Məhkəmə qərarları › İş №2(103)-4988/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4988/2021

19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4988/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qusar Rayon Dövlət Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı mərhum atası X2 tərəfindən Qusar Rayon Dövlət Notariat Kontorunda tərtib edilmiş 24.07.2001-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, atası 13.06.2019-cu il tarixdə vəfat etmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, atası Qusar Rayon Dövlət Notariat Kontorunda hazırda ailə üzvləri ilə birlikdə yaşadığı Mənzili qardaşı Cavabdeh1la onun arasında bərabər şəkildə bölünməsi barədə vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir, belə ki, atası sağlığında özünə məxsus bir neçə torpaq sahəsi satmış, satışdan əldə olunan pulu Telmana bağışlamışdır ki, Mənzilə heç bir iddiası olmasın. Həmçinin, atasına və anasına vəfat edənədək o baxmış, onların ehtiyaclarını ödəmişdir. Söhbət zamanı onlar da bildirmişlər ki, mənzil valideynlə qalan övlada keçməlidir, adət-ənənə ilə də belə olmalıdır. Atası xəstə və yaşlı olduğundan cavabdeh onu aldadaraq notariata aparmış, özünə lazım olan vəsiyyətnaməyə qol çəkdirməyə nail olmuşdur. Atası milliyyətcə ləzgi olmuş, azərbaycanca zəif bilirdi. Belə olan halda vəsiyyətnamə tərcüməçinin iştirakı ilə tərtib edilməli və oxunmalı sonra atası tərəfindən imzalanmalı idi. Lakin notarius qanunun bu tələbinə riayət etməməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Telman Bğışov vəsiyyətnaməni imzalamağa mərhum atasını məcbur etmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər; işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, mərhum X2 özünə məxsus Mənzili iddiaçı və Cavabdeh1 vəsiyyət etməsi barədə 24.07.2001-ci il tarixdə Quba rayon DNK tərəfindən təsdiq edilmiş vəsiyyətnamə vermişdir. İş materialları ilə müəyyən edilir ki, (Quba rayon X1 verdiyi arayışa əsasən) Əlibala Bağışov 1930-ci il tarixdə doğulmuşdur və vəsiyyətnaməni verərkən (24.07.2001-ci il) o, 71 yaşında, yəni ahıl yaşında olmuşdur. Lakin ahıl yaşında olan şəxsin bağladığı əqdin onun yaşlı olması əsası ilə etibarsız hesab edilməsi zamanı, hər bir halda əqdi bağlayan şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Burada, ahıl yaşına çatmış şəxsin yaşlı olması ilə bərabər onun öz hərəkətlərinin mənasını dərk edib-etməməsinin müəyyən edilməsi vacibdir və belə dərk etmə əqli (şüuru) amillərdən asılıdır. Konkret olaraq, ahıl yaşında olan şəxsin bağladığı əqd həmdə onun yaşlı olması əsası ilə o halda etibarsız hesab edilə bilər ki, şəxs yaşından asılı olaraq öz hərəkətlərinin mənasını dərk etmə qabiliyyətinə malik olmasın. İddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün iki dəlil irəli sürür. İddiaçının birinci dəlilinə görə atasının yaşlı və xəstə olmasından istifadə edərək Cavabdeh1 onu aldadaraq mübahisəli vəsiyyətnamənin tərtib edilməsinə nail olmuşdur. İddiaçının ikinci dəlili isə ondan ibarətdir ki, atası milliyyətcə ləzgi olduğu üçün azərbaycan dilini zəif bilirdi, bu halda vəsiyyətnamə qanunun tələblərinə zidd tərtib edilmişdir. İş materiallarında olan Qusar rayon Təhsil Şöbəsi tərəfindən 27.08.2020-ci il tarixdə verilmiş Arayışda qeyd edilmişdir ki, 1930-cü il təvəllüdlü, mərhum Əlibala Bağışov 1949cu ilin avqust ayının 15-də Mərəzə RXMŞ-nin Nabur kənd 7 illik məktəbində müəllim vəzifəsində əmək fəaliyyətinə başlamış və 44 illik pedeqoji fəaliyyətini Qusar rayonunun Əcəxur kənd orta məktəbində 10 iyun 1996-cı ildə başa vurmuşdur. Habelə, mərhum Əlibala Bağışova məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1949-cu il tarixdə müəllim kimi əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda biologiya müəllimi, metodist, dərs hissə müdiri, məktəb direktoru vəzifələrində işləmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq ilk növbədə qeyd edir ki, hazırkı iddia tələbi vəsiyyətnamənin etibarsızlığı ilə bağlı olduğundan ümumilikdə əqdlərin etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması və bu konteksdə mübahisələndirilən vəsiyyətnaməyə hüquqi qiymətin verilməsi zəruridir; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən vəsiyyətnamənin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının iddiasının faktiki əsası kimi irəli sürdüyü hallar, yəni mərhum Əlibala Bağışov öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə vəsiyyətnamə tərtib etməsi öz təsdiqini tapmamışdır. Həmçinin, kollegiya birinci instansiya məhkəməsinin mərhum Əlibala Bağışovun 44 il müddətində dövlətə məxsus təhsil müəssisəsində müəllim işləməsi onun azərbaycan dilini bilməməsi əsaslarını aradan qaldırmış olması ilə bağlı gəldiyi nəticəni də əsaslı hesab edir. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2021 saylı 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar