Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4987/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2(008)-1948/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilən fərdi yaşayış evi özbaşına tikili olmaqla, tərəflərin birgə ailə münasibətlərində olduğu dövrdə inşa edilmiş, tərəflər uzun müddət bərabər həmin evdə yaşamışlar. Həmin tikiliyə dair hal hazırda da cavabdehin adına heç bir hüquq müəyyənedici sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Şəmkir rayon Qeydiyyat Şöbəsində 466 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, uşaqların ananın yanında saxlanılması, hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən sözügedən evdən iddiaçının uşaqları ilə birlikdə istifadə etməsinə maneələr törətməsini iddia edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona, xx.xx.2010-cu il təvəllüdlü Nərmin və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa etdirdikləri fərdi yaşayış evindən istifadə etmələri üçün yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu ildə faktiki olaraq el adəti ilə toy edib evlənmişlər. 2010-cu ilin dekabr ayında isə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü Nərmin və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı uşaqları doğulmuşlar. Aralarında olan ailə münasibətləri əvvəldən normal olmamış, mütəmadi olaraq küsüb-barışmışlar. Sonuncu dəfə 2023-cü ilin iyun ayında cavabdeh heç bir əsaslı səbəb olmadan onu azyaşlı uşaqları ilə birlikdə yaşadıqları evdən qovmuşdur. Cavabdehin bu cür hərəkətlərinə tez-tez məruz qalır. Hazırda cavabdehlə aralarında olan nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, cavabdehlə birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2014-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 1500 kv.m torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikdirmişlər. Evin tikintisi başa çatdıqdan sonra 2017-ci ilin oktyabr ayında həmin evə köçərək orada yaşamağa başlamışlar. Ev işıq, su və qaz təchizatı ilə təmin edilmişdir. Torpağa və evə dair əmlak vergilərini cavabdehin adından ödəmişlər. Hazırda da azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayırlar. Cavabdehin özü də həmin evdə yaşayır. Qeyd edir ki, cavabdeh onların evdə yaşamağına müxtəlif maneələr törədir. Belə ki, o, işdə olarkən, azyaşlı uşağı məktəbə gedərkən və s. bu kimi hallarda evdə olmadıqları müddət ərzində cavabdeh evin qapısını bağlayaraq onları evə buraxmır. Hər dəfə polis əməkdaşlarının köməkliyi ilə çətinliklə evə daxil olur. Bundan əlavə, cavabdeh kommunal ödəniş kartlarını götürərək vermir. Bununla bağlı da polis bölməsinə müraciət etdikdən sonra ödəniş kartlarını vermişdir. Həmçinin uşaqların dərslərinin hazırlanması üçün onların internetdən istifadə etmələri zəruridir. Cavabdeh buna da maneçilik edir. Belə ki, modem aparatı cavabdehin yaşadığı otaqda yerləşdiyindən, hər dəfə modemin cərəyan təminatını dayandırır, mübahisə etdikdən sonra yenidən bərpa edir. Bundan başqa, paltaryuyan maşından da istifadə etməyə imkan vermir. Ümumiyyətlə, cavabdeh onlara evdən istifadə etməyə bu və ya digər qaydada müxtəlif maneələr törədir. Evə dair mülkiyyət sənədlərinin olmaması onun azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə etməsini istista etmir. Hesab edir ki, evin yerləşdiyi torpaq sahəsini və evin özünü birgə nikah dövründə əldə etdiyi üçün onun həmin evdən azyaşlı uşaqları ilə birlikdə maneəsiz istifadə etmək hüququ var. Cavabdeh ona azyaşlı uşaqları ilə birlikdə evdən istədiyi kimi istifadə etməyinə maneçilik yaradır. Cavabdeh mobil telefon vasitəsilə onun və övladlarının razılığı və icazəsi olmadan onların videogörüntülərini çəkib sonradan onlara göstərməklə onlarda psixoloji gərginlik yaradırlar. Ondan dəfələrlə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2(008)- 1948/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı, azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadə etmələri üçün yaradılan maneələrin aradan qaldırılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehə aid edilməklə, ondan tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilən fərdi yaşayış evi özbaşına tikili olmaqla, tərəflərin birgə ailə münasibətlərində olduğu dövrdə inşa edilmiş, tərəflər uzun müddət bərabər həmin evdə yaşamışlar. Məhkəmə araşdırması zamanı iddia predmeti olan həmin tikiliyə dair hal hazırda da cavabdehin adına heç bir hüquq müəyyənedici sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Lakin həmin ev daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilən fərdi yaşayış evinə dair cavabdeh kimi iddiaçının da uşaqları ilə birlikdə eyni əsaslarla yaşayıb istifadə etmək hüququ yaranmışdır. Buna baxmayaraq, cavabdeh sözügedən evdən iddiaçının uşaqları ilə birlikdə istifadə etməsinə maneələr törədir. İddiaçı həmin maneələrin əsasən cavabdehin onlar evdə olmadıqları müddətdə evin qapısını bağlayaraq onları evə buraxmaması, kommunal ödəniş kartlarını götürərək verməməsi, evi internetlə təchiz edən modem aparatının cərəyan təminatını dayandırması halları ilə izah edir. Cavabdehin özünün məhkəməyə təqdim etdiyi videogörüntülərlə də cavabdehin onun ailə üzvlərini onların iradəsinə zidd olaraq görüntülərini çəkməsi aşkardır. İddiaçı bu səbəblərdən dəfələrlə polis bölməsinə şikayətlər etmiş, lakin əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Evdən istifadəyə maneələr davam etdiyinə görə, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşama imkanına malik olduğundan, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və uşaqlarının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi evin iddiaçının və ya cavabdehin mülkiyyətində olması barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Odur ki, iddiaçının Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etməsi əsassızdır. Digər tərəfdən iddiaçının mübahisə etdiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla hər hansı bir hüquqi qeydiyyatı yoxdur, habelə həmin evin üzərində inşa edildiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmamışdır. Bu baxımdan hazırki mübahisəli fərdi yaşayış evi özbaşına tikili kimi qiymətləndirilməlidir. Lakin məhkəmə işin faktiki hallarını tam araşdırmamış, iddia tələbinin həcmini nəzərə almamış, qanunsuz olaraq iddia tələbinin həcmindən kənara çıxmış və şübhəli əsaslara söykənərək qanunsuz qətnamə qəbul etmişdir. Göründüyü kimi mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğu üçün hazırki iş üzrə iddiaçı həmin sahəyə dair heç bir hüquq, o cümlədən istifadə hüququ əldə etməmişdir. Eyni zamanda iddiaçıya qarşı hər hansı bir maneələrin yaradılmasına dair sonuncu heç bir sübut təqdim etməmiş, maneələrin nədən ibarət olduğunu bildirməmişdir. Əksinə, tərəflərindən təqdim edilmiş foto və video materiallarda (cavabdeh tərəfindən çəkilmişdir) iddiaçı tərəfindən maneələrin yaradılması görünür (disklər təqdim olunmuşdur). Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu yekun hüquqi mövqeyini belə ifadə etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverməzdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1500 kv.m torpaq sahəsində inşa edilən fərdi yaşayış evi özbaşına tikili olmaqla, tərəflərin birgə ailə münasibətlərində olduğu dövrdə inşa edilmiş, tərəflər uzun müddət bərabər həmin evdə yaşamışlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, sözügedən ev daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və tərəflərindən yaşayış sahəsi kimi istifadə olunur. Lakin qaldırılmış iddiadan görünür ki, cavabdeh sözügedən evdən iddiaçının uşaqları ilə birlikdə istifadə etməsinə maneələr törədir. Apellyasiya şikayətində isə cavabdeh belə bir maneənin törədilməməsini bildirsə də, məhz onun özünün məhkəməyə təqdim etdiyi videogörüntülərlə də ailə üzvlərini onların iradəsinə zidd olaraq görüntülərini çəkməsi müəyyən edilir ki, bu da sözügedən evdən iddiaçının uşaqları ilə birlikdə istifadə etməsinə maneələr törədilməsinin bariz nümunəsidir. Eyni zamanda iddiaçı göstərilən səbəblərdən dəfələrlə polis bölməsinə şikayətlər etmiş, lakin əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Göründüyü kimi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və onun hansı statusda olmasından asılı olmayaraq iddiaçı və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunması faktı mübahisəsizdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evdə normal şərtlər daxilində bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və uşaqlarının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahədə maneəsiz yaşamasının qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, fərdi yaşayış evinin tərəflərin birgə ailə münasibətlərinə olduğu dövrdə inşa edilməsi və həmin evdə tərəflərin uzun müddət bəbarər yaşamaları faktı cavabdeh tərəfindən mübahisələndirilməmiş və bu hal işin faktiki halları ilə müəyyən edilmişdir. Belə olan halda isə iddiaçının və azyaşlı uşaqları istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının və azyaşlı uşaqlarının həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu hüquq isə mənzilə mülkiyyət hüquqlarının olmaması əsası ilə rədd edilə bilməz, çünki yuxarıda göstərildiyi kimi fərdi yaşayış evinin tərəflərin birgə ailə münasibətlərinə olduğu dövrdə inşa edilmiş və həmin evdə tərəflər uzun müddət bəbarər yaşamışlar. Göründüyü kimi birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, e-2(008)- 1948/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov