıya məxsus əvvəlki qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə) ümumi sahəsi 100 kv.m olan yeni qeyri-yaşayış sahəsi (müqavilədə nəzərdə tutulmuş təmirsiz vəziyyətdə) Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar